BİR CÜT POÇT GÖYƏRÇİNİNİN NƏĞMƏSİ

                      BİR CÜT POÇT GÖYƏRÇİNİNİN NƏĞMƏSİ

 

          (El-Sevərin “Yazı lövhəsi” kitabının çapdan çıxması münasibəti ilə)

 

 

 

            Sevgililər bu dünyanın ən azad adamlarıdırlar.

            Amma elə ki, sevgi rəsmiyyətə tabe oldu, azadlıqlar məhdudlaşar. Bunu, əslində onlar özləri istəyirlər. Elə ətrafları da. Yəni onları ər-arvad elan edibən...

            Bir var ər-arvad, bir də var sevgililər. Bunlar fərqli şeylərdir. Ər-arvadın sevgili olması bir az qəliz məsələdir, amma sevgililərin həm də ər-arvad olması sınanmış işdir...

            İkincilərdən törəyənlər sevgidən doğulanlardır. Bu, uşaq da ola bilər, gözəl bir imarət də, insanı bihuş edən bağ da, ən gözəl rəsm əsəri də... ŞEİR də...

            Mən gözəl şeirin sevəni olmuşam. Ona görə üzü Füzulidən Vaqifəcən, Bayrondan Heyneyəcən, Puşkindən Axmatovayacan, Nazimdən Cemal Sürəyyayacan... poeziyanın qanın içə-içə, o ağzıbağlı xəzinələrin yanavını aça-aça, elə poeziyanın qanadlarında uça-uça buralara gəlmişəm...

            Və El-Sevərdən Sevinc El-Sevərəcən...

            Sevinc xanımın şeirlərindən çox yazmışam,çox danışmışam. Növbə El-Sevərindir.

            Düzü, bu şux qamətli, sevgi ilə dolu, utanmaq kimi ən gözəl insani duyğunu içində daşıyan oğlanın şairliyindən əlimi üzmüşdüm: Sevinc kimi şeirlə ləbaləb dolu olan birisini sevməklə şeir yazmaq çətin ki, yola getsin. Yəni, sanki o Sevincə demişdi: sevgi məndən, sevilmək və şeir olmaq səndən.

            Amma şeir bir ağacdı ki, hər kəsi öz cövhərində bitiş tutur. Hətta can bir qəlb olan sevgililərin də öz şeir ağacları olur.

            Bir filmə baxmışdım. Adını unutmuşam. Gənc  ər-arvad ikisi də yazır. Kişinin “helmi” var, qadının “elmi”. Kişi deyir ki, gəl içimizdəkini birləşdirək, yazaq. Yazırlar və kişi hegemonluğu öz işini görür: yazılanlar qadının adına deyil, kişinin adına çıxılır. Hətta sonradan qadının möhürü açıqca sezildiyi üçün, tək o yazmalı olur – təbii ki, kişinin adından. Nəticədə kişi Nobel ödülünəcən yüksəlir... daha arxası maraqlı deyil...

            Sevincin El-Sevəri şair edəcəyinə heç şübhəm yox idi. Amma qorxurdum ki, yazmayan, sevən, aşiq olan şair olsun. Bir dəfə şeirlərini “Yazı”da çap edəndə ümidlənmişdim. Və bu günlərdə eşidəndə ki, El-Sevərin kitabı çıxacaq, nə gizlədim, çox, lap çox sevindim... Haçansa bir status yazmışdın onların ailəsi haqqında. Təxminən belə: “Sizi çox sevirəm! Oğlum, qızım, qardaşım, bacım, qısası, ən əziz adamlarım kimi.Övladlarınızı nəvələrim kimi istəyirəm. Yazılarınuza öz yazılarına sevinən kimi sevinirəm! Çox doğmasınız. Həmişə bir yerdə olun. Xoşbəxt olun! “

            Tanıyanlar bilir ki, yerlibazlıq hissi yaddır mənə. Eə-Sevərdən əvvəl Sevincin şeirlərini və özünü tanımışam. Sonra ikisini də bir yerdə görmüşəm, sevmişəm. Yalnız Rasim Qaracanın yarızarafat, yarıgerçək eyhamından sonra bilmişəm El-Sevərin Zəngilandan olduğunu...

            Sonra Sevincin qardaşını, ata-anasını, bu ailənin şeir kimi şirin övladlarını tanımışam, sevmişəm.

            Bu ailə təpədən dırnağa şeirdən yoğrulub.

            Qayıdaq yazımızın qəhramanına – El-Sevərə.

            Kitabından danışacaqdım axı, gör haralara gedib çıxdım...

           

                                               ***

 

            Kitab bu kiçicik şeirlə başlayır:

 

            Baxışlarımız 

             bir cüt poçt göyərçinləridir 

             oxudunmu məktublarımı?

 

            Modern şeirdə şairin oxucuya sızması kimi bir ilişki var. Tutmadısa, içinə sızmadısa, sənin deyil, sənlik deyil. Yuxarıdakı üç sətrdə o qədər böyük mətləblər gizlənib ki!.. Oxucu oxucudan çox şair olmalı. Onda o “məktub”dakıları da ala bilər göyərçinin dimdiyindən. Və baxışlar. Sevən bir qəlbin baxışları. Hələ seviləninki... Eh, uzun işdir. Bu qısa şeiri anlamaq üçün uzun sevgi yolu keçmək lazım. Onda xoşbəxt-xoşbəxt baxacaqsan bu dünyanın oyunlarına. Hətta xoşbəxtlik anlayışı heç kimin anlamadığı tərzdə sənə asan görünəcək. Sənin o xoşbəxtlik düsturuna kimlərin güvənəcəyi heç vecinə də olmayacaq. Bax belə:

 

                           Konstitusiya kitabının

                          vərəqlərini cırıb

                          təyyarə düzəldir çocuq

                          heç nəyin fərqinə varmadan

                          necə də xoşbəxtdir...

           

            Şairçün xoşbəxtliyin tərs üzü bədbəxtlik sözündən başlamaz. Şairlər sevməzlər bu sözü. Bəlkə ölçüyə, biçiyə, hecaya, vəznə, qafiyəyə də gəlməz, doğmaz, doğulmaz, barsız qalar, burclamaz, çiçəkləməz, bəhərsiz qalar... Onda daha nələr olur, bilmirəm, amma “dualar sahibsiz ölər”, “yer çirkli paltar iyi verər”:

 

                          bu il də çiçək açmadı

                          iydə ağacları

                          sahibsiz ölər dualar

                          küləklər də saçlarını daramaz

 

                         həyətimizdəki ağacları kəsdilər

                         elə bil

                         tanrıya bir dua da azaldı

                         intihar etməyim gəlir

                         qorxuram deyələr

                         bir qız da qarıdı qonşuluqda

                         göy  guruldayır

                         bəlkə yağış yağdı

                         yer çirkli paltar iyi verir

                         duasız

                         eşit duamı

                         ilahi

                         deyirlər lal adamların

                         duası sənə tez çatır...

 

            Şairin şeiri gərək özü özünü nişan verə. Misrasından, nəfəsindən tanıyasan. Məsələn, “öldü” ilə ”oldu”nu eyni bilən, “qızı şəhid, oğlu fərari olan”, “əriqarışıq basdırılan”, “bu qədər dərdlə yaşaya bildiyi üçün qəhrəman ana” olan birindən – Minə nənədən danışırsa, üstəlik “qaçqın” demirsə, misrasında “qollarını şəhid vermiş atalar da övladına qanad açar, qol açar“sa, şeirində “qarovulçu” əvəzinə “qoruqçu” yazırsa, bu, El-Sevərdir.

            Onun şeirləri – sərbəsti də, hecası da – özünündür. Yəni, El-Sevər belə “dəhşət şairdir”, belə “yeni ədəbi kəşflər edib” filan yox, sadəcə, bu adamın misraları heç kimdən barınmayıb, heç kimin qapısına əlborcuna getməyib və heç kimin süfrəsində gözü olmayıb... Yox, burda bir az ifrata vardım. Tək bir qapıya gedəsi olub – sevgi qapısına. Elə o sevgilər də yazdırıb bu misraları.

            O böyük qitənin böyük adamı Ruzvelt yazırdı:”Ulduz olmaq asan deyil, işıq saçmaq üçün öncə yanmaq lazımdır.” Şairin yanğısı ancaq sevgidəndir:

 

             əməlli də yanmadım 

             isinəsən istimə...

             Məhəbbət də ölümdür...

             Gülüm, bir dəstə gül tap,

             Gəl sevgimin üstünə...

 

            El-Sevərin şeirləri toyxanada, meyxanada qışqırıb oxumaq üçün deyil. Bunlar səssiz aşiqlərin içdən oxuyacağı nəğmələrdir. Belə nəğmələr yalnız iki nəfərlikdir. Sonra  bütün ikilərin dodağında səslənəcək...  Naməhrəm əlin toxunmaması gərək...

            ...Hələ yazıya alınmamış bir eşq dastanında deyilir ki, sevgililər ər-arvad olandan min il sonra ravi əlini göylərə açıb dedi: ilahi, ərlə arvadın torpağı bir yerdən götürülüb...

            Və göylərdən səda gəldi: sevənlərinkinə isə bir çimdik şeir qatdıq ki...      

 

                                                                                                                      09.05.2020


Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ SARI SİMİ QIRILAN TAR...