ÖZÜNDƏN ƏMİN BƏY VƏ AVROPA GÖZƏLİ VANDA XANIM
AZAD QARADƏRƏLİ
ÖZÜNDƏN
ƏMİN BƏY VƏ AVROPA
GÖZƏLİ VANDA XANIM
uzun hekayə
Tarixçi alim
Mövsüm Əliyevin* ruhuna salam olsun!
Baş
yazı
MÜƏLLİF
Murdarüşüdən** aprel sazağı adamları karıxdırıb. Metrodan çıxan kimi
yaxa-bacalarını möhkəm bağlayıb ora-bura qaçışırlar.
Bir
az yuxarıda Bakı Dövlət Universitetinin qarşısında baş daşına oxşayan bitili
bir daş. Gəlib-gedənin toxunub-sürtünməsindən o qədər
ağnayıb-köhnəlib ki, elə bil min il əvvəlin bitilisidir. Daşda kiril əlifbası
ilə yazı: "Бурада Азәрбајҹан халгынын бөјүк мүтәфәккири, Азәрбајҹан
Демократик Республикасынын баниси Мәһәммәд Әмин Рәсулзадәнин бүстү
гојулҹаг"***
Gənc
oğlan daşın üstündə sallama oturaraq
kitab oxuyur. Yalınqat geyimdə olsa da, sanki soyuğu hiss etmir. Uzun,
pırtlaşıq saçı, təraşsız saqqalı,
boynuna yöndəmsizcəsinə doladığı köhnə şərfi onu görənlərdə bəlkə ikrah
doğurar, amma çox diqqətlə kitab oxuması bu hissi azaldar da. Qulaqlarında
qulaqcıq, əllərində telefon olan tələbələr
dəstə ilə ötüb keçir və universitetlə üzbəüz küçədəki publara, kafelərə
girirlər. Onlardan biri – ayağında ket, başında beret olan ortaboy qız (onun
da qulağında qulaqcıq var), oğlana yanaşıb nəsə deyir. Oğlan kitabı büküb
ona cavab verir və nəyi isə israrla başa salmağa çalışır. Sonra döş cibindən
qatlanmış vərəqlər çıxardıb göstərir. Lakin müsahibi əlini yelləyib uzaqlaşır.
Oğlan onun dalınca qışqırır:
-Bu
heç qulaqcığını çıxartmayıbmış ki mənimlə danışanda... Eh...
Az
sonra qulağında qulaqcıq, ağzında saqqız başqa bir gənc də ona yaxınlaşır.
Huş-kuşla kitab oxuyanın onu fərq etmədiyini anlayıb yüngülcə itələyir:
-Dünənnən
burdasan?..
-Yıxmışdın
ki məni!.. Bu daşa fikir vermisən? – Oturduğu daşın üstündən qalxır.
-Yooo...
Nədi ki?.. Dayan nəsə yazı var... (Ala-yarımçıq oxuyantəhər edir, dodaqları
tərpənir.) “Burada Azərbaycan... ııııııııı.... va-va-va-va.... Məh... Əmin
Rəs....nin büstü qoyulacaqdır...” Hə,
nolsun ki?!
-Canıa
azar nolsun! – Dostuna həttənir. – Sən bilirsən bu kim olub?! Sənin, mənim
babalarımız ruslara nökərçilik eliyəndə bu kişi bugünkü müstəqil Azərbaycana
görə...
-Efe,
bəsdi də!.. İndi bunu bilmiyən var? Allah ona belə tale yazıb, bizim nökər
babalarımıza elə tale....
-Yox,
düz deyil! İnsan taleyini özü yazır... Bu kişi, o əzablı taleyi özü seçdi, özü
yazdı...
-İndi
neyləyək deyirsən? O kişi əzab çəkib deyən, biz də əzab çəkməliyik? Onsuz da çəkirik
elə... Bilirsən, Əfqan, mən də, sən də Sovet dövrünü görməmişik... Amma görənlər
deyir ki, ağappaq bulka on qəpiyə, marojna on qəpiyə, spiçka bir qəpiyə, ət iki manata, araq üç manat
altmış iki qəpiyə, pivə otuz qəpiyə, “Avrora” siqareti on dörd qəpiyə imiş - on
beş qəpik verəndə bir qəpiyə də üstündə spiçka verirmişlər... Qardaş, neynirəm
o müstəqilliyi ki, qarnım acdır... Bağışla məni, məni doyuzdur, min belimə!.. O
Bayılda Bayraq meydanında dalğalanan dünyanın ən hündür bayrağı var haaaa, bax
o da qarın doyurmur... Mən indi girəvə axtarıram ki, diplomu Azərbaycandan
başqa heç yerdə tanınmayan bu xaraba universiteti də atam, qaçam xaricə... Sən
isə otur bu daşın üstündə...
-Ay
yazıq... Nökər xisləti...
-Bir
dayan e!.. Sən bilirsən ki, ya, təriflədiyin o Məmmədəmin da qaçıb xaricə?! Özü
də arvad-uşağını da atıb, gedib orda təzədən evlənib??? Qardaş, sən mənim
saqqalıma soğan doğrama... O əlindəki kitab çoxlarını pis günə qoymuşdu,
qalmışdın sən... Mən puba gedirəm... Bir az pul da tapmışam... Gəl gedək
vurax...
-...
-Getmirsən
ki? Bay-bay...
Oğlan
gedir. Əfqan qarşısındakı daşa baş əyirmiş kimi vəziyyət alır və ağlamsınır:
-Biz həqiqətənmi sənin mənsub olduğun millətdənik? Sən, Mirzəbala Məmmədzadə,
Xoyski, Yusifbəyli, Hacıbəyli... kimi zəka sahibləri həqiqətənmi bizim millətə
xas olublar? Bəs onda biz kimik?! Yaxud nəyik!?..
Gərilmiş vəziyyətdə siqaret yandırır, bir-iki qullab alıb, yenə daşın
üstündə oturur və cumur kitaba...
Bu əsnada ondan çox tələbə Əfqana yanaşır. Nə
barədəsə danışırlar. Əfqan israrla onlara da nəyisə izah etməyə çalışır. Amma
onu axıracan dinləməyən tələbə yoldaşları yaxındakı puba gedirlər.
Az
sonra telefonuna zəng gəlir. Danışığından belə başa düşülür ki, zəng edən də
onu yaxındakı puba çağırır. Oğlan bir bəhanə ilə zəng vuranı başından edir. Yenə
kitabını oxumağa başlayır...
Təxminən
iyirmi dəqiqə sonra bir bəstəboy qız gəlir və arxadan əlləri ilə oğlanın gözlərini
qapayır. O, qızın əllərini gözündən götürüb öpür və ayağa qalxır. Onlar
qucaqlaşırlar.
-Əcəb
qiraətxanan var? – Qız zarafata salır. Sonra oğlanın əlindəki kitabı alıb üstünə
baxır. –“Əsrimizin Səyavuşu”? İmtahanlara az qalıb, indi bunun zamanıdı?
Oğlan
ah çəkir. Və qızın saçlarını tumarlayır.
-İndi
neçənci ildir?
-2018-ci
il.
-Yüz
il qabaq nə olub Azərbaycanda?
-Dayan
görüm... Iıııııı... Belə... Hə, müstəqil Cümhuriyyət qurulub...
-Ay
sağ ol... Bu gün mən səninlə bu mövzuda söhbət eləmək istəyirəm... Olar?
Qız
nəvazişlə oğlanın üzündən öpür:
-Canım,
sən hansı mövzuda danışırsan danış, mənə xoşdur... Bir də ki, mən də axı
respublikaçıyam... Monarxist olmadığımı bilirsən... Atamın, əmimin yüksək vəzifə
tutmalarına baxmayaraq, mən sənin tərəfindəyəm...
Onlar
gülüşə-gülüşə qarşıdakı kafeyə girirlər.
***
-Sənə
bir sirr açım: mən bir hekayə yazmışam...
-Nə?!
– Qız elə qışqırır ki, kafedəkilər dönüb təəccüblə ona baxırlar.
-Yavaş...
Niyə heyrətləndin ki?
-Axı
sən elm adamı olacaqdın?! Canım mənim, gəl de ki, zarafat edirsən... Bilirsən,
mən yazıçılardan, şairlərdən həmişə qorxmuşam... Onlar normal adamlar olmurlar...
-Qorxma...
Mən cəmi bircə hekayə yazmışam... Bircə dənə... Onu da bəlkə heç çap etdirmədim...
Yaxud tək bircə nüsxə çap etdirəcəyəm... Özümüzçün...
-Yaxşı...
Amma söz ver ki, bir də belə iş tutmayacaqsan!..
-Söz
verirəm... İndi isə o yazdığımı sənə oxumaq istəyirəm... Nə olar, cəmi bir saat
vaxtını alacam... Bircə saat...
Birinci hissə
VANDA XANIM
İnsan doğuluşdan təbiətə xasdır. Yəni hara dönüb-dolansa da, son
qovuşacağı təbiətdir, torpaqdır. Onda bir az torpaqdan var, bir az sudan,
bir az aydan, bir az da günəşdən... Yox,
bu sonuncunu – Günəşi düz qeyd etmədim. Bəzi insanlarda Günəşə xas cəhətlər
daha çox olur... Sanki Tanrı onları Yarımgünəş kimi yaratmış ki, Yerlə Günəş
arasında bir körpü olsunlar. Günəş dincini alanda Yarımgünəşlər onu əvəz etsinlər.
Onu
ilk görəndə bu qənaətə gəldim: Günəş bu
adama çox toxunmuş, çox etkiləmiş. Hamımızı etkiləyir, amma bunu daha çox. Elə
bil parıldayan sifətində Günəşin nurundan nəsə qalıb. Zala girəndə hamı dönüb
ona baxdı. Hətta tərs tərəfə baxanlar da
döndülər! (Geniş alnı, arxaya daranmış qara, gur saçları, enli sifəti, bu
sifətə yaraşan bığları və qalın qaşların altından daim gülümsəyən iri gözləri...
Mən belə simada adamla ilk kəz qarşılaşırdım.) Hə-hə. Bu beləydi... Mən isə...
Mən bir qədər sərt təbiətliyəm. Ailə gələnəklərindən gələn bəzi cəhətlərimə görə adamlar, xüsusən əks cinsin nümayəndələri
mənimlə ehtiyatla davranırlar. Yadımdadır, liseydə oxuyanda bütün qızların
oğlanı vardı. Təkcə məndən başqa. Daldada mənə “Buz” ləqəbi qoyubmuşlar – Buz
Vanda.
Bəlkə elə buna görədir, hələ ki, ciddi bir ilişkim olmayıb...
Amma neynirsən, bu adamdan gözlərimi çəkə bilmirəm. Budur, nəhayət onun
da gözü məni aldı. Bir an. Bircə an nəzərlərini üstümdə saxladı və dərhal da çəkdi.
O saat bilinir ki, tərbiyə görmüş adamdır. Əsil pandır!.. Centlimendir... Bəydur...
(Bu sonuncu sözü hələ mən tanımıram.
İllər sonra bu adamın mənə öyrədəcəyi sözlərdən biri də budur: ”bəy”. Onun vətənində
kişlərə bu cür müraciət edirmişlər...)
Bəri
başdan deyim ki, Sovetlərdən qaçanların hamısı əzgin, solğun, sınıb-dağılmış,
başlıcası isə ruhu sarsılmış adamlar olur. Hətta oranın ən vüqarlısı Trotskinin
də gözlərində bir sarsıntı görmüşdüm. Bu
adam isə şıq yeriyir; elə şıq ki, deyirsən bəs heç vaxt əyilib nəyisə götürməz,
nəyisə yerə qoymaz, kiməsə təzim etməz... Yox, yox! Bu sonuncu heç vaxt olmaz!
Bu adamın işıqlı gözləri deyir ki, hamı buna təzim etmiş... Amma yox, bu heç təzim
etdirməz də. Bu adam, ümuniyyətlə təzim edənləri sevməz. Axı bunda Günəşdən nəsə
var...
Günəş-adam
foyedəki bu qədər insanın içində ikinci dəfə gözləri ilə məni axtarıb tapır və
bir baş üstümə yeriyir. (Bura ölkəyə və paytaxta giriş qapısıdır və mən öz
doğma işimi ataraq vətənimin mənafeyi
naminə burada əcnəbilərin ölkəyə giriş və çıxışına nəzarət edən könüllülərdən
ibarət kiçik bir qrupa rəhbərlik edirəm.)
Nədənsə üşənən kimi oluram və onun suallarına mexaniki cavablayıram. Və hiss
edirəm ki, daxilimdə nələrsə baş verir, yatmış hansısa duyğu üzvlərim oyanır,
bu adamın ziyası üstümə düşür və elə bil görünməz tərəflərim də işığa tutulur.
Ətim ürpəşir. Ani qorxunu tez bir zamanda ruhi tarazlıq əvəzləyir.
Sonra
suallarını cavablandırdığım üçün təşəkkür edir və son kəlmələri elə iltifatla
deyir ki, içim titrəyir:
-...mersi,
madmuazeil...
Və
birdən adımı soruşur. Həvəslə “Vanda” deyirəm. O da gülümsünərək eyni həvəslə təkrarlayır:
-Pani
Vanda...
Mən
də onun adını öyrənirəm. Uzun adı varmış. Əvvəli bunların peyqəmbərlərinin
adıdır: Muxammed. Sonrası isə qısa olsa
da ikisini bir yerdə qəti tələffüz edə bilmirəm. Yenə gülümsünür və bu Yarımgünəş
adamın nuru məni tamam isidir; soyuq ruhuma isti nəvaziş dolur: “Sadəcə Emin bəy
deyə bilərsiniz”. (Bunun da mənasını çox-çox sonralar biləcəm: özünə əmin
olan, eqosunu qoyan, girişdiyi işi bacaracağına yüz faiz əminliyi olan kəs –
Əmin bəy – onun vətənində beləcə də deyirlər: Əmin. Polyakcada isə Emin bəy, elə
Türkiyədə də Emin bəymiş...) Rus dilində dediyi bu kəlmələri beynimdə polyakcaya
çevirirəm və məmnun halda başımı tərpədirəm. Və bir az sonra qəribə, qəribə
olduğu qədər də maraqlı faktlarla qarşı-qarşıya qalıram: bayaqdan bəri məni öz
təsirində saxlayan bu adam qəddar Sovet rejiminin, onun əli qanlı cəlladı
Stalinin şəxsi nəzarətindəymiş və bir xoş təsadüf nəticəsində xilas ola bilib.
Onun Peterburqdan Finlandiyaya, Fransaya, oradan da Polşaya keçməsi möcüzə nəticəsində
gerçəkləşib. Amma hələ qorxu sovuşmayıb. Polşa dövləti onu geriyə - Rusiyaya
deportasiya edə bilər. Elə bil nəslimizdən gələn ürəyiböyüklük, insanlara arxa
və dayaq olmaq hissi içimdə baş qaldırır və onu əmin edirəm ki, nə yolla
olur-olsun köməyimi əsirgəməyəcəyəm...
EMİN BƏY
Bir
şərq məsəlində deyilir ki, insan əzablardan güc alıb ayağa qalxanda daha yenilməz
olur. Əzab sözünü sevmirəm, keşməkeş deyək. Hə, mən çox keşməkeşlərdən keçdim.
Başıma çox macəralar gəldi. Hələ gənclik illərində bir sıra xarici ölkələrdə
oldum. Bolşeviklərə qoşuldum (zira səhvimi tez başa düşüb ayrıldım),
menşeviklərlə, millətçilərlə, dinçilərlə təmasda oldum. Hətta Stalin kimi qəddar
bir insanla oturub-durdum. Onu ölümün çəngindən
qurtardım...**** Firqəmizi təsis etmək təklifi gələndə bu təşkilatın Qafqasiyanın ən ünlü firqəsinə
çevriləcəyini, ölkənin birinci partiyası olacağını, bağımsız Azərbaycan
Cümhuriyyətini məhz onun üzvlərinin elan edəcəyini kim bilə bilərdi?!
Həm
firqə və dövlət quruculuğunda, həm risalə
və nitqlərimdə macəradan uzaq qaçmağa çalışsam da, olmurdu. Zatən yaşadığım həyat
özü hər anı təhdid, qorxu və əzablarla dolu bir macəra idi; amma həm də xoş bir
macəra! Cümhuriyyətin süqutundan sonra Lahıcda
Əli Əhmədoğlu adı ilə gizlənərkən “Əsrimizin Siyavuşu” risaləmin yazılması
kimi ağır və təhlükəli bir zamanı yada salmaq istərəm. Bu əsərə yazılmış ön söz
yadınızdamı?
(“...Bolşevik
istilası kədərli-ələmli bir fakt idi. Bir aya qədər Bakıda saxlandıqdan sonra,
bir arkadaşla bərabər Bakını tərk etmiş, Gürcüstana keçmək üçün yola çıxmışdıq.
Hadisələr və təsadüflər bizi bir çox dağları və dərələri gəzdirdikdən sonra
Şamaxı qəzasında Lahıc adında tanınmış bir qəsəbədə saxlanmaq məcburiyyətində
buraxmışdı. Lahıcda bir vətəndaşın evində müsafir idik. Bu evdə kiçicik bir
kitabxana vardı. Bir qismi farsca, bir qismi türkcə, bir qismi də rusca kitab və
dərgilərdən ibarət olan bu kitabxananın, məncə ən diqqətəlayiq cildi
Firdovsinin ”Şahnamə”si idi. “Şahnamə”ni razılıq alıb oxumağa başladım. Şərqin ən
böyük romantik əsəri o zaman çox həssas olan ruhumu istila etdi. Keçirdiyimiz
macəralı həyatı şairanə bir surətdə, qarşılıqlı şəkildə yaşayan necə hekayələr,
necə dastanlar, necə tiplər, necə fəlsəfələr vardı. Bunların yanında marağımı ən
çox cəlb edən və ruhumun ən həssas nöqtələrinə qədər nüfuz edən bir hekayəyti
―”Siyavuş” dastanını oxudum. Əvvəlcə aşina olduğum dastanı ilk dəfə oxuyurmuş
kimi oldum. O qədər sevdim, o qədər anladım ki, bir daha təkrar etdim. Yüksəkdən
oxudum. Arkadaşıma dinlətdim. Heç şübhə yoxdur ki, ilham almışdım. ―Arkadaş,
tariximizin Siyavuşunu dinlədin. İndi sənə “Əsrimizin Səyavuu”nu yazacağam, –
dedim. O, buna, heyrət etmişdi. Hər saat və hər anda bir basqın təhlükəsinə məruz
qaldığımız belə bir vəziyyətdə yazı yazılacağına inanmamışdı. Fəqət mən
başladım. Bir neçə səhifə yazmışdım ki, qaldığımız evi tədbir üçün dəyişmək
lazım gəldi. İkinci dəyişdiyimiz yer mənə çox uyğun gəlmişdi. Ehtimal ki, təqibdən
bir müddət uzaq olmaq üçün bura daha sərfəli idi. Fəqət Lahıc dağlarının ən
möhtəşəmi olan Nihala baxan gözəl mənzərəsi, Girdiman çayının gecə ay işığında
oxşayıcı axıntısı və yad gözündən uzaq olan kiçik bağçası ilə o, həmin anda
yaşadığım ruh halını kağız üzərinə tökmək üçün ən əlverişli şərtlərə malik idi.
Altıncı gün yenə yerimizi dəyişməyə məcbur olduq. İki günlüyünə bizi başqa bir
evə köçürtdülər. Burada sonuncu bölümün qaralamasını bitirirdim...”
Lap
bu günlərdə Peterburqda xaricə necə qaçacağımı düşünürdüm ki, Musagil***** köməyimə
çatdılar. Ladoqa gölünün üzərindən – buzun üstü ilə Finlandiyaya keçdim.
Helsinkiyə təzəcə çatmışdım ki, Abdulla Battalın****** adamları məni onun
yanına apardılar. Şənimə böyük ziyafət verildi. Onların köməyi ilə Fransaya
getdim, fəqət sənədləri qaydaya sala bilmədiyimizə görə viza olmadı və
dostların məsləhəti ilə geriyə –
Lehistana******* gəldim. Sözüm onda ki, hər dəfə ağır və çıxılmaz vəziyyətə düşəndə
gözəgörünməz bir əl qeybdən uzanır, məni o çıxmazdan qurtarırdı. Budur, indi
burada, Varşavadakı keçid məntəqəsində məni qorxu təhdid etdiyi anda bir gənc
xanımın nəzərləri üstümdə cəm olur və anlayıram ki, budəfəki əl onunkudur. (Arxamda
işğalda olan ölkəmi, dost və məslək
yoldaşı bildiyim minlərlə insanı, ailəmi – sevgili zövcəmi, övladlarımı,
qohumlarımı qoyub gəldiyimdən gözümə qadın-filan görünmür. Yeganə istəyim uyğun
ölkələr vasitəsilə Türkiyəyə keçmək, orada Azərbaycan davasını sürdürməkdir. Bu
əsnada yenə yadıma “Şahnamə”dən sətirlər düşür. Mənim həsbi-halıma necə də uyğundur bu misralar:
Qılınc
oynadı, sel kimi axdı qan,
Yerin
halına ağladı asiman.
Bütün
ölkəni çaldılar, çapdılar,
Nə
vardı əlində elin qapdılar.
Kəsildi
günahsızların başları,
Suvardı
o torpağı göz yaşları...)
Ona
görə də birinci kabinədə əyləşib mənə baxan gənc xanıma yanaşıram və nədənsə
inanıram ki, hər şeyi ona olduğu kimi danışsam, mənə yardım edəcək... Axı qeybdən uzanan əlin belə anlarda zühur
etdiyini görmüşəm. (Bayılda ölüm korpusunda oturanda çox rahat idim. Hər an
gülləməyə apara bilərdilər, amma mən təlaş keçirmirdim. Yeganə narahatçılığım məsləkdaşlarımın,
firqədaşlarımın təhlükə ilə üz-üzə qalmaları idi. Belə ağır dəqiqələrdə bir dəstə
silahlı məni maşına basıb qaçırdı və yolda qulağıma pıçıldadılar: “Səsini
çıxartma! Səni Kobanın******** əmri ilə onun yanına aparırıq.” Dövranın gəcrəftarından
ölümlə üz-üzə qalsam da, azad oldum.)
VANDA XANIM
Gözucu
süzürəm bu sirli adamı. 30-35 yaşlarındadır. Bəstəboydur. Kostyumu köhnəlsə də,
əyninə qutu kimi oturub. Qalstuku son dəblə bağlayıb. Adamda kişi gözəlliyinin
bütün nişanələri var. Və deyəsən, mənim ona olan marağım əndazəni aşır. Özümü
yığışdırmağa çalışıram. Heyhat... Ona olan marağımı duyur sanki. Xoş bir təbəssümlə
üzümə baxıb gülümsünür. Amma bu təbəssümdə, gülümsəməkdə adi insani duyğudan
başqa heç nə yoxdur. O qədər nəzakətlidir ki, qarşısında uşaq kimi utanıram.
Mən
ona kömək etməliyəm – beynimdə belə bir fikir qətiləşib artıq. Niyəsini özüm də
bilmirəm. Baxmayaraq ki, geriyə - qaçıb gəldiyi Rusiyaya onu deportasiya edə
bilərlər, qətiyyən özünü itirmir. O qədər sakit və təmkinlidir ki, bu hiss mənə
də sirayət edib. Yumşaq və mehriban danışığı, şərqli təbəssümü və iltifatlı
baxışları məni tamam tərksilah edib. Bir də deyəsən, mən bu adamın yanında
özümü qadın kimi hiss etməyə başlamışam. Qarşımdakı kiçicik güzgüyə tez-tez
baxır, səhər doğru-düzgün daramağa vaxt tapa bilmədiyim saçlarımı əlimlə geri
süsləyir, solğun sifətimə nələrsə sürtməyə cəhd edirəm. Onun sənədlərini
çıxardığı çantasını sahmana salmasından istifadə edib dodaqlarımı da yüngülcə
boyayıram. (Bu iş lap hərbçiyə döndərib məni. İnqilabi romantika qadınlığımı
əlimdən alıb - özümə baxmağa heç vaxtım
olmur. Cüzi maaş alsaq da, burada könüllü gənclərlə birgə yenicə müstəqilliyini
elan etmiş doğma Polşanın mənafeyi naminə əlimizdən gələni edirik. Ölkəyə
qeyri-qanuni girişin və çıxışın, polyak xalqına mənsub qiymətli əşyaların ölkədən
çıxarılmasının qarşısını almağa çalışırıq. Tezdən səkkizdən axşam səkkizəcən iş
başındayam. Bəzən gecə növbəsinə də gəlirəm. Vətənə xidmət belədir. Həyatını fəda
etməli olursan.) Və nəhayət, bu alicənab insanın bizim “yuk” dediyimiz iri əl çantasından
çıxardıb mənə verdiyi sənədləri vərəqləməyə başlayıram. (Sonradan onu da biləcəm
ki, bu “yuk” sözü türk dillərindən bizim polyakcaya və digər Avropa dillərinə
keçib. Emin bəydən onu da öyrənəcəyəm ki, onlar çantada, kisədə və sairədə
daşıdıqları əşyalara eləcə “yük” deyirlər.) Soruşmadığım halda, özü haqda məlumat
verir. Və anlayıram ki, zənnim məni yanıltmayıb!
Bağımsız
Azərbaycan Respublikasının Milli Şurasının sədri, millət vəkili olub. Həm də
hakim “Müsavat” partiyasının sədriymiş. (Hələ sonralar biləcəm ki, bu gənc
adam həm də bir alim və publisistdir. Qurduğu cümhuriyyət rusların əli ilə
süquta uğradıldıqdan sonra Lahıc adlı bir ucqar qəsəbədə gizlənərkən cəmi
üç-dörd günün içərisində “Əsrimizin Səyavuşu” adlı tarixi-publisistik bir əsər yazıb və əlyazısını oradakı dostlara
etibar edərək bu uzun yola çıxıb. Kaş biləydiniz, o həmin əsərin yolunu necə həsrətlə
gözləyib!..) Tam bir azadlıq mücahidi... Mənim mənsub olduğum ailənin –
Polşa inqilabçıları nəslinin keçdiyi yolla necə də oxşardır! Qan qohumumuz
Yojef Pilsudskinin Polşanın azadlığı uğrunda mübarizəsi, rusların onu həbs edib
Sibirə sürgünə göndərməsi, uzun və əzablı mübarizə yolunu qət edərək yenidən
mübarizəyə başlaması... O da Emin bəy kimi öz partiyasını – Polşa Sosialist
Partiyasını yaradır. Amma sonralar anlayır ki, qarşıdakı qəddar Rusiyadır və o,
siyasətə deyil, hərbə, silaha daha çox inam bəsləyir. Pilsudski Polşanın ordu
quruculuğuna başlayır. Ruslara qarşı hərbi-siyasi Streles ittifaqı yaradır.
Polşanın azadlığı uğrunda döyüşür. 1918-ci ildə Polşa bağımsızlığını elan edəndə
ölkənin ilk dövlət başçısı olur. 1920-ci ildə Sovet Rusiyası Polşaya müharibə
elan edir. Marşal Pilsudski rusların qat-qat güclü ordusunu darmadağın edir. Məcburiyyət
qarşısında Rusiya Polşanın müstəqilliyini tanıyır...
Mən
bu məlumatı verəndə o, çox fərəhlənir. “Böyük fədaiyə eşq olsun!” deyib susur.
Sonra qəmli-qəmli “Biz bacarmadıq” deyir. “Bizim ölkəmizi Rusiya ilə İran iki
yerə parçalayıb. Gücümüzü birləşdirə bilsəydik, biz də qaniçən rus ordusuna
qarşı vuruşa bilərdik... Nə yazıqlar ki, biz bunu gələcək nəsillərə saxlayası
olduq...”
EMİN BƏY
Bizim
bu təsadüfi tanışlığımız dostluğa çevrilir, deyəsən. Vanda xanım axşamüstü məni
Varşavaya gəzintiyə dəvət edib. (Onun buradakı işi könüllü olsa da, ağırdır,
yalnız axşamlar vaxtı olur.) Visla çayının sahilində gəzişirik.
-Varszava
(o, bu söz bizim kimi Varşava deyə tələffüz etmir, “ş” əvəzinə “s” ilə
“z”nın qarışığından ibarət bir səs kimi söyləyir), 1791-ci ildə paytaxt
olub. Amma şəhər daha qədimdir. 1300-cü ildə polyak knyazları salıb
Varszavanı...
Mən
də ona Bakıdan danışıram. Bağımsız Azərbaycan
Respublikasını ilk dəfə Tiflisdə elan etdiyimizi, sonra Gəncəyə köçdüyümüzü və
nəhayət başkənd Bakıda gerçəkləşdirdiyimizi
izah edirəm. Neft Bakısında yaşayan leh əsilli ailələrdən, leh memarları
Qoslavski, Skibinski, Skureviç, Ploşkonun
Bakıda layihələndirdiyi memarlıq abidələrindən söz açıram. Bu dediklərim
onu inanılmaz şəkildə etkiləyir. Bakıda leh əsilli insanlar, hətta memarlar
yaşadığına inana bilmir...
Mən
danışdığımız dilin – ruscanın onun belə sərrast bilməsinə işarə edərək deyirəm:
-Siz
rusca yaxşı danışırsınız...
-Hə,-
kədərlə cavab verir. – Biz Polşanın rusların işğalında olan hissəsində yaşamışıq. Ona görə də az
qala hamımız bu dili bilirik... Amma siz də təmiz danışırsınız?
-Kaş
lehcə biləydim az-maz... Onda o dildə bir kəlmə də danışmazdım!.. – Əsəbi şəkildə
cavab verirəm. – O dilin yiyələri mənim müstəqil ölkəmi işğal etdilər.
Bayrağımı endirdilər... Ocağımı söndürdülər... Məsləkdaşlarımı güllələdilər...
-Bilirsiniz,
mənə Varszava universitetində rus dili və ədəbiyyatı müəllimi işləməyi təklif
etmişdilər, amma rədd etdim.
-Siz
də, biz də ruslardan çəkdiyimizi çəkmişik. Ölkəmi işğala məruz qoydular. Onun
yeraltı, yerüstü sərvətlərini qarət etdilər, qiymətli insanlarımızı məhv etdilər...
Əminəm, bu hal yüz il də sürsə belə, xalqım ayağa qalxacaq, bu işğalçı ölkənin,
qəddar rus şovinistlərinin cavabını verəcək... Mən ona görə burdayam. Siznin
kimi azadlıqsevər insanların köməyi ilə Türkiyəyə yetişib ölkəmin haqq işini
dünyaya yayacağam. Bir də mübarizəmizi qaldığı yerdən davam etdirəcəyəm...
Vanda
xanım qəfil ayaq saxlayıb qoluma girir və şəfqətli baxışlarını gözlərimə dikir:
-Mən,
sizi Pilsudskiyə təqdim edə bilərəm... Sizə demişdim, biz axı yaxın qohumuq...
Yəni, siz burada da qalıb mübarizənizi davam etdirə bilərsiniz...
Mən
heyrətlənirəm:
-Doğrudan?!
Nə yaxşı!.. Amma bu dəfə yox. Mən, sağlıq olsun, Lehistana yenidən dönəcəyəm.
Onda buna cəhd edərik. Əgər görüşə bilsəniz, mənim salamımı pan Pilsudskiyə
çatdırın. Bir də deyin ki, ehtiyatlı olsun, rus ayısı artıq mağaradan çıxmışdır... Türkiyə isə... Ora mənim ikinci vətənimdir. Bizim əməl
yoldaşlarından sağ qalanlar orada – Ankarada toplaşacaqlar. Ankaraya mütləq
getməliyəm...
Buna
bir daha adım kimi əmin oldum: haqdan yanan çıraq sönməz! Bizdə necə demişlər? “Yansa, yanar aşiq, nə ətəklə,
nə püflə. Yanmasa, yanmaz aşiq, yüz ətəklə, yüz püflə.”
Bizim haqq işimizə pəl vuranlar qoy bilsinlər: Azərbaycanın
haqq işi uzaq Lehistanda belə dəstəklənir! Bax, bu gənc leh xanımının
timsalında. Yadınızdadır Cümhuriyyətin bir illiyi münasibəti ilə “Azərbaycan” qəzetəsində
yazdıqlarım?“Hər nasılsa növzadımız bir yaşına çatdı. Bundan 6 ay əvvəl
Azərbaycan Məclisi-Məbusanının açıldığı gün - bir kərə yüksələn bayraq bir daha
enməz -demişdim. İçində bulunduğumuz zaman o qədər müşkül və o qədər pərxof idi
ki, yüksəltdiyimiz bayrağı pək də yüksəkliyə qaldırmayır, onu yalnız parlaman
binasına münhəsir etdirib də “müdara” göstərmək məcburiyyətində
qalıyorduq. Bu məcburiyyətdən müntəsir olan bəzi bədbinlər, hanı yaaa, bir
kərə yüksələn bayraq bir daha endiriləməz diyorduz” diyordular. İştə qoy
bugünkü gün milli bayraqlara boyanmış Azərbaycan paytaxtı o kibi bədbinlərin qəlbini
təsfiyə etsin”.
Vislanın kənarı ilə narahat addımlarala gəzə-gəzə
bilirsiniz nə fikirləşirəm? 100 il sonrakı soydaşlarımızı düşünür və onlara
gözaydınlığı verirəm: o munis bayrağı enməyə qoymadıqları üçün. Bağımsız Azərbaycanda
əyilmədən, əzilmədən şıq gəzə bildikləri üçün...
-Nə
fikrə getmisiniz? – Vanda xanım soruşur.
-Sizə
qəribə gəlməz ki cavabım? Mən realist adamam, zira içimdə romantikaya həmişə
yer olub. Hətta şeir də yazmışam... Yəni...
-Deyin,
deyin... – O gülümsəyərək israr edir.
-Mən
burada, Vislanın kənarında gəzərkən 100 il sonranın Azərbaycanını düşündüm...
Soydaşlarımı düşündüm...
-Necə
gördünüz ölkənizi və soydaşlarınızı?..
-Bağımsız...
Tam azad və firavan olmaya bilərlər, amma ölkəm bağımsız idi... O müqəddəs
bayraq hər yerdə dalğalanırdı...
-Emin
bəy! Biz polyaklar 100 il yarıac yaşamağa razıyıq, təki ölkəmiz azad olsun...
-Olacaq,
hökmən azad olacaq ölkələrimiz... Nəyi istəsən, onu alarsan... Təki istək
olsun...
Vislanın
dalğaları “urra” bağıran insan seli misalı səsimə səs verirmiş kimi qeyzlə
sahilə çırpıldı.
VANDA
Geri
dönəndə Vislanın dalğalarına baxa-baxa Emin bəy qəfil soruşdu:
-Vanda
adının mənası nədir? Bu ad öz kökünü haradan alır?
Mən
tutuldum. Ona görə yox ki, cavabım yox idi; ona görə ki, hələ yaxşı tanımadığım
bu adama ürəyimdəkiləri danışmağa cürət etmirdim. Amma bu təlaş qısa sürdü. Bir
də gördüm ki, içimdəkiləri tökürəm:
-“Vanda”nın
bir sıra anlamları var. Latıncada vanda məşhur çiçək adıdır. Slavyancada Vanda
– Tanrının mərhəməti anlamına gəlir... Çox qədim polyak rəvayətinə görə, bax bu
Vislanın kənarındakı Krakov şəhərində Krak adlı knyaz yaşayırdı. İndiki
Krakov adını həmin knyazın adından alıb.
Knyazın Vanda adlı gözəl qızı atasından
sonra onun knyazlığını sürdürür. Bir alman şahzadəsi Vandaya elçi düşür. Amma
qız onu rədd edir. Qəzəblənmiş şahzadə Krakova qoşun çəkir, müharibə başlayır.
Ölkəsini işğaldan və talandan qorumaq
üçün Vanda intihar edir – özünü Vislaya atıb məhv olur və beləcə azğın şahzadə
sarsılmış halda qoşununu çəkib gedir, müharibə başa çatır.Vandanın mərhəməti
sayəsində ölkəsi qurtulur... Vislanın kənarında böyük kurqan var – Vanda orada
dəfn olunub...
Emin
bəy bu kədərli əfsanəyə dərhal münasibət bildirdi:
-Vanda
zənnimcə, bir də xilaskar, fədakar
anlamına gəlir – ölkəsini və namusunu yadelilərdən qorumağı bacaran qəhrəman
qız...
-Hə,
elədir, - mən danışdığım rəvayətin sarsıntısından çıxmağa çalışıram. – Amma mənim
idealım olan başqa bir Vanda da var – Vanda Voynarovskaya
Sezarina-Konstantinovna – əfsanəvi polyak inqilabçısı! Rusiyada, Fransada və
Polşada inqilabı fəaliyyət göstərmiş, illərlə Avropa ölkələrində türmələrdə
yatmış, amma inqilabi əqidəsindən dönməmişdir...
-Hə,
zənnimcə bu bizim kəsişən nöqtəmizdir – həyatımızı özümüzdən çox xalqlarımızın
milli azadlıq hərəkatına, inqilabi işə vermək... Elə bu da mərhəmətdir – ilahi
mərhəmət... – O, bu son kəlmələri ilə özü də bilmədən içimdə bir ocaq çatıb
getdi – bizim kəsişən nöqtəmiz deyimi ilə zaman-zaman o ocaq alovlandı və
heç sönmədi...
İkinci hissə
MÜƏLLİF
Təxminən
bir ay keçdi. Məhəmməd Əmin bəy Almaniyaya, oradan Fransaya və nəhayət, Türkiyəyə
keçdi. İşlərini sahmana saldıqdan sonra Vanda xanıma məktub yazdı. Beləcə,
onlar uzun zaman yazışdılar. (Həmin məktublardan biri marşal Pilsudskiyə
yazılmış, Vanda xanım vasitəsi ilə ünvanına çatdırılmışdı. Məktubda Polşadakı
azərbaycanlı zabitlərin bu ölkənin ordusunda çalışmasına şərait yaratdığına,
habelə rusların əsarəti altında əzilən xalqların mühacir təşkilatı olan
“Prometey” cəmiyyətinə dəstək verdiyinə görə
marşala təşəkkürünü bildirirdi. ) Bu məktublar hələ ki, iki dostun,
iki inqilabçının bir-birinə ərzi-halı idi. Amma kim bilir, bəlkə də bu iki
insanın gələcəkdə bir-birinə sevgi duyğusu ilə yanaşmasında bu rəsmi məktubların
rolu vardı. Sevgi planlaşdırılmayan, qəfil başa gələn bəla kimidir. Hara qaçsan
da bu bəladan yayına bilməzsən. Və bir də bu tale idi. Eyni taleli, vətəni,
dili, milli ruhu daim təhdid altında olan iki insanın bir-birinə olan ehtiyacı
kimi...
VANDA
XANIM
Emin
bəy ilk görüşümüzdən illər sonra
Varşavaya gəldi. O çox qəmgin idi. Qohumlarının incidildiyini, həyat
yoldaşının, övladlarının, digər qohumlarının həbs edildiyini, ölkənin sərt
iqlimli yerlərinə sürgün edildiklərini söylədi. Buna baxmayaraq, onun enerjisi,
yaradıcılıq əzmi güclü idi. Mən onu marşal Pilsudski ilə görüşdürdüm. Onların
söhbəti uzun çəkdi. Hətta sonda Emin bəy
Polşada SSRİ-yə qarşı yaradılan xüsusi xidmət idarəsi – Ekspozituranın rəhbəri
olmaq təklifini də qəbul etdi. Paris konsulluğunun ona viza vermədiyini dedikdə, pan Pilsudski bu məsələni yenidən həll
etmək üçün dostlarla əlaqə saxlayacaqlarını bildirdi.
Axşam
mən Emin bəyi evimizə dəvət etdim. O, ailə üzvlərimizlə tanış oldu. Bir gün
sonra isə mən onu digər qohumumuz – Polşanın xarici işlər naziri Beklə görüşdürdüm.
Onların hər ikisinin bu görüşdən çox razı qaldıqlarını mən ailə ziyafətində
iştirakları zamanı gördüm.
İllər
sonra ilk dəfə idi ki, mən narıncı ziyafət paltarında idim və o mənə bu məclisdə kavalerlik etdi. Gecənin bir anında ziyafət iştirakçılarının
xahişi ilə pianoda “Marselyoza” çaldım və
hamı xorla oxudu. Biz Ruje de Lilin misralarını
qəzəblə oxuyurduq:
Allons
enfants de la Patrie
Le
jour de gloire est arrive...
Fikir
verib gördüm ki, o öz dilində oxuyur. Onun oxuduğu misraları illər sonra
anladım:
İrəli,
yurd oğulları!
Gəlib
çatıb şöhrət anı.
Qoşun
çəkir bizə sarı,
Qanlı
bayraqlar tiranı...
...Silahlanın,
vətəndaşlar!
Birləşin
bir cərgədə siz!
İrəli!
İrəli!
Düşmənlərin
al qanıyla
Qoy
boyansın çöllərimiz!..
Sonra mən
ondan marşalla görüşdə daha çox nələrdən danışdıqlarını soruşdum. Bulud kimi
tutuldu, gözü yol çəkdi:
-Milli
azadlıq hərəkatı zamanı başımıza gələnlərdən, özümüzü fəda etməyimizdən, hər an
edama məhkum edilə bilməyimizdən, amma geri çəkilmədən sonacan mübarizə
aparmağımızdan danışdıq. O, lehləri, mən isə azərbaycanlıları bu mübarizəyə necə
hazırlamağımızdan söz açdıq. Hər ikimiz ilk olaraq ailələrimizi, yaxınlarımızı
bu işə inandırmağımızdan danışdıq. Mən ruhani atamın belə azadlıq eşqilə alışıb
yandığını deyəndə o da eyni hissi keçirdiyini bildirdi. Mən mübarizəmizin ilk
çağlarında Stalini məsçiddə atamın oturduğu minbərin altında rus
jandarmalarından necə gizlədiyimi danışanda marşal uğunub getdi... “Etməyəydin
kaş” dedi və biz təkrar gülüşdük. “Amma o da borcundan çıxdı, səni ölümdən
qurtardı” dedi və mən Lehistanın liderinə Stalinlə olan görüşlərimdən daha
geniş məlumat verdim.
-Siz
mənim xalqımı necə adlandırırsınız? – Heyrətlə soruşdum.
-Leh...
Lehistan... –Biz belə deyirik.
Mən
onun şirin şərqli ləhcəsilə dediklərini təkrar etdim və biz gülüşdük.
Bir
həftə sonra Emin bəy artıq Polşa hökümətinin yardımı ilə aldığı viza əsasında
digər Avropa ölkələrinə yola düşdü. O, buradakı məslək dostları ilə görüşməli,
ehtiyac içində olan keçmiş hökümət üzvlərinə mümkün olan yardımları təşkil etməli,
eyni zamanda Fransada toplaşmış müqavimət hərəkatı üzvlərinin qarşısında çıxış
etməliydi. (Ən əsas isə onu oxumağa göndərdiyi gənc tələbələrin taleyi
narahat edirdi. Cümhuriyyət süqut etdikdən sonra onlar Fransada, Almaniyada və
başqa ölkələrdə pulsuz-parasız qalmışdılar. Təhsil haqqına görə oxuduqları
unuversitetlərdən xaric edilmiş, geri dönməyə pulları olmadığından dilənçi
kökünə düşmüşdülər. Hətta geri dönə bilsəydilər, ən yaxşı halda onları Sibirə
sürgün gözləyirdi...)
Təəccüb
doğuran işdir: bu adam bu qədər dərdin içərisində ola-ola dayanmadan çalışmaq
üçün sonsuz enerjini haradan alırdı?!.
EMİN
BƏY
Bakıdan
dalbadal bəd xəbərlər gəlirdi. Zövcəm Ümbülbanu xanım, qızım, oğlum, bütün
qohumlarım sürgün edilmişdi. Zövcəm və qızım sürgündə dünyasını dəyişmiş, oğlum
Rəsul güllələnmişdi. O biri oğlum Azərdən isə xəbər tuta bilmirəm.
İş
şəraitim isə o qədər gərgindir ki, tez-tez xəstələnirəm. Mədəmdə yaranan yara,
habelə şəkər məni üzür. Dostlar gərəkən
yardımları etmək üçün bir qadınla ailə qurmağımın vacib olduğunu deyirlər.
Bilirəm, mən o hayda deyiləm, amma deyəsən, bu qaçılmazdır. Bu barədə Ankaradan
Vandaya yazıram və axırda zərfin içərisinə əlahiddə bir məktub da qoyuram.
“Əzizim,
Vanda!
Bilirsən
ki, mən əzabların adamıyam. Əzablardan güc almaq, onlara qatlana bilmək mənim
kimi insanların məramıdır. Amma deyəsən, daha bu əzablara tək çiyin vermək
iqtidarında deyiləm.
Yadındamı, illər öncə səni Varşavada gördüyüm ilk gün? O gün mən anlamışdım
ki, sən həyatımda iz buraxacaq qadınsan.
Amma o illərdə mən evli bir kişiydim. Üzücü də olsa, sənə bildirim ki, Stalin
rejimi mənim həyat yoldaşımı, ailəmi məhv edib. İndi mən bu əzabları tək çəkmək
iqtidarında deyiləm. Bilmirəm, mənə əzab ortağı olmaq istərsənmi?
Sonda
onu da bildirim ki, mən leh xalqını sənin sayəndə tanıdım, sevdim. Və biləsən
ki, bizim xalqın “Leyli və Məcnun” adlı bir dastanı var. Uzun zaman qovuşa bilməyən sevgililərə bu səadət yalnız o biri dünyada nəsib
olur. Sən mənim Leylam olmaq istərsənmi? Əgər bu təklifimi qəbul etmiş olsan, dərhal
bilet al və həmən Türkiyəyə yola düş. Sayqı və sevgi ilə sənin Emin bəyin.
P.S.
Leyl gecə anlamına gəlir. Bütün gecələrin isə sonu gündüzdür. Gəlsən,
gecə kimi mübhəm gəl, gündüz kimi həyatıma
işıq sal.”
LEYLA
XANIM
Bu
məktubu neçə il gözləmişəm. Əslində o mənə tez-tez yazırdı, fəqət bu yazışmalar
iki dostun, iki inqilabçının məktublaşmalarından o tərəfə keçmirdi. Hətta bunu
hiss edən anam məni danlayır, qarşıma çıxan neçə-neçə oğlana yox deməyimə görə
qınayırdı.
Üç
gün sonra mən artıq Ankarada idim. Bu ekzotik Şərq şəhərində hər şey mənə cazibədar
görünürdü. Amma yad gəlmirdi. Bu, bəlkə də Eminə görə idi. Onun olduğu yer mənə
doğmadır. Onunla dünyanın o başına da gedərəm. Lap Antraktidaya da!
İlk işimiz yalnız dostların iştirakı ilə
yüngül bir törən təşkil etmək oldu. Əsasən, azərbaycanlı və polyak mühacirlərin
qatıldığı bu qonaqlıqda Eminin silahdaşları tost dedilər, şeir söylədilər. İllər
əvvəl Ankaraya yerləşmiş bir qafqazlı ailəsinin məktəbli yavrusu Eminin “İlk
çağındaydı gözəl mövsümün” misrasıyla başlayan şeirini əzbərdən söylədi. Mən bu
ümid və inam dolu adamların içərisində olduğumçün çox xoşbəxt idim. Bir xeyli əvvəl mən ismimi dəyişdirərək Leyla
yazdırmışdım. O, bundan çox təsirlənmişdi. Hətta gözləri də doldu. Alnımdan
öpüb “Səninlə qürur duyuram” dedi. Beləcə, taleyin qisməti ilə Polşa
inqilabçılar nəslinin nümayəndəsi Vanda dönüb Leyla Rəsulzadə oldu.
EMİN
BƏY
Bilirəm
ki, məni istəyənlərlə yanaşı, istəməyənlər də var. İndi, Sovetin qan-qadasının
tüğyan elədiyi vaxtlarda daha çoxdur bəlkə. (Üstümə silah çəkən Əliheydər
Qarayevlərin********* sonu faciə ilə bitmədimi? Amma onu da bilirəm ki, bu bir
müvəqqəti haldır. Sabah Sovet yıxılsın, hər şey tərsinə olacaq. Birinci
bayrağımızı yüksəldəcəklər binalarımızın üstündə - onsuz da endirməmişdilər ki!
Qəlblərdə vardı o bayraq... Hə, indi bizi söyənlər valı çevirəcəklər. Yəni
onları başa düşmək olar.) Bir də var bizdə deyildiyi kimi, iyəşənlər. Yəni
aşığın sözü qurtaranda məsələsi... Müsəlmanın o günü, Ankarada bir məclisdəyəm,
Leyla da yanımdadır. Biri – bizim Bakı əhlidir – göz vurur mənə və hamının eşidəcəyi
sələ :”Emin bəy, danışırlar sizin bu evliliyiniz siyasi evlilikdir həm də, belədirmi?”
– deyir və qımışır. Mən heç tövrümü pozmuram. Amma Leylanın yanaqları allanır.
Özünü pis hiss edir. Dayanmağın yeri deyil, əfəndim!
-Hə,
elədir! Mən Lehistanın inqilabçı-zadəganlarının nəslinə mənsub bir xanımla, əsil
adı Vanda olan sevgilimlə ailə həyatı qurdum – bu həm də dünyanın inqilabçı-demokratları
ilə həmrəylik evliliyidir! Vanda-Leyla təkcə mənim zövcəm deyil: tərcüməçimdir,
katibəmdir, doktorumdur, aşpazımdır və azadlıq mücadiləmizdə arkadaşımdır... Ən
nəhayət, bu evlilikdən çox, dostluqdur,
leh xalqı ilə azəri türklərinin, Lehistanla Azərbaycanın dostluğu,
birliyi...
Leyla
yol boyu hıçqırırdı. Yox, ona görə deyil ki, bizlərdə deyildiyi kimi, bir
tüllab onun xatirinə dəymişdi, xeyr. Qətiyyən belə deyil. Ona görə hıçqırırdı
ki, mənim cavabım ona ləzzət eləmişdi... O sevincdən ağlayırdı...
LEYLA
XANIM
Məndən
tez-tez soruşurdular:
-Nədən
Emin bəy vəfat etdikdən sonra Polşaya dönmədin? Axı övladınız da yox idi? Sizi
bu ölkəyə bağlayan nədir?
-Bu
torpaqda mənim sevdiyim adam yatır. Onu
qoyub hara gedim? Mən də onun qarışdığı torpağa qarışmaq istəyirəm...**********
Övlada gəldikdə isə... Eminlə mənim milyonlarla övladımız var. Onlar Azərbaycanda,
İranda, Türkiyədə, Avropada yaşayan azərbaycanlılardır... Gələcək azad, Eminin
dediyi kimi hürr Azərbaycanı onlar – bizim övladlarımız quracaqlar... O buna
inanırdı. Elə mən də inandığımdan burdayam.
BÜLƏND DANIŞOĞU
“Leyla
xanımı 1970-ci illərdə tanıdım. Qızılırmak sokakda, indi Ankapol sinemasının
olduğu yerdəki binanın bir zirzəmi qatında qalırdı. Həmin küçəyə köçdüyümüz gündən
bəri hər gün itinin ipindən tutaraq titrək addımlarla yeridiyini görərdik.
Arıq, ağbəniz, gülərüzlü, yaşlı, amma gözləri parıldayan bir qadındı. Məhəllə əsnafı
ona “madam” deyə xitab edərdi. Ləhcəsindən türk olmadığı anlaşılırdı. Sonra bir
gün anam onu evimizə dəvət etdi.
Madamın adının Leyla olduğunu o zaman öyrəndim. Özü də bir müddət sonra
adının Vandadan Leylaya dönüşməsinin hekayəsini anlatmışdı. Sevgili əri “Leyli
və Məcnun” əhvalatını danışmış və adının Leyla olmasını istəmişdi. Əri, yəni Azərbaycan
Cümhuriyyətinin qurucusu və ilk cumhurbaşkanı Məhəmmədəmin Rəsulzadə...”
(Ankara, “Kebikeç” dergisi, 22-ci say.)
MÜƏLLİF
Yolum
Ankarayadır. Üç il əvvəl getdiyim bu şəhərdə dostum Ahmet*********** bəylə
Atatürkün Anıt qəbirini ziyarətə yollanarkən maşını durdurdum və dedim:
-Əfəndim!
Anıt qəbirə bir az gec gedərik, onsuz da oradan ziyarətçi əskik deyil. İndi isə
maşını Əsri məzarlığına sür. Orada bizim Azərbaycan türklərinin öndəri Məhəmməd
Əmin Rəsulzadə uyuyur. Onu ziyarət edək, sonar Anıt qəbirə gedərik.
Sağ
olsun. Məni anladı və kədərimi bölüşdü. Böyük insanın Əsri qəbiristanındakı məzarını
birlikdə ziyarət etdik. Şəkil çəkdirdik. Sonra bu münasibətlə dərgilərdə çıxan
məqalə də yazdım. Amma… Qul xətasız olmaz deyiblər. O zaman bir xəta etmişdim.
Emin bəyin məzarını ziyarət edərkən onun vəfalı həyat yoldaşı Vanda xanımın –
Leylasının qəbirini axtarmağı unutmuşdum. İndi Ankara yolçuluğumun bir səbəbi də
budur. Qədirbilən azərbaycanlı mühacirlərin*********** yardımı ilə Əsri məzarlığında
yenidən bərpa olunan o qərib qəbiri görmək, baş endirməkçün yola çıxmışam. Təbii
ki, sevgilisi ilə bərabər! Sağlıqlarında fərqli dinlər onları ayıra bilməmişdi,
vəfat edəndə ayırdı. Amma torpaq eyni torpaqdır – müqəddəslərin uyuduğu bu yeri
onlar daha da paklaşdırıblar. Yerləri pərqu olsun…
AYAQ YAZI
MÜƏLLİF
Bizlər
həmişə belə olmuşuq. Kimin yad, kimin doğma olduğunu heç düşünməmişik. Min illərdir
küçələrdə əli çömçəli bir kişi gəzir, çömçəsini dınqıldada-dınqıldada elədiyi səhvləri
yadımıza salır ki, biz o səhvləri düzəldək:
Gəlinə
ayıran demədim mən Dədə Qorqud,
Ayrana doyuran demədim mən Dədə Qorqud,
İynəyə
tikən demədim mən Dədə Qorqud,
Tikənə
sökən demədim mən Dədə Qorqud…
Hanı,
gəlin yenə ayırandır, amma biz yenə gəlin deyirik. Ayran içməkdən köpmüşük,
amma elə ayrandır ki, ayran. Tikən min illərdir bizi sökür, amma tikən bilirik.
Yetim iynə tikənin sökdüklərini yamamaqdan quruyub çöpə dönüb, amma bildiyimizi
dədəmizə də vermirik: iynədi, vəssalam!..
O küçəbəküçə
gəzib səhvlərini ninni kimi oxuyan kişini biz tamam unutduq. Elə unutduq ki, həşəbəxeybər,
alman alimi H.F.Dits olmasaydı, nə Dədə Qorqud adda dədəmizin olduğunu biləcəkdik,
nə də yazdığı kitabdan xəbərimiz olacaqdı…
Hələ
bax, gör nə qələt eləmişik: ən mötəbər kişilərimizə dəli adı yapışdırmışıq: Dəli
Domrul, Dəli Həsən, Dəli Alı…
Sözünü
daşlara yazan xan babalarımızı, xaqan babalarımızı isə elə unutduq ki, yazdıqları
hərfləri belə xatırlaya bilmədik. Adına kafir dediyimiz avropalı Vilhelim
Tomsenin, allah eləməmiş, başına bir daş
dəysəydi, hələ indi də nə Bilgə xaqanı, nə Gültikini tanıyacaqdıq, nə də
Monqolustandan üzü Sibir çöllərinə səpələnən bu daş kitabələri biləcəkdik…
Bizlər
uzun zaman elə bilmişik ki, əsl dədəmiz anamızla yatıb bizi dünyaya gətirən
kişidir. Amma yox, belə deyil. Daha onda madyanla cütləşib at, eşşəklə cütləşib
qatır doğuzduran atdan nə fərqi olardı dədəmizin… Hə, analarımızla yatıb bizi
dünyaya gətirənlər atalarımızdır, amma bioloji atalarımız…
Bizim
əsl dədəmiz ruhumuzun dədəsi olan kişidir. Ətimiz, qanımız, sümüyümüz onun
olmaya bilər, amma ruhumuzun dədəsi adı bu qara daşa – baş yazıda gənc oğlanın
üstündə oturduğu - yazılan kişidir. Gəncədə heykəlinin başına
çuval************* keçirilən kişidir. Ankarada Əsri məzarlığında səksəkə ilə
uyuyan kişidir… (Atatürkün bu yerdə bir deyimi yadıma düşür: “Ətimin
və sümüyümün atası Əli Rza əfəndidirsə, fikrimin atası Ziya
Göyalpdır.”)
Bəli,
ruhumuzun atası odur. İsa Peyqəmbər allahın nurundan yarandığı kimi, bizə də
nuru o kişi bəxş edib.
Nə
olsun ki, uzun illər küçə və xiyabanlarımızda özgə, yad, ögey dədələrimizin
heykəlləri ucalıb? Lenin, Stalin, Kirov, hətta Şaumyan…
Bizdə
ögey atalara sevgi hardandır, bilirsinizmi? Analarımızdan gəlir bu günah. Bizi
doğanda, bələyəndə qulağımıza kimin oğlu olduğumuzu pıçıldamayıblar. Ya bəlkə
onlar nəyisə qarışdırıblar?!.
Bax,
ona görədir ki, başımıza bu DAŞ ağırlıqda bir nəsnə düşüb ki, uzun illərdir
altından çıxa bilmirik.
Yetər,
gəlin bu daşı qaldıraq, onun üstündə yazılanları gələcək nəsillərə saxlamayaq.
Yoxsa onlar da ögey atalarının küçə və xiyabanlarımızda ucalan heykəllərinə
sitayiş edəcəklər…
S.A (Söz Ardı)
Bu yazını məndən əvvəl qələmə almış,
fəqət özünü yaşadığı binanın yuxarı qatından ataraq intihar etmiş o gəncdən bir
xeyli sonar yazdım. Nə cibindəki əlyazması qalmışdı, nə
kompüterindəki fayl. Sadəcə sevdiyinə yazdığı əsərin qaralama variantını
oxuyanda o, yazı sənətinə könül verdiyinə görə oğlandan üz çevirmişdi… Faciədən
sarsılan qız, mənim xahişimlə oğlanın
ağzından eşitdiklərini fikrində canlandırmağa çalışmış, fəqət mənə ancaq
yazının skeletini danışa bilmişdi.
Zənnimcə, o eşitdiklərim bu mətnin
yazılmasına təkan oldu. Həmin insanların qəzavatından bəhs edən bu hekayəni
yazdım ki, yaddaşımız təzələnsin. Qəzamız mübarək.
dekabr 2017 – fevral 2018
-----------------------------------------------------------------------------------------------------------------------------------------------
*Mövsüm Əliyev (1939-1997) - Cümhuriyyətin və
M.Ə.Rəsulzadənin ilk tədqiqatçılarından idi. 1993-cü ilin sonlarında
həbs olunub. Orada infarkt keçirib. Yarımcan
halda həbsdən çıxandan sonra faciəli şəkildə vəfat edib.
**Murdarüşüdən – qışdan yeni çıxmış əti yeyilməyən (murdar)
heyvanlar – insan da daxil – aprel ayında üşüyərlər. Bu səbəbdən el
arasında aprelə murdarüşüyən deyirlər.
*** Müasir əlifba ilə anlamı: ”Burada Azərbaycan
xalqının böyük mütəfəkkiri, Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd
Əmin Rəsulzadənin büstü qoyulacaqdır.”
****M.Ə.Rəsulzadə ”Bir türk milliyyətçisinin Stalinlə
ixtilal xatirələri” (İstanbul, 1997)
*****Musa Cərullah Bigiyev (1875-1949) – tanınmış tatar maarifçisi. Sank-Peterburqda
yaşayıb. M.Ə.Rəsulzadənin xaricə qaçışının təşkilatçılarından olub.
******Abdulla Battal Taymas (1883-1969) – Kazan türklərinin liderlərindən biri. O da
1925-ci ildə Türkiyəyə gedib. M.Ə.Rəsulzadə uzun illər ilə yaxın münasibətdə
olub.
*******Lehistan - əski dövrlərdə Şərqdə Polşaya verilən ad.
********Koba – Stalinin gizli inqilabçı ayaması.
**********Əliheydər Qarayev(1896-1938) – Cümhuriyyətin və M.Ə.Rəsulzadənin düşməni. 1920-ci
il aprelin 27-də bolşevik deputat H.Sultanovun təslim ultimatumunu qəbul etmək
istəməyən millət vəkillərinə silah çəkərək “Səsini çıxardanı gülləbaran edəcəyəm!”
deyib hədələmiş, sonralar isə Azərbaycan adını tarixdən silmək üçün vilayətlərə
bölüb Rusiyanın tərkibinə qatmağı təklif etmişdi. 1938-ci ildə “əksinqilabçı”
kimi güllələnmişdir.
**********”May ayının sonunda Məhəmmədəmin Rəsulzadənin
mühacirətdəki həyat yoldaşı Leyla xanım da mədə qanamasından müalicə aldığı
Ankara xəstəxanasında fani dünyaya vida etdi. Ömrünün 30 ilini xroniki şəkər xəstəliyi
ilə mücadilə içində keçirən mərhum milli öndərimiz Rəsulzadə 1930-cu illərdə
Varşavada mətbu fəaliyyəti zamanı bir tərəfdən düşmənin əsir türklərə qarşı
davam etdirdikləri politik, ekonomik və mədəni basqı və sömürgəçiliyi sərt qələmi
ilə cavablamaqla məşğul ikən, digər tərəfdən də içini gəmirən xəstəliklə
mücadilə etmək məcburiyyətində qalırdı. Şəkər xəstəliyinin başlıca müalicə
üsulu hesab edilən pəhriz rejiminə sıx şəkildə əməl etmək gərəkli idi. Bu isə
ancaq vəfalı bir həyat yoldaşının olması ilə mümkün idi. Ona görə də Əmin bəy
xarici bir mühitdə polyak əsilli Leyla xanımı özünə həyat yoldaşı olaraq
seçmişdi.
Əmin bəy 1955-ci ilin martında həyata gözlərini
qapadığı ana qədər vəfalı yoldaşı Leyla xanım istər nisbi sağlığında, istərsə də
xəstəliyinin ağır vaxtlarında başının üstündən bir an belə ayrılmayıb, sevə-sevə,
hər cür məşəqqətlərə qatlanaraq bir xəstə baxıcısı kimi qulluq edib. Bütün
bunları edərkən, Leyla xanım sadəcə bir həyat yoldaşı kimi deyil, eyni zamanda
Əmin bəyin böyüklüyünü və müştərək düşmənə qarşı mücadilədə güclü şəxsiyyətini
nəzərə alıb hərəkət edirdi. Buna görədir ki, Əmin bəyi sevən hər kəs Leyla
xanıma da ürəkdən sayğı duyur, təqdir edərdi. Ruhu şad olsun.”
Ankara, “Azərbaycan” dərgisi,
1974.
***********- Ahmet Yıldız – türkiyəli yazar, bir neçə nəsr kitabının müəllifi.
************ - cümhuriyyət.net xəbər portalı bildirir ki, Türkiyədə
yaşayan jurnalist Könül Şamilqızı M.Ə.Rəsulzadənin mühacirətdıki həyat yoldaşı Vanda (Leyla)
xanımın Əsri məzarlığının xristian bölümündə yerləşən qəbirini tapıb. Onun
müraciətindən sonra qəbirin üstü ona yaraşan şəkildə götürülmüşdür.
*************Lap elə bu yaxınlarda Gəncə şəhərindəki müəssələrin
birində M.Ə.Rəsulzadənin büstünün başına çuval keçirmişdilər. Gəncəli bir millət
vəkili də buna haqq qazandırmışdı – “o mənim liderim deyildir” deyərək.
2017-2018
Yorumlar
Yorum Gönder