ORTAQLAR

                              AZAD  QARADƏRƏLİ          

 

           

                      ORTAQLAR

                                   

 

                               (hekayə)

 

                                  Zindanda aclıq aksiyası keçirən* gənc jurnalist Mehman Hüseynova

 

            Oğlanın iri, ala gözləri vardı. Güləndə bütün insanlar bu gözlərə baxıb gülmək istəyər, dünyanın dərdini unudardılar. Vay o gündən ki, bu uşaq gözlərinə kədər çökəydi – hamı yasa batar, ağlamağa bənd imişlər kimi hüzünlü olardılar. Bu uşaqda sehr vardı. Tanrı onun gözlərində bardaş qurub oturmuşdu sanki. Anası belə oğlunun bu halından qorxar, onun haldan-hala düşməsindən əndişələnədrdi.

            Yeməyini son günlər yarıya qədər yeyir, qarşısındakı çörək dilimlərinin isə yalnız birini götürürdü. Anasının ciddi etirazına baxmayaraq o, yeməyinin qalanını salofan torbaya tökür, başq bir salofana isə çörəyin qalıqlarını büküb zibil qabının dibinə qoyurdu. Anası onun niyə belə elədiyini heç cür başa düşmür, hətta oğlundan şübhələnirdi də:”İraq olsun, uşaq bəlkə xəstələnib?”

            Bir axşam isə o, evə gələndə gördü ki, gödəkcəsi cırılıb.

            -A bala, nolub sənə? Yeməyini yarımçıq yeyirsən? İndi də kurtkanı harasa ilişdirib cırmısan?.. İraq-iraq, xəstə-zad olarsan e...

            Oğlan ala gözlərini dolandırıb anasına baxdı və ağladı:

            -Ana... Hə, xəstəyəm...

            Ana əl-ayağa düşdü. Əlini uşağın başına qoydu. Temperaturu yox idi. Bəs bu niyə ağlayır? Xəstəliyi nədir?

            -Ana, neçə gündür şəhəri gəzirəm, zibilliklərdə nə qədər adam çörək axtarır... Qoyduğun yeməyin hamısını yemirəm ki, bizim zibillikdə eşələnən qoca evə aparmağa nəsə tapsın... Gedib baxmışam e, ay ana, camaatın atdığı zibil qablarında daha kartof qabığı da olmur...

            Ananın dizləri əsdi. Əl boyda uşaq gör nələr fikirləşir? Ölkənin sərvətini talayanlar bu sözləri eşitməzmi? Bəs deyirlər bizdə işsiz yoxdur...

            -A bala, bəs kurtkanı niyə cırmısan?

            -Ana, bir qoca qarı əl arabası ilə zirzəmidəki evinə odun daşıyırdı... Ürəyim dözmədi. Arabanı alıb mən sürdüm. Odunu zirzəmiyə daşıyanda kurtkam cırıldı... Ana, orada o qarının körpə nəvələri soyuqdan büzüşmüşdülər... Olar mən evimizdən onlara yemək aparım? Yoxsa sən verdiyin yeməyi yeyə bilməyəcəyəm...

            Ana da ağladı. Oğlunun belə tünük ürəkli olmasınamı? Zibillikdən yemək axtaran qocayamı? Nəvələrinin yerini isti eləmək üçün odun daşıyan qarıyamı? Bimədi. Bir onu bildi ki,  bu dünyanın qəmini çəkənlərə ortaq olan oğlu var. Və inandı ki, adamların qəmi bir misqal da olsun azalacaq. Axı oğlu tək deyildi – ana da ona ortaq olmuşdu.

 

                                                                                                          05.01.2019

 

 

..............................................................................................................................................................................................................

*Bloqçu Mehman Hüseynov məmurların mülklərini çəkərək internetdə yaydığı üçün həbs edilmiş və həbsxanada ölüm aclığı aksiyası keçirmişdi.

                                        



Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ SARI SİMİ QIRILAN TAR...