ƏLİ KƏRİM ƏSARƏTİ

 

                          AZAD QARADƏRƏLİ

                        ƏLİ  KƏRİM  ƏSARƏTİ

 

                (Altay Məmmədovun “Tanıdığım Əli Kərim” kitabına ön söz)



 

            Əli  Kərim... Bu ad neçə illərdir ki, Azərbaycan poeziyasında bir əfsanə kimi dolaşmaqdadır.

            O, bu dünyadan nakam köçəndə bir çoxları “əlinə xına qoyub” ki, nəhayət, şeirimiz Əli Kərimin əsarətindən  qurtuldu. Amma anlamadılar ki, əslində  “əsarət”  onun ölümündən sonra başlayırdı.

            (Danışırdılar ki, Əlinin böyük istedadı və tükənməz yazmaq enerjisi onun yarımçıq istedadlı  yaşdaşlarını elə qorxuya salıb ki, bu nadir istedad sahibini  məhv etmək üçün hər şeylərindən keçməyə hazır olublar. Və əlacı yalnız içkidə görüblər. Bu zəhrimarsa şairin ən zəif yeriydi. Dostu Sabir Əhmədli deyirdi ki, Əlini elə istedadsız adamlarla məclis quran görürdün ki, ayağının altdan yer qaçardı. Başqa vaxtda belələrindən gen gəzən şairi məhz “belələri” içki ilə məhv etdilər.)

            Vəfatına qədər  cəmi dörd kitabı  çıxsa da ( biri Moskvada «Два влюбленных» - 1958 , üçü Bakıda - «İki sevgi» - 1960, «Həmişə səfərdə» - 1963, «Qızıl qanad» -1965),  vəfatından sonra Əli Kərim ən çox çap olunan şair oldu.

            Azərbaycan ədəbiyyatında  Nizami zirvəsi, Füzuli zirvəsi, Sabir zirvəsi olduğu kimi, bir Əli Kərim zirvəsi də var. Dünyanın qabaqcıl poeziya ənənələrini Azərbaycanın klassik poeziyasıyla birləşdirən şair, yeni bir ədəbi məktəbin əsasını qoymuşdu zatən. Ölümündən 46 il keçsə də, o məktəb yaşayır və hər il sıralarına yeni-yeni adlar əlavə olunur.

            Əli Kərim şeiri novator şeir idi. Şeir şəhidi Nəsiminin, eşq müdriki Füzulinin, söz arifi Sabirin misralarından maya tutan bu yeni şeir Mayakovskinin, Lorkanın, Nerudanın, Nazim Hikmətin yaradıcılığından bəhrələnsə də, son dərəcə özgür, son dərəcə yeni idi.

            “Zülməti korlar da görür” deyən şair, özünün  başa düşülməməsindən tədirgin idi:

 

                       Heç kim məni başa düşməz,

                       Bəlkə də aydınlığımdandır.

 

            Əli Kərim üçün mövzu qıtlığı olmayıb. O ənənəvi mövzularda da şedevr yarada bilib:  (“Atamın xatirəsi”, “Qaytar ana borcunu”). Hətta haçansa xalqımızın döyüşdən keçəcəyini belə görüb sanki: (“Babəkin qolları”). Və poeziyamızda ayrıca “məhəbbət şairi” adlanan yazarlara da bir neçə sevgi şeiri ilə əsl dərs keçib Əli Kərim: (“İki sevgi”, “Qayıt”, “Nə xoşbəxt imişəm bir zaman allah”). “Gül və çörək” şeiri isə savaş dövründə sevginin nadir gücündən bəhs edən əvəzsiz poeziya nümunəsidir.

            Bəli, Əli Kərim əsarəti davam edir. Hələ də onun qoltuğundan çıxa bilməyən Azərbaycan poeziyası bu böyük sənətkara möhtacdır.

            Sonda oxuculara xoş bir xəbər: bu günlərdə XAN nəşriyyatında şairin qələm dostu Altay Məmmədovun “Tanıdığım Əli Kərim” kitabı  çapdan çıxacaq. Əsər  memuar ədəbiyyatı seriyasından buraxılan və ədəbiyyatımızın həmişəcavan şairi Əli Kərimə həsr olunan bir dostunun xatirələrindən ibarətdir.

                                                                                                  2015         

                                                                                                                                    
                                                                                ("Renessans hısrıti", 2-ci kitab) 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ