TƏSDİQ VƏ İNKAR FEİLLƏR

                               

 

         

 

                                   AZAD QARADƏRƏLİ

 

 

                             TƏSDİQ VƏ İNKAR FEİLLƏR

                       

                                               Hekayə

 

                                              

                                                                                                           Ortalıqda qalanlar üçün

 

 

 

            Mən dədəm kimi çoban olmalıydım, amma bədbəxtlikdən müəllim oldum.

            Gərək xeyli qabağa gedim, yoxsa dərdimi çətin ki, sizə anlada biləm.

            Dədəm çoban idi. Ömrü boyu Ermənistanın Meğri rayonunun kəndlərində qoyun otardı, məzuniyyətə gələndən-gələnə özüynən 3-5 qoyun gətirdi, qapımızda əməlli başlı qoyun sürüsü oldu – 60-70 başacan qoyunumuz vardı. Günün yarısını mən, yarısını da qardaşım bu sürünü dağda-daşda otarır, axşam tərəfi də qapımız gətirib tökürdük. Taa dədəm xəstələnib Meğridən evimizə dönənəcən. Onda mən onuncuda oxuyurdum. Günortayacan birtəhər məktəbdə başımı girələyirdim, günortadan sonra sürümüzü qardaşımnan təhvil alırdım, o da gedirdi məktəbdə can çürütməyə. Hə, vallah! Məktəb deyildi ki, can çürütməkdi. Sinus belə gəldi, molekul belə getdi, maddənin kütləsi ordan gəldi, qrafik belə yüksəldi, Nuyton birinci qanununu belə kəşf elədi... Əşşi, cəhənnəm olsun hamısı! Nə Nyuton ə! Hamısı dəyməz qarakərə qoyunumun bir cüt mıncıq kimi quzusunun səsinə:

                - Məəəəəə!

                 -Caaaan!

            Dayım da zalım oğlu zalım yapışıb yaxamızdan, gündə yun çırpan kimi çırpır bizi ki, oxuyun! Nə oxuyun, ə! Qardaş, mən oxumuram, boooy...

            Vallah, nənəmin dərdi olmaya, getmərəm o xaraba məktəbə. Nənəm də ki, dayımın bir tayıdır. Qardaş, maşanı qapır, iki qardaş ikimizi də salır maşanın altın, çırp ki, çırpassan! Qardaşı məktəbdə, bu da evdə. “Oxuyun ki, dədəniz kimi eşşək olmayın!” Dədəm məhlim eşşəkdi? Yazığın gül kimi sənəti var – çobandı. Dədəm kimi çoban olmaq ən böyük arzumdu. Hardan, bu allahın bəlası nənəm qoysa, olaram. İki ayağını bir başmağa dirəyib ki, qardaşım kimi müəllim olassınız... Ay anam, ay bacım, mən o düsturları, o reaksiyaları, o sinus-kosinusları belə sevmirəm dana! Hə, hə, mən dananı sevirəm! Mən qoyunu sevirəm, mən keçini sevirəm... Nə olar, burax bizi, qoy çoban olaq dədəmiz kimi... Lap eşşək olaq, amma olaq. Özümüz istəyən kimi olaq...

            Bir dayımız da Naxçıvandadır. O da orada institutda camaatın uçaqlarını bezdirir ki, oxuyun, müəllim olun... Bude ha, sifariş eliyib ki, bacım Aynışana deyin, iyirmi qoyun satdırsın, pulunu yığsın, gəlib Davudu aparacam Naxçıvana...

            Kül mənim başıma... Əlim qoyunlarımızdan üzüləcək. Üüüüü-ühüüüüü... Getdi o şad-şalayın günlərim. Dədəmə də yalvardım ki, a kişi, qoyma məni aparsınlar, o da boynun qoydu çiyninin üstünə. Aynışannan cin dəmirdən qorxan kimi qorxur... Neynəsin? Bu arvad bir dəstə yalavdı, qardaş.

            Qardaşım bir sinif mənnən aşağı oxuyur. Mənim müsibətimi görüb yalvardı Bakıdakı dayımıza – bir dayımız da Bakıdadı, bolluqdu  dayı sarıdan – səkkizilliyin kağızıynan onu özüynən apardı işlədiyi peşə məktəbində oxumağa, canı qurtardı bu kosinusdan. Balıq qarmağa düşən kimi mən zibilə düşmüşəm, nənəm əl çəkən deyil. Mən elə əvvəldən zayam. Qardaşım mənnən kiçik olsa da fərasətliydi. Dədəmin bir paslı təklüləsi var, hərdən Aynışan (özüm acığnan adın deyirəm, o mənə zülm eləyib institita göndərə bilir, mən onu adıynan şağıra bilmirəm?!) ölü yerinə-zada gedəndə özümüznən götürüb heyvannarımızı otarmağa gedərdik. Onda qardaşım tüfəngi çiyninə forsnan salar, telini qaşının üstünə tökərdi. Mən də istəyəndə deyərdi ki, ağırdı, sənə qıymıram, çiynini yara eləyər... (Mənnən kiçik olsa da, güclüydü. Güləşəndə yıxırdı məni. Di gəl bir uşaq üstümə xoruzlananda burnunu qanadırdı. Ona görə onun sözü keçirdi aramızda.) Yalansa sənin... Bir dəfə dedi ki, sən get qabaqdan hay-küy sal, dovşan çıxıb mənə tərəf gəlsin, vurum, burda kabab bişirək...

            Getdim dərələri qatdım bir-birinə, ovçular sözü, sürgəlçi oldum, qovdum ovu gətirdim Məbudun üstünə. Bir dovşan qabağımnan çıxıb qaçdı ona tərəf. O da namxuda bircə dəfə gözünü qıydı, part, dovşan qalxıb göyə, düşdü yerə... Gəldik yanına, hələ çabalayır, canı var. Qağam bıçağını çəkib başını sivirdi. Mən gözlərimi yumdum ki, ağlamayım. O da mənə baxıb, dedi, ay qağa, sənin halına yanıram, bu ürəynən sənin axırın necə olacaq? Çox yuxa ürəksən e, bir az moşnu ol...

            Sohra dedim ki, ay Məbud, gəl bu dəfə də sən sürgəl elə, mən tüfəngi qapım, birin də mən vurum. Baxıb, baxıb, dedi ki, qağa, sən uspeyit eliyə bilməzzsən...

            Nəyi uepeyit eliyə bilmərəm, niyə uspeyit eliyə bilmərəm, day onu demədi...

 

                                               ***

 

            İyirmi qoyun satdılar, məni aparıb Naxçıvanda instituta qoydular, yıxdılar dədəmin evini. Ayrı yerdə yer olmadı, ÜTF-ə qoydular. Yəni, ümumi texniki fənlər... Pay atonnan! Ümumi haaa!..

            O beş ili allah düşmənimə də qismət eləməsin!.. (Özü də ay başınıza dönüm, başqa fakültələr dörd ildi, bizim bu ÜTF beş il. Yan, tökül.) Üzümün suyu tökülə-tökülə, hər semestrdə beşqoyun satıb, imtahanları verdik ailəlikcən. Və bir gün diplomumu alıb gəldim kəndə. Pəh! Baxaydın Aynışan nə yeriş yeriyir. Bir gün bir qoyun kəsib dayılarım başda olmaqla bütün məktəbimizin müəllimlərinə qonaqlıq verdi. Elə qonaqlığın şirin yerində dayım ded ki, Davudu göndəririk Qobuda təzə açılan məktəbə. Nənəm azaylandı ki, ay qağa, yazıqdı, nə olar, qoy yanınlzda işləsin. Dayım dedi, yox, burda dərs yoxdu, amma o təzə açılan məktəbdə əmək təlimi, fizika, rəsmxət, day canım sənə desin, müəllimi olmayan bütün fənlər onunkudu. Pulu da yaxşı olacaq.

            Səhərlər saat 6-da dururam, Aynışanın bişirdiyi bir yumurtanı yeyirəm, bir yumurtanı da iki çörəyin arasına qoyub cibimə dürtürəm, o paslı təklüləni də çiynimə salıram (qurd-quş olar birdən), düz Qobuya... Dərsim boldu. Fizika, əmək, rəsmxət və rus dili dərsləri mənimdi. Maaşım da pis deyil, ayda “bezdetni, padoxodnı” çıxılandan sonra, 190 manat alıram. Allah bərəkət versin. Bu bezdetni demişkən, Aynışan bir gün soruşub öyrənir ki, mənim maaşımnan ayda filan qədər bezdetni çıxırlar, kəsdi üstümü ki, evlənməlisən!..
            Ay dadi-bidad! Ə, ay anam, ay bacım, mən hələ uşağam, iyirmi iki yaşım var... Dədəm də dedi ki, ay arvad, gədənin beli bərkimiyib... “Nu ki, nu! Evlənəcəksən, vəssalam!”

            Haman Bakıdakı dayımın burda birinci arvadı var, evləniblər, bir qızları olub, sonra onu qoyub burda, gedib Bakıda ikinci kərə evlənib. Yoox e, burdakın boşuyub eləməyib, gələndə öz evi kimi gəlir o biri arvad-uşağını da gətirir evinə... Həə, iki otaqdı, birində bunlar qalır, birində də o birilər. Bu, əslində bizdə man deyil, neçə dənə ikiarvadlı var kəndimizdə. Bu da olsun o neçələrdən biri...

            Bax, o dayımın birinci arvaddan olan qızı var, adı da Mehnişandı. Adı nənəmə qafiyə olan kimi, özü də kopiyasıdı. Mən bununla necə başa gətirərəm? Dədəsi aparıb qoyub Bakıda medsestra texnikumunu qurtarıb, kəndin medpunkunda işləyir. Ən qorxulusu da odu ki, iynəsi də əlindədi, dillənsəm, soxacaq... Mən də uspeeit eliyə bilmirəm, Məbud demişkən...

            Uzun sözün qısası, toy oldu, Mehnişanı aldılar mənə. Amma vallah, billah, məni Mehnişana verdilər. Gələn kimi qayda qoyub: həyətdə ubornu tikəcəksən – canım çıxdı, yer qazdım, tikdim. Həyətdə əl-üzyuyan asılacaq göydən – elədim. Evin yanınnan bir ev də tikəcəksən – dədənlə nənən orda qalacaqlar – onu da elədim. Hər gün ütülü paltar geyinəcəksən, ətir, duxu vuracaqsan - ətirə qarşı allergiyam olsa da, onu da elədim. Və ən çətin iş – pul yığacaqsan, maşın alacaqsan – dedim, anam-bacım, mən bunu uspeeit eliyə bilmərəm! Dedi o nə deməkdi? Məbudun misalını çəkdim, dedim ki, mən maşın sürə bilmərəm. Dedi, kül sənin kişi başına, sən sürməzsən, özüm sürərəm!..

            Qısası, ay millət, üç ilə qoyun-quzunu mələdə-mələdə satdırdı, bir Moskviç-412 aldırdı mənə. Hər gün evimizlə medpunktun arasında olan üç yüz metr məsafəni maşnla gedir. Mən də beş kilometrlik yolu piyada gedib-gəlirəm... Bazar günü də oturur maşına, hərdən məni də alır yanına, düz rayona. “Nədi, hara gedirik?” “Cəhənnəmə gedirik! Belə marojna yeyib, qayıdacıyıx!..”

            ...Ədəbiyyat müəlliməmizi qaçırdıblar. Direktor ədəbiyyat, Azərvaycan dili dərslərini də mənə verib yarılığına... Ədəbiyyatı yenə şeyirnən-şüyürnən yola verirəm e, bu zəhrimar Azərbaycan dili də sinusa, kosinusa oxşayır. Başım heç götürmür bu dərsi. Bir dəfə “Təsdiq və inkar feillər”i keçirəm. Uşaqlara çalışma verib dərsi kitabdan bir dəfə oxudum, baş düşmədim. Qayıdıb bir dəfə də oxudum. “Feillər iki yerə bplünür: təsdiq və inkar. Təsdiq feillərə -ma, -mə şəkilçisi artırmaqla inkar feillər düzəlir. Məsələn, al, al-ma; gəl, gəl-mə...”

            Barmağımı dişlədim. Ay dadi-bidad. Bu təsdiqdi, bu da inkardı... bəs ortada qalan? Axı nə təsdiq, nə də inkar olanlar var? Məsələn, ortadakı mənəm. Mən həyatda heç nəyi təsdiq edə bilmədim ki. Məbud demişkən, heç nəyi uspeit eliyə bilmədim... Heç inkar eləməyə də heyim çatmadı. Yaxşı bəs mən nəyəm? Hıy? Məbud necə demişdi? “Uspeyit eliyə bilməzsən!”... Vay səni! Necə dəqiq deyib: uspeyit eliyə bilməyənəm mən!.. Nə təsdiq, nə inkar. İkisinin ortasında qalan, uspeyit eliyə bilməyən... Ortalıqda qalan...

 

                                                           ***

 

            Aynışan da ölüb, dədəm də. (Dədəmi qoyunlarımızın satdırılması öldürdü.  Aynışanı da Mehnişanın məni minməsi. Yana-yana deyirdi ki, o maşını minəndə elə bilirəm ki, Davudu minir.) Moskviçi satıb, JİQULİ, onu da satıb “Çeşka” almışıq. Mal-heyvanın dalınnan dəymişik. Mən yenə o uzaq kəndə piyada gedirəm. Mehnişan da uşağa görə pensiya alsa da, hələ də işləyir medpunktda. Qardaşım Məbud kəndimizdə villa tikdirib. Yaydan yaya gəlir, hər gələndə bir xarici maşınla. Qabaqda onun maşını, arxada da Mehnişanınkı, gedirik su üstünə - bulaq başına getməyə bizdə belə deyərlər. Hərdən qaynatam da gəlir, arvadlarıynan bizə qoşulur. Deyir ki, ay Davud, pensiyaya çıxsaydın, canın qurtarardı, yığışardın bu yollardan... Mehnişana baxıb qımışıram, ürəyimdə deyirəm:”Bu qoyar mən çıxam pensiyaya. Ölüncən işləyəcəm. Mən ona da uspeit eliyə bilmərəm...”

 

                                                                                                          May 2020


Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QARABAĞIN AĞCA BULUDU (İşğaldan azad olunmuş torpaqlardan qeydlər)