AZAD QARADƏRƏLİ AY KÖNÜL... hekayə
AZAD QARADƏRƏLİ
AY
KÖNÜL...
hekayə
Vətən
Müharibəsi şəhidi Oktay Səfərovun xatirəsinə
Yaz.
Hər yerdə gül açmış, aça bilməyən də gülə bənd olub naz satırdı.
Ömründə
nə gülə doyunca baxa bilmiş, nə ətrini sinəsinə çəkmiş, nə də bundan bihuş
olmağın sirrindən xəbərdar olmuşdu. Qalmışdı ki, gülə bənd olsun, hələ-hələ naz
satsın...
O, heç yaza da yaz kimi baxa bilməmişdi ki...
Tay-tuşları yazın dadını çıxardanda
o çalışdı, işlədi, pul qazanıb ailəsinə yardımçı oldu. Həm oxuyur, həm işləyirdi.
Hətta yazdan açığı gəlirdi – hərdən günlərlə selləmə yağar, onun işləməsinə
mane olurdu... Küçələrdən sel gedir, ayaqqabı su buraxır, paltar islanır, işləmək
müşkülə dönür...
Və
belə bir yaz günü onu görmüş, ona ayrı gözlə baxmış və qolu boşalmış, ürəyi yağ
kimi ərimiş, damarlarında qan sürətlə axaraq ürəyini bərk-bərk döymüşdü – elə
bil anası paltarı çayda yıxalayıb toqqaşdayırdı...
O
gün yaxşı işləyə bilmədi. Evə dönən kimi anası kəsdi üstünü:
“Gözüm
qurban, nəyin var?! Kim xətrinə dəyib?”
Bacısı
qucaqlamış, yalvarmışdı:
“Bacın
qurban, de nə olub?..Rəngin niyə qaçıb?!. Bıyyyy!.. Hə, hə! Mən bilirəm, mən
bilirəm, qardaşım vurulub!.. Kimdi o bəxtəvər?!”
Çox
çəkmədən ondan cavab ala bilmişdi bacısı. Həqiqətən, bu beləymiş. Amma heç
uzaqda deyilmiş. Hər gün gördüyü qonşu qızını bu gün o bir ayrı cür görmüş,
onun könül simlərini qız elə tərpətmişdi ki, alışıb-yanmış, bihal olmuşdu. O
mahnıda necə deyilir? “Bihal oldum, bihal oldum, bihal...”
Amma...
oğlan dərdini bacısına belə açmışdı:
“Ay
ürəyim, çox pis olmuşam, e çox pis. Bu sevda niyə çıxdı önümə? Kəsib keçdi məni.
Axı mənim dərdim başımdan aşır. Atam o gündə, sənə, anama əl tutmalıyam... Elə
lazım olsaydı, təhsilimin danıncan gedərdim də... Özümü çox boğdum, sıxdım, canımı
dişimə tutdum, qıza istədim deyəm ki, mən ayrı yolun yolçusuyam, mənə ümid
bağlama, deyə bilmədim. Dilim dönmədi. Bir yannan da qıymadım ona. Qorxdum ürəyi sına...”
“Ürəyim
sənə qurban. Heç sıxma qəlbini. Bu sahat
evlənmirsən ki. İşləyərsən, pul qazanarsan, bir il nişan apararıq, bir il
xınayaxdı eliyərik, bir il də toyunuzu eliyərik... Ailəni də saxlayarsan, əzizlərinə
də əl tutarsan... Dərdin mənə gəlsin, burda nə var ki?.. Hamı belə eliyir. Heç
ürəyini sıxma...”
Bacısının
al-dilindən sonra sakitləşmişdi.
***
Gün-günə
calandı. İşlədi, özünü oda-közə vurdu, hətta Türkiyəyə də getdi iş dalıncan.
Qazandı, gətirdi. Ailəsinə də əl tutdu, nişan taxması üçün də olanı etdi...
Kor
tale qoymadı. Gah bir qohum öldü. Gah ayrısı. Sonra da pandemiya...
Və
bir gün də Aprel döyüşləri başladı. Onda da qolunu çırmadı ki, döyüş uzansa,
könüllü yollana.
Sonra
Tovuz hadisələri... General Həşimovun vurulması...
Heç
özündə-sözündə olmadı günlərlə. Eynən vurulduğu gün kimi. Bu da vurulmaqdı, fəqət
Vətən vurğunluğu... Bir xəstə ataya baxdı, bir əli ona uzalı anaya, bir
“qardaş” deyəndə dodağı çat verən bacıya... Və... Və... Onu vuran, onu çarpan,
onu tutqulu edən qıza döndü... Heç birindən keçəmmədi... Fəqət qarşıda
dumanın-sisin içində, mücərrəd, heç kimin doğru-dürüst tanımadığı, səsi çıxmayan, ünü eşidilməyən, qanı axsa da
görünməyən, yanıb cızdağı çıxsa da, duyulmayan, zira igid çiynində diri qalan,
yerə qoysa dəfn ediləcək Vətən deyilən bir məfhum da vardı... Çağırır, çağırır,
çağırırdı... Səs vermə, görüm necə vermirsən?!. Bu yerdə gözün qızır, heç nə
görmür, o səsi tutub gedirsən... Və bu vaxt yolunu kəsib səni vuran, qanını qaynadan, ürəyini
coşduran, səni yaza, yazlığa, gülə, güllüyə mail edən, bihal edən o qız çıxır
yoluna yenə... O da dili əsə-əsə, qəlbi pörşələnə-pörşələnə göz yaşıynan suladı
onun yollarını. Gedənin dalıncan su atarlar ya, oğlan belə yozdu bunu: get igidim,
yolun açıq olsun! Düşməni boğ ki, Vətən azad olsun... Su kimi get, su kimi gəl...
Gəl ancaq...
O
istədi “Bihal oldum” desi, amma dili dönmədi, mahnı zamanı deyildi. İçindən
bircə bunlar keçdi:
“Mən
sənə nə deyim, ay könül... Sən heç yaxşı iş tutmadın. Demişdim axı sənə: eşq,
sevda mənnik deyil... Mənim dərdlərim vardı, əlli-ayaqlı... Atamın, anamın,
bacımın gözü məndədir axı... Mən onlarçün yaşayıram... zatən bunu edirdim də...
amma bəs sən nə etdin? Yoluma kəsdin, könül... Mən oraların adamıydımmı... İndi
mən nə edim, ay könül?!
Və Vətən çağırdı, Vətən!.. Bu bir ayrı əhddir, eşqdir, sevdadır – bundan
dönən bizdən deyil!”
***
“Mən
oğlumu heç tanımamışam... Mənim oğlum o qədər sadə idi, o qədər saf idi, o qədər
təmiz idi, heç kimin xətrinə dəyməzdi... Heç toyuq başı da kəsməzdi... Amma...
Mən belə bilirmişəm... Mən heç oğlumu tanımamışam ki... Deyirlər ki, nə qədər
düşmən qırıb... allah qorusun... Qan töküb balam... Düşmən qanın töküb... Sonra
da özü... Yox, yox, yox... Mən bunu dilimə gətirə bilməyəcəm... Ana necə
inansın balasının şəhid olduğuna?!. Axı onun nəşini necə vaxt keçəndən sonra
tapdılar... Heç hələ indi də mən onun yoxluğuna inanmıram ki... O bilir ki,
yolunu gözləyən var... Gələr balam...”
“Qardaşım
şəhid oldu. Bu dəfə şəhid adıynan qorudu bizi... Vətəni də, bizi də şəhid nəfəsiylə
qorudu... Onun qanı yenidən qurulan sərhədlərimizi cızdı... “
“Mən
sözümü o gedəndə demişəm. Nakam eşqimizi Vətənə qurban verdik. Vətən sağ
olsun... Ayrı sözüm yoxdur... Yoxdur... O da yoxdur... Mən də yoxam... Biz
yoxuq... Bəzən “yoxun” özü də gözəl olur... İndi “yox”un yerində “şəhid” var.
Əvvəl tək mənim olacaqdı, indi hamınındır...”
***
Qışın
oğlan çağında bu nə yaz büsatıdır? Onun yatdığı torpaqda çiçəklər necə açdı bir
gündə? Vuran, vurulan küllər hansı ürəklərdən rişə aldı? O kimdi hələ oxuyur?
bihal
oldum, bihal oldum, bihal...
18.12.2020
Yorumlar
Yorum Gönder