Testdən keçməyən millətin ağısı

      

                       

AZAD QARADƏRƏLİ

Testdən keçməyən millətin ağısı

("Demokratiya ağıları" kitabından)

                  hekayə

 

                                                                         

                                                                                    Ağıl gücə çevrilər, güc ağıla çevrilə bilməz.

                                                                                                                                      Fərabi

                                              

 

 

            Bizim yerlər dağətəyi idi. Göy gurultusu, sel, dolu dağlardan başlayanda bizə tozanağı çatır. Yəni sakit yerlərdi buralar. Bu sakitlik adamlarımıza da yansıyıb. Hələm-hələm özlərindən çıxmazlar. Dözümlüdürlər. Min dallarına, hara desən, apararlar. Bir şərtlə: onları qanmaz yerinə qoyma... Allah eləməmiş, bunu hiss eləsələr, xəşil daşar...

         O da yer-yurdumuz kimi sakit təbiətli adam idi. Başını aşağı  salıb direktor olduğum məktəbdə müəllimliyini edər, dərsdən sonra təsərrüfatıyla məşqul olardı – ot biçər, qışa odun tədarük edər, mal-heyvanına baxar, bağ-bağatında qurdalanardı. Mənim hərəkata qoşulduğumu biləndə atam kimi o da təəccüblə demişdi: “Vallah, sənnən başım çıxmır. Evin-eşiyin, gül kimi vəzifən... Sənin o uşaq-muşağın içində nə işin var?” (Uşaq-muşaq deyəndə Xalq Cəbhəsinin əsasən gənclərdən ibarət olan üzvlərini nəzərdə tuturdu.)

            Gün gəldi, onun avtobazada sürücü işləyən qardaşını dolaşdırıb tutdular. Məsələ o qədər qəliz imiş ki, işə “kekebe” də qarışmışdı. İstintaq son dərəcə məxvi aparılırdı. Bir gün dözməyib dərdini mənə açdı. Qardaşını “kekebe” ələ almış, idarə müdirlərindən, digər vəzifəli şəxslərdən danos toplamağa məcbur etmişdi. Axırı nə olursa, iş dolaşır, bunun özünü həbs edirlər. İndi müəllim məndən nicat diləyirdi.

            Çox fikirləşmədən dedim ki, gəl təhər-töhrünü başa salım, Xalq Cəbhəsinə, onun sədri Əbülfəz Elçibəyə bir teleqram vur, görək axırı nə olur. (Hələ 91-ci il idi. Cəbhə hakimiyyətə gəlməmişdi, amma vəzifəlilər, rüşvətxor məmurlar cəbhəçilərdən cin dəmirdən qorxan kimi qorxurdular.)

            Belə də etdik. Heç iki gün keçməmiş, rayon rəhbərliyi – icra hakimiyyəti, prokurorluq, milis dəydi bir-birinə. Gündə bir villis dolu vəzifəli kəndə gəldi. Danışdılar, yazdılar, pozdular, axırda müəllimin qardaşını buraxdılar, “kekebe”nin sədrini isə gecə ilə başqa rayona dəyişdilər. Müəllim utana-utana dedi ki, mümkünsə, Xalq Cəbhəsinin rayon şöbəsinə deyin, məni də öz sıralarına qəbul etsinlər...

         Üstündən illər keçib. Cəbhə hakimiyyətə gəlib də, gedib də. İndi “Əbülfəz Elçibəy oturub Kələkidə araq içir” deyənin davamçıları iş başındadır. Bəy isə vəfat edib. Müəllim dostum başqa məktəbdə işləyir. Amma bu yay günündə durub yenə gəlib yanıma. Sözlü adama oxşayır. Gözlərində bir yığın sula işarəsi var.

        Biçənəkdəki qoca palıdın kölgəsində əyləşirik. Təzə biçdiyim otun qoxusu ətrafa yayıldıqca adamı yoldan çıxardır, kefin istəyir ki, əlini qulağının dibinə qoyub bir bayatı çəkəsən: ”Əzizinəm eyyyyy...”

         Onun qəfil danışmağa başlaması duyğularımı dolaşıq salır.

        “Uşaq yurfakı qurtarannan sonra beş il dalbadal  dövlət qulluğuna imtahan verir, lazım olannan artıq bal toplayır, amma onu işə almırlar. Məcbur olub baş prokurora müraciət etsəm də, bir nəticəsi yoxdur. Bəs axı bu testdən keçib, niyə çağırıb bir söz demirlər?..”

          Təbii, məndən cavab gözləmir. Sadəcə, qurdunu tökür. Dərdini dağıdır... Yəni, mənim ona kömək edəcək gücüm yox – zatən yenidən hakimiyyəti qəsb edən bu rüşvətxorlara ağız açası deyiləm.

           Onu da öyrənirəm ki, qızı gələn bütün elçiləri geri qytarır. İstədiyi işə düzəlməyincə ailə qurmayacağında israrlıdır. Dostum isə qorxur. Deyir, qızın bu gün-sabah 28 yaşı olacaq...

            Yadıma İrina Losotanın Elçibəy haqqında sözləri düşür:

            “1996-cı ildə Kələkidə ilk dəfə Əbülfəz Elçibəydən müsahibə alakən ondan Xalq Cəbhəsi hökümətinin nailiyyətlərini sadalamağı xahiş edəndə o, sözə korrupsiya ilə mübarizədən başladı. O vaxt onun bu məsələni ön plana çəkməsi bu gün daha böyük maraq doğurur: çünki bir çox post-sovet və eləcə də demokratik ölkələrin iqtisadiyyatının korrupsiya ucubatından necə dağıldığını yaxşı bilirik. Elçibəy bu konteksdə tələbələr üçün təklif edilən və mülki qulluqçular üçün planlaşdırılan “Kor” (məxfi) imtahanlardan söz açdı. Bu, cəmiyyətin demokratikləşməsinin və köhnə sovet nomenklaturasına qarşı  mübarizənin ən bariz nümunəsi idi. Kim ki, mülki qulluqçular və  iqtisadiyyat sahəsindəki vəzifələr üçün təmiz imtahan sistemi tətbiq edərsə, o, korrupsiya sisteminin və sovet nomenklaturasının dayaqlarını eyni vaxtda dağıda bilər. Elçibəyin düşüncəsinə görə, demokratik cəmiyyət hamıya bərabər imkanlar təmin edən, insanın dəyər və ləyaqətinin yüksək qiymətləndirildiyi bir sistemdir və burada mülki qulluqçular üçün yüksək maaş nəzərdə tutulur ki, onlar rüşvət almasın.”

                                                                

                                                                  ***

 

            “Nədənsə ürəyimə damıb ki, hakimiyyətimiz qısa sürəcək. Nə olur-olsun ilk olaraq onu etməliyik ki, biz hakimiyyətdə olmasaq da, müstəqilliyimiz zərər görməsin. Bu ilk və  vacib şərtdir. İkincisi, üçüncüsü, dördüncüsü... və sair dərdlərimiz var ki, onları sırayla deyil, səylə, dayanmadan, nəfəs dərmədən paralel  şəkildə həyata keçirməliyik. Amma bir vacib məsələ var ki, hava və su qədər lazımdır. Elə müstəqillik, azadlıq qədər vacibdir. Bu, ali məktəblərə qəbul məsələsidir. Sizi bilmirəm, şəxsən mən ali məktəbə qəbul zamanı çəkdiyim əziyyəti heç nəylə müqayisə edə bilmərəm. Yox, ona görə demirəm ki, zəif oxuyan şagird olmuşam. Sadəcə, o qədər lazımsız şey salmışdılar ki, proqrama, adam oxuyanda ürəyi sıxılırdı. “İvan Qroznunun bilmirəm nəyi”, “Rusiyanın aqrar nəmənəsi”... Azərbaycanlıya heç dəxli olmayan tarixi məlumatlar... Hələ adamın əsəblərinə toxunan basmaqəlib inşa yazıları!.. Təsəvvür edirsiniz? Hamı konspekt yazırdı, adını bir cür də adlandırırdılar – şparqalka... Qızlar, oğlanlar yayın istisində qalın paltar geyinirdilər ki, paltarlarının altına, döş ciblərinə şparqalka doldursunlar... Hətta üzr istəyirəm, qızlar lifçiklərinə belə şparqalka dürtürdülər...

              Biz milləti bu biyabırçılıqdan qurtarmalıyıq...”

              Bəy təhsil işçilərinin, tanınmış ziyalıların iştirakı ilə keçirilən müşavirədə danışandan sonra bir neçə mötəbər təhsil mütəxəssisinin fikirlərini dinlədi. Hamısının rəyi bu oldu ki, biz hal-hazırda Türkiyədə tətbiq edilən test üsuluna uyğun bir qəbul sistemi həyata keçirməliyik. Nəhayət, Bəy hərəkatdan yaxşı tanıdığı gənc alimə üz tutdu:

            -Millət özü testdən keçməlidir – azadlıq testindən. Biz siyasətçilər millətin özünü bu sınaqdan keçirərkən, siz təhsil işçiləri onun övladlarını elm testindən keçirəcəksiniz. Sizdən bir ricam var: biz sabah hakimiyyətdə olmaya bilərik, amma iki məsələnin bünövrəsini möhkəm qurmalıyıq ki, bizdən sonra gələnlər bizi sevməsələr də, o iki məsələdən imtina edə bilməsinlər: biri əvvəldə dediyim kimi müstəqillik siyasətimizdirsə, o biri də bizim tətbiq edəcəyimiz bu test üsuludur. Bunu sizlər elə keçirməlisiniz ki, xalqın aztəminatlı hissəsinin balaları da ali məktəbə qəbul oluna bilsin və xalq bu sistemi qəbul etsin. Təkcə qəbul etməsin, həm də müdafiə etsin... Bir sözlə, sizin keçirəcəyiniz test imtahanı bizim hakimiyyəti testdən keçirmək  anlamına gələcək... Təkrar edirəm: biz xalqı müstəqillik testindən keçirəcəyik, siz onun balalarını elm testindən keçirəcəksiniz. Bütün bunlarsa bizim hakimiyyəti  test etmək demək olacaq...

            Gənc alim hərəkatda xidmətləri olan birisi idi. Amma Bəyin ona təklif etdiyi vəzifələrin hamısından imtina etmişdi. (Cəbhəçilərin bəzilərində vəzifə hərisliyi baş qaldırmışdı. Təklif olunan və olunmayan vəzifələrə barama qurdu şaxa daraşan kimi daraşırdılar. Halbuki hərəkata başlayanda söz vermişdilər ki, bir sıra mənfi meyillərə qarşı, o cümlədən vəzifəpərəstliyə qarşı da amansız olacaqlar. Əslində, burda qeyri-adi heç nə yox idi. Vuruşmusan, yıxmısan, dağıtmısın, yenisini də sən qurmalısan. Amma bacardığın işın qulpundan yapışmaq şərti ilə... Eşitmişdi ki, bəzi rayonlarda hətta sürücü olan cəbhəçilər də vəzifə istəyirmişlər. Qızıl-qırmızı deyirmişlər: güllənin qabağına verdim özümü, indi yenəmi maşın sürəcəyəm?..)

            Dostunun maşınında yol gedərkən eşitdi prezident fərmanını. Onu tələbə  qəbuluna məsul olan sahəyə sədr təyin etmişdi Bəy. Özü ilə məsləhətləşmədən. Bilirdi ki, yenə rədd edəcək. Ona görə belə edib...

                                                                       ***

 

            “Yadındadı, sən onda qəzetdə işləyirdin? Bir qrup gənclə yanına gəlmişdim. Sən də kəfil oldun o uşaqlara. Üçü də Bəyin göstərişi ilə Türkiyədə təhsil alacaq tələbələrin siyahısına daxil edilmişdilər... Necə romantik, əfsanəyə bənzər çağlar idi... Amma indi qızım beş dəfə...”

            Onun səsi tarım çəkilmiş məftil kimi qırıldı. Hətta mən onun içində “pası xırçıldayan o məftil”in qırılma anındakı səsi də eşitdim. Və bu an gözlərinə baxdım: yaş yoxdu, amma ağlayırdı. Özü də elə ağlayırdı elə bil əzizi ölmüşdü.

            Qoluna girib sakitləşdirmək istədim. Kiridi. Amma özünü sındırmamağa çalışsa da, alınmadı. Qəhər içindən sıçrayıb üzünə çıxdı.

            “Qoruya bilmədik Bəyi. Arxasında durmadıq. Üstünə silah çəkənin qabağına sinəmizi gərmədik... O allah adamı idi axı... Allah da cəzalandırdı bizi... Uşaqlarımız işsiz, özümüz aciz-avara, ölkəmiz talançılar əlində... Saxtakarlar və rüşvətxorlar daraşdı yurdumuza...  İyirmi faiz torpağımız işğal edilib neçə vaxtdır. Erməni bir yannan, rus bir yannan, avropalılar, amerikalılar başqa yannan sərvətimizi göyə sovurdular...”

            “Keçər, belə qalmaz...” – deyə toxtaqlıq vermək istədim.

            “Əlbəttə, keçəcək. Belə qalmayacaq. Amma biz bunu görməyəcəyik. Arxayın ölə bilməyəcəyik... Övladlarımıza elə bir miras qoyub gedəcəyik ki...”

            Sonra birdən özünü yığışdırdı. Göz yaşlarını cib dəsmalı ilə silib dedi:

            “Onu cəbhənin yığıncaqlarının birində  görmüşdüm həyatının son  çağlarında. Sınıxsa da, əhvalı yerindəydi. Əvvəlki kimi insana inam aşılayan baxışlarını onu dinləyən bizlərin üstündə saxlayıb dedi:

            “Görürəm, hamınızda bir ruh düşkünlüyü var. Amma belə olmaz. Biz nələri adlatmadıq? Bu dövr də keçəcək. Nitşe necə gözəl demişdi: uçurumu keçmək istəyənin qanadları olmalıdır... Bəs hanı sizin qanadlarınız?..”

            “Qanadlarımızı qırdılar, Bəy!” demək istədimsə də, səsim çıxmadı.

            Qəfil göy guruldadı. Yayın ortasında bir şıdırğı yağış başladı və tezliklə yağış doluya çevrildi. Adamın heç tükü də tərpənmədi. Mən özümü qoca palıdın daldasına versəm də, o, dolunun altında idi... Sanki özünü mazoxistcəsinə doluya döydürməkdən həzz alırdı...

 

                                                                                                                      10.05.2018

 

                                 

                                      

 

 

                            

 

                              

 

 

 

 


Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə