TOXUM
AZAD
QARADƏRƏLİ
TOXUM
hekayə
Məktəb illərində mənə biologiya dərsi keçmiş Abbas müəllimin xatirəsinə
“Doktor, mən müəlliməm,
qazancım danışmaqdan çıxır... Amma dişlərim tökülüb, danışa bilmirəm. Protez də
ağzımda durmur... Dedilər, siz diş əkirsiniz... Biz axı yerliyik... Tanıdınız?
Bizim kolxoza gəlmişdiniz... Bir yüngülvari qnqaraçılığı da olmuşdu... Gəldim
ki, bəlkə əlac eliyəsən...”
Kişinin yetmişəcən
yaşı var. Diş əkdirmək istəyir. Ağzını yoxladım, damaq yoxdur qəti, yeyilib
gedib erroziyaya uğramış torpaq kimi.
“Bəs niyə indiyə qədər
protez qoydurmamısınız ki, damağınız bu kökə düşməyəydi?”
“Bilirsən, pis
toxumu heç övc eləməsin... Oğlum ailəsini buraxdı, getdi Rusiyaya... On ildi nə öldüsünnən xəbər var, nə
qaldısınnan... Mən də iki uşaqla arvadını sahibsiz buraxa biməzdim axı... Onun
ailəsinə baxdım, imkan eləyib dişlərimi düzəltdirə bilmədim... Uşaqlar böyüyüblər,
əlləri iş tutur... İndi də mənim damağım...”
Kişinin gözləri
dolur. Onun bir cümləsi isə məni uzaqlara aparır.
“Pis toxumu heç övc
eləməsin...”
1991-ci ilin ağır
günləri idi. Ermənilər avtomatla sərhəd kəndlərimizi atəşə tutur, adamlarımıza
rahatlıq vermirdilər. Bizdə isə ov tüfənglərini də yığmışdılar. Camaat qalmışdı
əliyalın. İlk işim camaatdan yığılan ov tüfənglərinin qaytarılması olsa da, bunun
elə bir xeyri olmadı. Hamı avtomat istəyirdi. Məcbur olub rəhbərliklə əlaqə
saxladım. Onlardan da bir kar aşmadı. Neyləsinlər axı? Ordu yox, silah zavodu
yox... Axırda Bakıda yaşayan yerlilərimizi rayona dəvət etdim və onların
iştirakıyla müşavirə keçirib vəziyyəti izah etdim. Yekdil fikir bu oldu ki, pul
toplayıb rus hərbi hissələrindən silah alaq.
Az vaxtda xeyli pul
yığıldı. Bir maşın avtomat silahı, patron alıb milis dəstələrimizə və könüllülərə
payladıq. Bir az rahat nəfəs aldım.
Amma rayonun kənd təsərrüfatında,
az sayda olan sənaye obyektlərində vəziyyət daha ağır idi. Kimin əlinə nə
düşürdü, oğurlayıb İrana aparırdı. Biri hətta bir saz traktoru Arazdan keçirmək
istəyəndə yaxalanmışdı. Bilmirdim polisi cinayətkarlara qarşı yönəldim, ya erməni
hərbçiləri ilə mübarizəyə.
Təsərrüfat sahəsində
ilk gördüyüm işlərdən biri taxıl zəmilərinin bərpası oldu. Vaxtilə taxıl
altında olan sulu və dəmyə qara torpaqlarda indi tütün, kələm, şəkər çuğunduru,
kartof və üzüm əkirdilər. Üzümü ləğv eləmək çətin idi, amma ilk olaraq tütün
sahələrini çevirttirib taxıl əkməyi tapşırmışdım. Təkcə “Geroy Nəzər” deyilən sədrin
başçılıq elədiyi kolxozda bizə müqavimət göstərirdilər. Bu adamın bir qolu yox
idi, amma ağzından od tökülürdü. Pambıq əkilən zamanlarda Sosialist Əməyi Qəhrəmanı
adı almışdı. Deyirdilər ki, rayonun indiyəcən rəhbəri olmuş bütün katiblər
ondan tük salırmışlar. Tərs olmaqla bərabər, bir az da ağızdan yava imiş.
Qadın-qoca demir, lətərcin söyüşlərə qonaq eləyirmiş hamını.
Nəysə, xəbər gəldi
ki, tütün yerini şumladıb, camaatın gözü qabağında taxıl səpdirib, amma taxıl əvəzinə
tütün çıxıb... bax, belə. Özüm o kəndə gedəsi oldum.
Bir qadın ayağa
qalxıb dedi:
-Ay yoldaş katib,
biz sizin tapşırığınızla payızda taxıl səpdik, amma yazda gedib gördük ki,
buğda əvəzinə tütün çıxıb... Hə vallah...
Sədr ucadan qəhqəh çəkdi,
salona bir gülüşmə düşdü ki, bir anlığa nə edəcəyimi bilmədim.
Özümü ələ alıb ayağa
qalxdım:
-Bildiyiniz kimi,
biz müstəqil olmuşuq. Müstəqil ölkənin ilk işlərindən biri taxıl ehtiyatı
yaratmaqdır. Biz isə günlük taxıla möhacıq. Ona görə də köhnə zamanlardakı zəmi
yerlərini bərpa etməliyik. Sizdə isə rayon partiya komitəsinin qərarına
etinasızlıq göstərilir...
Sədr saymazyana
ayağa qalxdı. Tək əlini qaldırıb baş barmağını mənə tuşladı:
-Yoldaş katib,
etinasızlıq-filan olmayıb. Sadəcə bizdə allahın dolaşdırması olyb. Taxıl səpmişik,
tütün çıxıb...
Kişi güldü və bütün
kolxozçular təzədən gülüşdülər. Mən hirslə əlimi stola çırpdım:
-Bu nə biyabırçılıqdır?!
Sabahdan sahələri təkrar şumlayın, mala
çəkin, kultivasiya işlərini aparın, səpinə mən özüm gələcəyəm!
Sədr yenə güldü,
amma bu dəfə açıqca mənə istehza edirmiş kimi:
-Yoldaş katib, bax
deyirəm, bu allahın işidir... O gözəgörünməzin işinə əl aparmaq isə... Axı
tütün elə çıxıb ki, elə bil mıncığı sapa düzmüsən... Sirri-xudadı bu. Gəlin o
yaşıllığa qıymayaq... Həmin sahəni şitilliyə çevirək, üstünü klyonka ilə örtək,
yazda köçürək sahələrə... Hələ o biri rayonlara da şitil satıb, qazanc da əldə
edə bilərik... Mejdu proçim, müstəqillik deyil, mən müstəüilliyi belə görürəm...
Kefim istəyər tütün əkərəm, istəyər taxıl...
Bayaqkı qadına üzümü
tutub dedim:
-Xalacan, de görüm
tütünü sahəyə taxılı səpən kimi səpirlər?
Qadın yaşmağını
aralayıb qızardı, sədrə baxıb yasaladı:
-Yox, həylə eləmirlər...
Qabaqcadan şitilliyə səpirlər tütünün toxumun... Sohra apreldə, mayda şitilləri
sahələrə köçürürlər...
-Bəs deyirdin sahəyə
taxıl səpmisən, tütün bitib, Qasımov!? – Qeyzlə sədrə qışqırdım.
Deyəsən ox hədəfə dəymişdi.
Yerində donquldanan sədrin boğazı qurumuşdu. Adi bir diş həkimini bağlayacağını
zənn edirdi, amma yanılıbmış.
Təkcə bu kolxozda
deyil, rayonda və hətta respublikada tanınmış müəllim olan Həsən müəllim ayağa
durdu, pencəyinin yaxalıqlarını düzəltdi, sanki bununla mənə yaxasından asdığı
“SSRİ Xalq Müəllimi” döş nişanını göstərirmiş kimi döşünü qabağa verib adama
toxunan səslə:
-Əvvəla rayonumuza
xoş gəlmisiniz. İkincisi, bura da sizin ata yurdunuzdur, öz yerlimizsiniz.
Üçüncüsünə qalanda, bir rəvayət var. Deyir, bir vilayətdə bərk quraqlıq olur.
Əhalinin dəmyə taxıl zəmiləri yanıb tələf olur. Aclıq qapını kəsir. Yeməyə isə
bir parça çörək belə yoxdur. Körpə uşaqların acınnan zarıyan səslərini eşitməmək
üçün vilayətin başçısı qulaqlarını qapayır. Az miqdarda taxıl ehtiyatını əhaliyə
paylasa, növbəti ilə toxumluq olmayacaq... Bu kimi çalıq-balıq suallarla allaha
yalvarıb nicat istəyən vilayət hakimi səhəri dirigözlü açır. Amma arada bir
mürgülədiyi zaman gördüyü yuxu da yadına düşür. Bir ağ əbalı qoca yuxusuna
girmişdi. Qoca əlini sulu torpaqlara tuşlayıb demişdi:”O torpaqlarda boranı əkdir.
Anbardakı ehtiyat taxılını isə hər günə böl, payla camaata. Yazı, yayı pencərə
qatıb yesinlər, acından ölməsinlər...
Hakim “pənah allaha”
deyib, müdrik qocanın yuxuda ona dediyi kimi edir. Vilayətin əhalisi sulu
torpaqlarda yazlığa boranı əkir, hakimin anbardan verdiyi gündəlik taxılla
yazı, yayı ölmədiril çıxardır. Payıza dönəndə isə... Daha anbarda bir girvənkə
də buğda qalmamışdı...
Bir payız səhəri hakimin qulağına həyətdən sevinc-şadlıq səsləri
dəyəndə pəncərəyə yanaşır və görür ki, camaat sarayın qabağına yığışıb
oxuyub-oynayır. Hakim qorxur. Elə bilir ki, əhali havalanıb. Amma vəzir onu əndişədən
qurtarır: kənd əhli sulu torpaqlarda əkdikləri boranı-balqabaq sahəsindəki
boranıları, balqabaqları kəsərkən içindən qarğıdalı tökülüb. Vilayət əhlinin
bir ilinə çatacaq qədər qarğıdalı çıxıb boranı sahələrindən. “Qarğıdalı yaman
günün çörəyidir” deyimi o illərdən qalmadır... İndi ay yoldaş katib, gəl daşı ətəyindən
tök, tütün çörəkli sahədir... Bəlkə bu allahın möcüzəsidir elə? Tütün bitib,
bitib də, qoy bu il də tütün becərək, gələn il allah kərimdir...
Hirslə əlimi yellədim:
-Müəllim, bilirəm,
tütün gəlirli sahədir. Sizin kəndlərdə adamlar gumrah yaşayır, yaxşı ev-eşik
tikiblər, hər evdə maşın var... Bəs o xəstə uşaqlar? Bəs hər il uşaq salan zahı
qadınlar? Tütün pul gətirsə də, çoxunuz o pulu dava-dərmana verirsiniz... Bura
gələndə mənə məlumat verdilər ki, sənin oğlun on ildir ailə qurub, uşaq üzünə həsrətdir
gənc ailə... Bəs bu dərdi hara yazaq? Bilin, mif-dastan zamanı keçib, xalqa çörək
lazımdır. Rusiya, Ukrayna, Qazaxıstan daha taxıl göndərmir. Gedin, traktorlara
kotanları qoşun, tütünü çevirin gecəynən. Sabah özüm də gələcəyəm... Qonşu
kolxozların da traktorlarını, kotanqarışıq bura göndərəcəyəm.
***
Toxumluq taxıl
taylarının ağzını özümün iştirakımla bağladılar və möhürlədik. İki gün sonra səpin
başladı. On hektaracan sahənin səpini bitən kimi mən rayona qayıtdım. İkinci
katibi isə işin üstündə qoydum.
Bir həftə sonra
kolxoza təhkim olunan Aqropromun sədri alataş gəldi raykoma və qəbuluma girib
az qala ağlaya-ağlaya dedi:
-Yenə eyni şeydir...
Taxıl yerinə tütün çıxıb!...
Daha bu qədər
olmazdı! Ola bilməzdi! Kimsə mənimlə açıq-açığına iyəşirdi.
Göstəriş verdim ki,
həmin yerdə ekspertiza aparılsın.
Torpağa səpilən
toxumun ekspertizası dəhşət bir faktın üstünü açdı: taxıl səpilməyinə səpilmişdi,
amma qaynadılmış taxıl!..
Sonra o da məlum
oldu ki, həmin taxıl toxumunun üstündən tütün toxumu səpmişdilər...
Bu faktları üzə
çıxartmağa, sadəcə o torpaqda doğulmağım imkan vermədi. Bu adamı həbs etdirsəydim,
məsələ böyüyəcək, dilə-dişə düşəcəkdi. Qəzetlər yazacaqdı. O qoluyox sədr isə ən
azı mənim yerlim, bəlkə də bir soylum idi. İndi otuz min əhalisi olan
rayonumuzda yüz il əvvəl heç üç min adam yaşamayıb. Bəlkə də bu sədrin babsıyla
mənim babam əmiuşağı, yaxud xalauşağı imişlər...
Yadıma illər əvvəl
bizim rayonda baş vermiş başqa bir əhvalat da düşüd. “Əhməd əməliyyatı” adı ilə
məşhur olan o əhvalat daha dəhşətli imiş. Marif şöbəsinin baş mühasibi olan Əhməd
adlı kişi necə işləyirmişsə, ayın sonunda müəllimlərin maaşını verəndə, o
maaşın beşdə biri qədərində artıq pul qalırmış özünə. Tutaq ki, rayonda 500 müəllim
var, hərəsi 200 manat maaş alır, bu edir 100 min manat. Bu beşdə biri – 20 min
pul Əhmədə qalırmış, əlbəttə heç kimin maaşına toxunmurmuş, sadəcə bunu necə
edirmişsə, axırda hesab-kitab düz çıxırmış. Bu, təxminən on iləcən davam edir və
iş böyüyüb gedib Moskvaya çıxıb. Bir cuhud müfəttiş gəlib yoxlayıb Əhmədi və
axırda məsələni açıb. Gedəndə Əhmədə deyib ki, sən dahi adamsan, amma heyf ki,
bu dahi başı belə xırda məsələyə sərf eləmisən...
Əhmədi tuta bilməyiblər,
amma o cuhudun məruzəsindən sonra “kəşf”ini o vaxtkı Xalq Təsərrüfatı
İnstitutunun dərsliyinə salıblar “Əhməd əməliyyatı” adı ilə...
İndi mən o cuhud
kimi məsələni gedib yuxarılarda məruzə edimmi? Qorxuram ki, heç mənə
inanmasınlar. Bir də bu qoluyox elə-belə adam deyil ha! Həm Sosialis Əməyi Qəhrəmanıdır,
üstəlik qolunu torpaq yolunda qoyub – pambıqyığanın elavatoru qolunu dibindən
qırıbmış cavan vaxtlarında...
İndi siz deyin, mənim
bu adamla üz-üzə gəlməyim nə ilə nəticələnəcəkdi?
“Bir diş həkimi təsərrüfat adamına uduzdu” desələr, nə olasıdı ki?
Sərhəddin o üzündə
erməni top-tüfəng yığıb üstümüzə gəlir, bizsə toxumu qaynadıb sahəyə səpirik
ki...
O lətifədə nə təhər
deyirdi: “...Bizdən adam olmayacaq, e, olmayacaq...”
Səhəri istefa ərizəmi
yazıb poçtla Mərkəzi Komitəyə göndərdim. Onsuz da qarşıdan qarayel əsirdi.
Baltikyanı respublikalarda kommunistlər partbiletlərini Qorbaçovun ayağı altına
tökmüşdülər...
Hə, bizdən adam
olmağına olacaq, amma bir az gec olacaq... Toxumumuz xarabdır... Gərək saf
toxum tapaq... Qanımız dəyişməlidir...
O ki qaldı bu kişinin
ağzına diş əkməyə, bunun da implantasiyası mümkün olmayacaq. Nədən ki, diş əkməkçün
münbit yer – damaq lazım. Bu ağızda isə o yoxdur.
19.10.2019
Yorumlar
Yorum Gönder