BURSANIN SƏSİ

 

              AZAD QARADƏRƏLİ

                  BURSANIN SƏSİ

 

                              hekayə

 

 

 

                                            1918-ci ildə Qafqaz İslam ordusunun tərkibind  Azərbaycanda

                                           bolşevik-daşnak ünsürlərinə  qarşı döyüşdə həlak olanların xatirəsinə






 

 

 

 

            Səksən yaşlarında  bir  qoca  dizini qatlayıb oturmuşdu partiyanın  qəbul otağındakı qara müşəmbəli  stulda.  Neçə gündü gəlib-gedirdi, amma  sədri tapa bilmirdi. Sədrin – məşhur şairin qəbuluna  düşə bilməməsinə səbəb onun xaricdə olması idi. Nəhayət, sədr gəldi və qəbul otağındakıların hamısı onu görən kimi ayağa qalxdılar. Qoca da qalxmağa cəhd elədi, amma sdrin gözü onu aldı və düz üstünə yeriyib  ayağa qalxmasına imkan vermədi. (Sədr bu qırğıgöz qocanın  bəzi  yaltaq qocalar kimi  tez  qalxıb onun qabağına yüyürmədiyini, sadəcə  aldığı tərbiyəyə rəğmən  yüngülcə  qalxmaqla  ehtiramını bildirdiyini sezdi    elə ilk baxışdanca bu qəribə qocaya onun qanı qaynadı.) İkəlli görüşüb, qolundan tutdu, özü ilə içəri apardı.

 

                                                ***

 

            …-1918-də mənim babam Həsən Hüseyn  Nuru Paşanın ordusuyla Azərbaycana gəlib. Qaraməryəmdə - Qaraməryəm bilirsən    Göyçaydadır, ordu o yolla keçmişdi - onun qarşılayanlar içərisində  bizim ellərdən Sultan bəylə  Qaçaq Fərzalı da vardı. Paşa ilə qısa söhbətdən sonar  hər ikisinə çoxlu silah-sursat və  hərəsinə bir təlimçi verir Nuru Paşa. Təlimçi, yanı ki, əsgərlərə hərbi təlim keçən, tüfəng tutmağı, nişan atmağı, döyüş elmini öyrədən.  Hə, deyəsən çox başağrısı verirəm hə?

           -Əsla, - deyə sədr başını silkələdi.

           -Hə, ora, yanı ki, Qaraməryəmə  Sultan bəy,  Qaçaq Fərzalı, bayaq yadımdan çıxdı deyəm, bir də Bəhlul Əfəndi  Zəngəzurdan, yanı ki, bizim ellərdən getmişdilər. Onda nə Laçın vardı, nə Zəngilan, nə də Qubadlı – hamısına Zəngəzur deyirdilər.  Hə,  indiki şəkildə başa salsam,  Sultan bəy Laçınnan, Fərzalı Zəngilannan, Bəhlul Behcət Əfəndi  də Qubadlıdan getmişdilər... Dedim axı... Qaçaq Fərzalının dəstəsinə  təlimçi kimi mənim babamı göndəriblər. Babam burada  çox iş görür. Pirçivanın, Mincivanın, Baharlının, Bartazın, qeyri  kəndlərin əli sihah tutanlarını  Fərzalı ilə bir yerə toplayıb  onlara hərbi təlim keçir. Yaxşı təlim keçmiş bir ordu qura bilirlər. Elə buna görədir ki, Sultan bəylə Fərzalının silahlıları  o illərdə ermənilərin Zəngəzurdan keçib  Qarabağa girməsinin qarşısını ala bildilər. Dronun, Nijdenin dəstələri  ağır itki  verib geri çəkildilər… Oğul, sən tarixi oxumusan, bilirəm. Day durub saa nə oldu, nə olmadını danışıb başını ağrıtmaycam… Gün o gün oldu ki, Nuru Paşanın ordusu  bizi erməni-urus qırğınınnan qoruyub gəldiyi kimi də geri döndü… Onda  babamın  öz ordusuna əli çatmadı, dəsdəsinnən üzülən durna kimi qaldı  Zəngəzurda, bizim  kənddə.  Fərzalıya sığındı, elə-elata sığındı…

           -Əmi, bura da onun vətəniydi də… niyə də qalmamalıydı ki? Hələ bəlkə də bir  könlünü  ram eliyəni də varmış?

           Sədrin şairliyi tutmuşdu və qıvrım saçlarını  barmaqlarıyla geri darayib güldü. Qoca da gülümsündü.

           -Hə, orası elədi… amma vətən ayrı şeydi… Babam həlbəttə ki, elə-belə qalmamışdı. Onu bura bənd eliyən bir gözələ görə bəlkə də ilişib qalmışdı  o çinarlı  kənddə… Bilirsən də, bizim çinar meşəmiz  dünyada birincidir…

            İstədi səhvini düzəldə, “dünyada ikinci, Avropada birinci” deyə, amma bu allahına bəndəlik eləməyən qocanın  heç ikinci olmaq fikrini qəbul etmək fikrində olmadığını  görüb qımışaraq susdu.

            …- Hə, sözüm orda qaldı ki, babam Həsən burda evləndi,  evlad yiyəsi oldu… Nənəmin də nəsli-kökü varmış ha!  Bizdə bir Nərman bəy olub,  daşnaklara, çarın pristavlarına qan uddururmuş! Nənəmgil o nəsildənmiş… Xüləs,  dədəm – bizlər ataya dədə deyərik – dünyaya gələnnən beş il sonar  kənddə qolçomaq axtarışına başlayırlar. Bir-iki varlını tuturlar. Sonra Fərzalını, ən axırda da  babamı. Bunnarı aparıb  rayonun mərkəsindəki  böyük kanalın başında cərgiyə düzürlər, şartaşart gülləliyirlər… Güllə babamın, sən də bağışla, xayasının dibinə dəyib, o tərəfinnən çıxır. Kişi deyirmiş ki, girdim meyitlərin altına, elə şər qarışanda, şəvinik çalanda kanalın içi ilə üzüb  gəldim evimizə. Qaynatam tez  qazmanı götürüb evin içində bir  qazma qazdı, məni  orda gizlədilər. Yaramı bişirdilər. Düz   beş il mən o qazmada yaşadım.  Hərdən gecələr çölə çıxır, doyuncan hava udurdum.

          Arvadım Nisəynən  baş-başa verəndə  dərdli-dərdli oxuyardım:

           

             İstanbulun yolu, oyma-oymadı,

            Bu  canım  Bursadan, heç vaxt doymadı,

            Asya, ölüyorum, canım ölüyorum,

            Asya,  ölüyorum, xanım ölüyorum…

           

          Onda da Nisə mənnən küsürdü ki, sən məni sevmirsən, Asyanı sevirsən… Deyirdim ki, ay qız, nə dediyindi, Asyamı var? Bu bir ninnidi,  türküdü… Kimə deyirsən?..  Eeee, ay oğul… Sən yaxşı bilirsən ki, biz bu xaraba topraqlarımızı itirə-itirə gəlmişək həmişə. Düzdü, babam çox yaşadı, amma yaxşı ki, tez öldü, Qarabağın,  Zəngəzurun işğalını görmədi… Mən, mənim kimi neçə-neçə əyilməz adamı əydi bu topraq  itkisi… İndi…

            Kişi qəhərlənən kimi oldu, amma tez də özünü düzəltdi. Bu dəm şairliyi tutmuş partiya sədri də az qala bu qırğıgöz kişiyə qoşulub ağlayacaqdı. İllah da onun “torpaq”  əvəzinə, “topraq” deməsi  şairi daha da həyəcanlandırmışdı. Özünü ələ alıb dedi:

            -Əmi, deyin, nəyə ehtiyacınız var, əlimdən gələni edəcəyəm…

            Kişinin elə bil dünyası viran oldu. Qırğı baxışlarının odu söndü bir anda. Gözlərindən peşmançılıq oxunurdu:”Bu məni nə hesab eliyir? Niyə elə bilirlər ki, hamı bunlarım əlinə baxmalıdır? Bəlkə durum çıxım gedim?!” Amma özünü yığışdırdı, qəddini dikəltdi, başını dik tutub dedi:

            -Oğul, səni biz hər zaddan qabax şair kimi istiyirik. İkincisi, səni bir  mərd  adam kimi, dünyadakı azərbaycannıların, türklərin elçisi kimi xoşduyuruq. Nədi o təşkilatın var e… Hə,  adını da deyə bilmirəm, hə onun  başçısı  kimi  sevib  o tay azərbaycanlılarda, bu taylılar da. Üçümcüsü də ki, əyilməz adamsan… Rus tankının qabağından qaçmamısan. Biz türkün başına nə gəlib, əyilməzliyinnən gəlib… Mən də o əyilmiyən, başını həmişə dik tutan kişilərdən olmuşam… Osmannı törəsi ölər, əl açmaz!..

            Qonağının belə tavr sərgiləməsi onu pərt etsə də,  xoşuna da gəlmişdi. “Bu gün nə gözəl gündür! Axırı ki, bir kişiyə rast gəldik… Amma yaxşı dedi ha: “Osmanlı törəsi ölər, əl açmaz! Mən heç yaxşı iş görmədim… O nə sualdı verdim bu adama?!”

            -Bilirsən niyə sənə başağrısı verirəm bu boyda? Ayrı birisi olsaydı, bir başa mətləbə keçərdim, səni doğma bilmişəm… Bağışla ki, səni yoruram…

            -Heç eybi yoxdur, buyurun.

            -Mənim bir nəticəm olub bu ağır karona viruslu günlərdə. Adını Bursa qoymuşam… Axı babam Həsən Hüseyn Türkiyənin Bursa şəhərinnən imiş… bizim sədr, indi nə təhər deyirlər o vəzifəyə?

            Şair fikirliydi deyəsən, sualın məğzini heç anlamağa, cavab verməyə macal tapmadı. Kişi də ondan cavab gözləmirdi zatən. Bir qədər düşünüd dedi:

            -Hə, icra nümayəndəsi… Deyir belə ad qoymağa icazə yoxdur. Deyirəm, a bala, mənim bir tərəfim buralısa da, kökdən oralıyam, Rum əhliyəm, qanmır ki, qanmır… Hə, Qaçaq Fərzalı bilirsən nə deyərmiş? Deyirmiş ki, əvvəl Rum, axır Rum! Yanı ki, əvvəlimiz də Rumnandı, axırımız da.  Bilirsən də, Rum Türkiyənin köhnə adıdır…

 

                                                ***

 

            Sədrlə qoca adam bir stəkan çay içənəcən məsələ həll olundu. Sədrin qoca ilə danışığı əsnasında internet üzərindən yazdığı məktuba  nazirlikdən qısa cavab vermişdilər: “Millət vəkilinin sorğusuna əsasən  uşağa Bursa adının qoyulmasına  müstəsna hal kimi icazə verilir.”

            Qoca fikirli halda başını aşağı salıb atasının dediklərini xatırlayırdı: ”Babam can üstə idi. “Bursa”, “Bursa” deyib qan-yaş tökürdü. Axırda dədəm dözmədi.  Qonşumuz  Əşrəf müəllimə bir məktub yazdırdı. Türkiyənin Bursa vilayətinin, dayan görüm babam necə deyərmiş, hə, hə, ilinin, biz el demirik, bunnar da il deyirlər  – Bursa ilinin  Sultan Orhan məhəlləsində yaşamış və Nuru Paşanın Qafqaz İslam Ordusu ilə Azərbaycanda vuruşmağa gəlmiş sıravi əskər, dayan babam buna necə deyərmiş, hə, ər Həsən Hüseynin qohumlarına. Sizə bildiririk ki, qohumunuz Həsən Hüseyn Rəhim oğlu Azərbaycanın Zəngilan rayonunda Çinarlı kəndində qalmış, orada ailə qurmuş və indi ağır xəstədir. Bizə cavab yazsanız şad olarıq. 1969-cu il.”

            Babam o məktubun yazılmasından sonra düz üç üy yaşadı. 74 yaşı olsa da, canı suluydu. Amma ağır xəstəlik onu əldən salmışdı. O vaxt aldığı güllə yarası zaman-zaman qövr eləmiş, sonra sağalmaz yaraya çevrilmişdi. Bir payız gecəsi son dəfə “Bursa” deyib gözlərini əbədi yumdu…”

            …-Hüseyn Əmi, sizə şad xəbərim var…-Şairin dediklərini ilk anda anlaya bilmədi. Xəyalı onu çox uzaqlara aparmışdı. Amma onun üzündəki xoş təbəssümdən anladı ki, deyəsən işlər yaxşıdır…

 

                                               ***

 

            Artıq iyun ayının ilk günlərindəcə korona virus pandemiyası səbəbi ilə tətbiq olunan karantin rejeminin yumşaldılması xəbəri Hüseyn kişini ümidləndirmişdi. Onun çoxdan hazırlaşdığı Türkiyə səfərinə deyəsən icazə veriləcəkdi. Dizinin üstündə oturmuş nəvəsini oynada-oynada dedi:

            -Bursanı babam görmədi, atam görmədi, mən hökmən görməliyəm! Atamın dediyi kimi Bursa torpağı gətirib onun qəbrinə səpmək var…

            Bu vaxt içəri otaqdan körpə səsləri eşidildi. Qoca həyətdə paltar sərən gəlnini səslədi:

            -Ay qızım, Bursanın səsi gəlir…

                                                                                                                             İyun – 2020

 

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə