AZAD QARADƏRƏLİ ŞUŞA ADLI QIZCIĞAZ

 

 AZAD QARADƏRƏLİ

 

ŞUŞA ADLI QIZCIĞAZ

 

           Hekayə

 

 

 


 

                                                           Şuşanın dağları başı dumanlı,

                                                           Qırmızı koftalı, yaşıl tumanlı...

 

                                                                       ( Xalq mahnısından )

 

 

 

 

          92-ci ilin buludlu günü idi. May gəlsə də, sazaq adamın iliyinə işləyirdi. Təhsil şöbəsindən hansısa sənədi almaq üçün rayon mərkəzinə gəlmişdim. Avtovağzalda köhnə dostumla rastlaşdım. Onun üzü daha buludlu idi. Məni görəndə buludlar daha da sıxlaşdı.

            -Nə olub? Çoxdandı görüşmürdük... İstədim səni Dağüstü parka yeyib-içməyə dəvət edim... Sən isə...

            O heç dediklərimi eşitmirdi. Üzündəki anlaşılmaz ifadə axır ki, oxundu:

            -Şuşa bu gün işğal olunub... Qaçqın karvanı Ağalı-Məmmədbəyli səmtindən yollara düzülüb...

            -Nə?! – Bundan başqa söz tapa bilmədim. Elə bil Şuşa kiçicik “nə” kəlməsinin içinə sığmışdı.

            Onun maşınına əyləşib Həkəri yoluna endik.

            Elə ilk gördüyümdən içimdə nəsə qırılıb töküldü. Şuşa boyda şəhər bir yola sığşışdı. Yük maşınlarına, avtobuslara,  özüboşaldan maşınlara, lafet qoşulmuş tarktorlara və minik maşınlarına qalaqlanmış qaçqınlar kütləsi  magistralı qapsamışdı. Və nədənsə yaranan tıxac  maşınların hərəkətinə mane olurdu. Ölü düşüncə ilə bu köməksiz insanlara baxandan sonra bir maşında 6-7 yaşlarında qız uşağının bərkdən cikkildəyərək ağladığını nəhayət hiss edə bildim. Maşına sarı boylandım. Orta yaşlı qadın (yəqin anası idi) qızcığazı çətinliklə maşının banından endirdi. Ora-bura boylanıb dalda yer gəzdi ki, qızcığazı çiş tutsun. Dalda nə gəzirdi? Yolu qaçqınlar, yolun sağ-solunu isə onlara tamaşa etməyə gələn yerli adamlar tutmuşdular. Əlacsız qalan qadın uşağı elə endikləri maşının təkərinin arxasına çəkdi, “ay allah keç günahımdan” deyib tumuşuna aşağı dartdı. Bu vaxt qızcığaz daha bərkdən qışqırıb tumuşunu yuxarı çəkdi.

            Gördüyüm mənzərədən içim dağılmışdı. Nəsə etməli idim. Amma nə? Və dostumun maşını yadıma düşdü. Qadını çağırıb bir az aralıdakı maşınımızı göstərdim. O, körpəni maşının böyrünə çəkdi. Uşaq ora-bura boylanıb aşağı əyildi...

 

                                                           ***

 

            ...Sonra o biri rayonlar getdi. Sonra bizim rayon...

            Və 27 il sonra ordumuz əks-hücuma keçib kəndlərimizi, şəhərlərimizi qaytarmağa başladı. Bizim rayonın işğaldan azad olunduğu gün dostumla Bakıdakı kafelərin birində görüşüb bu tarixi günü pivə ilə qeyd etdik. (Yaşlaşmışıq, bərk içki bizlik deyil.) Ordan-burdan söhbətləşdik, hətta arada ağladıq da. Birdən dostum dedi:

            -Yadındadı, Həkəri yolunda Şuşa qaçqınlarına baxmağa getmişdik?..

            Əlimlə onun ağzını tutmaq istədim, amma o danışdı:

            -Qızcığaza işəməyə dalda yer tapmayan ana...

            Göz yaşları içərisində bu dəfə mən dilləndim:

            -Həmişə düşünmüşəm ki, o qızcığazın adı Şuşa idi... – Göz yaşım pivənin içinə damladı.

            Pivəmizi təzələyən kafeçi sanki ürəyimizdən keçənləri duyurmuş kimi gülümsündü:

            -Xəbəriniz var, türk televiziyası deyib ki, bizimkilər ötən gecə Şuşaya girib...

            Pivə bakalda qızıl kimi bərq vururdu...

           

                                                                                                          06.11.2020

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə