AZAD QARADƏRƏLİ KÜR HƏSƏN II yazı (Şair, qazi Həsən Kürün yarımçıq ömrünə mərsiyə əvəzi)
AZAD QARADƏRƏLİ
KÜR HƏSƏN
II
yazı
(Şair,
qazi Həsən Kürün yarımçıq ömrünə mərsiyə əvəzi)
Bilənlər bilir: heç fanatizmə uymadım. Zira gözəl
sözün, üzlü sözün, nazlı sözün əsiri oldum – qəzəl kimisi də, qoşması,
bayatısı, hələ mərsiyəsi də...
Heç
aşura dəlisi olmadım, amma aşuranı da tamaşa kimi, söz oyunu kimi istədim. Hacı
Şıxəli Tutinin mərsiyələrini bir hekayəmdə epiqraf kimi vermişdim:
Aç
qanl gözün, ey şəhidi dövran, bacın ölsün,
Dur,
Şama gedir Zeynəbi-nalan, bacın ölsün...
İşə
bax ki, yazımızın qəhrəmanının vəfatı da (doğrusu bu: şəhid olması!) aşura günlərinə
tuş gəldi... Yasına gedə bilməsəm də, ürəyim qan ağladı, lətif şeirlərini
oxudum, haqqında yazdığım yazını təkrar paylaşdım, bu yazının sətirlərini ürəyimdə
cücərtdim və... şah Xətainin bu misralarını anasının (mən o ananı tanımışdım!)
dilindən mərsiyə üstündə oxudum:
Bu
gün matəm günü gəldi, Kərbəlanın yaziləri,
Ah
Hüseynü va Hüseyn. Şəhid düşdü qaziləri,
Sənin
dərdin bağrım dəldi, Fatma ana quzuları,
Ah
Hüseynü va Hüseyn. Ah Hüseynü va Hüseyn...
...Mən
onu tanıyanacan Həsən Kür imiş. Bu adla şeirlər yazıb, bu adla tüfəng qurşayıb
Vətəni qorumağa gedib...
Qayıdanda
da bir müddət Həsən Kür oldu. Başda oturtdular, şeir oxutdular...
O
vaxtacan ki, ona layiq olduğunu vermədilər...
Onda
onun kürlüyü tutdu. Şairin kürlüyü tutanda neyləyər?! Qoruduğu Vətənə, onun daşına-torpağına,
otuna-əncərinəmi dönük çıxar? Haşa!
Onu
doğan ana (mən o ananı Sabunçu xəstəxanasında görmüşdüm!) qanı ilə içizdirmişdi
ruhuna: nəbadə göz bəbəyin kimi qoruduğun Vətənə qızasan!
Həsən
bir dəfə Koroğlu dəlisi kimi Dəli Həsən olmuşdu, bu dəfə də Dəli Kürün Kür Həsəni
olurdu yavaş-yavaş...
...Bizə
qədim ədəbiyyatdan dərs deyən İmran Babayev az qala ağlaya-ağlaya deyirdi ki,
hansısa ağzıgöyçəklər yazırlar, “Ağrımaz” qəzəli Nəsiminin deyil! Guya ki, Nəsimi
o qəzəli özü yazmayıb, tələbələri yazıb, Nəsiminin adına çıxıblar! Yalandır! Nəsimiyə
atılan ən murdar böhtandır!..
...Həsən
Kürün kürlüyü tuturdu dəmbədəm. Canı kimi sevdiyi Vətən torpağının üstündə ürkək-ürkək
yürüyürdü...
(...Mən
indi payızın çiyinlərində,
Yazın
gəlişini gözləyən bağam.
Mən indi səngərdən boylanan əsgər,
Ayaq
səslərindən qorxan torpağam...)
Yox
canım, mötərizədə yazdıqlarımı demirdi dili, indi o dil ayrı sözlər deyirdi,
ayrı misralar oxuyurdu. Onu Həsən Kürdən Kür Həsənə - Dəli Həsənə çevirmişdilər.
O bu misraları atırdı güllə atırcasına:
...Dörd mərtəbəli bina,
“Antena”lı köhnə dam,
Üstünə bir quş qonub,
Bir də yarımcan adam.
Özünü tullamağa
Bir az gücü çatmırdı,
Bir az də cəsarəti.
Bir yığın bekar adam
Doldurmuşdu həyəti.
Mən elə qorxurdum ki,
Birdən cəsarət tapıb
Özünü atar indi.
Bir neçə gənc jurnalist
Yeni xəbər var deyə
Gizlicə sevinirdi...
Kür
Həsənin burda səsi batır. Çünki o qadın (Sabunçu xəstəxanasında gördüym ana!) gəlir
və mənzərə tamam dəyişir. Daha Kür Həsən – Dəli Həsən yazmır o şeiri, mən
yazıram, sən yazırsan, tələbələri (özü tələbə ikən adamın tələbələrimi olar, əcaba?!)
yazır, eynən Nəsimininki kimi:
Sonra bir qadın gəldi
Əllərini qaldırıb
Xeyli göz yaşı tökdü.
Dedi: “Gəl gedək evə,
Allah özü böyükdü!”
Amma
Kür Həsənin bu saat gözünə heç nə görünməz ki! Əllərini açıb dərgaha, üsyan
edircəsinə Allahın özünü də ittiham edir, hayqırır, bağırır, car çəkir, qıy
vurur...
...Hamı xoşbəxt oldu bu yer üzündə,
Kəpənək bağçada, arı pətəkdə
Hətta xoşbəxt oldu bir vaxt kəsilmiş
Yenidən canlanan kiçik kötük də.
Mən niyə yadından çıxdım, görəsən
Nə günah etmişəm bu böyüklükdə?..
Fəqət
kar qulaqlar eşitməz ki, bu hayqırtını! “Bizi qapısından qovalayanlar” heç
eşitməz bu səsin nəyə qadir oduğunu! İncimə, İlahi, sən də, hətta sən də hərdən
o tərəfdə olursan və bizi incidirsən, bizi adamlıqdan çıxardıb, kür edirsən, dəli
edirsən, şair edirsən... İstəmirik şairliyini, yaxşıdısa, elə öz balana ver,
qoy oğlun yazsın bu qanlı misraları:
...Sən mənə şərfini göndərmə daha,
Səngər beşik kimi istidir, qızım.
Vətən sənin kimi suyuşirindi,
Hamını özünə istədir, qızım...
Allah
müəllim, sən də qalstukunu aç, sadə, kasıbyana geyin, keç bizim tərəfə, gör kür
adam nələr çəkir, İlahi! Yoxsa, dəlidimi belə ağılaparan, ürəkyıxan misralar
yaza?! Bax, belə...
... Mən burda yaxşıyam, sən də yaxşı ol,
Bilim ki, sənin də günün şən keçir.
İnan, göndərdiyin bütün dualar
Gəlir başımızın üstündən keçir,
Allah başımızın üstədir, qızım.
Allah
üstümüzdən çəkməsə əlin,
Birgə yandırarıq zəfər məşəlin.
Hamının qorxduğu zalım əcəlin
Boyu boyumuzdan bəstədir, qızım...
Görürsən,
o da son anda səni yada salır. Sən heç dilimizdən düşməzsən ki! Yaxş, bildik,
Allahsan, haqsan, adilsən, qadirsən, qaffarsan, hər zadsan. Bəs öz oğlunu niyə
göndərmədin o davaya?! Yaxşı, göndərmədin, əcəb elədin! Bəs mənim haqqım yeyiləndə,
kürlüyüm tutanda, gözümü qan örtəndə, o binanın üstündən özümü atmaq istəyəndə
sən hardaydın?! Görmürdünmü ki, mən day Həsən Kür deyiləm?! Görmürdünmü mən Kür
Həsən, Dəli Həsən oluram?! Nə edəydim, ilahi, sənəmi güllə ataydım?! Yox, mən o
tərbiyənin yiyəsi deyiləm ki...
...Hələ
bir ayağım o damın üstündə olanda bilirsən yadıma nə düşdü?! Biz orda, o soyuq
səngərdə olanda... Biz o soyuq səngərin soyuqluğunun Bakıya gələcəyini hələ
bilməyəndə... Biz hələ özümüzü o damın üstündən atmayanda... Biz hələ kür
olmayanda...
... - Qızım, sənin adın nə?
- Mənim adım Qərənfil.
- Gözünə qurban olum,
darıxırsan elə bil.
- Atamı gözləyirəm.
- Atan hardadır məgər?
- Müharibəyə gedib;
o döyüşür gecələr...
...
Mən dünən çox ağladım
gecə yatmazdan öncə.
Anamın nə etdiyin
izləyirdim gizlicə.
Atamın divardakı
şəklini qucaqlayıb,
belə deyirdi, əmi:
“Mən necə böyüdəcəm
Atasız bu yetimi”...
Bu ahəngi xatırladınız? Cavid Əfəndinin
“Gülbahar”ının həngidir. Kür Həsən Cavid əfəndinin yolunu seçmişdi... Könüllü
getmişdi davaya... Könüllü seçmişdi o ahəngi... Sonu ölüm olsa da...
...İndi
hardasan Həsən? Cavid əfəndini görürsənmi? Yolunu gətirirsənmi? Hələ Nəsimi?! Pəh!
Aləm varmış ki, orda! Yəqin şeir gecəsi-zad da təşkil edirsiniz? Bizə demədiyini
orda deyirsən...
Biz?
Bizik də. Ev, təqaüd, ad, medal davasındayıq hələ də...
Təzə
bir şey yoxdur. Elə gördüyün kimidi hər şey...
Kür
Həsən, sən canın, Mövlud Mövluda da baş çək! Mənim salamımı de. Ondan ötrü çox
darıxdığımı söylə...
...Səni
isə... O Vətən var e, Vətən! O da Allah kimidi... Hərdən...
Yox,
ay Kür Həsən, demədim, demədim. O qırğı baxışlarını çək üstümdən... Elə belə,
yandım dedim... Bilirsən ki, nəyi də olsa Vətəni... Baxma e, o məni sevməyib,
amma mən onu ömür billah sevdim... Elə sənin kimi... Sizin kimi... Cavid
kimi... Nəsimi kimi... Mövlud Mövlud kimi...
...Dünən
bir qumru qonmuşdu pəncərəmə. Bir də baxdım ki, dil oldu dilləndi, şeir oldu
şeirləndi, səni oxudu, ay Həsən Kür, səni...
... Bəs ora necədi? Havası, suyu
Quşlar çöldə ölür, yoxsa qəfəsdə?
Adamlar necədi? Hər darıxanda
neçəsi söz qoyur sözünün üstə?
Sən necə, nə qədər dəyişilmisən?
Yenə yerə düşən çörək qırığın
Öpüb qoyursanmı gözünün üstə?..
S.A.
(Söz Ardı)
" ...Xaqani Təbrizdə vəfat etdi. Kiçik ürəkli və ürəkləri
qədər də yaradıcılıqları olan saray avantüristlərindən fərqli olaraq heç bir
saraya sığmayan böyük Nizami o vaxt
ustadı Xaqaniyə mərsiyə yazdı:”İstərdim sən mənim mərsiyəxanım olasan,
Amma mən sənə mərsiyə yazası oldum.” *
İyul 2025
------------------------------------------------------------------------------------------
*Bu sətirlər müəllifin “Nə olsun ki,
bura Şərqdir” (Yazıçılarımızın mövqe müharibələri tarixindən, 1-ci yazı) essesindəndir.
Mənbə: Azad Qaradərəli “Renessans həsrəti”, 2-ci kitab, Bakı, Alatoran, 2018.
Yorumlar
Yorum Gönder