AĞLAMALI GÜN

                                         AZAD QARADƏRƏLİ

 

                                               AĞLAMALI GÜN

                       

                         (“Korona virus hekayələri” silsiləsindən)   

                                                    

 

                                             

           

                                                                                                      Billәm, çox uşaqsan, ürәyin toxdur,
                                                                                                       Lәhvü lәәb ilә hәvәsin çoxdur,
                                                                                                       Qocalıq әsәri könlündә yoxdur,
                                                                                                       Hәlә sonra әqlin kәsәr, ağlarsan!

                                                                                                                                                                                                                                                                                                     Molla Vəli Vidadi

                                                                                                                               (Məşhur deyişmədən)

 

 

 

 

            -Ay xoş gördük, xoş gördük... Necəsiniz?

            -Pis deyiləm... Siz necəsiniz?

            -Mən də babatam. Məllimə burun qanı kimi çay dəmləyib, mixəyli, zəncəfilli... Gəl, bir nərd ata-ata çaylıyax...

            Hər dəfə buna bənzər girişlə başlayardı balkon söhbətinə. Mən də etiraz edə bilmirdim.

             Biz bu binaya köçəndən onların ailəsi ilə çox yaxın olduq. Azalıb on il ola, bütün xeyir-şərdə, bayramlarda, ad günlərində get-gəlimiz olub həmişə. Çox vaxt da bu kişi qabaqlayıb məni... Amma bəzi məsələlərdə fərqliliklərimiz var və mən o fərqliliklərin qorunmasının tərəfdarıyam. Məsələn, ikimiz də elm adamıyıq, o bioloqdur, mən dilçiyəm. (Baxmayaraq ki, o, müdafiə edəndən sonra bizim rayonun evlər idarəsinə müdir keçib, mən ona yenə alim kimi baxıram, çünki elmə, alimə hörməti var.) O məni hərdən biologiyaya tərəf dartsa da, mən buna imkan vermirəm və üstüörtülü cavab verirəm ki, biologiyanın öz yeri var, diliçiliyin öz yeri... Yəni dartmaq deyəndə adam öz sahəsini sevdiyindən deyil, sadəcə bir qədər mühafizəkardır. (Bu bəlkə də, onun vəzifədə olmağından gəlir.) İstəyir ki, sən də onun kimi düşünəsən. Öz xarizmasını sənə qəbul etdirməyə çalışır. Biologiyanın, bionikanın üstünlüklərindən bəzən o qədər ifratla danışır ki, məcburən sözünü yarıda kəsib, havadan-sudan sual verirəm... Amma insafən, qanan adamdır. Xırp kəsir...

            İlk günlərdə bir az dartışmamız da oldu. Niyə? Deyim, bilin.

            Demək bu Leninqrad tipli bina evinin altıncı mərtəbəsində 132 nömrəli mənzildə bizik, sağdakında da  onlardır. Elə ilk dəfə balkona çıxanda qulağıma qəribə kişi səsi gəldi:

            -Məllimə... Zəhmət olmasa mənim çayımı təzələ...

            Dedim, yəqin zarafatcıl adamdır. Amma elə ki yaxınlaşma oldu, gördüm yox e, kişi arvadına eləcənə xappadan “müəllimə” deyir. Hətta iş o yerə çatdı ki, bir gün  gördüm bizimki mısmırığın sallayıb. Hıhı-hıhı, hıhı-hıhı... Bəlli oldu məsələ: “Bax, adam necə mədənidir!.. Arvadına “müəllimə” deyəndə beşi də ağzınnan tökülür... Sən də “Minayə, ay qız, harda qaldın?!”

            (Bizimki ibtidai sinif müəllimidir, onunku coğrafiyadan dərs keçir.)

            Gülümsünüb bizimkinin könlünü almağa çalışdım:”Əvvala, “müəllim” demir, “məllim” deyir, ikincisi də... ay qız, hərənin öz stili var, tərzi var,  yolu-yolağası var. Məsəl var, qoyunu qoyun ayağınnan, keçini keçi ayağınnan... İndi biz bu yaşımızda durub tərzimizimi dəyişəcəyik? Bir də mən sənə “müəllim” desəm, gülmək tutacaq, özümü yığışdıra bilmiyəcəm...

            Və bizim arvad şaqqanaq çəkib güldü, bununla da barışdıq. Yəni, mən elə yenə ona  “Minayə, ay qız, harda qaldın... a nənəmin gəlini... tez ol görək...” kimi kəlmələr deyirəm, onun da ürəyinə yağ kimi yayılır... Lap ciddi yerlərdə-filanda da “xanım” deyirəm...

            Hə, bir ayrı şey də vardı, bu artıq ərlə arvadın ikisinə aid məsələ olduğu üçün tam açıb-ağarda bilmərəm, ancaq ucundan-qulağından onu deyim ki, kişi arvadına bizim yanımızda söz-zad atırdı... Əlini uzadıb, “bir vur bura”, kimi sözlər deyirdi. Nədənsə “məllimə” də bundan xeyli xürrəm olurdu... Hətta bir dəfə yeyib-içəndə bunu ona eşitdirdim də. Kişi bir balaca tutulan təhər oldu, bir balaca tərlədi də... Amma səhər yenə o atmacanı atdı “məllimə”yə bizim yanımızda... (Mən axı dilçiyəm. Sözdən söz çıxardanam. Ləhcə, dialekt nədi, yaxşı bilirəm. Bioloq qonşumuzsa hər şeyi salır zarafata. Biz toyuğun dimdiyinə elə “dimdik” deyirik... Bunlar, qonşumuz Felmar müəllimgilin rayonlarında ayrı cür deyirlər. Bu da hər dəfə bu sözü şappıldadır. Və fərqində də deyil ki, bu sözü bizim yanımızda demək düz deyil. Onun dediyi, üzr istəyirəm, bizdə qadının cinsiyyət orqanına deyilən adlardan biridir... Bax, biri bu söz idi ki, tez-tez işlədirdi. Birini də daha heç cür burda ifadə edə bilməyəcəyəm... Fikirləşip özünüz taparsınız...)

            ...Soyuq noyabr axşamı olsa da, balkonda qurmuşdu çay dəsgahını. Nərd də yanında. “Məllimə”nin zoğal mürəbbəsiynən “burun qanı” çaydan qurtumlaya-qurtumlaya içir, zərimizi atırdıq. Birdən kişi zəri nərdin üstünə qoyub udqundu, xeyli hıqqanandan sonra dedi:

            -Ay Əlfi məllim, ayə, bilirsənmi nə oluf? İnanmıyassan!

            Hər dəfə məni təəccübləndirən bu qonşu yenə gül vurdu:

            -Beş gün qavax süd alıb məllimə... Qoyuf xaladennikə. Biz də getmişik kəndə. Yeni gəlmişik. Südü çıxartdı, çürümüf, ayə!.. Beş gündü e!.. Bı nətər olur, ə!? Biologiyanın möcüzələrinə baxırmısanmı?!

            Düzü, mən də heyrətləndim.  “Məllimə”nin də səsi gəldi mətbəxdən:

            -Hə, e ay qonşu, allahın möcüzəsidi... Süd iki gün qalsa, çürüyərdi... Əmbə indi beş gündü... Bişirdim, heç rəngi-rufu da dönmüyüf... Özü də satan demişdi ki, çiydi, tez pişirin...

            Zər əlimdə məni fikir apardı.

            ...Yetmişinci illərin başıydı. Onuncunu təzə bitirmişdim.  Sənədlərimi ali məktəbə hazırlamaq üçün rayon mərkəzinə getməliydim. Anam rəhmətlik iki ədəd üç  litrlik şüşə balona süd töküb  dedi: “Qulammirzənin bazarında Sona arvad var, sağdan birinci polka onunkudu. Hər vaxt orda olur. Sən onu görmüsən, tanıyırsan... Balonları ver, deynən Marifə verdi, oğluyam... Pulunu al, çıx get işıın dalıncan... Aldığıı  da sənəd-sünəd işinə xərclə, bilməm özüa bir şey al...”

            Baharlını keçəndə gördüm uşaqlar göl düzəldib çimişirlər. Mən də tərliyənəm axı. Şüşə balonları qoydum daşın dalına, soyunub atıldım suya. On dəqiqəyə çıxaram demişdim, bəlkə bir saat suda qaldım...

 

            Sona arvad balonları aldı, ağzındakı qapağı qaldırıb südü iylədi, geri qaytardı:

            -Ədə, bunnarı niyə zay eləmisən? Çürüyüb ki?..

            And-aman elədim ki, təzədi, səhər südüdü. Arvad acıqlandı mənə:

            -Sənin anan düz adamdı, bilirəm. Sən südü yolda günə vermisən, ya nədi bilmirəm, çürüyüb...

            Balonları qoydum bazardakı kəndçimizin yanına, getdim rayonda işimi gördüm, amma pulum az olduğundan bəzi sənədləri düzəldə bilmədim. Axşam üstü bazardan gəlib balonları içi çürümüş süd qarışıq əlimə alıb düzəldim yola...

            Anam dolu balonları görəndə gözündən yaş çırtladı:

            -Ədə, a nənən ölsün, çüdün peşəsi çürüməydi, day qollarıı niyə qırıb bunnarı ordan bura sürütdəmisən? Boşaldaydaın bir arxa, boş balonları götürüb gəleydin...

            Amma sonra anam o çürümüş süddən bir gözəl kökələr bişirdi ki!..

            ...-Ay professor, nə fikrə getmisən? Ə kişi at görək zəri!.. – Qonşu qışqırır... Mən fəlsəfə doktoruyam, amma kişi professor deyib durub.

            Bir ay keçməmiş, bəd xəbər özünü yetirdi. Bəs, Çində korona virus yayılıb...

            Düz martın əvvəllərinəcən biz bunu küçümsədik. Mən heç də, mən dlçiyəm, bu bioloq qonşum iki ayağını bir başmağa dirədi ki, boş şeydir, Kitaynan Amerikanın hoqqasıdır.  Soyuq müharibənin bir formasıdır. Yüz-yüz vur, vecinə də alma...

            Bərkidəndə də deyirdi:”Bax, tanıdığın, bildiyin kimsə bu xəstəliə yoluxdu?.. Yox. Əgər doğru olsa, yoluxarlar, görərik... Səhər baş nazir tutsa, təəccüblənmə... Siyasətdir...”

            Mən, əlməttə, belə düşünmürdüm. Əvvala, bu boyda zarafat olmazdı, dünyanın bütün zavod-fabrikləri bağlanıb, ali-orta məktəblər işləmir. Pandemiya dünyanın bu başından vurub o başından çıxır. Ən çox da sir-sifətdən və xasiyyətdən bizə oxşayan italyanlara acıyırdım. Sevdiyim aktyor və müğənni Çelatanonun, azarkeşi olduğum Maldininin və sevdiyim yazıçı Dantenin vətəni qan ağlayırdı...

            Biz, arvadla qaydalara əməl eləməyə çalışırıq. Yaşımız risk qrupundadır, bir, ikincisi də bəla ilə necə zarafat eləmək olar axı?.. Amma bu qonşu son vaxtlaracan qapını döyüb gəlirdi bizə. Necə edim? Qapıdanmı qovum? Neçə illərdir çörək kəsmişik... Evdə bir problemimiz olsa, əl yetirib. Müdir adamdır, bir zənglə hər şeyi həll edə bilir... Şit zarafatları olmasa, ziyansız adamdır... Arvadı da mədəni xanımdır insafən... Bizimki ilə də tutur söhbətləri. İndi o atmacaları... Daha öyrəşmişik onlara da...

            Axırı arvada işarə elədim ki, bunun “məllimə”sini başa sal, kişini yığışdırsın...

            Olar bir aydır ayağı kəsilib bizdən... Onun dərdindən balkona da çıxa bilmirəm. Qorxuram yenə ilişəcək ki, bəs  “burun qanı kimi çay dəmləmişəm”...

            ...-Felmar müəllimgil koronaya yoluxublar!

            Arvadın gətirdiyi xəbərdən şok keçirdim. Hesabladım ki, görüm axırıncı dəfə o bizə nə vaxt gəlmişdi?.. Bizim “müəllimə”nin ad günü idi. Felmar “məllimə”sini də qoltuğuna vurub, bir ağ şərab, bir də bir qutu şokaladla heç kim heç kimin qapısını açmayan zamanda qapımızı açmışdı. Biz də açıqca demişdik ki, ad günü keçirtmirik. Qorxuruq virusdan... Heç qorxudan çiçək də almamışdım. Uşaqlarımıza da dedişik ki, gəlməyin... Amma qonşular üzlərinə salıb oturmuşdular. Əlacsız qalan bizm arvad gündəlik bişirdiyi badımcan xörəyini, bir də soyuducudan yarım soyutma toyuğu qoymuşdu stola... O gün o ağ şərabı içənəcən mən gedib o dünyanı görüb qayıtmışdım. Niyə? Ondan ki, bioloq qonşu  tez-tez əlini sabunla yumağın da tərəfdarı deyildi – indiki sabunlar ximikatdı deyirdi, ziyandı başdan-ayağa.  Spirtin isə dərinin erroziyasına səbəb olacağını elə danışırdı ki... Yəni, uzan korona virusun qabağına, yesin səni... Arvadın ad günündən bu yana  düz iyirmi doqquz gün edirdi.  Aprelin  iyirmi altısıdır bu gün... Təxminən, bir ay. Bu hesabla, gərək biz də yoluxaydıq allah eləməmişkən... Belə çıxır ki, kişi təzəlikcə hardansa tutub gətirib virusu...

            Bu biri kəllədəki qonşu bizim arvada deyib ki, nə oldu e, bunu ancaq vəzifədə olanlar tutur? Yuxarıdan deyiblər ki, özünü vur xəstəliyə, de ki, korona virusa yoluxmuşam. Bu da eliyib... Yaxşı da pul verirlər e, deyilənə görə. Ode ha, bax bir məşhur aktyor vardı e, o KVN-şiklərdəndi, bax o da tutub... Hələ bir cavan şair? Nə oldu tay?! Bax ode ha, hər gün “xlor-xlor” deyən var e, bax, o niyə tutmur, hay?!.

            Adamın əli üzündə qalır vallah. Belə çıxır ki, sonuncu adam da tutmayanacan, adamlar buna inanmayacaqlar...

            Yazığın arvadı balkondan bizimkinə deyib ki, kişi boğulur, qışqırır, havası çatmır. Xəstəxanaya da aparmırlar ki, yer yoxdur. Gündə neçə dəfə skoru çağırmaq olar? Cibimizdə pul da qalmadı... On iki gündü belədi... Başımıza haranın daşın salaq?..

            Nə edəsən? Nə gedib baş çəkmək olur, nə bir toxtaqlıq vermək mümkündür... Gör neçə ildir çörək kəsirik... Belə şey olar?.. Əlacsız halda telefonu götürüb zəng edirəm və qəhərli səslə deyirəm:

            -Allo... Müəllimə... Mənəm e, qonşudur... Vallah bilmirəm nə deyim? Məni başa düşərsiz də... Neynim, nə gələ bilirik... İndi Felmar müəllimin... Necə, danışmaq istəyir? Doğrudan? Nə yaxşı!.. Verin, verin... Allo... Felmar müəllim... Mən... – Kənddə qonşumuz vardı, İmamyar kişi, su dəyirmanı işlədərdi. Ağzından söz çıxmamış, sinəsinin xışıltısı eşidilərdi. Anam deyirdi ki, dəyirmanın unluğunda un tutub sinəsini... İndi İmamyarın sinəsinin xışıltısına oxşar bir səs gəldi... Sonra şiddətli öskürək... Nəhayət onun həmişəki kimi şux və zarafatcıl səsinin yerinə zarıltısı. –Iıııııı... Öhhhhhööööö... Ay qonşu... Bax, bizə gəlmə.... Bir xahişim var: məlliməyə də demişəm, qapını açmasın... bizm gədə gəlmək istəyir, xahiş edirəm.... Mən eşşəklik... – Öskürək tutdu, dalısını gətirə bilmədi... Onsuz da başa düşdüm: istəmir oğlu gəlsin... Bir də özünü qınayır.

            Dərdə bax. Oğul atanın belə ağır günündə yanına gələ bilmir.

            Səhəri bizim bloku polislər nəzarətə götürdülər. Ardınca bütün binanı test elədilər. Felmar müəllimlə “məllimə”sindən başqa hamıda neqativ çıxdı...

            Üç gün sonra Felmar müəllim öldü. Polislər, evlər idarəsinin əməkdaşları gəlib qara sellofana bükdülər, apardılar basdırmağa...

            Meyid qapıdan çıxanda “məllimə”sinin fəryadı eşidildi:

            -Ay Felmar heyyyy!.. Bəs məni qoyub hara gedirsən...

            Gəlib bizim arvadı qucaqlayıb ağladım. O da ağladı.

            Ağlamalı günə qaldıq...

 

                                                                                              14.06.2020


Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ