YETİM QIZIN HEKAYƏTİ

 

 

                                       AZAD QARADƏRƏLİ

 

                                   YETİM QIZIN HEKAYƏTİ

 

                                   (“Seçki hekayələri” silisləsindən)




                                                                                                            

 

            Yetim qız idi. Atası öləndə üç yaşı vardı. Anasını isə heç xatırlamırdı. O doğulanda zahılıqdan pozulmuş, bir ilin tamamında işıqlı dünyaya əlvida demişdi. Elə xəstə idi ki, heç balasını əmizdirə də bilmədi. Yazıq nənəsi onu yumurta sarısı ilə mayalamış, sonra on üç il əvvəl ailə qursa da, uşaqları olmayan qardaşı oğlunun arvadının qucağına qoyub demişdi:

            -Mərcan, mən qocalmışam. Bu tifilin anası da bu gün, sabahlıqdı. Bədbəxt balam heç  gün görmədi allahın altında. Götür bu uşağı, saxla, böyüt, əli iş tutar, yardımçın olar...

            Sonra uşağı Mərcanın köynəyindən keçirmiş, qıçının arasına salıb çıxartmış, bir növ quzunu  yad qoyuna teləyən kimi teləmişdi...

            İnsafən Mərcan uşağa yaxşı baxmış, metrika götürəndə  anası Nisənin adını vermiş, ərinin soyadını yazdırmışdı...

            Uşaq aynan, gününən böyümüş, boy atmış, məməli-məstan qız olmuşdu. Bir az ağız-burun sarıdan rəhmətlik atasına çəkmişdi: badar-bucaqdı. Burnu iriydi, ağzı yekə, qulağı yastı, səsi də kişi səsi... Amma yanaqları pırtlaq, qıpqırmızı idi. Döşləri baş yarardı. Dili də ki şipşirin! İlanı yuvasından çıxardardı. Məktəbdə hamı ona Nisəm deyirdi, nədən ki, qız həm yaxşı oxuyurdu, həm də dilli-başlı idi.

            Elə siftə ili imtahanı uğurla verib köhnə dillə desək, APİ-nin coğrafiya fakültəsinə qəbul olundu. İnstitutda da qızın başına and içirdilər. Yaxşı oxuduğuna görə qırmızı diplomla bitirdi oranı.

            Beşcə il müəllim işləmişdi ki, qardaşı gənc yaşında parladı. (Allahın işinə baxın, Mərcan bu qızı köynəyindən keçirəndən iki il sonra uşağa qaldı və nağıllarda deyilən kimi, ay parçası kimi bir oğlan doğdu. Həmən bu oğlan ali məktəbdə oxuya-oxuya idmanla məşqul oldu və taykvando üzrə dünya çempionu adını qazandı. Hökümət ona ev, maşın verdi, institutu bitirəndən iki il sonra isə artıq deputat da seçldi...)

            Qardaşı Eminə görə Nisəni az sonra irəli çəkib öz kəndlərindəki məktəbə direktor qoydular. Və ilk ilindəcə Milli Məclisə seçkilər oldu. Nisənin məktəbindəki məntəqə 100 faiz nəticə göstərdi. Seçkidə iştirak edənlər 100 faiz, hakim partiyanın namizədinə səs verənlər 100 faiz!..

            Digər namizədin atası, anası, əmisi, qardaş-bacısı o kənddən idi və onlar özlərini yeyib-tökdülər ki, biz axı öz namizədimizə səs vermişik!..

            Nisə dedi: məndə yüz faizdir!

            Rayaonda gələn nümayəndə qulağına pıçıldadı ki, bir az aşağı düş, məsələn doxsan beş elə. Nisə ayağını yerə vurub elə qışqırdı ki, rayondan gələn tez qaçıb maşına mindi və aradan çıxdı. Ekzitpol da bildirdi ki, bizdə sizin faiz altmış üçdür. Nisə dedi məndə 100-dür!

            Hətta Bakıdan gələn nümayəndə də Nisəyə astadan “bəlkə bir az enəsən?” dedisə də, qız dəli dana kimi ayağını yerə döydü: 100-dür vəssalam!

            Həmin ili Nisəyə “Fəxri fərman” və pul mükafatı verdilər. Sonra isə onu Bakıya – Mərkəzi seçki komissiyasında işə dəvət etdilər.

            İndi Bakıda yaşayır. Ailə qurub. Tez-tez televizorda çıxış edir, seçki haqqında mülahizələrini insanlarla bölüşür. Hətt “100 faiz” adlı kitab yazaraq seçki texnoloqu kimi gənc seçicilərə öz arzu və düşüncələrini çatdırıb. Kitab bestseller kimi tezliklə satılmış və yenidən nəşr olunmuşdur. Bəzi ağzıgöyçəklər də deyir ki, biz oxuyan xalq deyilik...

            Gəla! İki dəfə çap olunan kitabın hamısı satılıb. 100 faiz!

                                                                                                          28.02.2020

   

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə