MƏZARDAN QALXAN NİDA
AZAD QARADƏRƏLİ
MƏZARDAN QALXAN NİDA
(General Polad Həşimiovun məzarda monoloqu)
Günəş bizsiz doğursa, qəm etməyin,
şəhid qardaşlarım. Bu o demək deyil ki, günəş bizi görmədi – gördü, sadəcə həmişəki
kimi gülümsəyə bilmədi. Onun sarı-sarı kədəri qanlı alnımızdan öpdü, yaralı sinəmizi
sığalladı, açıq gözlərimizi sığadı. Hamısı yaxşı idi, fəqət gözümüzü sığamasını
istəmirdim – baxmaq istəyirdim Vətənimə. Görüm məndən sonra ordumuz qisasımızı
aldımı? Günəşsə gözümüzü el adətincə sığadı...
Bizi
el adətincə ölmədik ki, el adətincə dəfn edəsiniz. Gözüaçıq basırın bizi.
Gözümüz arxada qalıb axı! Qarabağımız düşməndə, Tovuzumuz güllə altında... Nə
el adəti... Ohhhh... Yaralarım ağrıdı... Yox, güllə yarası ağrıtmaz məni, ağrı
işimin yarımçıq qalmasındandır. Mən Qarabağda vurmağı, sonra vurulmağı arzu
etmişdim axı... Qismət olmadı... Gözüm görmür daha, ay Günəş, mən sənə nə
deyim? Vaxtsız ölənin gözünü vaxtsız sığayarlarmı?!.
Gözümüz
görməsə də, qulağımız eşidir – mən bizim topların səsini ayırd edə bilirəm axı.
“Bum!” – bax bu düşmən topudur. Tovuzda Əziz kişinin evinə düşdü, qanına qəltan
etdi onu. Hə, hə, nə durmusunuz?! Nə əmr?! Vurun! Mən sizə əmr edirəm!!! Vurun
düşməni!!!
“Bum!”
“Bum!” “Bum!”
Afərin
uşaqlar! Dəqiqi atırsınız. Amma sizdən bir xahişim var: mülkü əhali olan yerə
atmayın... Hə, bu, əmrdir! Düşmən postuna, atəş! Atəş! Atəş!
Yaxşı,
qışqırdım, yaram qan verdi. Mən getməliyəm... Babalarımız demiş: gedən
cismimdir. Ruhumu və bu yaralı ürəyimi sizə vermişəm...
Ayıq-sayıq
olun!..
Eşidirsiniz səsini, ən gənc şəhidimizin
yarasından qan açıldı, məni çağırır. O zarıyan isə 6 aylıq körpəsinin səsi
qulaqlarında qalan, şad ola bilməyən Elşaddır. Hər körpə səsi eşidəndə bağırır, bədənindəki
qəlpələr təzədən partlayır, qan aparır onu... Burda da işim çoxdur. Getməliyəm...
Yenə
deyirəm: ayıq-sayıq olun!
Gözünüzü
dörd açın...
Bu
gün bütün Azərbaycan torpağı səngər olmalı!
Hamı
səngərə!
Yorumlar
Yorum Gönder