SAAT
AZAD QARADƏRƏLİ
SAAT
(“Böyük
adamı haqqında kiçik hekayələr” silsiləsindən)
Kənddə
divar saatımız heç olmadı. Mənim qol saatımın rəqəmləri isə çox tünük idi. Anam
ha baxsa da, saatı yaxşı görə bilmirdi. Beş manatlıq radio isə (bizdə xətti
radioya belə deyirdilər) vaxtlı-vaxtında işləmirdi deyə, saatı ordan da eşidə
bilmirdi. Ona görə gileylənirdi ki, lazım olanda saatı bilə bilmir. Həyat
yoldaşımla qərara aldıq ki, evə bir yaxşı stolüstü saat alaq. Və Mincivandan, Rəşidin
dükanından, səhv etmirəmsə, iyirmi beş manata bir qəşəng saat aldıq. Qol
saatları kimi sadəcə vaxtında düyməsini qabağa burub doldurmaqla (“zavalit” eləmək
deyərdik rusca) onun bir sutka dayanmadan işləməsini təmin etmək olurdu. Və bu
saatı anam çox sevdi. Ona görə ki, həm yaraşıqlı, həm də rəqəmləri kifayət qədər
iri idi. Günün hansı zamanı olduğunu bilmək lazım olanda, xüsusilə namazın
vaxtını öyrənmək istəyəndə təzə saatımıza baxardı...
...Ailəmiz
öz doğma od-ocağından qaçqın düşəndə hərə əlinə bir şey götürmüşdü. Anam
da bir neçə vacib əşyasıyla bərabər həmin
bu saatı gətirə bilmişdi...
Bir
neçə dəfə yer dəyişdik. Hamısında da qanqaraçılıqla. Çünki ilk aylarda anam elə
bilirdi ki, Heydər Əliyev prezident seçilib, məsələ həll olunub – ya ordumuz
hücuma keçib torpaqlarımızı alacaq, ya da sülh yolu ilə... Bu sülh məsələsini o
çox ürəksiz deyirdi...
...Anam
ağır xəstə idi. Yalnız qolundan tutanda yeriyə bilirdi. O da mən gərək
tutaydım, başqasına etibar etməzdi.
Sabunçuda
aldığım torpaqda ev tikirdik. Ustalara yalvarırdım ki, bacardıqca tez
qurtarsınlar bu işi. Anamın erkən vəfat edəcəyindən qorxurdum...
Bir
gün dedi ki, ay bala, gəl gir qoluma, görüm nə qədər qalxıb divarın.
Gətirdim,
baxdı, bir-bir soruşdu ki, bura nə olacaq, bura nə...
Mən
də dedim: bura qonaq otağımızdır, bura yataq otağı, bura mənim iş otağım, həm də
sənin namaz otağın, bura mətməximiz, bura hamamımız... Bura da dəhlizdir...
Mənim
kiçicik iş otağıma bir də göz gəzdirib dedi:”Burda yazı stolun olacax, bilirəm.
Üstünə də köhnə sahatımızı qoyarsan... Onu düzəltdidin?..”
Qəhər
boğmuşdu məni, yalandan güclə “hə” dedim...
Hardan?
Hansı ustaya göstərdim, bundan daha saat olmaz, köhnə modeidir, sat bizə dedilər.
Heç
satarammı?
...Anamdan
sonra uzun zaman o saata yaxın düşə bilmədim. Elə bil qorxurdum ondan. Bir gün
özümü toplayıb əlimi çəkdim üstünə. Kəsilmiş səsi, eşidilməyən çıqqıltısı ürəyimə
işlədi. Bir də anama yalandan “hə” deməyim qırdı ipimi. Günahkarcasına oxşadım,
əlimi sürtdüm. Anamın əlləri çox dəymişdi axı ona. Az qaldı dillənsin ki, nə
olar, düzəltdir məni. Amma dili yoxdu, tutulmuşdu...
Bütün
Bakını ayaqdan saldım, “hə” deyən olmadı. Elə hamısı dedi ki, sat, alırıq.
Amma biri çıxdı axırı. Saata bir xeyli baxıb,
qoy qaısın, bir həftədən sonra gələrsən dedi. Qorxa-qorxa saatı bu saqqallı adama verib getdim. Getdim deyirəm,
amma Novruzəli poçt qutusundan aralana bilmədiyi kimi mən də saatsaz köşkündən
aralana bilmirdim. Adam fəhmliymiş. Əli ilə işarə edib çağırdı məni. Və yenə əli
ilə soruşdu (əlini uzadıb sağa-sola hərlədi) ki, nə məsələdi, nədən narahatsan?
Mən
də bu saatın tarixini, anamı və nəhayət qaçqınlığımızı ona danışanda pis oldu.
Saqqalını dartışdırıb dedi:”Qardaş, heç nigaran qalma, bu saatlarda qızıl
suyuna çəkilmiş yerlər var, ustalar ona görə onu səndən almaq istəyiblər. And
olsun Qurana-kitaba necə vermisən, elə də alacaqsan.”
...Saat
düzəlməyinə düzəlib, amma bir az qabağa qaçır.
O
mücərrəd “qabağın” hara olduğunu hələ də kəsdirə bilməmişəm...
Yorumlar
Yorum Gönder