SEKSİ SEÇKİ

                  AZAD QARADƏRƏLİ

 

                   SEKSİ SEÇKİ

 

            (“Seçki hekayələri” silsiləsindən)

 


                                                                                                     

 

            ...-Bıy, ə Valeh?! Ə, səni xoş gördük , ə!..

            Gözlərinə inanmadı. O idi. Düz üç il sevdiyi, Bakının küçələrini qol-qola gəzdiyi, dodaq-dodağa öpüşdüyü, ilk və son eşqi olan o qız... Belə baxanda az dəyişmişdi. Bir az kökəlmiş, bir az da gözlərində xəfif  kədər kölgəsi görünən (bəlkə ona belə gəlmişdi) Pəri... Qızların ən gözəli. Pərilərin ən sevimlisi... Onun eşqinin sultanı... Pəri...

            Hər gün Pəriyə bir şeir yazardı...

            Qəribədir ki, onun şairliyi-zadı yoxuydu. Elə ki, Pəriyə vuruldu (bu, birinci kursun sonlarında baş verdi), bir də gördü ki, oturub şeir yazır...

            Yaddaşı da yönnü deyildi, amma qıza yazdığı şeirləri əzbər bilirdi...

            Birini fakültədə hamı əzbərləmişdi:

 

             Sən mənim eşqimin güman yerisən,

            Sinəmdə ağaran çiban yerisən,

            Ay üstümü alan duman, yeri sən,

            Bir pəri sevmişəm, adı da Pəri,

             Huridi, qılmandı, cadıdı Pəri...

           

            Amma cadı məsələsi düz çıxdı.

            Nə oldusa, son kursda oldu.

            Dördüncü kursun ortalarında qız ondan soyumuş, hətta görüşmək istəyini belə rədd etmişdi. “Nə oldu, Pəri, biz iki ildir bir yerdəyik. Öpmədiyim yerin qalmayıb... İndi məni niyə saymırsan? Bəlkə bir günahım var?! De, bilim...”

            Qız sadəcə susur, heç bir cavab vermir, oğlanın xahişlərini qulaqardına vururdu. Nəhayət, bir gün Pərinin rəfiqəsi açdı sirri: “Pərini evdən başa salıblar ki, ikiniz də tələbəsiniz. O nə vaxt işləyə, nə vaxt ev-eşik qura, sənə ər ola? Sənə səndən beş-altı yaş böyük, yıxılıb-durmuş, işi-gücü, maaşı olan oğlan lazımdır. Valehlə aranızda dərin bir şey yoxdursa, rədd elə getsin...” – bu onun rayonla bir hörməti olan, adlı-sanlı ginikoloq nənəsinin tövsiyələri idi.

            Ağzı nəydi belə pullu və hökmlü nənəni eşitməsin?! Şəhərdə dörd il kirayənişin kimi yaşadığı bahalı evin kira haqqını da, Pərinin əlavə xərcliklərini də o verirdi. Ata-anasından çox, nənəsinin sözü ilə oturub-dururdu... Bu dəfə də nənəsini eşitdi və dördüncü kursun sonunda elə nənəsinin tapdığı namizədlə nişanlandı...

            Valeh də bir az qəzəbləndi, “onu öldürəcəm” deyib asıb-kəsdi və hirsi soyuyan kimi ərizə yazıb əsgərliyə getdi. Və bir daha Pərini görmədi...

            O vaxtdan on bir il keçmişdi...

            İndi bude, Valeh gəlib Pərinin həm direktor, həm də məntəqə sədri olduğu məktəbdə müşahidəçidir. Özü də elə belə müşahidəçi yox e, respublikayla bir adı olan alim, nüfuzlu təhsil eksperti və üstəlik də müxalif düşərgənin adamı...

            -Gəl bir az dərdləşək, səni gördüm kefim açıldı... – Qadın yarıkönül onu kabinetinə tərəf çəkdi. Əvvəl getmək istəmədi. Sonra nə düşündüsə,  ardənca  içəri keçdi.

            -Nə içəcəksən? Çay? Kofe?..Viski də verə bilərəm haaaa!..- Qadın işvə ilə dilləndi.-Ərim-zadım da yoxdu ki, qorxam, səninlə əlli qram içərəm... – Kədərlə əlavə etdi. – İçməyi də mənə sən öyrətmişdin...

            O Pərinin ərindən boşandığını, yüngül həyat tərzi keçirdiyini, əvvəl rayon təhsil şöbəsinin müdiri, indi isə icra başçısının müavini ilə gəzdiyini eşitmişdi. Ona görə əlini sinəsinə qoyub dedi:

            -Bu gün iş başındayıq... Bir başqa vaxt..

            Qadın onunun qolundan ərklə tutub stula oturtmaq istədi:

            -Əəə, noldu, mən həmin Pəriyəm e.... Bir əlini qoy sinəmə, ürəyimin döyüntüsünə qulaq ver... Hə, nə oldu?..

            Valeh əlini qadının  israrla aparıb sinəsinin üstünə  qoymağa çalışdığı əllərindən dartıb qopardı və bir az da əsəblşdi:

            -Pəri, gəl burda köhnə palan içi tökməyək...

 

            ...O gün məntəqədə baş verən hadisələrdən çox yazıldı, amma bir gənc jurnalistin yazdıqları əsl manşet oldu:

            “Məntəqə sədri, məktəb direktoru Pəri xanım köhnə sevgilisinə kabinetində eşqbazlıq təklif etsə də, müşahidəçi Valeh Budaqov bunu mədəni surətdə rədd etmişdir...”

            Və ən qəribəsi də o idi ki, Pəti xanım Valehin əlini ürəyinin üstünə qoyduğu anda çəkilən şəkilləri qəzetlərə və saytlara düşmüşdü. Bunları kim çəkmişdi, necə çəkmişdi, hələ də sirr olaraq qalır.

            Səhəri gün o şəkili görən Pəri xanımın təzyiqi bir az qalxsa da, enap atmaqla bunu atlatdı. Çünki əsas odur ki, kabinetində  yarım saata yaxın müddətdə  Valehin başını qatanda  ştatlı səsverənlər işlərini görmüş, məntəqədə hakim partiyanın namizədini keçirə bilmişdilər.

           

            ...Üstündən bir ay keçəndən sonra Pəri xanımın iş təcrübəsini respublika səviyyəsində öyrənilməyə və yayılmağa qərar verdilər.

           

                                                                                                          23.02.2020


Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə