AZAD QARADƏRƏLİ XƏNDƏK hekayə

 

                                AZAD QARADƏRƏLİ

 

                                        XƏNDƏK

 

                                                       hekayə

 

 

                                                                      

                                                                                                    Tovuzlu İlham doktora

 

 

 


 

            Tovuz hadisələrindən* sonra allahın gözəl günündə yolum Tovuzun lap böyründə yerləşən bir kəndə düşdü. Niyə düşdü, necə düşdü, qoy bu məndə qalsın. Amma ki...

            Ev sahibləri, insafən bizi gözəl qarşılamışdı. Yemək-içmək süfrəsi kəmfürsət virus qorxusunu da üstələmişdi. Gətir-götürdən sonra lazım olan işimizi görüb, havaya çıxmaq istədik. Saf dağ havasını doyunca udmaq, udmaq keçirdi könlümdən...

            Həyətdə bir xeyli gəzinəndən sonra ev sahibinin oğlunun təklifi marağımı çəkdi: “Evimizin arxasında əsgərlər xəndək qazıblar, baxmaq istəyirsiniz?”

            Baxmaq istəyirsiniz nədir, lap ürəyim gedir. Daha dağ havası-zad da vecimə deyildi.

            Bura dəmyə yerdir. Sentyabrın bu quraq havasında təzə qazılmış xəndəkdən əkilmiş torpaq qoxusu gəlirdi. Siz heç əkilmiş torpaq iyi dadmısız? 27 ildir bu qoxuya həsrətəm.

             Mənim böyük ailəm, böyük də təsərrüfatım vardı...

 

                                                           ***

 

            ...Dava uzaqlarda gedirdi. Biz hələ müharibənin ancaq söz-söhbətini eşitmişdik. Və bir gün xəbər gəldi ki, ön cəbhədəki əsgərlərimizə sovqat aparmaq lazımdır. Məni də ora gedəsi dəstəyə salmışdılar. Bir qədər tərəddü etsəm də, daha etirazın yeri yox idi. (Nə gizlədim, açıqca qorxurdum. Bir təsadüfi gülləyə, yaxud top mərmisinin qəlpələrinə tuş gələ bilərdim. Amma biləndə ki, siyahıda qadınlar da var, dilimi qoydum qarnıma.)

            Maşınımız ön cəbhəyə yaxınlaşdıqca dizlərim əsirdi. Qarşıda görünən təpədən bircə top gülləsi ilə maşınımız göyə sovrula bilərdilər. Qanım elə donmuşdu ki, nəfəsim çıxmırdı. Məndən qabaqkı cərgədə çəpəki  oturmuş gənc xanımın gülümsər çöhrəsini görəndə utandım, qorxudan bərələn gözlərimi gizlətməyə yer axtardım. Yer isə yalnız bu gözəl xanımın kürəyi ola bilərdi ki, gözümü elə ora dikib qaldım.

            Yol da çox təhlükəlidir. Çınqıl tökülsə də, təzə yağmış yağış yolu sürüşkən hala salmışdı. QAZ-66-nın iri təkərləri dik yolla əlləşə-əlləşə yuxarı qalxırdı. Elə ilk dikdirin başına çatan kimi düşmən bizi qrantamyotlardan atəşə tutdu. Maşının sağına-soluna düşən mərmilər nəfəsimizi kəsmişdi. Sürücü maşını saxlayıb qışqırdı:

            -Tez maşından düşün, qabaqdakı köhnə səngərə girin!..

            Elə səngərə təzəcə uzanmışdıq ki, mərminin biri lap qabağımıza düşdü. Düşməyi ilə də bayaq məndən əvvəlki sırada əyləşən xanımı götürüb üstümə atdı. Bu məni ölümdən xilas etsə də, qadının bədənini dəlik-deşik etdi. Onun yaralarından daman isti qan bədənimə sızırdı.

            İlk anda onu qənimət bildim ki, üstümə düşmüş qadını qaldırıb yana aşırdım və altından çıxdım. Qana bələnmiş sinəmə baxıb qışqırmaq istədim, amma yaş torpağın üstündə xırıldayan qadını görəndə səsimi kəsdim. Qadının gözləri elə bərəlmişdi ki, elə bil yerindən çıxacaqdı. Əlini uzadıb qolumdan tutsa da, sıxmağa gücü çatmadı.

            -Yaxamı aç...- deyə bildi. Əlimi uzadıb utana-utana onun yaxasının düyməsini açdım. Qan basmış sinəsi görünəndə üzümü yana çevirdim. Qadının əli boşaldı, “hıç” kimi səs çıxardıb öldü...

            Onu qollarım üstünə alıb maşına tərəf apardım. Sürücü arxadan qışqırdı:

            -Hara, görmürsən atırlar?!.

            Mən qadını maşına qoyub hönkür-hönkür ağladım. Qəribədir, elə bil güllə də gözəli seçmişdi.

            Səngərdə uzananda bilirsiniz nə hiss etdim? Torpağın qəribə ətri varmış. O ətir adama toxunandan sonra dəyişirsən. Qorxu yoxa çıxır. Kim olduğunu dərk edirsən... Elə bil harandasa düymə basılır. Sənə pıçıldayırlar ki, kimsən, kimin oğlusan, kimin soyundansan... Heç tanımadığın, görmədiyin, haqqında eşitmədiyin baban, cəddaban gözünün önündə dayanıb “qorxma, kişi ol” deyir...

            ...Səmanın dəfnində isə bir şeyə əmin oldum: qorxaq insan yoxdur. Sadəcə özünü tanıyan və tanımayan insan var. Mən özümü tanımırdım. O torpaq ətri, Səmanın torpağa qarışan qanı məni özümə tanıtdı. Yazda torpaqdan buğ çıxan kimi canımdan qorxu çıxırdı...

            Sonra iki gündən bir ön cəbhəyə, əsgərlərin yanına gedirdim. Onlara şeir oxuyur, bayrağımızdan, Rəsulzadədən danışır, igidlikdən söz açırdım...

            Sonra nələr, nələr oldu. Rayonumuz işğal edilən gün isə elə bil bir tərəfim iflic oldu. Hiss edirdim ki, özümü idarə etmək qabliyyətimi itirirəm. Rəhmətlik anamın gözü məni alıbmış. Əyilib yerdən bir çəngə nəm torpaq götürdü, boynumun ardından kürəyimə və çənəmin altından ürəyimin başına  töküb dedi:

            -Bala, torpaq Vətəndi, bu heç, amma torpaq həm də oğullardı, igidlərdi. Bax sizlər olmasanız, day o torpağı neynirəm ki!.. Özünü yığışdır, başını qaldır, get ailəni toparla ki, bir gün bura qayıtmağa gücün olsun...

            Ürəyimin başına tökülən o torpağın gücünə baxın ki, bircə anda özümə gəldim. Elə bil kəndim, rayonum o bir çəngə torpağa dönüb mənimlə qürbətə getdi...

            27 il keçib o gündən. Hələ də o sinəmə tökülən torpağın qoxusundan aldığım güc məni yaşadır...

 

                                                           ***

 

            Gecə saat 11-də Bakıya çatdıq. Həyət qapısını açan dayıoğlu dedi:

            -İndicə xəbər verdilər ki, bizimkilər hücuma keçib... deyəsən, bu dəfə torpaqları azad edəcəklər...

                                  

                                                           ***

 

            -Alo, salam! Tovuzdandır... Rayonunuzun işğaldan azad olunması münasibəti ilə sizi təbrik edirəm!.. Gözümüz aydın!.. – Ev sahibi idi. Bizi qonaq edən yeni qohumumuz...

            Mən isə ağlayırdım. Nə qədər çalışsam da, özümü ələ ala bilmirdim. Qəfildən burnuma  nəsə doğma bir qoxu gəldi. O qoxudan diksindim, bədənimə soyuq su çilənibmiş kimi titrədim və ayıldım. Bu anamın əlindən sinəmə tökülən o torpağın qoxusu idi... Bir də Tovuzda mənə xoş gələn o xəndəkdəki torpağın qoxusu...

            -Təşəkkür edirəm, doktor! İnşallah sizi ora qonaq çağıracam!.. – Qəfildən səsim də açldı...

           

                                                                                  27.09 – 27.11. 2020

 

 

 

------------------------------------------------------------------------------------------------------------------------------------------------------

*2020-ci ilin iyul ayının 12-dən etibarən Ermənistan silahlı qüvvələri Tovuz rayonunun sərhəd kəndlərini iri çaplı silahlardan, top və tanklardan atəşə tutmuşdur.

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə