Azad Qaradərəli "ŞƏHƏRCİK" romanından parça

 AZAD QARADƏRƏLİ

("ŞƏHƏRCİK" ROMANINDAN PARÇA)

 

                              QAÇQIN  YATAQXANASINDA

 

         


              

            Maşını Təhsil Nazirliyinin yaxınlğındakı tikintisi yarımçıq qalmış binanın qabağında saxladı. Bura düz on altı il əvvəl gəlmişdi. Qohumlarının bir çoxu qaçqın düşəndən sonra küçələrdə qalmışdı. Onları yerləşdirən, qarşılarına çıxan kimsə yox idi. Kim harada gəldi, necə gəldi məskunlaşırdı. Bu işdə qaçqınların Bakıda nisbətən babat vəzifədə olan yerliləri, qohumları köməklik göstərirdilər. Ağaquluyev onda idarə rəisi idi. Ona yaxın tikinti idarəsini birləşdirib trest, daha sonra isə birlik yaratmışdılar. Onun pulunu balta kəsmirdi. Bakıda Rəsul Quliyevdən sonra ən pullu adam sayılırdı. Amma o qazandığının yarıdan çoxunu orduya silah almağa, daha sonra əlsiz-ayaqsıza, lap axırda da qaçqınlara xərcləyirdi.

            Qaçqınlar dəstəsi gəlməyə başlayanda o maşınlarıyla, fəhlələriylə, puluyla onların pişvazına çıxdı. Amma tezliklə məlum oldu ki, onlara puldan çox, başlarını təpməyə koma lazımdır. Və o kişi kimi düşdü qabağa, harda boş bina, yataqxana, məktəb, bağça varsa, hamısının qapılarını sındırtdı, yurdsuz-yuvasızlar  doldular içəri. Amma burda iş yaman ləng gedirdi. Ağdam, Füzuli, Laçın, Kəlbəcər, Cəbrayıl... əşşi, o qədərdi ki, dağılmışlar, sayıb qurtara bilmirəm, xüləs, onların qohumlarının rayonu lap axırda işğal olunmuşdu. (Bu mənim qeydim deyil haa, məni günahlandırmayın, bu yeri o oğraş professor yazıb - əsl müəllif) Qırılmışlar vaxtında çıxıb gəlmədilər ki! İndi bütün yerlər tutulub...

          Nəysə, kişi eşitdi ki, bəs Təhsil Nazirliyinin yanındakı həmən o yarımçıq bina boşdur. Amma bina kooperativ olduğundan bura o biri rayonların qaçqınları yaxın düşə bilməmişdilər. Onda indiki kimi yaşlanmamışdı, lap öküzü quyruqlayıb yıxan vaxtlarıydı. Ona görə şefləriylə razılaşdırdıqdan sonra özü öz maşınında gəldi binanın qabağına. Qoçularına göz elədi, binanın mühavizəçilərini bircə anda döyüb qovdular. Qaçqınlar da hərəsi bir ağac götürüb kooperativ sahiblərini tökdülər çölə. Onda kəndlərindəki Mənzər arvad yeridi onun qabağına, qəhərli-qəhərli bir ağı dedi, bir ağı dedi, kişinin damarlarında qanı dondu.

            - Dədəm oğlu, Mənzər xalan gözua qurban, soruşmursan yurdumuz necı talan oldu, o namərdin qabağnda irayonumz , kəndimiz qolubağlı qalan oldu, bu qanı-qadanı ordan bura müzüyün tökə-tökə ağı deyən Mənzər xalan oldu... heeeeyyyyyy!  A dədə qurban, a nənəm qurban, canımız saa asdağa olsun, heyyyy!

          Arvadlar yer-yerdən ona səs verdilər:

            - Heyyyyyyy!

         Arvadın səsində bir hüzn, bir kədər vardı ki, diri-diri adamı öldürərdi. Rayonda varlıların yasında onu ağıçı aparardılar, ağı deyib hamını ağladardı. Ağaquluyev hələ uşaq olanda onun qəhərli-qəhəri ağlamağını eşitmişdi. Və bu qadının səsi ürəyində qalmışdı.

            İndi maşını bu binanın qabağında saxlayıb elə ilk qarşısına çıxandan Mənzər arvadı soruşdu. Uşaq qaçıb harasa getdi və bir az sonra qayıdıb gəldi:

            -Dayı, Mənzər nənə indi talkuşkadadı, orda nəvəsinin toçkası var axı... Gələndə nə deyim?

            -Gələndə deyərsən ki, Xanqulu müəllim gəlmişdi, dedi ki, bu nömrəyə zəng eləsin, ona deyəcəklərim var.

            Ürəyində isə bunu dedi: “Qoy gəlib məni elə diri-diri ağlasın.”

 

                                                           ***

         -Dayı, nə təhər demisən, elə də eləmişəm. Meyit sink tabutda idi. Açmağa icazə vermirdilər. Xəlil kişi arvadıyla birgə cumdular çastdan gələnlərin üstünə. Arada mənə də bir-iki şillə-təpik dəydi. Tabutu açdılar... üç dənə ağ kubik daşlarını əskər şinelinə büküb qoymuşdular tabutun içinə... Vallah, bilsəydim belə olacağını, qoymazdım açalar.

            Gözlərinin ağına qan gəlmiş Xanquluyev çəkdiyi siqaretin kötüyünü - dünəndən başlamışdı çəkməyə - külqabına basıb dedi:

            -Bəs Aydının  meyiti bunların nəyinə lazımdı axı?

          Nizami çiyinlərini çəkdi. O həm qorxmuş, həm də son dərəcə kədərli halda Nizaminin tez-tez çırpan kipriklərinə baxdı və güclə eşidiləcək səslə dedi:

            -Bacım neyniyir?

            Nizami hüzn içində dedi:

            -Səsi hələ də qulaqlarımdad. Axırıncı sözləri lap dəhşət idi:

            “Kərəm yiyəsi, kərəm yiyəsi, heç sənin kərəminə şükür olmasın!”

 

                                       

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə