AZAD QARADƏRƏLİ QUMRU YUVASI
AZAD
QARADƏRƏLİ
QUMRU YUVASI
hekayə
“Gənc əsgər
kantuziya aldıqdan sonra yalnız bərk-bərk
qucaqladığı üçrəngli bayrağı hiss edirdi. Hətta hospitala
gətirilərkən belə qolundakı yarasını əməliyyat etmək üçün
bayrağı əlindən almaq mümkün olmadı...”
İnternet
xəbərlərindən
Yaz
bu il çox gecikmişdi, ya bəlkə bizə belə gəlirdi? Bilmirəm. Bildiyim o idi ki,
ermənilərlə üzbəüz yaşadığımız illər ərzində hər dəfə yaz gələndə biz tarlaya
gec çıxırdıq. Biri bəhanə edirdi ki, hələ əkin-səpin vaxtı deyil, biri deyirdi
ki, qolumda camam* var, soyuqda işləyəndə daha da şişirr, bir başqası isə
açıqca bildirirdi ki, indi heç ağlı olan da tarlaya çıxar? Əl içi kimi dümdüz
yerdə işləyərsən, erməni snayperi düz alnının ortasından vurar, ya da traktoru
nişan alan erməni topçu səni də göndərər o dünyaya traktorqarışıq...
Ona görə gözləyirdik ki, tarlanın qırağı boyu əkdiyimiz
sərv ağacları yarpaqlasın, erməni nişançısı bizi görə bilməsin və onda biz də
başlayarıq işimizə-gücümüzə. Gec olmağına gec olurdu, di gəl, başqa çarəmiz də
yox idi axı. Elə bu tarlada rəhmətlik Əlişiri sinəsindən vurmadımı erməni
nişançısı? Hələ Zeynəb arvad! Yazıq danası yedəyində gedərkən top mərmisinin atəşi
ilə tikə-parça olmadımı?
Həəəə...
Bax, o görünən təpə ki var, onun o üzündəki bizim kənddir. Ermənilər oranı
işğal edəndən sonra gəlib bu çöllükdə ev-eşik qurmuşuq. Neçə il qamışdan, sarı
palçıqdan qurduğumuz daxmada qaldıq. Axırda dövlət bizə bu qəşəng evləri
tikdi. Amma nə olsun? Az qala ildə birimizin evinə top-tank mərmisi düşür,
dağıdır, yenə sıfırdan başlayırıq...
Evimizin
həyətində üzüm çardağı var. Bu çardaqda bir cüt qumru hər il yuva qurur. Amma
bu il onlarınkı da gətirmədi. Yaz bizim kimi onlarçün də gecikdi. Özü də çox e,
lap çox...
Elə
havalar isinən kimi qumrular gəlib çardağın yuxarısında yuva qurmağa
başladılar. Yuva nə yuva?! Bir az ot-əncər gətirib düzürlər bələdlədikləri yerə,
sonra öz tüklərindən də o otların üstünə sərirlər və fərə iki yunurta qoyandan sonra kürt yatır. Amma bu
dəfə elə yuvanı təzəcə bitirmişdilər ki, həyətimizə qrad mərmisi düşdü. Xoşbəxtlikdən
mərmi açılmadığından elə ciddi təlafat olmadı. Üzüm çardağının qanadının bir
hissəsi qırılıb töküldü. Bu vaxt yazıq qumruların yuvası da dağıldı.
Səhəri
gün kənd ərazi nümayəndəsi bizə gəldi və dedi ki, ay qonşu, bununla ikinci dəfədir
ki, sizin evi hədəf seçiblər. Bilirsən niyə?
Mən
təəccüblə “niyə” deməyə macal tapmamış o dilləndi:
-Evinizin
üstünə bayraq taxmısınız, ona görə də bu, o əclafları qıcıqlandırır... Nə
bilim, deyirəm, bəlkə müvəqqəti də olsa...
Bizim
arvad onun sözünü ağzında qoyub qışqırdı:
-A
kişi, sən nə danışırsan?! Heç utanmırsan?! Bilmirsən ki, o bayrağı əsgərliyə
gedəndə oğlumuz Nəbi asıb? Evimizi dağıtsalar da, o bayrağı düşürdə bilmərik!..
Bəs gələndə mən ona nə deyəjəm?
...Qərara
gəldik ki, evdən aralıdakı anbarı sahmana salaq və orada gecələyək. Onsuz da
gündüzlər evdə olmurduq ki. Belə də etdik və anbarda soba qalayıb isitdik, ora
yığışdıq. Başımız işə-gücə qarışdığından qumrular da yadımızdan çıxdı.
Bir
gün evə tərəf gedəndə gördüm ki, quşlar həminki yerdən bir az kənarda üzüm tənəyinin
budaqları arasında yenidən yuva qururlar. Yayın ortaları idi və bir sıra quşlar
yuvalarında balalarını yemləyərkən bizim qumrular hələ təzə yuva qururdular.
...Ağaclar
yarpaqladığından tarlada daha rahat işləyə bilirdik. Düz bir ay geciksək də, əkdiyimiz
xiyar-pomidor, lobya, çay maşı və başqa bitkilər artıq boy atmış, çiçəkləmiş,
orda-burda gülburnu tökmüşdülər də. Hətta arvad lobyadan bir az yığıb siftə yemək
də bişirmişdi. Elə bu cür gözəl günlərin birində elə bir hadisə baş verdi ki...
Top
mərmisi düz evimizin üstünə düşmüş, qonaq otağı darmadağın olmuş, həyət-baca
xarabazara dönmüşdü. Başımı qaldırıb evin salamat qalan hissəsində dalğalanan
bayrağı görəndə gözüm yaşardı...
...İki
gün sonra qonum-qonşunun və yerli hökümətin köməyi ilə həyət-bacanı təmizlədik,
dağılmış qonaq otağını yenidən bərpa etməyə başladıq. Və həyətin bir küncündə
qumru ölüsü görəndə gözlərimə inanmadım. Yuva uçmamışdısa da, qumrunu zərbə
vurub öldürmüşdü. O biri qumru isə çardağın yuxarısında təkcə dayanaraq qəmli-qəmli
oxuyurdu...
Səhər
gördüm ki, tək qumru yuvanı könülsüz-könülsüz söküb yerə tökür. Bizim
arvad mənim ona baxdığımı görüb key-key
altdan-yuxarı onu süzür, dodaqaltı nəsə mırtdanırdı.
Qayınatam
da gəlib dedi ki, ay bala, gəlin o bayrağı aşağı salın, yuyub-təmizləyin, odu
ha, bax bir az dalda yerdən yenə asın. Bizim arvad atasını da acılayıb yola
saldı.
Qonşumuz
isə bizimlə neçə vaxtdır küsülüdür. Axı onun da evinə bizə görə zədə dəyib...
***
Yenə
iki dəfə evimizə qrad düşüb. Biz də elə hey dağılan yerləri düzəldirik. Nəbinin
antenna dirəyindən asdığı bayraq isə hələ də yerindədir. O, əsgərliyi bitirsə də,
gizir kimi qalıb orduda. Deyir, gərək erməniləri buralardan qaçaq salaq ki, bizəm
evlərimizi bombalamasın. O təzə baş nazirləri var e, adama oxşamaz başı batmış,
o da Şuşada min oyundan çıxır, adamın lap ağlı başından çıxır...
***
He-he-heeeeeee!
Gülürəm! Bə nədi! Üç gün olar bizimkilər hücuma keçib! İndi tək bizim evin
üstündə yox e, bütün kənd evlərinin üstündə bayraq var. Qonşumuz da bizimlə
barışıb. Yazıq qaynatam bu günləri görmədi...
İnterneti
kəsiblər bizimkilər, ona görə Nəbi ilə görüntülü danışa bilmirik. Amma dünən zəng
eləmişdi. Deyir ki, bayrağı bir az da yuxarı qaldırın!..
Dünən
nə görsəm yaxşıdır? Tək qumru özünə təzə tay tapıb! Gəlib yenə orada yuva bələdlədiyi
yerdə səs-səsə verib oxuyurlar. Amma heyf ki, yuva vaxtı deyil. Yoxsa yuva da
qurardılar. Eybi yox, gələn yaz qurarlar, inşallah!
01.10.2020.
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------
*Camam – el arasında ağır yük qaldırmaq nəticəsində qolda, əlin üstündə yaranan şişlərə verilən ad.
Yorumlar
Yorum Gönder