DƏVƏ ÜMİDİ
AZAD
QARADƏRƏLİ
DƏVƏ
ÜMİDİ
Hekayə
Professor
Adil Qeybullaya
Sonuncu
səfərdən sonra qəti qərara gəldi: Bozu bu dəfə mütləq azad edəcək.
Dəvələrin
“azad edilməsi” onların bir otlaqda yalqız buraxılması anlamına gəlirdi. Özü də
bura elə bir yer olmalıydı ki, yaşadıqları məmləkətdən aralı olsun ki, dəvə
karvanın iyini alıb geri dönə bilməsun. Bu, əslində dəvənin ölümə tərk edilməsi
idi.
Səbəbsə
sadə: uzun illər karvanın ən güclü, ən etibarlı dəvələrindən olan Bozun
enerjisi tükənirdi, gücü azalırdı, nəfəsi çatmırdı. Bunlar cəhənnəmə, susuzluğa
tafanası heç qalmamışdı. Neçə dəfə olmuşdu ki, sarban Bozun yükünü karvanın o
biri üzvlərinə paylaşdırmışdı. Faydası
olmurdu. O, karvanın ayağını çəkir, hətta yüksüz belə yaxşı yeriyə bilmir, yolu
uzadırdı. Görünən o idi ki, təbiətin qanunu öz sözünü deyirdi: Bozun istifadə
müddəti tükənirdi. Ondan xilas olmağın bircə yolu azad etmək idi... Çətin iş
idi, amma qaçılmazdı.
Çətinliyi
o idi ki, Boz elə-belə dəvə deyildi. O, karvanın vaxtilə önündə getmişdi. Ən çətin
səfərlərə o başçılıq etmişdi. Büdrəməmişdi, yıxılmamışdı, dözümü və gücü ilə
karvana nümunə olmuşdu. Susuzluq karvanı
əldən salanda hayqırmış, qarşıda görünən ilğımın həqiqət olduğunu onlara
inandırmış, bu yalana özü də inana-inana əsl su məkanına çatdıra bilmişdi
karvanı. Yanan səhra onun dəvə ürəyinə güc vermiş, sonsuz kimi görünən
qumluqları gəmi dalğaları yardığı kimi yarmış, dəniz qasırğasına düşmüş gəmini
sağ-salamat sahillərə çatdıran kapitan kimi karvanı qum fırtınasından xilas
etmiş, sahibinin ən ləzzətli təriflərini eşitmiş, oxşamalarını duymuş,
sığalından köksü qabarmışdı.
Və
indi belə bir dəvədən imtina etmək...
Çətin
idi. Amma edilməli idi. Qaçılmazdı.
Sahib
məmləkəti ilə səfərdən döndüyü ölkənin lap orta məsafəsindəki səfalı bir
ovalıqda Bozun ovsarını açıb buraxdı. Dəvə bir aşağı baxdı, bir yuxarı əydi
boynunu və inandı ki, ovsarı yoxdur. “Ovsarı yoxdur” demək, ölüm demək,
atılmaq, tərgidilmək demək idi. Ovsarı olmasa da, boynunda nəsə ağır bir şey
vardı hələ. Uzun boynunu qaldırıb bu ağır şeyə baxanda onun sahibinin əli
olduğunu görüb bir az toxtadı. “Demək hələ əlini götürməyib. Qaytarıb ovsarı
bonuma təzədən keçirə bilər. Amma yox. Ümid bəzən yaxşı şeydir, di gəl, onun da
əclaflıqlarını çox görmüşük. Ümid kimi axmaq şey bir də ümiddir. Ümid eləməkdənsə,
onu tut, sal bu iri ayağının altına, tabe elə özünə, qoy sənə işləsin. Yoxsa,
“ümid edirəm ki...” Nəyə ümid edəcəksən?! Niyə ümid edəcəksən?! Bitib axı sənin
dövranın. Get, uzan, öl, vəssalam... Amma yox, biz dəvələrin öz ölümü var
axı... Onu gözləməliyəm. Gec-tez gəlib səni tapacaq...”
Başını
qaldırıb sahibinin üzünə baxdı. İri, köşək gözləri yaşla həlqəli idi. “Vay səni!
Sahib ağlayır ki! İlahi, indi mən də ağlayacam... Dayan e! Mən heç yaxşı fikir
verməmişəm... Bu sahibin üzü necə də bizə oxşayırmış?! Qalın dodaqları, köşək
gözləri, dəvə sifəti kimi sərt üzü və yaşla həlqələnən gözləri... Ürəyi yoxdu
bizim kimi... O saat ağlamaq tutub... Uzun karvan yolçuluğu zamanı pirlərdən eşitmişəm
ki, insanlar saxladıqları heyvana çox bənzəyirlər. Donuz saxlayan, donuz əti
yeyən donuza oxşayır, qoyun saxlayan, qoyun əti yeyən qoyun kimi fağır, qoç
kimi hirsli və amansız olur, it saxalayan it kimi qancıqsifət, köpək kimi sədaqətli,
küçük kimi hürəyən olur, dəvə saxlayanlar da dəvə kimi ürəyi qübarlı,
gözüyaşlı, bir də kinli olurlar... Eynən sahibimiz misalı...”
Adam
dəvənin uzun boynuna bir tumar çəkdi, doymadı, dönüb bir də çəkdi, sonra qəhərli-qəhərli
arxasına bir şapalaq vurdu – bu şapalaqdan çox “sağlıqla qal” anlamına gəlirdi.
Dəvə
başını çevirib bir hökküldədi, iki hökküldədi, göz yaşlarına sahib ola bilməyib
ağladı və çəmənliyə üz qoydu. Nə o geri dönüb baxdı, nə sahibi geri qanrıldı...
***
Ulu
babası Xas dəvədən eşitmişdi qədimlərdə. Ki, bütün dəvələrin ölümü bu cür olur.
Onlar, allah eləməsin, səfər zamanı qəza keçirməsələr – çox ehtiyatsızlıq edib
yıxılaraq ayaqlarını sındırmasalar, yaxud qaçaq-quldur hücumu zamanı təsadüfü
gülləyə tuş gəlməsələr, bir də nadir hallarda baş verən dəvə xəstəliyinə
tutulmasalar, onların əksərinin ölümü belə olur – qocalıb əldən düşən zaman
ovsarı başından alınır və... (Dəvə xəstəliyi də qəribə bir azardı. Dəvə
oynar-gülər çölə, çəmənə otlamağa gedər və qəfildəncə o xəstəlik başının üstünü
kəsər. Dəvə o xəstəliyi fəhmlə hiss edər və sürünə-sürünə də olsa, özünü
sahibinin yanına – bağlandığı tövləyə çatdırar, ayağını uzadıb ölərdi.)
Xas
dəvə onu da demişdi ki, mində bir dəvə olur ki, ovsarı başından alınandan sonra
qurd-quşa yem olmaqdan qoruna bilir, çölün-çəmənin alın-gülün yeyib yağlanır, həyata
qayıdır, təsadüfi bir yolçunun rastına çıxıb yenidən boynuna ovsar salınır...
Əh!.. Mində bir e!.. Ümid köpək oğlu şeydir, dəvə qardaş... Ümidə aldanıb
ilğımın dalıncan yortma... O günlərin arxada qaldı... sahibimizin sevə-sevə işlətdiyi
bir misra vardı... Görüm necəydi? “Aldanma ki, əlbəttə şair sözü yalandır...”
Yalandır, qardaşım... dünya özü bir yalandır. Bax, hal-hazırda sənə verilən bu
çəmənzar da yalandır... bax, o çəmənzarın ayağında, daşdan damlayıb buralara həyat
verən o irmaq da yalandır... Dünya yalandır... Dəvə boyda yalan... Dəvənin
boynu boyda yalan... Dayan, bu nə səsdir? Ölümmü gəlir? Nə tez, qoy bu yalan
dünyada bir az doyunca nəfəs alaq də, olmadı ki... Yox, yox, ümid-zad bəsləmirəm,
ovsarım ki, alındı, ölüm boynumun borcudur... Amma belə tez də yox ki. O çəmənliyi
otlasaydım, o irmağa enib tuluq qarnımı doyunca doldursaydım... Bir də
yeyib-içib doyandan sonra bu kölgədə bir doyunca yatsaydım... Mən heç yatmadım
ki!.. Səfərdən dönən kimi, yükümü aldılar, qaşovladılar. (Bu da bir ləzzətdi
haaaa! Qaşov çəkildikcə, elə bil damarlarımın hamısı salama gəlir, ürəyim
böyüyür, dizlərim dirəklənir, gözlərim alacalanır, ruhum haralarasa uçur,
uçur... Bu qaşov ki var, dəvələr cütləşəndə aldığın həzzə yaxın bir həzz
duyğusu yaradır. Biz insan kimiyik axı. İnsanlarla çox sıx-sıx təmasda
olduğumuza görə, onların bir çox xüsusiyyətləri bizdə də var... Kişiylə qadının
cinsi əlaqədən qabaq bir-biriylə edələşməsi, mazaxlaşması, qucaqlaşması, öpüşməsi
bizdə də var. Mən, mayanı özümə tərəf çağıranda çıxartdığım səsi öldürəsən ayrı
vaxt çıxarda bilmərəm. O bir aşırı vəziyyətdir ki, onda biz dəvə olmuruq,
sahibimiz kimi haldan-hala düşürük, hökküldəyirik, fısıldayırıq, ofsunçu kimi
mayanı ovsunlamaq üçün heç dəvəyə yaraşmayan əməldən çıxırıq... Dişini boynymuzla
sıxırıq, ağzımızla qapırıq, dişimizlə dişləyirik, iri dodaqlarımızla orasından
öpürük, yalayırıq... Sonra da ki, o iş olur, elə bil belimizin ipi qırılır...)
Ə,
bu səs, deyəsən, gerçəkdən Ölümün səsidir axı?! Eh... Qoymazlar ki, ömrümüzdə bir
dəfə verilən bu azadlığımızın dadını doyunca çıxardaq... Hə, odur, zəngildəyir...
Özüdür ki, var... Amma hələ, deyəsən, çox uzaqdadır. Qoy o gəlincən bir az bu çəməndə
otlayım. Sonra enib irmaqda tuluğumu da sərin suyla dolduraram...
Boz
çəmənliyi acgözlüklə otlamağa başlayır. Otladıqca düşüncələri də göyərir.
“Xas arvana deyərdi ki, bizi ayrı vəhşilər yeyə
bilməz. Nə boz canavara, nə aslana, nə qaplana tutduruq verənik. Uzun
ayaqlarımız, illah da dal ayağımızla atdığımız şıllaq, uzun boynumuz və bəd
ayaqda iri dişlərimiz bizim silahımızdır. Ona görə öz Ölümümüzdən savayı başqa
vəhşini yaxın buraxmarıq. Heç onlar da bizə hələm-hələm yaxın düşməzlər. Düşərlər
e, görsələr ki, ovsarsız dəvənin hay-hayı gedib, vay-vayı qalıb, hə, bax onda
hücum edərlər... Mən ki, namıxuda, hələ canısuluyam axı... Hələ bilmək olmaz bu
işin axırı nə təhər qurtaracaq.... Eeeee, yenə ümid!? Bəsdi də, ay dəvə oğlu dəvə!
Dəvə kimi qanmazlığına salırsan! Sənin ovsarın alınıb! Sən ölümə məhkumsan... Sən
Ölümünü gözləməlisən... Nə ümid?!. Ümiddən hələ xeyir görən olmayıb...”
Bu
vaxt bir yalquzaq meşədən çıxıb dəvəyə tərəf gəlir. Yolun yarısında ayaq
saxlayıb ona baxır. Bir baxır ki, boynunda ovsarı yoxdur. Ona görə ümidlənir.
Amma onun da ümiddən zəhləsi gedib zaman-zaman, ona görə ağzını göyə tutub bir
ağız ulayır:
-A-uuuuuuuuuuu!
Dəvənin
canından üşütmə keçsə də özünü o yerə qoymur. Otlamağına davam edir. Canavar anlayır
ki, yox, bunun özü yıxılan halı yoxdur. Hələ canısuludur. Dal ayaqları da yerə
bərk dayanıb. Allah eləməsin, bircə şıllağa canavarı o dünyalıq edər...
Elə
uzaqlaşmaq istərkən taladan iki ənik çıxıb dəvəyə tərəf qımıldılar. Dəvə başını
qaldırıb ənikələrə baxdı və içindən bir “ah” keçdi. Hə, budur, gəldilər. Özü də
ikisi birdən... Nə tez? Qoyaydınız bu çəmənin bax, o tərəfinəcən otlayadım,
irmaqdan bir az...
“Vay
səni! Yox! Bunlar onnan deyillər! Bunlar bizim Ölüm deyillər!.. Deyillər,
deyillər... Hə, axı bizim Ölüm... Xas babamız danışırdı ki, boynundan ovsarı
alınan dəvələrin öz Ölümləri var. Bunlar da canavardılar, amma bizim
tanıdığımız qoyun-quzu yırtan canavar deyil... Bunlar o canavarlardan kiçik
olurlar. Ovsarsız dəvənin qənşərinə çıxıb sərçə kimi pırr eləyər, o yana
fırlanar, bu yana fırlanar, tozu göyə sovurar, kül rəngləri ilə sovurduğu tozu
da kül kimi göyə səpər və qəfildən tullanıb dəvənin boğazından tutar. Dəvə
başını yuxarı qaldıranda ordan sallanar, saatlarla, bəzən günlərlə ordan düşməz,
dəvənin qanını axıdıb xıxdırar, diz çökəndən sonra yapışdığı yerdən başlayıb
girər dəvənin içinə, qanını sorar, sorar, gedər içalatına çatar, dəvənin ürəyini
çıxardıb yeyər, leşini də qurd-quşa buraxıb çıxar gedər...
Kül
rəngində olduğuna görə bizlərdə buna Kül canavar deyərlər...*
Amma
bunlar o deyil. Bu küçüklər bayaqkı Yalquzağın nəslindəndirlər. Qoy gəlsinlər,
onlara şıllağımın dadını göstərərəm...
Əniklərdən
biri tullanıb dəvənin qarnının altına ağız atır. Amma ağzı boşa gedir. İkincisi
boynundan tutmaq ümidilə yuxarı sıçrayır, bu vaxt Boz qabaq ayağını onun belinə
qoyub basır, çəmənliyə yapışdırır. İkinci əniksə canını qurtarmaq üçün kənara
qaçıb zəngildəyir. Boz əniyin belinə xıxmış sütdırnaqlı qabaq ayağını
qaldıranda beli qırılmış ənik sürünüb güclə uzaqlaşır və canavarlar yox olur...
Boz
hökmran-hökmüran çəmənlikdə boynunu uzadıb hökküldəyir. Sonra heç nə olmamış
kimi otlamağına davam edir...
***
Boz
dəvə düz üç ay bu çəmənin ot-ələfi ilə bəsləndi. İrmaqdan içib yağlandı. Ölümü
– Kül canavar isə gəlib çıxmadı. Əvəzində öz karvanının yolu yenə burdan düşdü.
Sahib yolun xeyli aralısında ovsarını alıb çəmənliyə buraxdığı Bozunun
sür-sümüyünü görmək ümidilə karvanı əyləyib yoldan aralandı, çəmənliyə gəldi. Gəldi
və donub qaldı: Boz dəvə yeyib yağlanmış, tükünü dəyişib tanınmaz hala
düşmüşdü. Xəcalətindən başını aşağı salıb dəvəyə tərəf gəldi və bərayi-ehtiyat əlində
hazır saxladığı həmin ovsarı yuxarı tutdu. Dəvə hökküldədi, boynunu irəli
uzatdı, sahibinin əlindəki ovsarı iylədi, həmin ovsarlığına əmin olduqdan sonra
boynunu ona keçirdi və gözündə həlqələnmiş yaşı sarbanın ətəyinə sürtdü. Sahib
də Bozu bu vəziyyətdə görüb sevincdən qəhərlənmişdi. Onun da gözlərində yaş gilələnmişdi.
Əlini uzadıb dəvənin qaşovsuz boynunu sığalladı. Sonra yaşlı gözlərini dəvənin
üzünə sürtdü.
Hardasa,
lap uzaqlardan Xas arvananın hökkültüsü eşidildi:”Ümid axmaq şey olsa da, yenə
ümiddir... Nəyin olmasa da, bir yalançı ümidin olsun... Ümid dirənişin
yarısıdır.”
20.06.2020
-------------------------------------------------------------------------------------------------------------------------------
* Bu Kül canavarlar, əslində bizim tərəflərin heyvanı deyil. Bunlar ən
çox Ərəbistan çöllərində olarlar. Amma bizim dəvə karvanları həm ziyarət, həm də
ticarət zamanı İpək yolu ilə Kərbalaya, Məkkəyə, Şama gedib-qayıdanda o Kül
canavarlar karvanın izi ilə gəlib buralara da çıxıblar. Sonralar dəvəçilik
inkişafdan qaldıqda o heyvanların da kökü kəsilibmiş... Əgər yolunuz Ərəbistan
səhralarına düşsə, orada boynundan bir canavar sallanaraq qumluqda yortan dəvə
görsəniz, bilin ki, Ölümünü tapmış dəvədir. (Müəllifin qeydi.)
Yorumlar
Yorum Gönder