AZAD QARADƏRƏLİ
GƏNC TAMAŞAÇILAR TEATRINDA “SƏNAN – XUMAR” DASTANI
(Hüseyn
Cavidin “Şeyx Sənan” faciəsi əsasında hazırlanmış tamaşadan qeydlər)
Dostdan
teatra - “Şeyx Sənan” tamaşasına dəvət gələndə, heç fikirləşmədən razılıq
verdim. Nə işim olur-olsun təxirə salacam – birincisi Cavidin adı var, ikincisi
Şeyx Sənanın adı, üçüncüsü də dost dəvətidir, geri çevirə bilməzsən...
Hələ
iki gün var tamaşaya, amma mən özümü “Şeyx Sənan”la görüşə hazırlayıram elə
bil. Dilimin ucunda bir misra yuvasını tapa bilməyən ilan kimi fısıldayır,
qıvrılır...
“Zünnar
salıb boynuna Sənana dönübdür...”
Ardı
gəımir.
Fikrimi
ha cəmləşdirməyə çalışsam da, gəlmir ki, gəlmir. Görünür, yaşdandır. İyirmi il əvvəl
olsaydı, kitab-dəftəri, cüngfason dəftərçələrimi qatar-qatışdırar, ardını da
yadıma salardım. İndi isə eləcə çövir-tatı, vur-tatıdayam: “Zünnar salıb
boynuna.........”
Heç
müəllifi də xatırlamıram...
(Qəribədir,
elə bil tilsimlənmişəm. Nə var axı indiki texnologiyanın əlində?! Telefonu al,
quqla yaz, şeirin ardını, müəllifini tap... Hələ süni intellekt! O ki adamın pişiyini ağaca dırmaşdırır! Ehhhhh... Hamısı “Şeyx Sənan”ın
sehrindəndir...)
***
Gənc
Tamaşaçılar Teatrının insanı cəzb edən aurasındayıq. İlk dəfə 18 yaşımda,
birinci kursda oxuyanda burada Əkrəm Əylislinin “Quşu uçan budaqlar”ına
baxmışam...Gör neçə il keçib?! 71 yaşın tamamına bir ay qalmış “Şeyx Sənan”ı
seyr edirəm...
Tamaşa
başlayıb. Dostlarla telefonu söndürüb tamaşaya köklənmişik. İnanın ki, o misra
hələ də dilimdədir. Ardı da yoxdur ki, yoxdur...
Bir balaca səslənmədəki qüsuru nəzərə almasaq, hər şey əladır. Məndən
qabaqkı cərgədə oturan xanım dönüb qısıq səslə üzr istəyir: “Bağışlayın özünüzdə
əyləşdim.”
Əlimlə
“narahat olmayın” işarəsi verirəm.
Şeyx
Sənanı dəliyə döndərən mələk – Xumar( Leyli Vəliyeva) xüsusi qurğu ilə “göydən
enir.” Daha doğrusu, enmir, hələ ordadır və deyəsən, Şeyxi ora çağırır. Yadıma
ulu Cavidin misraları düşür:
Mən,
fəqət hüsnü xuda şairiyəm,
Yerə
enməm də, səma şairiyəm...
Fəqət
bu misralar “Peyğəmbər”dəndir. Qayıdaq tamaşaya.
Gələcəyin
böyük şeyxi kimi anılacaq Şeyx Sənan (Şövqü Hüseynov) bir röya görür və o
röyada gördüyü mələk şeyxi dəli-divanə edir. Ətrafdakılar ona rişxəndlə baxırlar.
Özü belə qadına biganə olan adam, birdən-birə belə hala düşür, təəccüb və heyrət içində deyir:
Sevdiyim
yalnız eşqi-ruhani...
Deyim ki, aktyorun oyunu yaxşı idi. Səs ahəngi, Cavid
misralarını ürəkdən duyması və tamaşaçıya çatdıra bilməsi sevincimə səbəb oldu.
Füzulinin
dilinin anlaşılmazlığını, Cavidin dilinin sintetik dil olduğunu deyənlər gəlib
gərək bu tamaşaya baxaydılar. Məncə, Füzulinin də, Cavidin də dilindən çox,
onların sənətinin yaratdığı ahəngdir oxucunu (burada tamaşaçını) cəzb edən...
...Birinci
hissə başa çatır, işıqlar yanır və qarşımda oturan xanımı yalnız indi görürəm:
bu ki bizim xanım yazıçı Samirə Əşrəfmiş!
Məlum
olur ki, Samirə xanım kulis.az-dan ayrılandan sonra burada işləyirmiş mətbuat
katibi kimi... Bu məkan biz qələm əhlinə bir az da doğmalaşır onun
timsalında...
***
Bu
eşq dastanında - tamaşada Cavid qələminin şah misraları İkinci Korun (Eyvaz
İbrahimov) dilindən bir zamanlar dinlədiyimiz gəncliyimizin səsi olan məşhur
mahnı kimi deyil (Hüseyn Cavidə, Fikrət Əmirova, Məmmədəli Əliyevə min rəhmət!),
elə misra kimi, qəzəl kimi bizi yaxalayır bu müqəddəs məkanda:
Nə
eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı,
Nə
xəlq olaydı, nə xaliq, nə əşki-həsrət olaydı.
Nə
dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm,
Nə
aşiyaneyi-vüslət, nə bari-firqət olaydı.
Gönüldə
nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət...
Nə
nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı.
Nədir bu xilqəti-bimərhəmət, şu pərdəli
hikmət?
Bu
zülmə qarşı nolur bir də bir ədalət olaydı.
Tükəndi
taqətü səbrim, ədalət! Ah, ədalət!
Nə
öncə öylə səadət, nə böylə zillət olaydı.
Nəhayət,
rejissor Cənnət Səlimovanın yozumunda bu
eşq dastanı özünün kulminasiya həddinə yüksəlir: Gürcüstanda Şeyx Sənan Xumarın
hüzurunda eşq kürəsində bişmədə - dinindən imtina edir, boynuna xaç salır (“Zünnar
salıb boynuna Sənanə dönübdür...”), hətta donuz otarmağa razı olur...
Deyim
ki, sonuncunu teatr işçiləri məharətlə düzəldə bilmişdilər – donuz çobanı olan
Sənan bu işi məhəbbətinə layiq şəkildə icra edir... Papazın (Kərəm
Hadızadə) və Platonun (Qurban İsmayılov) şərtlərini yerinə yetirir... fəqət
onların şərtləri icra olunsa da, Xumarı Şeyx Sənana verməməkdə israrlıdırlar...
...Bütün
eşqlər kimi “Şeyx Sənan” dastanı da (tamaşası) faciə ilə bitir...
Teatrdan
ayrılmış, dostlarla vidalaşmış, şəhərin keçələrini tək-təkana gəzirəm...
Qəfil
o tək misranın ardı da yadıma düşür və Abasqulu Ağaya rəhmət oxuya-oxuya, Cavid
Əfəndinin ruhuna salavat çevirə-çevirə, o tək misranı dilimin altında vird edə-edə
gəncləri ürəyimdə öz doğma teatrlarında o eşq dastanına baxmağa dəvət edirəm:
...Qüdsi
ki, dəmi-qüdsi vurub lafi-təvəla,
Tən
eylər idi görsə birin valehü-şeyda,
Tərk
eyləmiş islamı görüb bunları hala,
İstər
ola çarubkeşi-səhni-kəlisa,
Zünnar
salıb boynuna, Sənana dönübdür.
...Saat
21-30-dur. Metroya girəndə boş vaqonda saqqallı bir gənclə gözləri alışıb yanan
bir qızın şirin gülüşlərinə, xumar baxışlarına
mane olduğumçün özümü danladım. Yaxşı ki, mənim telefonda nəyəsə
baxdığımı görüb yenə öz aləmlərinə daldılar. Bir “Sənan-Xumar” dastanı da
metroda “oynanılırdı...”
02.02.2025
Yorumlar
Yorum Gönder