AZAD QARADƏRƏLİ QARABAĞIN AĞCA BULUDU (İşğaldan azad olunmuş torpaqlardan qeydlər)
AZAD
QARADƏRƏLİ
QARABAĞIN AĞCA BULUDU
(İşğaldan azad olunmuş torpaqlardan qeydlər)
Buranın
adını kim Qarabağ qoymuşdu?
Bilirəm,
qara böyük deməkdir həm də. Amma “qaradan artıq rəng yoxdur” misalı da var
axı! O adı qoyan yəqin ki, mistikadan xəbərsiz olub. Axı biz illərdir bu mistik
auradan çıxa bimirik: “Qarabağda talan var...”
Və
orada belə bir misranın da olmağı :”Gözü yolda qalan var...”
Otuz
il gözümüz yol çəkdi. Qarabağ həsrəti qəddimizi əydi, vüqarımızı qırdı,
namusumuza toxundu...
Və
gün gəldi ki, xalqımız 7-dən 70-ə silahlandı, 30 ilin həsrətinə 44 günə son
qoydu! Üç min şəhid, minlərlə yaralı verdik, amma torpağımız azad oldu. Bu həm
də bir ilk idi! Biz, xalq olaraq savaşmağı bacardığımızı, itkin torpaqlarımızı
qaytarmağın mümkünlüyünü isbat etdik...
Şəhid
qanı ilə sulanan torpaq göyərdi, bəhər verdi, yenidən cana gəldi...
...Bu
günəcən, işğaldan sonra bir dəfə Zəngilanda, bir dəfə də Şuşada olmuşdum.
Doydum deməmişdim. Doğmalarımın “yayda harada dincəlmək istəyirsiniz?” sualına birmənalı cavab
vermişdim:”Qarabağda!”
Quyruq
doğmağa yaxın istilər nisbətən səngimiş, avqustun ortalarına doğru hava sınmış,
sərin küləklər əsməyə başlamışdı. Belə bir vaxtda xəbər gəldi ki, hazır olun,
“Zəngilan – Laçın – Şuşa – Xankəndi” marşrutu üzrə səfər var.
Pəh!
Bundan
gözəl xəbərmi olar?! Yır-yığış başladı.
“MƏN GEDİRƏM ZƏNGİLANA...”
Zəngilan...
Bəlkə
beş min il yaşı var bu kəlmənin. Təbriz kimi, Gəncə kimi, Bakı kimi, elə Azərbaycan
kimi...
“Ərəblər
bu torpaqda öz-özünə yanan yerlər görüb, bura Azərbaycan – Odlu diyar deyiblər.”
Buraxın
sən allah bu boş-boş lafları! Öyrənmişik öz sözlərimizin başına çatı salıb,
bazara çıxardıb yiyə axtarmağı! Bəs onda İzafə nənəmin dediyi ƏDƏRBEYCAN kimiyəm
sözünü hara yozaq?! Yoxsa nənəm də ərəbin sözünü deyirdi?!
Neçə
ki ƏDERBEYCANIN daş kitabələrini oxumamısınız, neçə ki, bu ölkənin islamdan
qabaqkı mədəniyyətini - tanrıçılıq və xristianlıq dövrü mədəniyyətini
araşdırmamısınız, dediyiniz də, yazdığınız da bir qara qəpiyə dəyməz...
Zəngilan
sözündən danışırdım axı...
Bu
sözün mənasını mən bir yazımda açmağa cəhd etmişəm...
Daha
doğrusu, uzun illərdir üstündə işlədiyim “Məndən sonra” memuar romanımdan bir parçanı istəkli oxucularım üçün
burada da verirəm. (Bütün gününü mobil telefonla keçirən, kitabdan uzaq düşənlər
üçün deyil bu tip yazılar. Əli Şəriəti gözəl demişdi: “Oxuyun. Mürəkkəbin
axmadığı yerdə qan axar...”)
İLƏ OLAN BİR GÖRÜŞÜM BARƏDƏ YADDAŞIMDA QALANLAR
1972-76-cı
illərdə keçmiş Lenin adına APİ-nin (indiki ADPU) dil-ədəbiyyat fakültəsində təhsil
alanda bir neçə müəllimimiz vardı ki, yalnız onlara görə mən bu ali məktəbi
sonacan oxumalı olmuşam. (Artıq memuarın müvafiq səhifələrində qeyd etdiyim
kimi bu illər ölkənin bütün ali məktəblərində, o cümlədən bizim institutda da
rüşvətin tüğyan etdiyi illər idi. Burada tələbələrə bilik verməkdən çox, pul mənbəyi
kimi baxırdılar. Qəbulda hırla-zırı qanmayan abituryentləri 3 min, 4 min, 5 min
rüşvət müqabilində - bu bizim institutda belə idi, AMİ kimi tanınan tibb
institutu, NARXOZ kimi tanınan Xalq Təsərrüfatı İnstitutu 40 min, 50 min idi -
ali məktəbə qəbul edir, sonra isə semestr imtahanlarında yenidən pul alaraq
qiymət yazırdılar...
Bu
barədə “Əllidən bir kəm” adlı romanımda geniş bəhs etmişəm. Oxuyanlar bilir.)
Akademik
Feyzulla Qasımzadə, böyük ədib İsmayıl Şıxlı, Akademiyanın Müxbir üzvü Əbdüləzəl
Dəmirçizadə, o vaxt laborant olsa da, mənim həyatımda adını çəkdiyim insanlar qədər
yeri olan Ramin Əhmədov (o, sonralar filologiya elmləri doktoru, professor
olmuşdu) belələrindən idi.
Böyük
alim Feyzulla Qasımzadənin xatirəsinə “Aşiqlər” adlı kitab həsr etmişəm ki, o
kitab əsasında eyniadlı film də çəkilib.
İsmayıl
müəllim, Ramin Əhmədov barədə ayrıca xatirə yazıları yazmışam. Həmin yazıları
memuarımızın müvafiq səhifələrindən oxumaq olar.
Böyük dilçi alim Ə.Dəmirçizadə haqqında bir xatirəm var ki, onun yenidən yazılmasına və daha önəmli bir hala gətirilməsinə səbəb olan aşağıdakı müsahibəni xüsusi qeyd etməliyəm.
25.06.2024 - Modern.az İnformasiya Agentliyi
Rəşid Qarayev:
“Salam Azad müəllim. Sizi narahat edən
modern.az-dan Rəşid Qarayevdir.
Biz adları müzakirə doğuran rayon adları ilə bağlı rubrika hazırlayırıq və həmin rayonların ziyalılarının fikrini öyrənirik. Bugünkü rayonumuz isə Zəngilan rayondır. Zəngilan toponiminin kökü haradan gəlir?
Cavab: “Sualınızı cavablandırmaq üçün bir az keçmişə səyahət etməli
olacağam. Keçmiş Lenin adına APİ-nin, indiki ADPU-nun dil-ədəbiyyat fakültəsində
oxuyarkən böyük dilçi alim, AMEA-nın Müxbir üzvü, müəllimimiz Ə.Dəmirçizadəyə bu barədə sual vermişdim:
"Professor, mən Zəngilan rayonundananm. Rayonumuzun adının etimologiyası
barədə əcaib fikirlər yazırlar. Biri "zəngin məhsulu olan yer", biri
"zəngli yer", hətta bəziləri "zəngin ilan olan yer" deyə "izah" etməyə çalışırlar. Sizcə,
"Zəngilan" sözünün kökü hardan gəlir?"
(Bəs niyə Dəmirçiadəni seçmişdim?
Əvvala, o, təkcə fakültənin deyil, hətta bizim institutun ən dəyərli və
hörmətli alimlərindən idi. Bu milli adamın “Kitabi-Dədə Qorqud” dastanlarının
dili” adlı əsərinə görə başının ağrıdığını, hətta həbs təhlükəsi ilə üz-üzə
qaldığını da bilirdim. Onun bir türkoloq kimi ana dilimizin qorunması yolundakı
yorulnaz mübarizəsi barədə əfsanələr gəzirdi. Səsi, danışığı və diksiyası bizi
ofsunlayırdı. Rəhmətliyin hətta Rövzət adlı hərəkət məhdudiyyətli qardaşı
oğlunun olduğunu, alimin onu uşaqlıqdan oğulluğa götürdüyünü də bilirdim. Onu
da bilirdim ki, Rövzət şeirlər yazırdı və kitabları da çıxmışdı. O kitablardan
birini tapıb oxusam da, təəssüf ki, bu mətnləri bəyənməmişdim.
Qısası, bu nəcib alim həm də təmiz insan idi. Böyük bir bataqlıqda üstünə
toz qonurmayan böyük türkoloq bizimçün bir etolon idi.)
Professor bir qədər fikrə gedib dedi:"Sən gələn mühazirəyə
rayonunuzun kənd adlarını yazarsan bir dəftərə, qabağından da eşitdiyin mənaları
da əlavə edərsən, sonra səninlə danışarıq.”
Mən bu barədə xarici ölkələr ədəbiyyatından bizə seminar aparan müəllimimiz
laborant Ramin Əhmədova deyəndə o
gülümsündü: ”Mütləq professorun dediyinə əməl et. Bu elə-belə iş deyil.”
Onu da deyim ki, xarici ölkələr ədəbiyyatından
mühazirə müəllimimiz böyük yazıçı İsmayıl Şıxlı idi və Ramin müəllimin
aracılığı ilə ilk hekayələrimi İsmayıl müəllim oxuyub fikir bildirdiyindən
Ramin müəllimlə dostlaşmışdıq. (Ramin müəllimlə əlaqələrimiz
sonralar da davam etdi. O, müdafiə edərək elmlər doktoru olmuş, professor vəzifəsinə
yüksəlmişdi. Hətta sonralar mənim “Aşiqlər” elmi-publissistik kitabımın yeni nəşrinə
ön söz də yazmışdı.)
Gələn mühazirəyə rayonumuzun 90-na yaxın kəndinin hamısının adını
bir-bir dəftərə yazdım, qabağından da ağlım kəsən, eşitdiyim mənalarını qeyd
etdim. Məsələn, doğulduğum Qaradərə kəndinin qabağında “Böyük dərə” deməkdir, kəndin
adı “Dədə Qorqud”dastanlarında çəkilir və s.
Professor bir neçə kəndin adının
altından qırmızı xətt çəkdi. Sonra məni özü ilə kafedraya apardı və orada söhbətə
başladı.
Mən bunları “Məndən sonra” adlı memuar romanımda yazmışam, indi
oradan saytın oxucuları üçün qısa formada
qeyd edirəm.
Professor əvvəlcə elə Qaradərə sözündən başladı. Dedi ki, sizin rayon və
rayonun kəndləri eradan əvvəlin kəndləridir və onların adları da elə min, iki
min, hətta üç min il yaşı olan yer adlarıdır. Başlayaq elə altından qırmızı xətt
çəkdiyim Müşlan kəndinin adından. “Muş”, yaxud “muşlar” qədim türk tayfaları
olub ki, bunların adına Türkiyədə, hətta İrakda yer adları var. “Burası Muşdur,
yolu yoxuşdur” misralı türkü də var. “Lan” isə qədim şumer və elam dillərində
yer adı bildirir. Sizin rayonun adındakı “Zəngilan” sözündəki “lan” da oradan gəlir
və bu şəkilçinin azı beş min il yaşı var...
Bəs “Zəng”, yaxud “zəngi” nədir deyəcəksən, bəli, dedim axı, bu sözlərin
4-5 min yaşı var və hər min il keçdikcə sözlər də assimliyasiyaya uğrayıb. Məsələ
ondadır ki, sözün kökü “zəng”, yaxud “zəngi” deyil, “zak”, yaxud “sak”dır.
Tarixdə ZAK, yaxud SAK türk tayfalarının olduğu məlumdur. Deməli, ZƏNGİLAN ZAK,
yaxud SAK türk tayfalarının yaşadığı yer anlamındadır. Sizin rayonla qonşu olan
ŞƏKİ kəndi var ki, Babəki orada həbs ediblər. Bax, o kəndin adı qədimdə ŞƏKİ
yox, SAKİ, yaxud ZAKİ olub, yəni SAK, yaxud, ZAK tayfalarının yeri. Bilirəm,
soruşacaqsan ki, bəs ZAK, yaxud SAK necə olub ki, ZƏNG, yaxud ZƏNGİ olub?”
Professor başındakı güllü araqçınını çıxardıb tərini sildi və davam
etdi.
"Demək, dilimizdə bəzi sözlər var ki, olduğu kimi fars dilinə
keçib, sonra orada assimliyasiyaya uğrayıb və qəribə burasıdır ki, sonra biz
onun elə farslaşmış formasını qəbul etmişik. Məsələn, TÜFƏNG sözü, əslində
bizim öz sözümüzdür və TÜFMƏK (tüpürnək də oradandır, atmaq mənasındadır) və
farscaya keçəndə dəyişib olub tüfəng. Sonra biz onu farslardan TÜFƏNG
formasında təzədən qəbul etmişik. Bax, ZAKLAN, yaxud ZAKİLAN sözü də fars
dilinin təsiri ilə ng samiti ilə əvəzlənmə nəticəsində ZƏNGİLAN formasına
düşüb... Axı yəqin ki, bilirsən, dilimizdə sağır nun samiti olub ki, ZAK, yaxud
SAQ sözlərinin sonunda bir zamanlar sağır nun işlənib ki, o sağır nun NG samitləri
ilə əvəz olunub – ZƏNG belə yaranıb...
Sənin dəftərindəki altından qırmızı xətt çəkdiyim PİRÇİVAN, MİNCİVAN,
QARÇIVAN, MÜŞLAN kimi sözlər də min illərin sınağından çıxa-çıxa gəlib bu
günümüzə çıxıblar. Sənin qarşında indi bir borc var. Bu yer adlarını
yığıb-yığışdıracaqsan, etimologiyasını dərindən öyrənəcəksən və mənim rəhbərliyimlə
elmi iş yazacaqsan...”
Sonra professor məni fakültəmizin dekanı Afat Qurbanova tapşırdı və dedi
ki, gözün bu gəncin üstündə olsun. Onun potensialından istifadə etmək olar...
Əlbəttə, mən ruhu qarşısında baş əydiyim böyük türkçü alimin tapşırığına
əməl edə bilmədim, çünki mənim başqa missiyam vardı, yazıçı olmaq istəyirdim.
Amma böyük professorun vəsiyyətini başqa şəkildə həyata keçirdim: bizim
zonanın, Təbriz də daxil, məşhur mifi olan UCUBULUQ əfsanəsindən bəhs edən
"Ucubuluq"adlı roman yazdım ki, bu dediklərimin bir çoxu orada əks
olunub. Hətta sağır nunu bu əsərdə işlətməklə - zamanın dil ünsürü kimi – müəllimimin
ruhuna salam vermək istədim...
Və mən ali məktəbi fərqlənmə diplomu ilə bitirsəm də, artıq elm və ürfan
mərkəzindən çox, pul və rüşvət mərkəzinə çevrilməkdə olan institutumuzla
vidalaşıb rayonumuzda müəllim işləməyə yollandım...
Nəhayət, burada sizə yazdıqlarımı "Mincivandan Amerikaya" adlı
kitabımda da vermişəm. Amerikada yaşayan orta məktəb yoldaşım Mirqələm
Miriyevin xahişi ilə yazılan o kitabın 2007-ci ildə Şirvannəşrdə işıq üzü
görüb.
S.A (Söz Ardı).
Bu yazı bir xatirə yarpağından başqa sevimli müəllimimin – böyük dilçi
alim Ə.Dəmirçizadənin portretini yaratmaq üçün bir cəhd idi həm də. Mən onda hələ
bilmirdim ki, müəllimim Şəki (bir adı da Nuxadır) şəhərində doğuıubmuş və əslində,
bizim ikimizin də qanında SAQ, yaxud ZAK türk tayfalarının – SAKİLƏRİN qanı
axır. Mənbələr deyir ki, sak, yaxud saka türk tayfaları bir çox türk
xalqlarının, o cümlədən Azərbaycan türklərinin formalaşmasında mühüm rol
oynayıblar.
Qədim çin mənbələrində SAKALAR SAİ
adlanır. Hətta sonralar bu səs dəyişməsi qədim xalqlardan olan SKİF
tayfalarının da adı ilə bağlanır. Bu sahənin tədqiqatçılarından olan Pavel
Nazarova görə, SKİF kəlməsi qədim türklərin antik adıdır. Hətta MASSAGET sözü də
bu kəlmədən törəmişdir ki, mənası BAŞ SAQLAR mənasını verir.
Və
sonda. Güney Azərnaycan ərazisinda olan Zəncan şəhəri Zəngilan sözü ilə tam
eyni kökdəndir və fars dilinin təsiri ilə müəyyən şəkil dəyişiminə məruz qalsa
da, yerli əhali oranı heç vaxt Zəncan deyil, elə öz əsil adı ilə ZƏNQAN
adlandırır.
Böyük
ustadımız Ə.Dəmirçizadənin ruhu şad olsun! Zəngilan (ZAQLAN), Zənqan (ZANQAN),
Şəki (SAKİ, ZAKİ) əhlinin – bütün SAQLARIN, SAKALARIN, SKİFLƏRİN törəmələri
olan Azərbaycan türklərinə salam olsun...
Və
lap sonda...
ZƏNGİLAN
(ZAQLAN) bu gün üçün çox önəmli olan bir sözün də yaranmasında rol oynayıb – Zəngəzur
sözünün! ZUR kəlməsinin qədim türkcədə DƏRƏ anlamını verdiyini qeyd edərək deməliyik
ki, bu ad da ZAK, yaxud SAK türk tayfalarının yaşadığı dərə anlamındadır. Zəngəzur
dərəsindən Zəngəzur dəhlizinə gedən yolumuz açıq olsun!
Amin.
***
Uşaqlıq
insanın vətənidir. O Vətəndən ayrı düşdüyüm bu məşum illərdə onunla təmasım
yalnız qələmimim köməyi ilə olub. Yazdığım bütün yazıların kökündə Zəngilan,
Qaradərə olub. Hətta kəndimizin təsviri hekayə və romanlarıma güzgü tutub.
“Kəndimizin
üstündə bir dağ vardı – Qaraquzey adında. İlin hansı vədəsi olur-olsun, o dağın
üstündə kosa saqqala oxşayan bir çəngə
qara bulud asılıb qaldımı, kövşəndəkilər, örüşdəkilər, zəmi yerindəkilər, xülasə,
bütün kənd əhli uşaqdan-böyüyə özünü sürüyüb salardılar evlərinə. Körpə quzuları,
buzov-çəpişi, hind quşu balalarını, cücəli toyuqları da heheləyib-kişləyib
doldurardılar pəyələrə. O buluddan xata əskik olmazdı.
Arxaşan səmtində Həsən müəllimin diki deyilən
yer vardı ki, kəndin aralığında oynaya-oynaya bir gözümüz bu dikdə olardı. Elə
bil bu dik kino ekranıydı və hər an o ekranda təzə nəsə görsənə bilərdi. İtiyi
itən, çəpəri bastalanan, əri döyən, qoyunu quzusunu götürməyən, oğlu sözünə
baxmayan – söz qarnını deşənlərin hamısı bu dikə çıxar, elə o saat da başına
yığışanlara dərdini danışardı. Biz də bu “kinolara” baxa-baxa günü axşam eləyərdik... Hə, az qala
yadımdan çıxmışdı, bir də üç kəndin bir
növ paytaxtı olan Ördəkliyə (sovetliyin mərkəzi ora idi) gedənlər də həm gedəndə,
həm də qayıdanda bu dikə çıxırdılar, daha doğrusu yolları burdan keçirdi deyən,
burda ayaq saxlayar, “paytaxt” xəbərlərindən “dik əhlini” xəbərdar edərdilər.
Gözüm bu dikdə qalmışdı. Anam səhər
tezdən “paytaxta” iclasa getmişdi...” (“Dörd kişi haqqında üç hekayət” uzun
hekayədən)
***
Zəngilan
həm də bir qədim xalq mahnısı ilə hopub yaddaşıma.
“Mən
gedirəm Zəngilana” adlanan bu mahnı da elə Zəngilan qədər qədimdir. Bu mahnının
sözlərini Qarabağın, eləcə də Zəngilanın böyük şairi Məhəmməd Bəy Aşiq Zəngilaniyə
bağlamaq cəhdləri olsa da (elə mən özüm də bir vaxrtlar belə yazmışdım “Aşiqlər”
kitabımda), düşünürəm ki, bu düz deyil. Çünki, əvvala xalq mahnılarının müəllifi
olmur, ikincisi bu mahnı o qədər qədimdir ki!..
(Əbdüssəməd
bəy Aşiq Zəngilani və “Aşiqlər” kitabım haqqında mənim blogspot.com – https://www.blogger.com/blog/posts/9155094546742298631 - şəxsi bloquma daxil olub oxumaq olar.)
***
Füzuliyə
çatanda yolda əsgərlər sənədlərimizi yoxlamağa başladı. Keçən dəfəkindən fərqki
olaraq daha ciddi yoxlama məni narahat etdi. Səbəbini az sonra biləcəyik: hansı
əliqurumuşsa ehtiyatsızlıq üzündən Zəngilanda – bizim kəndlərin yerləşdiyi Bəsid
çayı boyundakı kəndlərdən Ördəklidə yanğın törətmişdi...
Bu
xəbərdən sarsılıram. O yanğın içimə od salır. Elə bir od ki, heç Bəsid çayını
da döndərsən söndürə bilməz... (Təbiətin ironiyasıydımı?! Az snra biləcəyəm ki,
Bəsid çayı da quruyubmuş...)
...Baharlı
səmtinə çatanda saat birin yarısı idi. Ona görə bilənlər xəbər verir ki, Bəsid
çayı, o cümlədən Qaradərə və Qaragöz kəndlərindəki bulaqlar quruyub. Məcburən nənəmin
kəndi Baharlının min illərin yaşıdı olan, adı kimi özü də qədim olan Şıxılcan
bulağına üz tuturuq...
Burada
bizi təsərrüfat işləri ilə məşqul olan adamlar qarşılayır.
Çıxılcanda
yuyunuruq, su içib sərinləyirik. Ocaq qalayanda məlum olur ki, şiş gətirmək
yaddan çıxıb. Mən kəsəri alıb qaragilə və şəf ağaclarından şişlər kəsirəm.
Sonra kabab və pörtdəmə dəsgahı başlayır...
...Onu mütləq qeyd etməliyəm ki, Şıxılcanda və Baharlıdan Qaradərənin (hətta bəzi yerlərdə Qaradərənin torpaqlarına da giriblər: Qəlbi kövşən, Şomunlu kimi bəhərli torpaqlarda da bağ salıblar) sərhədlərinəcən bir şeyin şahidi oldum. Hansısa biznesmen bu torpaqlarda ərik, şaftalı və xirnik bağları və digər təsərrüfat sahələri ilə bağlı geniş iş aparır. Yəqin ki, bu işlər yuxarının razılığı ilə aparılır. Təbii, hər bir abadlığı alqışlayırıq. Amma Şıxılcan kimi qədim bir bulağın üstündə yaxşı bir abadlıq işi aparmaq, bu bulağın gözünü təmizləmək unudulub. Elə bilirəm ki, burada iş aparanlar bu vacib əməli həyata keçirsələr, həm oarada çalışan işçiləri, həm də kəndlərini ziyarətə gələn əhali üçün yaxşı olar.
***
-Yolumuz
hayanadır?
-Əlbəttə,
Qaradərəyə!
...Sivinirəm.
Kəndimə kor-kobud da olsa, yol çəkilib.
Qədim
Qaladaşının qabağından keçib kəndimizə giririk.
Hələlik,
yalnız ölülərin ruhları dolaşan kəndim bizi ağuşuna alır...
...Qəbiristanı kəndimizin gəncləri təmizləyiblər.
Şəhid
əmim oğlanları Filmanla Azərin məzarını ziyarət edirik. Sonra bütün məzarları.
Eləcə də ana babam Məmmədqulunun və ata babam Camalın məzarlarını...
Və
burada daha bir məzar da var – bir vaxtlar mənim öz əllərimlə qurub-yaratdığım
Qaradərə məktəbi! Əslində, o da şəhiddir!.. Düşmənin ağlar günə qoyduğu məktəbim...
Məktəbi
ziyarət edib toxtayıram...
...Elə
buradaca xəbər verirlər ki, bəs Çeşməli pirinə - Çinarlı pirə yol çəkilib və
istəsək, ora da baş çəkə bilərik...
Amma
vaxtımız dar - proqramımız geniş.
Ona
görə həmin pir haqqında sizi qiyabi surətdə - qələmimlə tanış edəcəyəm...
TƏBİƏTİN QİSASI, YAXUD
HÜMBƏTALI UÇAN QAYA
(Yeni naturalizmə doğru – renessans həsrəti
silisiləsindən)
İllərdir həm bədii
yazılarımda, həm esselərimdə ədəbi naturalizmdən bəhs edir, naturallığın, təbiiliyin,
doğallığın həm həyatda, həm ədəbiyyatda dəyəri haqqında mülahizələrimi
oxucularla bölüşür, fikir mübadiləsi aparıram. (Saytlarda və “Renessans həsrəti”
üç cildlik kitablarımda bu barədə kifayət qədər yazı tapa bilərsiniz.) Bu qənaətdəyəm
ki, insan oğlu ta qədim zamanlardan, yəni təbiətlə üz-üzə qaldığı andan onun zərbələrinə
düçar olmuş, bunun qarşılığında özünü müdafiədən çox hücum vəziyyəti alaraq təbiətə
zərbə vurmuş, onu həm heyvani, həm bitki örtüyü, həm də su və havadan məhrum
etməklə nələr etdiyinin fərqində olmamış və bugünkü təbii fəlakətin astanasına
gəlib çatmışdır...
Son romanlarımda və esselərimdə
tez-tez vurğuladığım bir fikir var: indiyə qədər bütün müharibələr torpaq
üstündə olub, bundan sonrakı müharibələr SU MÜHARİBƏLƏRİ olacaq! Bəli, bəli düz
eşitdiniz: su...
Bəşəriyyət min illərdir ki, öz qəbirini
qaza-qaza gəlir. Okeanlarda, dənizlərdə, göllərdə, çaylarda və bulaqlarda suya
qarşı insanın ağlagəlməz nankorluğu, meşələrin qırılması, canlı təbiətin məhvi,
balıqların və digər suda yaşayanların qətliamı onu deməyə əsas verir ki,
insanlıq öz sonunu gətirmədədir...
Neçə yüz il qabaq ərəb qəbilələri,
onsuz da suyun qıt olduğu səhrada düşmənlərini su ilə imtahana çəkdilər... (Məşhur
İmam Hüseyn müsibəti və s.)
Amerikanı kəşf edən avropalılar
yerli əhalini meşələrə qova-qova o cəngavər insanları qırmaq üçün meşələri
yandırdılar, çayların səmtini dəyişdilər, heyvanları məhv etdilər...
Bu günkü insan özünü daha ağıllı
göstərmək üçün süni yağışlar yağdırmaq üçün dronları göyə qaldırır, buludları
qovub bir yerə yığır və təsadüfən təbiətin inadı ilə insan inadı üst-üstə düşür
və nəticədə bu günlərdə Dubayın sellərə necə təslim olduğu fəlakət anı meydana
gəldi...
“Morq çiçəklər” romanımda bir yer var. Məktəblərdə hər sinifdə on oğlana
bir qız düşür!!!!!!!!!!!!
Bu, bilirsiniz nə deməkdir?! Orada elə belə də yazmışam: gün gələcək,
siz – qız uşaqlarını ana bətnində abort etdirən atalar QIZ MÜHARİBƏLƏRİ
aparmalı olacaqsınız!!!
Hə, düz eşitdini, qız müharibələri...
Oğlunuza öz xaraba qoyduğunuz ölkənizdə qız tapa bilmədikdə, geridə
qalmış hanısas Şərq ölkəsinə müharibə elan edəcəksiniz ki, oradan oğlanlarınıza
QIZ gətirəsiniz...
Daha acgözcəsinə GMO məhsulların dalınca yüyürməyinizi, süni intellektə
arxalanıb insanları işsiz qoymanızı, qızıl axtarışı üçün kəndlilərin otlaq yerləri
örüşləri, kənd-kəsəklərini viran qoymanızı demirəm...
...Ay bədbəxtlər, gedin kitab oxuyun, övladlarınıza elm öyrədin. O
yalançı alver, adına biznes dediyiniz arvad tumanı satmaqla uzaga gedə bilməyəcəksiniz...
Keçmişi öyrənin, gələcəyə
boylanın...
Təbiətə toxunmayın...
Axı gorbagor omuş ata-babalarınız təbiətə PİR deyirdi...
Vallah, nə də olmasa, dədələrinizin pirləri sizə qənim olacaq...
Allah heç köməyiniz olmasın...
S.A.(Söz Ardı)
Hələ də Zəngilana, Qaradərəmə gedə bilməmişəm. Gedənlər danışır ki, vəhşi
erməni qəbilələri kənd-kəsəyimizdə bircə ağac da qoymayıblar – hamısını dibindən
kəsib aparıblar. Yuxarıda pir demişdim axı... Hə, kəndimiz Qaradərədə bir Çinar
piri vardı, adına Çeşməli piri deyərdilər. Rəvayətə görə bizim kənddə Hümbətalı
adlı bir kişi olur. Gedib həmin çinar ağacının bir budağını kəsir, odununu
doğrayıb qatıra yükləyir və evə qayıdanda qatır qayadan uçur, kişi yüklü qatırı
saxlamaq istəyəndə özü də qatırla bərabər qayadan düşüb ölür... Və o qayanın
adı qalmışdı Hümbətalə uçan qaya...
Məni xarafata inanmaqda suçlasanız da deyəcəyəm: o kişinin kəsdiyi budaq
qurumuş, hətta mən deyərdim ki, daşlaşmış vəziyyətdə son vaxtlaracan qalmaqda
idi...
Ermənilər heç, cəzalarını aldılar. Amma inanın ki, təbiətə münasibətimizi
dəyişməsək, bizi də ağır cəza gözləyir...
Hə, Zəngilana gedəndə ilk işlərimdən biri o çinar piri ziyarət etmək
olacaq.
18.04.2024.
S.A.(Söz
Ardı)na əlavə.
Bir
il əvvəl Zəngilana getsəm də, Çeşməli pirinə gedə bilmədim. Həm yol dağılmışdı,
həm də 30 ildə hər yanı kol-kos basmışdı.
Lap
bu günlərdə, yəni 2025-ci ilin avqust günlərində Zəngilana bir də getdim. Orada
rastlaşdığımız gənclər bildirdilər ki, Çinar pirinin yolunu qismən düzəldiblər,
amma yenidən əl gəzdirmək lazımdır. Onu da dedilər ki, pirin üstündəki sızqa
bulaq da qurumadaymış. Gözünü açıblar, su yenidən gəlib...
***
QARAGÖZ KƏNDİ – MİRZƏ HAŞIM QƏBİRİSTANI
2024-cü
ilin martında 70 yaşım tamam oldu və geniş yubiley tədbirindən sonra əhd etdim
ki, bu dəfə yığcam bir heyətlə Zəngilana – Qaradərəyə gedəcək, tədbiri orada
davam etdirəcəyəm. Getdim və çox həyəcanlı, ağılasığmaz səfərdən sonra
hazırladığım video-hekayə sosial şəbəkədə yayımlandı. (https://www.facebook.com/azad.qaradereli/videos/7614358878648823/)
Qaragöz
kəndi haqqında hələ üstündə işlədiyim memuardan bir parçanı oxuculara çatdırım
ki, kəndi daha yaxşı tanısınlar.
**
Qaragöz
kəndi bizim Qaradərə ilə üzbəüzdədir. Aralarından Bəsit çayı axır. Qaragöz
güneydə, Qaradərə quzeydədir. Kəndlərin bir sıra fərqli xüsusiyyətləri ilə
yanaşı, ümumi cəhətləri daha çoxdur. Məsələn, fərqli cəhətlərindən biri danışıq
tərzindədir. Qaragözlülər Qaragöz əvəzinə Qəröyüz deyirlər. Bizimkilər Qaröyüz
deyir. Daha bir neçə deyiliş fərqləri var.
Amma
hər iki kəndin ümumi cəhətləri daha çoxdur. Bir-birinə qız verib, qız almaqla
qohumluq əlaqələri bərkiyib, hər iki kənd, bizlərdə deyildiyi kimi birevli
olub.
Bu
kənd haqqında yaddaşlarda bir DASTAN YARPAĞI var.
Deyir,
bir gecə vaxtı Qaçaq Nəbi Bozatı çapa-çapa izinə düşmüş düşmən dəstələrindən
xeyli aralandığını anlayıb, Qaragöz kəndinin ayağında zəif işıq gələn qapını
döyür. Məqsədi qantər içində olan atının tərini soyudub yemləmək, özünün də bir
hovur gözünün çimirini almaq imiş. Ev sahibi gecənin bu vaxtı qapısının kimin
döydüyündən narahat olub, əlində silah eşiyə çıxır. Nəbi deyir ki, allah
qonağıdır, atına və özünə bir az dincəlmək lazımdır, əgər razı olsalar.
Ev
sahibi qonağın yerlə-göylə əlləşən atına, özünün baz-brutuna baxıb, “Allaha da
qurban, qonağına da, buyurun içəri” deyir. Nəbi atın üstünə çul salıb, başına
içinə arpa tökdüyü torba keçirdir. Özü də gəlib qonağın dardülük daxmasının bir
tərəfində dincini alır. Qonaq baxır ki, bu yeraltı daxmanın o biri başı qoyun pəyəsidir
və oradan pox-sidik iyi adamı yatmağa qoymur. Bir az çimirini aldıqdan sonra
qara hisli çaydanda çay tədarükü görən ev sahibinə üz tutub deyir:”A kişi, niyə
bir yaxşı ev tikdirmirsən bala-bulan üçün?”
Ev
sahibi qonağa çay süzüb mızıldanır:”Ay başıa dönüm, biz iki qardaş
qoyun-quzuynan əlləşirik, istilər düşən kimi də çıxıb yaylağa gedirik. Hardadı
bizdə o pul-para ki, ev-eşik tikək-quraq?”
Qonaq
bir qurtum çaydan alıb yəhərin qaşından bir düyünçə çıxardır, qoyur kişinin
ovcuna:”Burda bir xeyli qızıl var. Bir də bu tərəflərə yolum düşsə, məni bu
tövlədə qonaq eləmiyəsən! Yaxşı bir ev tikdir balalarına... Di salamat qal!”
Kişi
qonağın atının üzəngisini basıb deyir:”Ay başıa dönüm, bəs sən kimsən?”
“Mən
Nəbiyəm, Qaçaq Nəbi!”
Qaragözdə
“Musanın evi” adlanan bir otaq vardı ki, deyilənə görə, Musa kişinin babaları o
otağı Nəbinin qızılı ilə tikmişdilər. O tikilidən son vaxtlaracan məktəb binası
kimi istifadə olunurdu. Yaxşı kişilərin izində gözəl əməllər nur saçar... ( Nəbinin
qonaq olduğu qardaşlar Qaragöz kəndindən mərhum Mustafa kişinin və qardaşı Əsədullanın
babaları imiş. Mustafa kişi Mincivanda maşinist köməkçisi, Əsədulla isə işıqçı
idi. Övladları Bakıda, Ələtdə və Ukraynada məskunlaşmışdılar. İnşallah gün gələr,
gedib Nəbinin pulu ilə tikilən binanın yerində daha gözəl ev-eşik qurarlar.)
Allah
şair dostum Əhməd Oğuza rəhmət eləsin. Bu yazını radionun “Bulaq” veilişi üçün
ona verəndə gözləri yaşarmş, “Nəbidən genə nəsə varmı?” demişdi. “Bozatın
Bartazdan aparılması” yazısını – o dastan yarpağı kitabın əvvəllərindədir – da
sonra yazıb verəcəyimi deyəndə əl çəkməmiş, “Sən canın, yaralama, bütöy elə”
deyib, onu da məndən almışdı.
Hər
iki dastan qırığını rəhmərliklər Səməndər Rzayevlə Məhluqə Sadıqova səsləndirmişdilər.
Son vaxtlaracan radionun fondunda dururdu. (“Məndən sonra” memuar romandan)
***
Kəndin
qəbiristanını ziyarət edirik. Mirzə Haşım qəbiristanı adlanan bu məzarlığın
maraqlı tarixçəsi var ki, bu barədə mən bədii və elmi-publissistik mətnlərimdə
söz açmışam. (“Kuma-Manıç çöklkliyi” romanı, “Aşiqlər” elmi-publissistik kitab,
Şuşanın genetik kodu” ədəbi-tarixi oçerk və s.)
“Şuşanın
genetik kodu” yazısından bəzi parçaları versəm, elə bilirəm, bu qaranlıq
mğvzuya aydınlıq gətirmiş olarıq.
“Ağa
Məhəmməd Şah Qacar 1795-ci ildə Şuşanı mühasirəyə alanda İbrahim xandan üç
adamı girov qismində istəyir: əmisi oğlu Batmanqılınc Məhəmməd bəy Cavanşir,
digər əmisi oğlu Əbdüssəməd bəy və vəziri Mirzə Vəli Baharlı...
Təbii
ki, Məhəmməd bəy Cavanşiri verə bilməzdi,
çünki o xanın həm də ordu başçısı idi. Əbdüssəməd bəylə Mirzə Vəli Baharlını isə
verməli olur. Şah onları götürüb İrana dönür.
Bunun
adı girov olsa da, hər iki zata hörmətlə yanaşılır, onlarla bərabər aşpazları,
digər xidmətçiləri, hətta silahlı qoruyucuları da Tehrana gedir.
Aradan
müəyyən müddət keçəndən sonra bir gecə Mirzə Vəli Baharlı rəml atır (o, rəmmal
kimi, öncə görən kimi də məşhur idi) və Əbdüssəməd bəyə təşviş içində deyir ki,
sabah bizi edam edəcəklər.
Bəy deyir, gəl qaçaq. Mirzə qəbul
etmir və deyir ki, mən yaşlı adamam, yolda ölərəm. Sən get.
Beləcə,
Əbdüssəməd bəy öz silahlıları ilə gecə ikən qaçır.
Demiyəsən, Rusiya-Qarabağ münasibətlərindəki
isinmə şahı qəzəbləndiribmiş və doğrudan da, girovları edam etmək əmri
veribmiş.
Səhər
Mirzə Vəlini topun ağzına qoyub atırlar. Əbdüssəməd bəy isə yolda aldığı güllə
yarasından ölür...
İbrahim
xan bu əhvalatdan qorxuya düşərək onun ucubatından həlak olmuş bu adlı-sanlı
adaların qohumlarının ona müxalif olacağından əndişə duyur və Əbdüssəməd bəyin
qardaşı uşaqlarını, qohumlarını (bəyin övladı yox idi), Mirzə Vəlinin də oğlu
Mirzə Haşım Zərrinqələmi və yaxın ətrafını Ağdama, Zəngilana sürgün edir.
Buralarda onlara çoxlu torpaq sahəsi və kəndlər bağışlayır.
Əbdüssəməd
bəyin qardaşı oğlu Behbud bəyin oğlu məşhur şair Məhəmməd bəy Aşiq Zəngilani,
onun da oğlu Əbdüssəməd bəy (həmin Əbdüssəməd bəyin adlısı), onun da oğlu
Xosrov Cavanşir idi. Bu barədə mənim “Aşiqlər” kitabımda daha ətraflı məlumat
var.)
Beləcə,
məlum olur ki, Mirzə Haşım Zərrinqələm Mirzə Vəli Baharlının oğlu idi və indiki
Zəngilan rayonunun Baharlı kəndində bir bəy və torpaq sahibi kimi yaşamış, vəfat
edəndə isə həmin bu qəbiristanda dəfn edilmişdir ki, sonradan buraya onun adı
verilmişdir...
***
Bu
qəbiristanda mənim xalam, həm də sonralar qayınanam Məşuqə xanım və onun əri
Şükür kişinin məzarları var ki, barbar ermənilər onların məzarlarını tam
dağıtmasalar da, zədələmişdilər. Buna görə də oğlu Zülfüqar yaxınları ilə birgə
ora yollanmış, məzarları kökündən dəyişmiş, müasir tərzdə bərpa etmişdi. Biz bu
məzarları və buradakı digər məzarları da ziyarət edib çiçək dəstələri qoyduq...
***
Zəngilana
birinci səfərimdə - 2024-cü ilin mayında rayonun Şəhidlər Xiyabanında olmuş, bu
unudulmuş, ot-ələfin, kol-kosun içinə gömülmüş şəhid məzarlarından yuxarıda
adını çəkdiyim video-hekayədə söz açmış, bu neçə ildə azad olunmuş torpaqda
yatan şəhidlərin ruhuna hörmətsizliyi tənqid
etmişdim.
Üstündən cəmi bircə il keçsə də, rayon rəhbərliyi, prezidentin xüsusi idarə rəhbərliyi, yaxud hansısa təşkilat bu müqəddəs işi həyata keçirərək Şəhidlər Xiyabanını təmir etmiş, 30 il gözü yol çəkən şəhid ruhlarının könlünü rahat etmişlər. Elə buna görə bu işi yüksək səviyyədə həll edənlərə təşəkkürümü bildirirəm!
***
Yolumuz
Laçınadır...
Qubadlının
dağıdılmış kəndlərini keçib Laçına üz tuturuq. Yaradan bu yerlərə əlahiddə gözəllik
bəxş edib. Quşqonmaz qayalıqlardan keçib Susa yol alırıq.
SUS
VƏ “LAÇIN DƏHLİZİ” ORATORİYASI”
Sizə
bir şey deyimmi? Yalançı patriotizm, hay-küyçü vətənpərvərlikdən uzaq birisi
kimi mən Qarabağın azad olunacağından, Zəngilanın və ətraf rayonların ermənilərdən
təmizlənəcəyindən əlimi üzmüşdüm. Bilirəm, bunları oxuyub mənə nifrət edənlər
olacaq ki, necə yəni əlimi üzmüşdüm?!
A
kişi, Stepanakertin bir vaxt Xankəndinə çevriləcəyinə əsla inanmazdım!
Hətta
44 günlük müharibədən sonra Laçının Sus kəndindən olan şair İlham Qəhrəmanla
telefonla danışanda dedi ki, sizə nə var, siz bəxtəvərsiniz. Mənim kəndim Sus
isə Laçın dəhlizinə düşüb, oranı bizə heç vaxt verməyəcəklər...
İndi
biz Susa gəlmişik! Susda, bir az yuxarıdakı Bəylikdə Həkərinin qabağını kəsib
bulvar düzəldiblər! Burada Bakıdan gələn turistlər dincəlirlər!
Ey
mıxı mismar edən, şükür sənin kərəminə!
(Hə,
o vaxt İlham Qəhrəmanla telefon söhbətindən sonra “Laçın dəhlizi” oratoriyası”
adlı hekayə yazdım...
Hekayəni bu linkdən oxumaq olar: https://qaradereli.blogspot.com/2021/10/azad-qaradrli-lacin-dhlizi-oratoriyasi.html)
Bəylik
də, Sus da (Sus, əslində dağların arxasında imiş, oradan endirib Bəylik kəndinin
yanında salıblar yeni yaşayış məskənini) Həkərinin sahilindədir. Zəngilanın
Ağalı kəndində olduğu kimi burada da evlər bir-birinə çox yaxın tikilib. Hamısı
bir-birinə bənzəyən bu evlərin arasında arakəsmə yerinə dəmir tor var. Yəni bu
həyətdə olanı o biri həyətdə də görürlər. Həmişə uca hasarların əleyhinə olsam
da, evlərin bir-birindən bir qədər aralıda tikilməsinin, mübhəmliyin, pərdəli
dolanmağın tərəfdarı olmuşam. Deyim ki, kəndlərimizdə qabaqlar heç hasar,
yolağa (darvaza) olmazdı. Hətta evlərdə kilit-açar da yox idi. Amma biri
birinin evinə gələndə uzaqdan çağırar, gəldiyini xəbər verərdi.
Ağsaqqal-qarasaqqal, qarı-qoca, qız-gəlin yanında özünü aparmaq qaydaları
vardı.
Bir
vacib məsələ barədə də yazmasam, olmaz. Kənddə hökmən evlərdən bir qədər
aralıda tövlələr olmalıdır. Mal-qarası, qoyun-keçisi, at-eşşəyi, toyuq-cücəsi
olmayan kəndli kəndli sayılmaz. Ona görə də dövlət yetkililərinədir sözüm: işğaldan
azad olunan kəndlərdə insanlara kənd təsərrüfütı ilə, xüsusən heyvandarlıqla məşqul
olmaq üçün şərait yaradın. Onlara tikdiyiniz o gözəl evlərə görə var olun! Amma
yanında tövlə inşa etməyi unutmayın! Kəndliyə örüş verin, əkin yeri verin,
torpaqları bölməyə tələsin...
...Və
buradan üzümü cənab prezidentə tutub xahiş etmək istəyirəm: məcburi köçkünlər
üçün etdiyinizə görə var olun! Amma zaman yetişib. Köçkünlərə 50-60 min həcmində
pul verin və buraxın özləri gedib evlərini tikib yaşasınlar. Təbii ki, buna
xüsusi nəzarət olunsun ki, həmin pulları başqa yerə sərf edənlər olmasın.
Kəndlilər
evlərinin yanında tövlə, toyuq damı tikəcək, mal-qara, keçi-qoyun saxlayacaq...
Bir
də, cənab prezident! Azad olunmuş rayonlarda Şəhidlər Xiyabanı abadlaşsa da, bəzi
kəndlərdəki (məsələn, bizim Qaradərə kəndində) şəhid qəbirləri erməni
vandalları tərəfindən dağıdıldığı üçün onları bərpa etmək lazımdır. Bunun üçün
Sizin işə qarışmanıza ehtiyac var.
AY
LAÇIN!
Maşınımız
Bəylikdən Susa, oradan da Laçın şəhərinə yol alıb. Bu möcüzəli dağlara,
yamaclara, meşələrə baxmaq üçün iki göz bəs eləmir. Sarı Aşığın niyə buralarda
bənd aldığını ağlım indi-indi kəsdirir. Bu onun adamı dəlib keçən misralarıdır:
Bu
dağlar qoşa dağlar,
Verib baş-başa dağlar.
Yarım səndə gəzibdir,
Səni min yaşa dağlar!
Maşınımız
yuxarı qalxdıqca ürəyim sanki sinəmdə böyüyür, köksümə sığmır. Bilmirəm, havam
çatmır, yoxsa oksigen bolluğundan təngənəfəs oluram. Bir il əvvəl Şuşada da belə
olmuşdu... Təbii, az sonra hər şey yolyna düşür. Mən axı Zəngilanın Şükrataz
yaylağında gəzmişəm, Miyandərədə hava udmuşam!..
Nəhayət,
Laçın şəhəri görünür. Dağlar qoynunda yerləşən bu möcüzə şəhəri görər-görməz Qədirin
səsi gəli qulağıma!
Ay
Laçın,
Can
Laçın.
Mən
sənə,
Qurban
Laçın!
İri
hərflərlə LAÇIN yazılmış yerdə maşından düşürük. Şəkil çəkdirəndə baxıram ki,
Laçın əvəzinə Lachın yazılıb. Bir az aralıda dayanan uzun-arğaz gəncə baxıb,
bunun niyə belə yazıldığını soruşmaq istəyəndə ayağımın altından yer qaçır: bu
ki eyzən Şərif Ağayarın gəncliyidir. (Gənc Şərif Ağayarı ilk dəfə Mətləb Misirin yubileyində görmüşdüm.) Daha yazıdakı səhvi unuduram:
-Şərif
Ağayarı tanıyırsan?
Heyrətlə
çiynini çəkir. Gülümsünürəm:
-Elə
Zəngilanda da məni tanımırlar... Həmyerliniz olan yazıçıdır... Kitablarını tap,
oxu...
Yenə
çiyinlərini çəkir.
Maşınımız
Şuşaya yol almalıdır. Mən isə Laçında kitabxana olub-olmadığını soruşuram
oğlandan. O yenı çiyinlərini çəkir. Yanında dayanan yaşlı kişi deyir:
-Kitabxanamız
var, ama bırda dəyil... Taxtakörpüdədi... Ağcabədidə...
Niyə
axı?! Laçınlılar burda, kitabxana orda... Niyə?
ŞUŞA
Laçından
Şuşaya gedən yolla getməmisənsə, demək, heyrət nidasının tam mənasını
duymamısan. Şuşa haqqında əlavə söz yazmayacam. Ondan ki, ötən il Qarabağın bu
billur tacı haqqında geniş bir yazı yazmışam. (https://kulis.az/xeber/media/azad-qaradereli-susani-gormeden-olmek-varsa-lenet-olsun-o-olume-55631) Onu oxumamısınızsa, göstərdiyim linkdən tapıb
oxuyun...
XANKƏNDİ
– XANIN KƏNDİ
Xankəndinə
yüksəklikdən baxmaq istəyirəm. Bu böyük şəhəri bir vaxtlar Stepanakert edənlər
xanın uşaqlarının haçansa qəflət yuxusundan oyanacağını, bunları po...yedimə
salacaqlarını bilməliydilər axı!..
Az
qala Gəncə boyda şəhər olan Xankəndini bu yadlara, yadların arxası yağılara
vermək, xanın anasını ağlar qoymaq demək olardı... Necə ki, ağlar qalmışdı uzun
illər....
Bu
Xankəndi – o Stepanakert haqqında bir ağrılı yazım var, elə bilirəm, bura
yeridir.
STEPANAKERTDƏN XANKƏNDİNƏ QƏDƏR
(Ötən əsrin 80-ci illərinə
aid bir kədərli xatirə)
Gərək ki, 79-cu il idi. Sobu kəndində müəllim işləyirdim. Bir gün həmkəndlim,
həm də yaxın qohumum Ədalət bizə gəldi və dedi: "Bərdədə yaşayan əsgərlik
yoldaşım Sergeyin toyudur. Yox, rus deyil, atası əsgərlikdə olanda Sergey adlı
rusla dost olub, ona görə oğlunun adını elə qoyub... Sən çox yer gəzmisən,
Bakıda oxumusan. Nə olar, mənimlə Bərdəyə gedək... Yol pulu-zad mənlikdi..."
Anam da dedi ki, get, Ədalət dayımız oğludu, hər işimizə əl atır.
Bu Ədalət həm nənəmin dayısı Qaçaq Fərzalının oğul nəvəsi idi, həm də
texnikadan, televizor antennasından, xarab olan ütü, bankabağlayan maşın və
s.-dən baş çıxardan idi. Həm də mənim tay-tuşumdu. Toy da bazar gününə
düşdüyündən daha məktəbdən icazə almağa da ehtiyac yox idi və qərar verdik ki,
birlikdə Bərdəyə gedək...
Səhər obaşdan Ədalətin motosikli ilə rayon mərkəzinə getdik. Motosikli
Ədalətin yaxınlarıgilə qoyub, avtobusla Ağdama, oradan isə Bərdəyə yola
düşdük...
Bilmirəm, sürücü yolu azmışdımı, ya hansısa müştərisinimi düşürəcəkdi,
indi bunu unutmuşam, bir də baxdım ki, eynən Qafandakı, yaxud Mığrıdakı binalar
kimi qırmızı tuf daşdan tikilmiş binaları olan bir şəhərdəyik. Sürücü dedi ki,
bura Stepanakertdi, yarım saat burda duracayıq. Kim istəyir, düşüb çay-zad da
içə bilər.
Ədalət dedi, düşmə, buranın erməniləri
Mığrı-Qafan erməniləri kimi deyil, deyirlər, Ağdamlılarla həmişə dava eləyirlər...
Amma mən maşından düşdüm. Bura avtovağzala yaxın yermiş. Deyilənə görə,
bazar da ora yaxın imiş. Bir xeyli küçə-bacanı gəzdim və bir həqiqəti gördüm:
bura bizim şəhər olsa da, kiril əlifbasıyla bir reklam, bir yazı görmədim. Küçə
adları, idarə və müəssisə adları tamam erməni əlifbasıyla yazılmışdı...
Və üstəgəl yalnız Ermənistanda çıxan
qırmızımtıl tuf daşdan tikilmiş binalar... Bakının ağ daşından bircə bina da
yox idi...
Yəqin anladınız: o vaxtdan bu siyasət yürüdülürmüş: bizə sizin daşınız belə
lazım deyil. Biz erməniyik, erməni daşından da ev tikəcəyik!
Bax belə. İçimizə paz kimi çalınan bu erməni anklavı heç vaxt və heç
zaman nəinki bizim olmayıblar, heç bizimlə olmayıblar...
Zaman o zaman oldu ki, yeni əsrin bu günlərində hayların Stepanakert
dediyi Xanın Xankəndində bizimkilər antiterror əməliyyatı keçirdilər və ermənilər
ağ bayraq qaldırıb təslim oldular...
Bildiyim qədəri ilə tezliklə mənim
gördüyüm o şəhərdə canım bayrağımız dalğalanacaq. Və bildiyim qədərilə o tarixdən
etibarən bu şəhərin öz tarixi Xankəndi
adı özünə qaytarılacaq...
...Və... Və... Bir arzum da var. Xankəndinin gələcək meri olacaq şəxsə
indidən ismarıc göndərmək istəyirəm: Xanın kəndində - Xankəndi şəhərində
Bakının ağ daşından yeni-yeni binalar tikdirsin! Və yalnız ondan sonra mən bir
qrup yazıçı dostlarım ilə Xankəndinə gedəcək və orada, öz doğma
yurd-yuvasında məskunlaşan yerli Azərbaycan
türklərinə öz kitablarımızı imzalayacağıq...
Hə, bir də yerli ermənilər bizim
kitabları oxumaq istəsələr, bilirəm ki, onların hamısı Azərbaycan türk dilini
yaxşı bilirlər, onlarçün də imzalayarıq...
Lap sonda. Ədalətlə Zəngilana yollanmazdan əvvəl Bərdəyə, Sergeygilə,
oradan da Xankəndinə getməyi də düşünürəm... Oradakı küçə-bacaların, idarə və
müəssisələrin adlarının iki dildə - Azərbaycan türkcəsində və erməni dilində
yazılmasını da öz gözlərimlə görmək arzumdur...
Allah arzularımızı çin eləsin!
***
Oktyabr ayının ortalarında arzumuz çin oldu: Xankəndində Azərbaycan bayrağı dalğalanır! Sonrası nə olacaq, yaşayarıq, görərik...
2022-ci il
***
Mən
o yazıda yazmışdım ki, küçə adlarının, elanların Xankəndində iki dildə
yazılmasını görməyi arzulayıram...
Baxırsınızmı?!
Tarix mənim düşüncəmi necə redəktə etdi?! Xanın kəndində yazılar indi yalnız
xanın dilində yazılır!
Və
bir arzum da vardı: Xankəndində kitablarımı oxucularıma imzalamaq. Bax, o arzum
da çin oldu. Şəhərdəki Qarabağ universitetinin kitabxanasına öz kitablarımı hədiyyə
etdim...
KƏRKİCAHANDA
ŞƏHİD OLAN İGİD – FİRDOVSİ MƏMMƏDOV
Xankəndinin
girəcəyindəki Kərkicahan qəsəbəsində dayanmaq arzum vardı. Axı bu qəsəbədə
bizim nəslin bir igidinin qanı tökülmüşdü!
Söhbət
Milli Ordunun ilk şəhidi Məmmədov
Firdovsi Xeyrulla oğlundan gedir. Anası ağır Baharlı elindən olan Telli xanım
idi. Mincivanda məşhur dükançı Muradın bacısı olan Telli xanım anamla əminəvədir.
Firdovsi
1961-ci ildə Mincivanda doğulmuş, hərbi məktəbdə oxumuş, gizir rütbəsi ilə vətənə
dönəndə Qarabağın, eləcə də doğma Zəngilanının od içində olduğunu görüb, bünövrəsi
təzəcə qoyulan Milli Orduya yazılmışdı. Dağılmaqda olan SSRİ-nin Azərbaycandakı
hərbi hissələrinə basqınlar düzənləyən Firdovsinin dəstəsi ağır vəziyyətdə olan
Şuşaya həmin hərbi hissələrdən güc yolu ilə silah alıb göndərirdi. Bəzən özü o
silahları aparıb təhvil verirdi. Bu zaman Firdovsi və silahdaşları tez-tez erməni
terrorçuları ilə döyüşməli olurdu. Belə döyüşlərdən birində - 1991-ci ilin
dekabrın 11-də Firdovsi başından yaralanaraq şəhid oldu...
O
həm də Milli Ordunun ilk şəhidi idi...
Məzarı
Bakıda Şəhidlər Xiyabanındadır...
Təəssüf
ki, Kərkicahanı yalnız aralıdan görə bildik. Sürücümüz naşılıq edib ötüb
keçmişdi...
Uzaqdan,
Kərkicahanın başı üstündən bir çəngə duman yuxarı qalxır, sanki bizə əl edirdi...
Mən bu dumanın da elə belə duman olmadığına əmin idim... O dumanda da Firdovsidən
nəsə vardı...
Ruhun
şad olsun, qardaş!
Qanını
tökdüyün torpaq azaddır...
***
Maşınımız
Xocalıya daxil olanda o dumanın buluda dönüb Xocalının üstündə durduğunu gördüm.
Bu
yaralı şəhərə o ağca bulud bir sərinlik bəxş etmək istəyi ilə gəlmişdi...
Aşağıda
isə Xocalının uçuq-sökükləri təmir olunur, yeni, yepyeni bir şəhərin təməli
qoyulurdu...
Qarabağın
ağca günləri başlamışdı....
15 -19 avqust 2025.
Yorumlar
Yorum Gönder