AZAD QARADƏRƏLİ Təzə pul

 

                                               AZAD QARADƏRƏLİ

                                                 Təzə pul

                             (“Dünyanın ən böyük adamı” silsiləsindən)

 




            Beş yaşım olardı. Hərfləri və rəqəmləri tanısam da, hələ məktəbə getmirdim.

            Uşaqlarla aralıqda futbol oynayırdıq. Bu vaxt bir dəstə gənc  də ora gəldi və əllərindəki  şaqq-şaqq şaqqıldayan təptəzə pulları bir-birilərinə göstərdilər. Biri bir az oturub bizə baxan yaşlı kişiyə dedi:

            -Bax, əmi, bu gün maaşımızı təzə pulla verdilər!..

            Hamı meydana yığışıb yeni pula tamaşa etməyə başladı. Mən dabanlarımı ha qaldırsam da, təkcə üstündə 1 rəqəmi yazılan pulu gördüm. Qalanlarını isə görə bilmədim. Deyilənlərdən eşitdim ki, üçlük yaşıl, beşlik göy rəngdəymiş. Lap sonralar öyrəndim ki, onluq da qırmızı imiş.

             Axşam ağlamsına-ağlamsına dedim:

            -Dəmiryolçular təzə pul gətirmişdilər... O qədər adam yığışmışdı başlarına, dabanlarımı qaldırsam da, görə bilmədim... Mən də təzə pul görmək istiyirəm...

            Anam kolxozda işləyirdi və sonradan biləcəm ki, kolxozçulara pul əvəzinə əmək gününə taxıl, noxud, kolxozda yetişdirilən başqa ərzaq məhsulları verirmişlər. Bizdə pul yalnız dana, qoyun-keçi satanda olurmuş. Bir də pul nənəm İzafədə olardı. Meyvə-tərəvəz vaxtı bağ-bağatımızın məhsullarını aparıb Mincivan bazarında satar, cibi dolu pulla evimizə qayıdardı. Tərslikdən hələ qış idi və nənəmin bazara getməsi üçün may, iyin aylarını gözləməliydik...

            Babam həmişəki kimi bir rəvayət söylədi.

            Deyir, pulkəsən gümüşü qoyur zindanın üstünə, çəkiclə döyüb qəpik halına salır. Bu vaxt odda bişmiş gümüş pul dəmirçinin zindanından tullanıb bir qırağa düşür və deyir:

            -Ya Allah!

            Bu, Allahın xoşuna gəlir və buyurur: sən ki, odun içində, çəkicin altda məni yadına saldın, mən də səni elə qiymətli eliyəciyəm, hamı dalınca düşsün... Elə o vaxtdan, pul elə qiymətə minir, hamı onun peşindədi... Bala, sənin  pul istəməyin də elə-belə dəyil. Bu da Allahın işidir... O ki qaldı təzə pula, böyünnəri Bartaz dənçiləri dəni üyüdəndə şahad yerinə maa təzə pul veriblər... Ode ha, kürkümün cibindədi... Get, götür...

            Mən babamın divardakı mıxdan asılı kürkünü dartışdırıb endirdim və cibindən bir ovuc qəpik, iki dənə də üstündə 1 yazılmış kağız pul tapdım. (Sizə deməyi unutmuşam: axı babam təzəlikcə kəndimizin ayağındakı dəyirmanı işlədir. Dənçilər bəzən şahad əvəzinə dən, un, toyuq-cücə  gətirsələr də, hərdən pul da verən olur.)

            ...İnstitutda siyasi iqtisad fənnindən semestr imtahanı. Sualımın biri “SSRİ-də pul islahatları”dır. 1923-cü ildən girirəm mövzuya, pul siyasətindən danışıram, gəlib 1961-ci ilə çıxanda özümün də xəbərim olmadan gözlərim dolur. Müəllimimiz təəccüblə mənə baxanda yuxarıdakı əhvalatı danışıram. Artıq ilk hekayələrim mətbuata ayaq açdığından filologiya fakültəsində hamı məni gənc yazıçı kimi tanıyır və siyasi iqtisad professoru da yəqin, bundan xəbərdardır. Ona görə zaçot kitabçama “əla” yazandan sonra “Bu danışdıqlarını bir zaman gələr, yazarsan” deyir...

           

                                               ***

            Bir cöngəmiz vardı şişbunuz. Anam həmişə qorxardı ki, məni vurar. Ona görə bir axşam həmin cöngəni satanda kefsizləsəm də, sonunda sevindim. Anam ətçidən aldığı bir qom təzə pulu artıq birinci sinifdə oxuyan oğlunun cibinə qoyub deyir:

            -Qoy həmişə cibin pulla dolu olsun!..

            Sonra gözləri yaşarır.

            O vaxtdan cibimdən heç zaman pul əskik olmadı. Yox, pullu-varlı birisi olmadım, sadəcə özümə, ailəmə yetincəyə qədər pulum oldu. Bu günəcən heç kimə bir manat nə təzə pulla, nə köhnə pulla borcum yoxdur.

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə