ONLAYN TOY
AZAD QARADƏRƏLİ
ONLAYN TOY
hekayə
Dəvətnamələr
əldə qaldı. Düz iki yüz altmış beş adama yazılmışdı. Otuz nəfərə qədər isə
yaxın qohum, tanış-biliş idi ki, onlara da telefonla deyiləsiydi. Amma olmadı.
Elə
“hı” eləməyə başlamışdılar, xəbər çıxıd ki, bəs nə bilmisən, rəsmi qadağa
olmasa da, adamlar korona virusa yoluxmaqdan qorxub ya toya getmir, ya da eləcə
pul göndərirlər. “Ode, üç gün qabaq iş yoldaşım Xeyrullanın qızının toyunda
biyabırçılıq oldu. İki yüz əlli adam yazmışdı, yüz nəfər gəldi toya... Filan qədər
ziyana düşdü yazıq. Gedib bankdan kredit götürdü, toyun borcunu bağladı...” –
bunu bəyin dayısı Fərəməz demişdi. O Fərəməz ki, toy üçün ən çox can yandıran
idi. Bəyə qızı da o tapmışdı. “İndi halal süd əmmiş qız tapmaq çətindi,
bacoğlu! Sən Rusetdə papağı günə verəndə biz burda ar-namus saxlamışıq.
Qoymarıq ki, gedib it qıçın qaldırıb üstünə işəməyənin birinin qızını alıb gətirəsən.
Həm bacımın, həm yeznəmin, həm də elə sənin özüyün gününü qara eləsin...
Nəysə,
uzağa getməmişdilər. Elə qonşu kəndlərindən (hər iki ailə bir vaxtlar rayonda
yaşayırdı) Xəlilin ingilis dili müəllimi olan qızını gözaltı eəyən anası
qardaşının sözünü tutmuş, oğlunun ağzını arayandan sonra Altıncı mikrorayonda
yaşayan ailəyə “qonaq” sifətiynən getmiş, oğlunun Rusiyadan yaxşı pal-paltar gətirdiyini,
istəsələr onlara da göstərə biləcəyini demişdi. Məşhur arşınmalçı məsələsi
kimi...
Sonra
qızı bacısıyla maşınlarında paltara baxmaq adıynan çölə çıxartmış, elə orada
eşitdirmişdi ki, bəs paltar-zad nə gəzir, səni oğluma istəyirəm, anana da
eşitdirdim, bu da şəkli. Bax, könlün olsa, xəbər yolluyun, sizi tanış eliyək - əgər
istədiyin yoxsa...
Elə
o görüşdən sonra oğlanla qız əvvəl telefonla, sonra da üzbəüz görüşmüş, tanış
olmuş, bir-birinə ilgi duymuş, bir ayın içərisində elçilik, nişan, xınayaxdı
etmiş, toyun gününü danışmış, şadlıq evinin behi verilmiş, oğlanla qız nigaha
girmiş, qızın ata-anası oğlanın yeni təmirdən çıxmış evinin içini mebellə,
soyuducu, paltaryuyan, qabyuyanla-zadla doldurmuş və toyun dəvətnamələri
paylanmada ikən...
Əvvəl
Çin, sonra İran, daha sonra heç kimin gözləmədiyi halda İtaliya korona virusa təslim
olmuş, Türkiyə və Azərbaycanda da ilk yoluxmalar qeydə alınmış, hətta ölənlər
olduğu dövlət səviyyəsində bildirilmişdi... Və karantin rejimi elan olunmuşdu.
Beləcə,
toy naməlum vaxtacan təxirə salınmışdı...
Səttarın
Rusiyada dükanları qalmışdı ağzıgünə. Satıcıları, hələlik işini görsə də, orada
da tezliklə karantin elan olunacağı gözlənilirdi. Bəs nə etməli? Bir aylığa gəlmişdi,
amma artıq aprelin onudur, belə getsə, hələ bir ay da avara qalacaq.
Bütün
ailə evə qapanmışdı. Atası, anası, qardaşı da, qardaşının ailəsi də dörd otaqlı
bina evində dustaq kimi qalmışdılar. Küçələr boş, mağazalar, restoranlar bağlı,
küçəyə ancaq SMS-lə icazə alıb çıxa bilərdin. Yenə həyət evi olsa, təhri var,
on dördüncü mərtəbədə neyniyəsən?
Hələ
bəy ola bilməyən yazıq təzə bəy də qalmışdı təzə evi ilə ata evinin arasında.
Qız evi də onlar kimi. Əli bağlı qalmışdılar. Hər gün qızla mesajlaşır,
bəzən görüntülü danışırlar da. Amma nə qədər olar axı?!. Bezmişdi tamam. Nəsə
yeni bir şey etmək lazım idi. Amma nə?
Yengibar
bir az da fikirləşəndən sonra SMS-lə icazə alıb atasına dedi:
-Mən
babagilin yanına gedirəm.
Ata
əvvəl etiraz eləmək istədi. Amma onsuz da hər gün bir adamın qocalara baş çəkdiyini
yadına salıb dinmədi. Sonra arvadını da çağırdı. Ağızlarına tibbi ağızlıq , əllərinə
tibbi əlcək geyib birlikdə maşına mindilər,
Nəsimi bazarı tərəfdə qalan atasıgilə yollandılar. Boş küçələrdən keçəndə
bir-iki yerdə polislər saxlayıb, yoxladı və buraxdı.
Nəhayət,
bazarın yanındakı Travmatologiya xəstəxanasının sağında yerləşən köhnə ikimərtəbəli
evlərə çatdılar. Ata – Rza kişi qabaqda, ana Sərəngül ardınca, onun da ardınca
oğlanları Yengibar binaya girdilər.
Gələnləri
qapıda Əli baba özü qarşıladı. Əlindəki spirt qabını ovuclarına sıxıb “keçin”
içəri dedi. Gülsəfa arvad o biri otaqdan çıxıb ağladı, övladlarına uzaqdan
qollarını açıb qucaqlayırmış kimi hərəkət etdi:
-A
bala, nə xərəb zamana düşdük... Səysəni keçmişəm, hələ belə şey görməmişəm...
Keçin, oturun... Nənən ölsün, ay Yengi, sənin də xeyir işinə pəl vurdu bu bəduğur
azar...
Qoca
qarısına təpindi:
-Ay
arvad, səhər-səhər bəd ağzını açma görək... Qar yağıb ayaq üşütməyə... Tək bizim başımızda görünməyib ha... Oturun
görək...
O
yandan-bu yandan danışdılar, axırda qoca gəldi mətləb üstünə.
-Siz
gəlməseydıız, özüm zəng elyəcəydim ki, icazə alın, bir yerdə bizə gəlin...
Qızın atasıynan da danışmışam... Belə baxıram, bu xəmir hələ çox su
aparacax... Bilirsıız, Almaniyayla
müharibədən sonra bərk ajdığ oldu. Un qızıl qiymətinəydi. Böyük qardaşlarım
müharibədən qayıtmadılar. Dədəm məni on doqquz yaşımda evləndirdi. Onda toyu hər
adam eliyə bilmirdi ki. Bir keçi kəsdi kişi. Bir meşok da un tapmışdı hardansa.
Təndirdə çörək bişirib o keçinin ətinnən bişən şorbaynan süfrə açdılar.
Qonşumuz Əfrayılın da qarmonu vardı. Qarmonda hava çaldı, gedib bu arvadın
qolunnan tutub gəlin gətirdilər... İndi sözümün canı bilirsiniz nədi? Hər
zamanın bir hökmü var. Oturub gözləyək ki, bu azar nə vaxt bitəcək? Axmaqlıq
olar. Toy-zad da çətin məsələdi... Nə eliyək bəs? Qudanı da razı salmışam.
Hökümətdən icazə alın, gedin qıza gəlinlik paltarı geyindirin, gətirin təzə evlərinə.
İndi nə var ki, allaha şükür, hərədə bir göstərən telefon var, qoşulun
telefonnan, hərə öz evinnən çalıb-çağırsın, oynayıb gülsün... Həm toy olsun, həm
cavanlar kamına çatsın. Həm də eyniniz açılsın...
-Dədə,
axı mən əhd eləmişdim... – Oğul ah çəkib qəhərləndi.
Kişi
oğluna ərkl təpindi:
-Kiri,
ə! Sənin əhdinə bir söz deyən var?! Bu virusdu, nədi, çəkilib gedən kimi yenə
toyunu elə... Amma uşaxları murazına çatdıraq indilikdə... De görüm, həkim
kağızları var?
Ata
oğluna baxdı. O da başı ilə “hə” işarəsi verdi. Baba təsbehini fırladıb
laqqıldayan taxma dişlərini sıxıb ağzını marçıldatdı:
-Tembole!
Zaqs var, həkim kağızı var, day bunlar ər-arvaddılar də! – Qoca üzünü nəvəsinə
tutdu:
-Ə, bala, Yengi, sən nə deyirsən?
Yengibarın
gözü gülürdü. Amma özünü o yerə qoymadı:
-Baba,
sən olan yerdə mən kiməm ki...
Qoca
başını buladı. Gəlinin gətirdiyi zəncəfilli-darçınlı çaydan bir qurtum alıb ürəyində
dedi:”Çox ağını çıxarmışdıx, çox. Toy adətləri yaddan çıxmışdı, çevrilmişdi
biznesə. Altı ay qabaq bir toya getmişdim, adam əlinnən tərpənməy olmurdu: 600
nəfər vardı!.. Bu belə davam edə bilməzdi axı... İnsanlar çox qudurmuşdular.
Bir toya çəkilən xərclə iki min, üç min yetimin qarnını doyurmax olardı... Amma
hardan?.. Bax, dünyanın belə imtahanları var... İndi nə toy, heç şalvarını
geyinib küçəyə çıxa bilmirsən qorxudan... Evlər türməyə çevrilib...”
-Dədə,
nə fikrə getmisən? Deyirəm, biz qalxaq daha... Səhər işimiz var axı...
Qoca
gülümsündü.
-Hə,
gedin, allah amanında. Nəvələrə deyərsən, bizi də qatarlar görüntülü söhbətə...
***
Yengibar
8103-ə SMS göndərəndən sonra 3 indeksdən birini seçib şəxsiyyəti təsdiq
edən məlumatı əlavə etməliydi. 1 indeksi “təxirəsalınmaz tibbi zərurətlə və ya
qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün” (icazə
rayon və şəhər daxilində 2 saat müddətinə verilir), 2 indeksi “ərzaq və digər
gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt
xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək
üçün” (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir), 3 indeksi “yaxın qohumunun
dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün“ nəzərdə tutulub.
“Uzaq
olsun, 3-cü uyğun gəlir, amma bu toydur axı, toy da demək olmaz, toysuz toydur əslində...
Bəlkə 2-ci rəqəmi basım? Hə də, burada “dərman” sözü var. Deyərəm ki, mənim dərmanım
o qızdır ki, onu almağa getmişdim... Yaxşı, 2 düyməsini basaq...”
Yengibar
bu düşüncələrin əlindən qurtulub, nəhayət ki, icazə ala bildi – cavab mesajı gəldi.
O, Bakıya gələndə atasına aldığı yeni maşını işə salıb qız evinə sürdü. Qız da
mesajla icazə aldığını yazmışdı...
***
Bütün
qohum-qardaş vatçapla bəy evinə bağlanmışdı. Təkcə qız evinin yengəsi ağzında
ağızdıq, əlində əlcək bəylə gəlinin yanındaydı. O da təzə gəlinə bəzi mətləbləri
başa salmaq üçün gəlmişdi. Qız evinin cehizlik aldığı eni bir metr olan
televizorda xınayaxdının videosu gedirdi. Yengə musiqinin ritmini tutub çırtma
çala-çala ortaya düşüb oynayır, utandıqlarından hərəsi bir tərəfdə oturan bəylə
gəlini də oyuna çağırırdı. Nəhayət, onlar da ayağa qalxıb yengə ilə oynamağa
başladılar. Qıraqdakı notbuqdan isə babanın səsi gəldi:
-Allah
mübarək eləsin! Xoşbəxt olun!..
Az
sonra yengə bəylə gəlini öpüb nəmərini aldı, üsulluca qapıdan çölə sivişdi.
Pandemiya
günlərinin bəlkə də ilk toysuz toyu başa çatdı.
***
Səhər
xəbər saytlarından birində “Onlayn toy” başlıqlı yazı yayımlanmışdı. Hətta xəbərin
yanında cütlüyün qız evindən çıxarkən qol-qola dayanaraq çəkdirdikləri şəkil də
verilmişdi.
18.04.2020
Yorumlar
Yorum Gönder