Nəsr: hekayə və roman yaradıcılığı
AZAD QARADƏRƏLİ
Nəsr: hekayə və roman
yaradıcılığı
Nəsr,
yaxud düz yazı, yaxud proza dünyada ədəbiyyat sahəsində liderliyi ələ keçirəndən
sonra nələrə nail oldu? Hekayə janrı indi 100 il əvvəlki hekayədən nə ilə fərqlənir?
Hekayəçilik niyə çətin iş sayılır? Çox ünlü hekayəçilərin sayı niyə əlin
barmaqlarının sayından çox deyil?Hekayəçilik və naturalizm...
Bəs
roman? Roman elə çox vaxt düz yazı demək deyilmi? Yəni roman janrı bu gün həm nəsrdə,
həm də ədəbiyyatın digər janralarında liderliyini necə qoruya bilir? Bəs axı
deyirlər iri həcmli əsərlərə hövsələ çatmır?
Oxuyacağınız mətndə bu və digər suallara cavab verməyə
çalışmışam.
Hekayə və hekayəçilər
Hekayə elə bir ədəbiyyat hadisəsidir
ki, onu yazmaq qədər zillətli iş tanımıram. Burada bir essemdən misal gətirmək
istərdim yeri gəldiyi üçün. “Mən hekayə
haqqında danışanda, yaxud yazanda bir qədər sıxılıram. Ondan ki, bu janrın
sevincini də, qəhrini də yaşamışam. Amma bu dəqiqdir: yüz hekayənin sevinci bir
hekayənin qəhrini unutdura bilməz. Hekayə qəddar şeydir. Tutmayanda səni beş
paralıq edər. Günlər, saatlar, dəqiqələr haramın olar. Fikrin-zikrin onun
yanında qalar. Dəmə qoyulan plov qazanının başına aşbaz fırlanan kimi,
naxış-niyazını tutdurmayan dərzi əyinə oturmamış paltara dizinə döyə-döyə baxan
kimi və qazdığı qəbir daşa çıxan məzarçı ölü sahibinin yeddi arxa dönənini söyə-söyə
təzə qəbir yeri gözətləyən kimi...” (Gənc yazar Nicat Azərin bir hekayəsindən
bəhs edən “Mətnin ağırlığı və yazarın ruh halı” essesindən. )
Şəxsən özümdən misal çəkəcəyəm.
90-ların ortalarında 3 makina səhifəsi həcmi olan “Ulartı” adlı hekayə
yazmışdım. Birdəfəyə yazdığım bu hekayənin başıma nə oyunlar açacağından
şeytanın da başı çıxmaz.
Hekayə bitər-bitməz anladım ki, birnəfəsə
yazdığım bu heakyənin hekayə olması üçün hələ çox şey gərəkdir. Əslində,
yazdığım süjet, yaxud da hekayənin qısa məzmunu imiş. Onu ətə-qana gətirmək
üçün nələr etmədim?!
Düz bir ay yuxum ərşə çəkildi. Gözümü
yuman kimi qəhrəmanımın dustaq bacısı gəlib gözümün qabağını tutur, sanki “İndi
nə edim? Saldın məni hekayənə, nəslimizi biyabır elədin? Mən bu biyabırçılığı nə
ilə yuyum?!” deyib yapışırdı yaxamdan. Hələ o itə-qurda dönmədə olan oğlan?! Nə
deyim axı, insanlar məndən kömək diləyirdilər...
Nəhayət 30-cu variant yazıldı. (Onda
hələ kompyter yox idi, makinada yazırdım). Ən son makina vərəqlərini bir də
gözdən keçirib səhəri verdim tənqidçi dostum Tehran Əlişanoğluna. O da sağ
olsun. Durumumu görüb hekayəni əlüstü təzəcə buraxdıqları müstəqil qəzetdə
verdi. (Nə idi qəzetin adı, indi təəssüf ki, unutmuşam... Hə, axır ki, çətinliklə
də olsa xatırladım: “Press-fakt” idi adı. Onu da deyim ki, o qəzetdən sonra həmin
hekayəni düz ona yaxın qəzet çap eləmişdi. Təəccüblənməyin, 90-ların sonu
indiki kimi sayt bolluğunun əvəzinə, qəzet bolluğu va idi.)
Bilirsiniz niyə bu hekayənin üstündə bu qədər dayandım?
İş ondadır ki, bu hekayə mənim yeni hekayəçilik baxışlarımın sərgiləndiyi mətn
idi. Mən bundan belə daha qabaqlar yazdığım kimi yazmayacağam. Bu hekayə ilə mənim
hekayəçilik baxışlarımda yeni bir dövr başlayır. Ən qabarıq cəhət bu idi ki, mən
realist hekayəçilik ənənələrindən bir qədər aralanır, mistikaya, bəlkə də özüm
də bilmədən posmodern hekayəçiliyə meyl edirdim.
Yox, elə başa düşülməsin ki, mən əvvəllər
yazdıqlarımdan imtina edirəm, xeyr. Sadəcə, hər bir yazıçının həyatında belə
proseslər baş qaldırır.
Məncə, hekayə ilə hekayəçinin
arasında möhkəm bağ olmalıdır. Hekayəçi hekayədəki obrazların yerini, vəzifəsini,
vəziyyətini, xasiyyətini, xəstəliyini, xobbisini və sairəni yaxşı bilməlidir. Hətta
obrazın adı da mühümdür. Hekayəçi xasiyyətini bilmədiyi adamdan yazmamalıdır.
Obraz qəhvə içəndirsə, hekayəçi çayxordursa, vəziyyət xarablaşacaq. Bir müddət
qəhvəyə meyil salmalıdır... Mənə görə bunlar önəmli məsələdir. (Gülməli də
olsa, bir haşiyə çıxacam: bir ara qəhvəyə tutulmuşam. Ürəyimdə də problem var.
Arvad uşaq-böyüyü köməyə çağırdı, üsyan bayrağı qaldırdı ki, atanız ürəyini
zora salır, kofeyə qurşanıb... Amma o bilmirdi ki, mənim yeni obrazım bərk qəhvəbazdır...)
Bu yerdə böyük hekayə utası A.P.Çexovu köməyə çağırıram: “Qələmə alınan mövzular sadə olmalıdır. Piyer Semyonov
Mariya İvanova ilə necə evləndi, bax, onun kimi. Həm sonra psixoloji təhlilər,
hekayt-filan. Bunlara mühüm diqqət yetirmək lazım. Ağlınıza gələn ilk adı
qoyun. Burda çox vasvası olmayın. Dırnaqlar, çoxlu nöqtələr, işarələrdən qaçın.
Bu bir tövsiyədir. Mənim işim anlatmaqdır. Bildiyim budur.”
Baxın, Çexov mənimlə
həmfikirə oxşamır, zira bu onun düşüncəsidir. Neçə yazıçı varsa, o sayda da
fikir var hekayə haqqında. Hətta yazıçı
tanıyıram ki, fikrini soruşsan, mən heç nə bilmirəm, elə başımı aşağı salıb
yazıram deyəcək. Elə o da haqlıdır.
Və daha bir məsələ: hekayənin
mayasında mif var! Hər bir hekayə hər hansısa mifdən qaynaqlanır: “Süd gölü”nü
yazanda duydum bunu. Mətnin ortasında anladım ki, əlimi atdığım bağ zəifdir,
qırıla bilər, məni okeanın ortasında tək buraxar. (Hekayəni zatən bir okean
kimi düşünün. Düzgün olmayan istiqamət sizi quduz dalğalara yem edər.) Ona görə
də əl atdığın bağ möhkəm olmalıdır. Və hekayəyə Fərhad-Şirin xəttini, Fərhadın
Şirinin qəsrinə süd arxı çəkməsini daxil edirəm və daşlar yerinə oturur.
“Hekayə və mif “ adlı ayrıca bir essem var və o essedən bəzi
hissələri burada işlətmədən keçə bilmirəm. (Türkiyəli yazıçı Ahmet Yıldızın
Bakıda çıxmış kitabı haqqındadır o yazı.)
“...Hər yazının hekayəti var – buna mistik aura da deyə
bilərsiniz, tarix də, mif də.
Yoxsa bir yazıyla bir müəllifi,
bir obrazı, bir tarixi və ya bir imperiyanın işartılarını duymaqmı olar? Amma
olarmış...
...Nənəm bir zamanlar danışmışdı
bu əfsanəni.
Bir vilayətdə bərk quraqlıq
olur. Əhalinin dəmyə taxıl zəmiləri yanıb tələf olur. Aclıq qapını kəsir. Bəs nə
etsinlər? Körpə uşaqların acından zarıyan səslərini eşitməmək üçün vilayətin
başçısı qulaqlarını qapayır. Az miqdarda taxıl ehtiyatını əhaliyə paylasa, növbəti
ilə toxumluq olmayacaq...
Bu kimi çalıq-balıq suallarla allaha yalvarıb nicat istəyən vilayət hakimi
səhəri dirigözlü açır. Qulağına həyətdən sevinc-şadlıq səsləri dəyəndə pəncərəyə
yanaşır və görür ki, camaat sarayın qabağına yığışıb oxuyub-oynayır. Hakim
qorxur. Elə bilir ki, əhali havalanıb. Amma vəzir onu əndişədən qurtarır: kənd əhli
sulu torpaqlarda əkdikləri boranı-balqabaq sahəsindəki boranıları kəsərkən
içindən qarğıdalı tökülüb. Vilayət əhlinin bir ilinə çatacaq qədər qarğıdalı
çıxıb boranı sahələrindən... “Qarğıdalı yaman günün çörəyidir” deyimi o illərdən
qalmadır...
Ahmet Yıldızın “Ay işığı, qarğıdalı
tarlası” hekayəsini çevirəndə bilməzdim ki, o hekayə gün gələcək onun Bakıda
çıxası kitabının adı olacaq. Hətta o adla razılaşmaq istəməmişdi. “Niyə axı bu
adı seçmisiniz?” sualına hekayəni tərifləməklə cavab vermişdim. Amma bu əfsanəni
bura üçün saxlamışdım...
Hər kitabın öz mifi var. Bu kitabın
isə həm öz mifi, həm də hər hekayəsinin mifi var. Ac olsa da insan əti yeməyən
itin (“İt”), türmədə öz şair məni
ilə üz-üzə qalan Nazim Hikmətin (“Yaradılış gecəsi”), başqa bir həbsxana
küncündə ölümləri ilə hər gün dadışan gənclərin (“Dörd adam”)... mifi
olduğu kimi...”
...Dilimizdə bir ifadə var:
çaxmaq-qov. Adətən qəfil, bir göz qırpıımında baş verən hadisəni təsvir edəndə
bu kəlmə yada düşür. Məsələn, bir qadın o birinə heyrətinə səbəb olan hadisəni
belə təsvir edir: “Qəfil şimşək çaxdı, sonra göy guruldadı, talaya od düşdü.
Çaxmaq-qov!” (Qadın sözünü gəlişigözəl ifadə kimi işlətmədim. Lyosa ağrı ilə
yazır ki, ədəbiyyat işi getdikcə qadın işinə çevrilir – yəni, bədii kitabları,
xüsusən nəsri indi, əsasən qadınlar oxuyur.)
İldırım bəllidir, insanın ilk təbii odu görməsi və
götürüb ram etməsi anından yaddaşında ilişib qalıb. Bəs bu çaxmaq-qov nəymiş?
Bax, bu yeni hekayət, yeni mifdir. İnsan daha ildırımın
düşməsini gözləmədən od əldə etməyi düşünüb çaxmaqdan və qovdan istifadə etdi.
Yeri gəlmişkən, bunlara da aydınlıq gətirsək bir.
Çaxmaq bəllidir. Özündə energi daşıyan bu kiçik alətlə həm
də bıçağı, orağı, dəryazı ovxarlayardılar. (Hətta indi bu söz yeni çalar
qazanıb: siqareti, yaxud qazı yandırmaq üçün düzəldilən yeni alətə - alışqana
da bəzən çaxmaq deyirlər.) “Babamın güzgüsü”nü yazanda bu çaxmaq məsələsi
çox etkiləmişdi məni. Bu maraqlı əşyanı, bilmirəm, görmüsünüzmü? “B” hərfi
formasında olan bu kiçik alət musiqi alətlərindən skripkaya bənzəyir. İçində od
gəzdirdiyini bildiyində səni sehrləməzmi? Amma bununçün başqa bir əşyadan da
söz açmalıyam.
Gələk qova. Meşədə-talada
iri ağacların budağında, gövdəsində böyük göbələklərə, mantarlara bənzəyən şeylər bitir ki, bu parazit bitki quruyandan
sonra yüngül və tezalışan maddəyə dönüşür. Bax, buna qov deyirlər. Əgər əski
çaxmağı ağımtıl daşlara çaxsan, alov saçılar və o alovdan qov alışar... Eynən:
öykünün miflə toqquşmasından yaranan qığılcım yazının içərisində bir alovlanma,
enerji yaradacaq və əsil hekayəçi əsatirlə hekayənin arasındakı sərhəddi
tarazlayaraq təbii oddan, ildırımdan deyil, süni oddan – insan zəkasının
yaratdığı çaxmaq-qovdan doğulan Odu – hekayəni ram edə biləndir. Əks-təqdirdə,
yanğın qaçılmazdır...
Belə bir sual hər zaman keçərlidir: 100 ilin hekayəsi ilə
indinin hekayəsini nə fərqləndirir?
Cavabım bəlkə ritorik olacaq, amma reallıq budur: 100
ilin adamından bu günkü adamı nə fərqləndirirsə, hekayəni də fərqləndirən
odur. Mirzə Cəlilin “Poşt qutusu” ilə
Əkrəm Əylislinin “Nənəmim tütün kisəsi”ni nə fərqləndirir?
İlk öncə belə bir sual: bu hekayələri nə birləşdirir?
Cavab: hekayələrin ikisində də güclü dinamiklik, yığılmış daxili enerji və
böyük insan faktoru var. Və hər iki hekayədə obrazlar o qədər güclüdür ki,
oxucu müəlliflərin yaratdığı olay və obrazların basqısı altda qalır.
Bəs fərq? Məncə bu hekayələri ayıran xətt zaman və yazıçı
manerasıdır. Birinci hekayədəki zaman çox qəddarlıqla verilib – hekayənin qəhrəmanı
o qəddar zamanın ağırlığı altda inildəyir. İkincidə isə müharibənin vurduğu
yara daha təsirlidir. Hər iki hekayədə zaman güc motividir. Amma fərqli
amplualardan. Ə.Əylislinin zamanı əlahiddə bir zamandır – insanları gedər-gəlməzə
aparan müharibə və onun qarşısında aziz olan insan. Amma yazıçı o insan
acizliyini – tütün çəkməklə davaya gedən oğlunu hər an xatırlayacağını düşünən
nənənin gücsüzlüyünü çox ustalıqla verə bilib.
Və manera vərqi! Mirzə Cəlilə Ə.Əylislinin hekayəçilik
manerası tam fərqlidir. Hətta “Nənəmin tütün kisəsi”nin yazıldığı dövrdən keçən
50 il ərzində yazılan hekayələr də, məsələn Alpay Azərin hekayələri belə
sözügedən hekayədən çox fərqlidir. Bu gün yazılan ən yaxşı hekayələrdə qoyulan
fikir əslində hekayədə təsvir olunan deyil. O mətnlərin alt qatı var ki, yazıçı
bilərəkdən, yaxud bilməyərəkdən o alt qatda deyir sözünü. Mübariz Örənin “Qar
tanrısı” hekayəsində o alt qat o qədər dərindədir ki, ora nüfuz etmək üçün nəinki
10 ilin, hətta 1000 ilin hekayəçilik təcrübəsindən xəbərdar olmalısan. (Məsələn,
ən azı Nizaminin “Sirlər xəzinəsi”ndən.)
Bu bir həqiqətdir ki, hekayə və hekayəçilik ağır iş
sayılıb həmişə. Yəni, hekayə yazan çox, hekayə ustası olanlar isə azdan da
azdır. Bu yazıya qədər bir çox esselərimdə hekayə və hekayəçilikdən söz açmışam
və elə bilirəm ki, həmin yazılardan da burada istifadə etməkdə yarar var.
“Dünya hekayəçiləri sırasına nəzər salsaq, burda tünlük olduğunu görərik. Amma
bu tünlükdə önə çıxanlar elə də çox deyil: Mopassan, Ohenri, Çexov... (Bizdən
bu dəstəyə Mirzə Cəlil düşə bilər, əlbəttə özümüz siyahı tutsaq...) Çox gücənsək,
bu siyahını bəlkə ona qədər çatdıra bilərik.
Hətta 2013-cü ilin hekayə üzrə Nobel ödülçüsü, Kanada yazıçısı Alisa Monro çətin
ki, bu onluqda yer ala bilsin. Ədəbiyyat tarixi çox amansızdır. Dünənin oxunan
yazıçısı on il keçməmiş, unudulur. Amma Turgenevi tək “Mumu”ya görə milyonlarla
adam yadında saxlayır gözəl hekayə ustası kimi...
“Mumu” demişkən, uşaqlıq və yeniyetməlik çağlarımda məni
iki hekayə daha çox yaralayıb: biri həmin bu “Mumu”, biri isə elə də güclü
nasir kimi tanımadığımız Abdulla Şaiqin “Məktub yetişmədi” hekayəsi. Uzun illər
o hekayədəki situasiya yadıma düşəndə ağlamışdım...
... İlk hekayələrimi ali məktəb müəllimim İsmayıl Şıxlı,
daha ciddilərini isə Sabir Əhmədli oxumuşdu. İsmayıl müəllim üstünə qəribə sözlər
yazmışdı. (“...Adamı gövrək hisslər bürüyür...” və sair. Bu barədə bir neçə
dəfə yazmışam, təkrarçılıq etmək istəmirəm.) O sözlərdən ürəklənib daha
yaxşı yazmağa çalışdım. Sabir Əhmədli isə cəmi iki il sonra bir hekayəmi “Ədəbiyyat
və incəsənət”də dərc etdi. Yəni, səni oxuyanın kimliyi də mühümdür...” (Gənc
yazıçı Həmid Piriyevin hekayələrindən bəhs edən “Hekayə və hekayəşilik”
essesi.)
"...-Sizi deyə bilmərəm, amma gözümlə görmədiyim, əlimlə
toxunmadığım, ruhumla duymadığım bir şey mənlik deyil..."
Bu sətirlər mənim "Kəshakəs"
adlı hekayəmdəki qəhrəmanıma aiddir. Həm də mənim öz düşüncəmdir bu. Son zamanlar
(amma görünür, lap binadan, başdan) mən naturalizmə meyilliyəm. İnsan
naturadan - təbiilikdən, doğallıqdan o qədər aralı düşüb ki... Həyatda da, cəmiyyətdə
də, sənətdə də... İnsanı özünə qaytarmağın yolu naturalizmdən keçir...
Hekayəni naturaçı, hekayəçini rəssam kimi düşünün. Rəssam
naturaçı ilə işini o yerə qədər aparır ki, orada artıq naturaçı bitir. Hətta
bir çox rəssamlar naturaçı ilə yatmalı olurlar – təbii, əgər qadınsa. Məncə, bu
rəssamın naturaçını daha içdən tanıması anlamına gəlir, nəinki seks ehtiyacını
ödəməyə. Yəni, hekayə, yazıçının – hekayəçinin hekayə ilə birləşdiyi andır.
Hekayəçi ilə hekayə arasındakı sədlər götürülür. (Rəssamın naturaçı ilə
yatağa girməsi də o anlamdadır: rəssamla rəsm, rəsmlə naturaçı arasında əlaqə
burda üzə çıxır. Bildiyim qədəri ilə bir çox naturaçılar rəssamla sonda
dalaşırlar, tablo onlara oxşamır deyə... Hekayə də belədir. Yazıçı naturadan
işləsə də, antinatural bir mənzərə cızmış olur. Əsl hekayə odur!)
Bir neçə kəlmə də Azərbaycan hekayəsi haqqında.
Bizdə bu janrın bənzərsiz nümunələri olub desəm, mübaliğəyə
yol vermərəm. Amma təkcə “olub”, yox, olub və yenə olmaqdadır. Yəni, istər
Sovet dövründə, istərsə Sovetdən qabaqkı çağlarda, elə indinin özündə də nadir
hekayələr yazılıb, yazılmaqdadır. Əgər bir cildlik belə bir kitab tərtib edəsi
olsam, ora kimləri və hansı hekayələri ilə salardım?
Məncə, ilk belə imzanı böyük Mirzə Fətəli yazıb “Aldanmış
kəvakib”lə. Sonra ikinci Mirzə gəlir – Mirzə Cəlil “Poçt qutusu” ilə. (hərçənd
Mirzə Cəlilin daha bir neçə hekayəsini örnək kimi göstərə bilərəm:”Buz”,
“Saqqallı uşaq”, “Usta Zeynal”...) Ə.Haqverdiyev “Ayın şahidliyi”, Abdulla Şaiq “Məktub yetişmədi”, S.S.Axundov
“Qraca qız”, T.Şahbazi Simurq “Qayçı”, Ə.Məmmədxanlı “Karvan dayandı”, Sabir
Əhmədli “Yamacda nişanə” (uzun hekayə), İsa Hüseynov “Teleqram” (uzun hekayə),
Ə.Əylisli “Ürək yaman şeydir”, İsi Məlikzadə “Oğul”, Anar “Asılqanda işləyən
qadın”, M.Süleymanlı “Yel Əhmədin bəyliyi (uzun hekayə), Rafiq Tağı “Fərqanə”,
Saday Budaqlı “Zədə”, Sara Oğuz “Tale damğası”, Aslan Quliyev “Oğraş qarğa”,
Əlabbas “Gözəl”, Məqsəd Nur “Tərs kimi”, S.Baycam “Dörd romantik hekayə”,
Mübariz Örən “Balıq gülüşü”, Şərif Ağayar “Şeqlov üsulu”, Alpay Azər “Şax yeriyənlər”,
Həmid Piriyev “Sərçələr üçün poema”, Mövlud Mövlud “Yanaqda donmuş göz yaşı”... Özümdən, yəni
Azad Qaradərəlidən bura “Aprel havası”nı salardım...
Və mənim ümidlə gələcəklərinə inandığım bir qom gənc
yazıçı (bizdə adətən bənövşə dəstəsinə belə deyərlər) var ki, bu kitaba
gözümü qırpmadan onların da hərəsindən bir hekayə salardım. Baxmayaraq ki,
onların bəzilərinin yazıları haqda ümidli yazılar yazmışam, bəzilərinin ilk
hekayələrini “yazı”da dərc etmişəm, amma hələ yaradıcılıqlarının tam yerinə
oturmadığı, yazılarının maya tutub bərkimədiyi üçün burada adlarını çəkmirəm.
Bunun bir ayrı səbəbi də var: o gənclərin hankısı bu əzici sənəti davam etdirməyə
tab gətirəcək, bax, bunu bilmək olmur. Gözümüzün önündə onlarla belə ümidverən imzalar yox olmadımı?
Hətta ünlü mükafat alanlar da vardı içlərində!
(Mövludun adını isə “ağsaqqallar”ın içində ona görə verdim ki, o öz intiharı
ilə imzasını ora həkk etmiş oldu və bir də o bir daha yazmayacaq. Amma yazmasa
da, ədəbiyyat tarixində qalacaq - ən azı intihar etmiş yazıçı kimi.)
Mən “Qaraca qız” hekayəsindən qısaca söz açmaq istərdim.
Hekayədə müasir insan obrazı ilə onun arxetipinin assosasiyası da mühüm məsələdir.
Əsərdə bir qızın zəlzələ zamanı kimsəsiz
qalması qaraçı dəstəsinə qoşulmasına səbəb olur və sonunda bir qaraçı
kimi tərbiyə alsa da, qəlbinin dərinliklərində insani dünyası, mənsub olduğu
ailədən gələn humanist duyğular onun dostuna – Ağca qıza olan bağlılığının pik
həddə çatması və Tutunun həyatını fəda etməsi ilə nəticələnir. Bu sevgidir –
iki distun qəlb bağlılığıdır ki, biri həyatda qalsın deyə, digəri özünü fəda
edir.
Bu mövzuda mənim də bir hekayəm var. Lap gənclik illərimdə
yazdığım və yuxarıda adını çəkdiyim
“Aprel havası”nda da mövzu fədakarlıqdır. İnsanın – iki kəndli ər-arvadın
bir cəviz şitili üzərində apardıqları mücadilə onların daxilində kök salmış arxetipdən
– dərin qatlardakı sevgi və fədakarlıqdan xəbər verir. Əgər sən bunu onlara
izah etməyə çalışsan, bir şey başa düşməzlər, çünki ədəbiyyat izahı olmayan
insani duyğuların əksidir. “...biz xalqın qarşısında səcdə etməliyik, hər şeyi,
həm düzgün fikri, həm də gözəl obrazı ondan gözləməliyik, biz xalq həqiqəti
qarşısında səcdə etməliyik və onu yeganə həqiqət kimi qəbul etməliyik. Bir sözlə,
biz, yəni dvoryanlar, yolunu azmış, ata evini atıb yad diyarlara üz tutmuş
naşükürlər, nəhayət ki, öz evimizə, doğma ocağımıza, ailəmizə qayıtmalıyıq...”
(F.M.Dostayevski)
Türkiyədə və daha bir neçə Şərq ölkəsində ayrıca hekayəçilər deyilən bir sənət olub.
Bilmirəm, indi də var, ya tarixə qovuşublar: xüsusi adamlar olub ki, kafelərdə,
çayxanalarda hekayələr söyləmişlər və hətta bundan para da qazanmışlar. Əlbəttə
bu şifahi hekayəçilərlə yazıçı hekayəçiləri qarışdırmaq doğru olmaz. Di gəl ki,
bunların yaxınlığını da dana biməzsən...
Bir dəfə Liviyada meydanda oturub hekayə söyləyən və söylədiyi
hekayənin müqabilində adamlardan bəxşiş alan bir kişidən bəhs edən bir yazı
oxumuşdum. Hesab edirəm ki, bu gələnək Osmanlı zamanında Liviyaya türklərdən
keçib. Hər halda türklərin yaydığı ən maraqlı nəsnələrdən biri də bu olmalı. (Azərbaycanda
belə hekayəçilər olmasa da, buna bənzər nağılçılar olub və hətta indi də var. Mərhum
dostum Eldar Baxışın bir müəllimi vardı, heyf, adını unutmuşam, çağıradı
radioya, mən aparardım studiyada uşaqlarçün maraqlı nağıllar söyləyərdi. Elə mənim
babam və nənəm də maraqlı nağılçılar idilər. Kitablara düşən və düşməyən
nağılları elə şövqlə danışardılar ki, sonradan
mən onları hekayə və romanlarımda istifadə etdim. Yazıçı üçün bu hekayəçilər
və nağılçılar böyük qida mənbəyidir.)
Hekayə elə bir janrdır ki, bəşəriyyət ona həmişə möhtac
olub, olacaq. Zira ən yaxşı hekayənin kim tərəfindən yazıldığı və yazılacağı da
mübahisəlidir. Nədən ki, bütün zamanlarda sənət və sənətkarın qiymətləndirilməsi
sırf zövq məsələsi olduğundan bundan artığını demək mümkün deyil. Kimi üçün
Akutakava, kimi üçünsə Mopassan hekayəçidir.
Və sonda. Dostum Əlabbas bir dəfə yazmışdı:”Azad Qaradərəli
hekayə yaza bilməyəndə, roman yazır...” Vallah çox sərrast deyib. Hekayə yazmaq
iynə ilə gor qazmaqdır... Hə, hə, məhz gor...
Yazıçı təkcə yaratmır ki, yaratdığını öldürüb dəfn də
edir...
May,
2020.
(Davamı olacaq)
Yorumlar
Yorum Gönder