UTANMAQ
AZAD
QARADƏRƏLİ
UTANMAQ
hekayə
Polyak dostum Pavel Ferençə və gənc yazar Elvin Rizvangilə
Polyak dostumla ikindi yeməyinə
gedəndə heç ağlıma gəlməyən halla qarşılaşdım: qabaqcadan zəng edib tanış
kababçıya sifariş verdiyim bir tabaq andrekot kababına xeyli müddət əl də
uzatmadıq. Səbəb məclisimizdə tərcüməçi kimi iştirak edən əski tələbəmin
qonağın polyakca dediyi cümləni tərcümə etməsi oldu: “Qonaq deyir ki, cümə günləri
xristianlar üçün ət yeyilməyən gündür.”*
Təəccüblə
bir-birimizə baxırıq. Stola qoyulmuş rus arağını da açası olmadıq: həmin gün
içki də içilməzmiş...
Nəysə,
qısa anlaşılmazlıqdan sonra qonağa ətsiz qarabaşaq sifariş verdik, ikimiz isə
ondan üzr istəyib könülsüz kababı gəvələməyə başladıq. Əslində, biz də
qarabaşaq yeyəydik gərək. Amma daha sifariş verilmişdi...
Söhbətimiz
ədəbiyyatdan idi. Polyak qonaq bir zamanlarda mənim də dərs dediyim
universitetdə polyak dili və ədəbiyyatını tədris edir. Və mənim xahişimlə
polyakcaya çevrilmiş hekayələrimi oxuyub, ruscası ilə tutuşduraraq fikrini deməli
idi...
Bir
hekayə qarabağlı bir kişinin həyatından idi. Onun öz evində keçirdiyi son gün və
son saatlar təsvir olunmuşdu...
Qəfil
polyak dostum nəsə deyir. Tələbəm əlüstü çevirir:
-Soruşur
ki, sizin də ailə köçkünlük zamanı yataqxanada yaşadı?
Başımı
bulayıb “yox” deyirəm. Qonaq çəngəli qaba qoyub tez-tez danışır, tələbəm də
yetirib çevirməyə çalışır:
-Mən
Bakıya gələndə təxminən iyirmi gün universitetin yataqxanasında yaşadım. Bütün
mərtəbələrdə qaçqınlar yaşayırdı. Tək bir mərtəbədə həm qaçqınlar, həm də tələbələr
vardı. Mən də o mərtəbədə idim...
Tələbə
bir qədər dayanıb təəccüblə soruşur: “Müəllim, bizdə subaşı* sözü var?”
Mən
də heyrətlə gah qonağa, gah da tələbəyə baxıram. Qonaq deyəsən bu sözü
danışığında işlətdi axı?
“Necə
ki?” – deyə soruşdum. Oğlan çiynini çəkir:”Deyir ki, subaşına gedəndə adamlar
növbəyə dururdular...”
Qonaq
yenə nəsə deyir, oğlan çevirir:
-Deyir,
mən bəzi sözləri yazıram ki, bəlkə sizin dili öyrənməyə başladım... Sizin
qaçqınlar tualetə subaşı deyirdilər... Mən səhərlər işə getmək üçün tələbələrin
və qaçqınların yeganə subaşına növbəyə dayandığını görəndə pis olurdum... Ürəyim
ağrıyırdı... Bir qadın vardı...
O
dayandı. Siqaretinin külünü külqabına çırpıb acı-acı güldü:
-Həəə...
Bir qadın vardı orda... Qırx yaşlarında olardı... Növbəyə durmaz, sadəcə
yaşadığı otaqdan boylanardı subaşına tərəf... Amma növbəyə duran bizləri görüb
başını içəri çəkərdi...
Mən
bu sirri bir bazar günü anladım. Həmin gün işə getmirdim axı... İsti olduğu
üçün otağımın qapısını açıq qoyurdum. Və bu açıq qapıdan o qadının yaşadığı
qapını rahatca görə bilirdim...
Qadın
yenə boylanır, nəsə görüb yenə başını içəri çəkirdi. Belə-belə təxminən beş
saat keçdi. Mənim artıq kilsəyə getmək vaxtım idi. Geyinib çıxdım. Amma birinci
mərtəbədə yadıma düşdü ki, mobil telefonumu unutmuşam...
Bizim
mərtəbəyə çatanda qadını subaşının ağzında gördüm. Əlini dəstəyə uzadırdı ki, məni
görüb ildırım sürətilə geri döndü və qaçıb otağına girdi...
Əcaba,
nələr olurdu? Bu qadın niyə belə edirdi? Bizim tualet, sizin subaşı dediyiniz
bu yerə getməkdən niyə qorxurdu?..
Birinci
mərtəbəyə qayıdanda məndən polyakcanı öyrənən, mənim isə ondan sizin dili öyrəndiyim
qaçqın müəllimlə qarşılaşdım. Ona məsələni söyləyib cavab istədim: nələr olur?
Bu qadın niyə belə edir? Deyilənə görə bəzən gecəyə qədər hamının yatmasını
gözləyib subaşına gedir... Axı niyə?!
Polyak
qonağın gözü dolmuşdu. Hələ də ağzında gəvələdiyi qarabaşaq dənələrini uda bilməmişdi.
Elə bil boğazı biçilmişdi. Handan-hana dilləndi:
-Mən
o gün eşitdiyimdən özümə gələ bilmədim uzun zaman. Sizin xalq, ümumən türklər
haqqında biz avropalılarda nə qədər səhv fikir olduğuna və mənim də uzun zaman
bu fukrə inandığıma görə utanırdım... Dəhlizə çıxmaqdan, o qadınla
qarşılaşmaqdan utanırdım... Elə sizdən də utanıram... İnanın... Hekayənizdəki
ermənilərin hücumlarından qaçan zaman öz evini öz əlləri ilə yandıran qəhrəmandan
da utandım... O gündən sonra yataqxanadan getdim... Özümə ev tutdum...
Bu
duyğulu adamla tanışlığımdan duyduğum fərəf içimə sığmırdı.
Amma
boynuma alım ki, mən də utandım o gün: gərək biz də andrekot yeməyəydik...
--------------------------------------------------------------------------------------------------------------------------------------------------
*Məlum olduğu kimi, Pasxadan əvvəlki cümə
gününü xristianlar Müqəddəs Cümə Günü kimi qeyd edir. Həmin gün İsa Məsihin
çarmıxa çəkildiyi gündür. Bir çox ayinlərlə yanaşı, o gün onlar ət yeməzlər. Bəziləri
bütün cümələrdə ət yeməzlər. Hətta elə xristianlar olub ki, ümumiyyətlə ətdən
imtina ediblər. Böyük L.Tolstoy da belə idi.
*Subaşı – bəzi bölgələrdə tualet sözünün
qarşılığı kimi işlənir.
25.03.2020
Yorumlar
Yorum Gönder