İSMAYIL KAZIMOV – 70 TÜRKOLOGİYAMIZIN LƏNGƏRLİ YOLLARINDA (Görkəmli alim, keçmiş tələbə yoldaşım professor İsmayıl Kazımovun yubiley yaşına dost sözü)
İSMAYIL KAZIMOV – 70
TÜRKOLOGİYAMIZIN LƏNGƏRLİ
YOLLARINDA
(Görkəmli alim, keçmiş tələbə yoldaşım professor
İsmayıl Kazımovun yubiley yaşına dost sözü)
Tələbəlik
dostum, böyük enerji ilə yazıb-yaradan dilçi alim İsmayıl Kazımovun 70 yaşı tamam
olur. Bu xəbəri sosial şəbəkədən öyrənəndə bir az təəccüblənsəm də, tezcənə
gülümsündüm: “Elə keçən il sənin 70-in olmadımı? Bu bizim nəsildir. 80-ci illərdə
ədəbiyyata, elmə qədəm qoyanların nəsli...”
Dedim
axı, İsmayılla bir qrup birləşməsində (“potok”da) oxumuşuq. Mühazirələrdə
tez-tez görüşərdik. İlk hekayələrimi müəllimimiz İsmayıl Şıxlının oxuması, bəyənib
kənarında maraqlı cümlələr yazması, daha sonra oxuduğumuz ali məktəbin “Gənc qləmlər”
qəzetində, bir qədər sonra isə o zamanın məşhuq ədəbi orqanı “Ədəbiyyat və incəsənət”də
(indiki “Ədəbiyyat qəzeti”) hekayəmin çap olunması məni məşhurlaşdırdığından təkcə
kurs yoldaşlarım deyil, az qala bütün fakültədə tanınırdım. Tezliklə fakültənin
divar qəzetində də (təəssüf ki, adını unutmuşam) yazılarım göründü və bütün
bunala görə sakit, başıaşağı tələbə olan İsmayılla yaxınlığımız baş tutdu.
İsmayılı
mənimçün fərqləndirən cəhət bir də o idi ki, əmisi Qəzənfər Kazımov bizim
fakültənin aparıcı müəllimi və görkəmli dilçisi olsa da, o bununla heç vaxt
öyünməz, loğvalanmazdı. Hətta soruşanda demişdi: “Mənə bircə dəfə deyib ki, elə
oxu, sənə görə kiməsə ağız açmayım.”
Kənd
uşağı olan İsmayılın gözlərində bir qəribə kölgə də vardı – nigaran gəncin
narahat baxışları... (Bu nigarançılıq, əslində hamımızda vardı. Gələcək həyatımız
necə olacaq? Qurduğumuz xəyalları reallaşdıra biləcəydikmi?)
Uzun
illər görüşməmiz mümkün olmadı. O, dilçilik sahəsində, mən isə ədəbi
yaradıcılıqla məşqul olduğumdan bir-birimizi axtarmağa, sadəcə vaxt tapmadıq.
İkimizin də gözündəki o kölgə - nigarançılıq kölgəsi bizi dayanmadan çalışmağa
vadar edirdi.
...İsmayılla
tələbəlikdən düz qırx neçə il sonra feysbukda “görüşüb” yazışdıq və o gündən
yeni yaxınlaşmağımızın bünövrəsi qoyuldu. Özü də bu dəfə mən oturuşmuş yazıçı
kimi, o da tanınmış dilçi alim, professor kimi...
Tək
nigarançılığımız işğal altındakı torpaqlarımızdan idi...
Hə,
unutdum deyəm. Axı İsmayıl da mənim kimi torpaq itirmişdi, yurd nisgili
daşıyırdı sinəsində. Mənim Zəngilan, Qaradərə həsrətimlə onun Cəbrayıl,
Soltanlı həsrəti qolboyun olub bizi doğmalaşdırmışdı! Qəhr olsun belə həsrəti! Ki, oldu elə...
Ordumuz
hücuma keçmiş, torpaqlarımızı azad edərək bizə böyük sevinc yaşatmışdı. Mən
müharibə gedə-gedə paralel olaraq iki kitab üzərində işləyirdim: “Sevgilim Vətən”
hekayələr toplusu və “Cəbrayıl əfsanəsi”
romanı...
Romanın
ilk oxucularından biri İsmayıl oldu və Qərb Universitetində keçirilən elmi
konfransda roman haqqında geniş məruzə ilə çıxış etdi. (Maraqlıdır ki, İsmayılla
bərabər daha iki alim bu romandan bəhs edən yazı ilə iştirakçı olmuşdu.) Və
mühazirə universitetin xəbərlər buraxılışında dərc olunandan sonra müəllif onu
məqalə kimi də işləyərək saytlarda yayımladı.
İsmayılla
ikinci əməkdaşlığımız mənim “Ucubuluq” romanımla bağlı oldu. Əsər haqqında onun
son dərəcə unikal bir məqaləsi saytlarda yayımlanandan sonra çoxlu oxucu
topladı və romanın oxucularının artmasında mühüm rol oynadı.
Professor
İsmayıl Kazımovun bir cəhətini ayrıca qeyd etməliyəm. O, dilçi olsa da, yazdığı
məqalələrdə təkcə istinad etdiyi əsərlərin təhlilini dil baxımdam aparmır, ona
bir usta ədəbiyyatçı kimi də yanaşır, əsərin bədii məziyyətlərini, yazıçının
üslub və özünəxas yaradıcılıq xüsusiyyətlərini açıb göstərir.
İsmayıl
Kazımov dilçidir. Özü də bu gün daha çox ehtiyac duyulan türk xalqlarının dilləri
üzrə çalışan və çoxsaylı alimlər dəstəsinin yetişməsində misilsiz rolu olan
dilçidir. Təsadüfi deyil ki, hələ gənclik illərində onun seçdiyi sahə də
türkologiyaya aid idi. 1987-ci ildə akademik M.Şirəliyevin rəhbərliyi ilə “Oğuz
qrupu türk dillərində yarımçıq cümlə” mövzusunda namizədlik dissertasiyası
müdafiə etmişdir. Sonralar da doktorluq işini eyni sahədə - türkologiyanın
mühüm qolu olan Axıska türklərinin dili mövzusunda sanballı bir elmi
araşdırmanın ortaya çıxmasına nail olmuşdur. Alimin “Mahmud Kaşğari “Divan”ı və
çağdaş türk dilləri” monoqrafiyası türkologiyamıza yeni töhfədir. Eyni zamanda
professorun “Azərbaycan dilçiliyi müntəxabatı” (III cild) kitabı müasir
dilçiliyimizin banisi olan görkəmli alimlərimizin yaradıcılığına işıq tutur,
dilçilik tariximizin öyrənilməsinə öz töhvəsini vermiş olur.
Professor
İsmayıl Kazımov yaradıcılığının ən məhsuldar dövrünü yaşayır. O, AMEA-nın Türk
dilləri şöbəsinə başçılıq edir. Bu ilin oktyabr ayında alim dostumun 70 yaşı
tamam olur. İsmayıl müəllimə can sağlığı, böyük yaradıcılıq enerjisi və
türkologiya elminə daha böyük töhfələr verməyi arzulayıram.
S.A. (Söz Ardı)
Bir dəfə İsmayılın da iştirak etdiyi məclisdə söhbətin yönü gəlib Krım türklərinin üstünə çıxdı. Mən Krım türkləri ilə bizi bağlayan incə tellərdən, onların böyük lideri, türk dünyasının fikir adamı İsmayıl Qaspiralıdan, Cümhuriyyətimizin baş naziri olmuş Nəsib bəy Yusifbəylidən, onun həyat yoldaşı Şəfiqə Qaspiralıdan söz açarkən İsmayıl söhbəti 37-ci ilin qurbanlarından olan böyük alim Bəkir Çobanzadənin üstünə gətirdi və onun həyatından elə məqamlara toxundu ki, bir anlığa beynimin hansısa yarımkürəsində sönmüş “lampalar” təzədən yandı – Bəkir Çobanzadəyə, onun dostu, nənəmin Baharlıdan olan əmisi oğlu, elm və ürfan adamı Mirzə Əsədullahın yarıda qırılan ömür yoluna həsr etdiyim yarımçıq hekayə yadıma düşdü, özü də bu dəfə bütöv halda...
Elə o gecə, artıq beynimdə hazır olan hekayəni kompüterimin klavişlərinə tökdüm və səhər açılar-açılmaz bir neçə sayt onu yayımladı. “Krım... Qırım...” adlanan o hekayənin ithaf yerində yazılmışdı: “Bəkir Çobanzadənin xatirəsinə, professor İsmayıl Kazımovun vergülünə, nöqtəsinə...”
(https://yarpaq.az/az/azad-qaradereli-krim-qirim-hekaye/)
AZAD
QARADƏRƏLİ
07.09.2025.

Yorumlar
Yorum Gönder