ZAMANIN VƏ MƏKANIN KİÇİLTDİKLƏRİ

                          AZAD QARADƏRƏLİ

 

            ZAMANIN VƏ MƏKANIN KİÇİLTDİKLƏRİ

 

            (Gənc qələm Orxan İsmayılın mətnləri üzərinə yay gəzişmələri)

 



                                                                                        

 

 

            Korona virus səbəbilə istilərdən baş götürüb sərin bir yerə gedə bilmədiyim üçün demək olar ki, həm yazı-pozu, həm mütaliə sarıdan işlərim sıfır nöqtəsindədir. Yalnız son dərəcə vacib bildiyim nələrəsə kompüterdə baxa bilirəm, o da 10-15 dəqiqə. Bir də internetdə telefonla qurdalanmaq...

            Üstəgəl məlum 14 iyul hadisələri, ondan sonra baş verən qeyri-müəyyənliklər...

            “Erməni doktorun gündəlikləri...” romanımın çapa hazırlığı dizaynerin qolunun sınması ilə düyünə düşdü. Rusiyada çapa hazırlanan “Moloçnıe reki” (“Süd gölü”) hekayələr kitabımın çapı altı-yeddi aydır acı bağırsaq kimi uzanmaqda. Türkiyədən gözlədiyim xəbər də bu istilər kimi gəlib özünü yetirə bilməməkdə...

            Belə qeyri-müəyyənliklərlə əlləşmədə ikən gənc bir müəllif çap olunmuş hekayəsinin linkini atır ki, mümkünsə oxuyun...

            Belə məqamlarda həmişə özümü kökləyib yazını oxumağa çalışıram. İnanın, iki dəfə cəhd etsəm də, heç nə alınmadı. Hekayənin cəmi beş sətrini oxuyub bir kənara atdım. Və anladım ki, bu mətni sıradan bir mətn kimi oxuyub messencerdə baş barmağın dik formasını vurmaqla işi bitmiş hesab etmək vicdansızlıq olar.

            Və zəhləm getmiş istilərin əlindən yaxa qurtarmaq üçün yenə zəhləm getmiş bu süni sərinləşdiricini (allah buna versin əşi, süni də olsa, cəhənnəmin əlindən alır məni) işə salıram və ilk yadıma düşən həmin gəncin – Orxan İsmayılın oxuya bilmədiyim “Kiçilmə” hekayəsi olur. Kompüterin istisindən qorunmaq üçün onu deyil, telefonu açıram və hekayəni tapım oxumağa başlayıram. İlk abzasdaca hekayənin müəllifi hekayəyə daxil olub diktə edir: “Müəllim, xahiş edirəm. Elə ilk cümlələrimə diqqət edəciniz. Adətən, Azərbaycanda və dünyada böyük ailə deyəndə ailə üzvlərinin sayı ona yaxın olan ailələri nəzərdə tuturlar...”

            Müəllifi hirslə vurub hekayənin içindən qovur və oxumağa davam edirəm:” Ailənin böyüklüyü həmişə üzvlərinin sayından asılı olmur, bu tərkibdə özünə yer edə bilmiş heyvan, əşya, lap elə daim xatırlanan, dildə ağızda-gəzən, yaddaşlarda təzələnən xatirə... Salmangildəki kimi.”

            Bir küncə qısılaraq mənə naümüd baxışlarla baxan gənc müəllifə göz vururam, yəni ki, pis deyil.

            Sonra yenə oxumağa davam:” Salman 25 yaşlı uca boylu, möhkəm bədənli, uzun telləri iri alnını gizlədən, hərdən axsayan gəncdi.”

            Axsayan sözünün altından qalın bir xətt çəkib hekayəni oxumaqda davam edirəm...

            ...Salman anasını tez itirib. Bacısı Sürəyya, atası və bir də anasından qalan adda-budda xatirələr. Qəribədir ki, anası daha çox təndirdə bişirdiyi çörəklərlə yadında qalıb. “Təndir Salman üçün əsl sehrli qutuydu. Az sayda sadə şeydən - acımış yastı xəmir layı, yumurta, köz - möcüzə əldə olunurdu.”

            Deyim ki, Orxanın mətnində məni daha çox çəkən onun təsvir qabliyyəti və müşahidələri oldu. Mərhum anasının yaxalığını “dərin bir quyu”ya bənzədirsə, Sürəyyanın dodaqlarını “iki düyüm” adlandırır. Ananın ölümünü də qəribə tərzdə çatdıra bilir:” Ürəyi naümid marafon yarışçısı kimi yarıyolda dayandı. “

            Bu “böyük” ailəyə ananın ölümündən sonra ikinci fəlakət gəlir: “ailənin digər üzvləri” toyuqlar, qaz və ördəklər azardan qırılırlar...

            Amma ən böyük bədbəxtlik daldaymış: adətən qız ərə gedəndə sevinərlər, amma bu ailədə Sürəyyanın gəlin köçməyi ilə kiçilmə başlayır: əvvəl Sürəyyanın yeri boş qalır, sonra ata vəvat edir...

            Hekayənin əsas qəhrəmanı olan Salman atasının ölümünə “sevinir”: bacısı eşidib səhər yasa da olsa gələcək...

            Əvvəldə demişdim axı: oğlanın axsamasının altından qalın bir xətt çəkmişdim. Hə, Orxan qəhrəmanını elə-belə axsatmır, bu axsaqlıq onun ailəsinin taleyindəymiş... Tale əyəndə böyük də kiçilə bilirmiş. Kiçilmə onların alın yazısı kimiymiş...

            Orxanın bəhs etdiyim hekayəsindəki təhkiyə, nədənsə mənə çox tanış gəldi. Elə bil bir dəfə belə bir təhkiyə ilə tanış olmuşdum. Amma nə vaxt?

            Bir az axtarmaq lazım gəldi. Orxan dörd il əvvəl mənə “Yazı” dərgisi üçün hekayə göndəribmiş və “Mariko” adlı hekayə elə həmin il dərgimizdə çap olunubmuş...

            (Bayaqdan küncə qısılan müəllif gəlib köhnə dost kimi yazı masamda mənimlə üzbəüz əyləşib, şəstlə ayağını ayağının üstünə aşırıb...)

            Sonra Orxanın daha bir hekayəsini oxumalı oldum. Burada da vəziyyət eyni idi: məkan və zaman yalnız müəllifə aid idi. Onun özünün qurduğu saatla işləyən əqrəblər və sair...

            Orxanın hekayələrində ən mühüm not: bir cümlə əvvəldə də qeyd etdiyim kimi, bu mətnlərdə zaman və məkan anlayışı yox kimidir. Hansı ölkə olduğu da bilinmir. Onun qəhrəmanları daha çox dünya vətəndaşlarıdır – kosmopolit, ayağı altında Yer, başları üzərində Göy. Heç kimdən asılı deyillər, heç kim də onları görmür sanki. Bu “böyük ailə”nin yaradıcısı da, idarəedicisi də Orxan İsmayıldır. (Hətta o dərəcə də yaxındır ki, bəzən vurub girir mətnin içinə, özünü ələ verir. Yəqin ki, burada nə dediyimi özü biləcək.)

             Yolun açıq olsun, ailə başçısı!

 

                                                                                              28.07.2020

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə