“BİZ AYRI YERDƏ ÖVC ELƏMİRİK...”

                                   AZAD QARADƏRƏLİ

 

 

                           “BİZ AYRI YERDƏ ÖVC ELƏMİRİK...”

                                         

                              (“Müharibə uşaqları” silsiləsindən)

 

                

                               hekayə

           

         Adamlar  için-için evlərinin qiymətli əşyalarını çıxardıb qonşu rayonlardakı qohumlarının, yaxınlarının yanında - daha güvənli yerdə saxlayırdılar.  Ki, işdir-şayəd, Şuşanı tərk edəsi olsalar, deşdə qalmasınlar. Şuşalılar bağlı şəhərdə, qala içində yaşamağa adət etdiklərindən  üstü açıq, müdafiəsiz  yerdə  qala bilmirdilər. Amma qorxu öz işini görmüşdü...

            Şəhərdə çox az ailə vardı ki, heç nəyinə əl vurmamışdı. Coşqungilin ailəsi də belələrindəndi. Ona görə yox ki, onların nəqliyyatı yoxdu. Ona görə ki, atası bircə dəfə demişdi: “Mən Şuşanın adamıyam.  Ayrı yerdə övc eliyə bilmərəm. Bir də axı burdan etibarlı yer hanı? Bura qaladı. Neçə illərdir bizi bu daşlar, qayalar qorumadımı? Burdan çıxsam, ölləm.”

            Elə buna görə də Sadıq kişi sürdüyü “Belarus” markalı traktorunu da, ona qoşqulu lafetini də qoymuşdu həyətin bir küncündə. Gəlib köçünü aparmağa xahiş edənlərə də bir söz demişdi:”Mənnən gözünüzü yığın,  aparsam, elə özümünkünü apararam.”

            Coşqun hər səhər məhləyə çıxanda  Şuşada qalmış az-maz yaşıdlarına, nənəsi demiş, qazı-qazı  şeşəllənərdi:

            -Biz evimizdən bir çöp də çıxartmamışıq. Biz buranın adamıyıq. Başqa yerdə övc eləyə bilmərik.

            Uşaqlar da maraqla soruşardılar ki, bu “övc eləmək” nə deməkdi. O da əlini belinə verib “Xarı bülbül” haqda eşitdiyi əfsanəni danışardı:

            -İbrahim xanın qızı Ağabəyimi  İran şahı  alıb İrana aparır. Tehranda onnan soruşur ki, mənnən nə istəyirsən? Ağabəyim Ağa belə bir bayatı deyir:

           

            Əzizinəm, Qarabağ,

            Şəki, Şirvan, Qarabağ.

            Tehran cənnətə dönsə,          

            Yaddan çıxmaz Qarabağ.

           

Ağabəyim Ağa xahiş eliyir ki,  Tehranda bir bağ salsın, orada Qarabağda bitən ağaclardan, güllərdən, çiçəklərdən saldırsın. Belə də edirlər. Amma hər gül-çiçək bitsə də, Şuşadan aparılan Xarı bülübl  bitmir... Bax, biz də xarı bülbül kimiyik. Ayrı yerdə övc eləmirik. Yanı ki, bitə bilmirik...

...Şuşada çox az adam qalmışdı. Varı ancaq quruca canı olan kasıb ailələri, əlsiz-ayaqsız adamlar. Bir də  Şuşa türməsindəki dustaqlar.

  Sadıq kişi dərdləşmək üçün dəllək dostunun yanına getmişdi. Gördü  bərbərxana bağlıdır. Elə bu vaxt şəhər  qaya başından qrad və alazan mərmiləri ilə atəşə tutuldu. Alazanın biri ulaya-ulaya gəlib düz onun evi səmtə düşdü.  Özünə ip atdırmaq istəməsə də,  istər-istəməz ayaq götürdü, vahiməli səs çıxardan alazanın mərmisinin iydəlikdə böyük çuxur açdığını görüb toxdadı.

Kişi şəhərdə dayanmağın get-gedə təhlükəli olduğunu anlayıb əlacsız halda evə gəldi. Dimdikli  şapkasını çıxardıb buğ qalxan başına girişdə asdığı əlüzyuyandan  tək əlinin ovcuyla su alıb tökdü,  birini də üzünə çırpıb sakitləşmək istədi.  Amma həyacanı keçmədi ki, artdı. Barmaqları titrədi,  ağarmış sifətnin damarları şişib üzə çıxdı,  qırpov adamlar kimi kipriklərini tez-tez  qırpdı, qırpdı...  Handan-hana başını qaldırıb arvada bunu deyə bildi:

-Yığışın...

Bu vaxt Coşqun onun qabağına yeriyib qəhərli-qəhərli dedi:

-Dədə, uşaqlarla türmə tərəfə getmişdik. Türmənin işçiləri maşınlara minib qaçdılar. Türmədəkilər qaldılar içəridə, qapılar da bağlı...

 Kişi  bir müddət yerə baxa-baxa  nəsə düşündü,  həyətin küncündəki dəmir lingi əlinə alıb  türmə səmtə endi və üzünü göyə tutub  yalvardı: “Ay allah, keç günahımnan. Mən savadsız adamam... Amma onu bilirəm ki, bu türmədəkilər hökümətin də, xalqın da, elə sənin də yanında günah işləmiş adamlardı. Mən oxumamışam, ağlım burdan o yananı kəsmir. Amma bilirəm ki, ermənilər şəhərə girsə, bu bədbəxtləri güllələyəcəklər. Elə buna görə də mən keşikçiləri  qaçmış bu türmədəki adamları buraxıram. Əgər günah eləyirəmsə, keç günahımnan.”

 O  ağır dəmir lingi qapının iri qıfılına salıb onu qırdı və elə ilk qarşısına çıxan dustaqlara dedi:

-Şəhər boşalıb. Mənim vaxtım azdır. Ailəmi çıxartmalıyam. Alın bu lomu, o biri qapıları da  özünüz  qırın...

Evə çatanda arvadı şələ-şüləni hazırlamışdı. Nələri vardı ki? 3-4 dəst yorğan-döşək, köhnə xalça-palaz, qab-qaşıq... Coşqun anasıyla lafetdə, dörd yaşlı bacısı isə atasıyla traktorun kabinəsində oturdular – qız qorxudan atasına qısılmış, ondan ayrılmaq istəməmişdi.

Lafet qoşulmuş  “Belarus”  traktor Şuşanı tərk edib Laçın yoluna çıxanda Sadıq kişini qəhər boğdu. Geri baxıb traktorun səsində əriyən yanıqlı bir avazla bayatı çağırdı... “Əzizinəm eyyyyyyyy bu dağaaaaaaa...” Dalısını gətirə bilmədi. Traktoru yola çökmüş qalın dumanın içinə sürdü.

Bir az getmişdilər ki, arxalarıncan sürünən dumanın birdən-birə yox olması kişinin onsuz da qara olan qanını bir az da qaraltdı. Acı-acı güldü içində: “Əri döymüş arvadı it də tutdu bir yannan.  Qaladan çıxdıq ki, dumanda gizlənək... Onu da... Gəlinin başınnan ləçəyin götürən kimi dumanı üstümüzdən  çəkib apardılar...”

Qalalıları içəridə qala, çöldə duman qoruyub həmişə. İndi ikisi də yoxdu.  “Elə bil Şuşa dumanını çəkməklə bizi qarğıyır. Gavurlar traktoru  topa tutmasa yaxşıdı...”

... Traktor  açıqlığa çıxanda kişi sürəti artırdı. Burdan hər tərəf əl içi kimi görsənirdi. Amma elə döngəni burulmaq istəyirdilər ki, top mərmisi  lafetin düz  içinə düşdü. Balaca Coşqun bir quş kimi göydə süzüb yarğana çırpıldı. Ağzından qan açıldı və qanla birgə güclə başa düşülən bu sözlər də çıxdı:

- Nənə vay!!!...

 

                                              ***

 “Nənəm lafetdəcə keçinmişdi, Coşqunun isə  tikəsi də ələ gəlmədi. Parça-parça olub yarğanlara səpələnmişdi... Dədəmlə mən  “Belarus”daca sağ-salamat gəlib Bakıya çıxdıq. İki il sonra dədəm evləndi. Analığım Gülnazın qardaşı  böyük vəzifədədi, Şuşa nədi, Bakıynan bir hörməti var. Biz onun Patamdartdakı villasında qalırıq. Özü də dəəsən, villa dədəmin adınadı. Yani ki, qaşqınındı dayna... Bir belə dəm-dəsgahın su pulusu, qaz pulusu, işıx pulusu-zadı, hamısı,  hamısı pulsuzdu  bizə görə... Hərdən  bədbaxt  qardaşım Coğquna yazığım gəlir... Bəs deyirdi ki, biz ayrı yerdə övc eliyə bilmərik? Hanı? Dədəmin Gülnazdan düz dörd uşağı oldu. Elə mən də beş ildi ərə getmişəm, bude Gülnazın qardaşının təzə villasına köçmüşük, doğub tökmüşəm buralarnan birdi: iki dəfəyə dördün gətimişəm! İki oğlan,  iki qız... Cüt-cüt... Ərim də “a”ynan  “t”ıyı qanmır, amma yaxşı vəzifədədi, mühafizədə! Allah bərəkət versin... Vallah, yuxu kimi yadıma gəlir Şuşa, itin kökündə yaşıyırdıq... Dədəm də arıx-tırıx kişiydi, acınnan günorta dururdu... İndi namxuda,  göbək sallayıb... Dədəmin bir sözünə  şəkk eləmirəm: biz şuşalılar üstüaçıq yerdə qala bilmərik. Hökmən gərək ətrafımız qala kimi olsun. Bude, bax, bu villa özü bir  qaladı. Çöldən beş adam üst-üstə çıxsa, bizim həyəti görəmməz... Amma Şuşanı verseydilər, yaxşı olardı... Adam yaydan-yaya gedib bir az təmiz hava udardı... Bakı çox tünnükdü e...”

Tanıdınız yəqin? Coşqunun bacısıydı danışan. Təzə bir televiziya açılıb, internet televiziyası. Ona müsahibə vermişdi bu yaxınlarda.

 

                                                                    25 iyul 2014

 

                                             (“Müharibə uşaqları” kitabından)

                  


Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QARABAĞIN AĞCA BULUDU (İşğaldan azad olunmuş torpaqlardan qeydlər)