AZAD QARADƏRƏLİ DƏYİŞİM hekayə
AZAD QARADƏRƏLİ
DƏYİŞİM
hekayə
Şəhid Xudayar Yusifzadənin xatirəsinə
“Dəyişmək
zamanın tələbidir. Sən dəyişməsən, zaman özü səni dəyişəcək. Ona görə, zamanı gələndə
dəyişmək labüddür.
Amma
elə insanlar da var ki, təkcə özləri dəyişmir, ətraflarını da – dostlarını,
tanışlarını, qohumlarını, hətta ata-analarını da dəyişirlər...
Vətən
müharibəsinin qalibi olan Azərbaycan əsgəri məhz dəyişən və dəyişdirən əsgər
oldu.”
Siqaret
tüstüsündən saralmış bığları sağdan-soldan heybə tayları kimi sallanan yaşlı
döyüşçü siqaret yandırıb hələ ağrı verən yaralarını xoşhallayırmış kimi “uf” eləyib
aşağı əyilir; iki müharibənin ağrı-acısını udduğu tüstünün qalığını çölə üfürməklə
canından çıxarırmış kimi üzünü yana çevirib püffüldəyir və müharibənin bitməsini
sanki bununla içində bayram edir.
Mən
bu adamı Birinci Qarabağ savaşından tanıyıram, indi İkinci Qarabağ savaşında da
iştirak edib və 55 yaşında çox qoca bir döyüşçü kimi geri dönüb. Zarafatımız
olduğu üçün ona “sən bu halda necə döyüşürdün?” sualı vermək istəsəm də, ürəyim
gəlmir, qəlbinə toxunacağımdan qorxuram. O isə arif adamdır. Sanki sualı gözümdən
oxuyur.
“Bilirsən,
bir həftədir müharibə bitib... İnan, müharibənin bitdiyi gün birdən-birə
qocaldım elə bil... Bir də o uşağın, Xudayarın şəhid olması məni çox üzmüşdü?..
Hamımız çox istəyirdik onu. Sıramıza gəlişi ilə elə bil bir şuxluq, şənlik,
yenilik gətirdi taborumuza... Uşaqlar komandirdən çəkinsələr də, mən onlarla
komandir arasında körpü rolu oynayırdım. Onun son dərəcə ciddiyyətini mən
yumşaldır, uşaqların oxumasına, oynamasına, ad günləri keçirməsinə icazə
alırdım. Axırda qaraqabaq adam olan Komandir də bizə qoşuldu. Bunu bilirsən kim
elədi? Xudayar!.. Offff! Hər dəfə onun adı yadıma düşəndə ürəyim partlamaq dərəcəsinə
gəlir... Necə gözəl oxuyurdu, ilahi?! Səsi Zəngilanın bizim hənirimizə
yadırğamış torpaqlarına, dağlarına, çaylarına, bulaqlarına bir eşq gətirmişdi.
Onlar da Xudayarın səsinə səs verən əsgərlərimizə qoşulub oxuyardılar:
Dumanlı
dağların başında durdum...
Zəngilanın
başı dumanlı, sinəsi dağlı dağlarını Xudayar səsi ilə, nəfəsi ilə isidirdi
sanki...
Dumnadndan
özümə bir xeymə qurdum...
Həqiqətən,
duman gələndə şaxtanı azaldır, elə bil alaçıq kimi alırdı üstümüzü...
Keçdi
xəyalımdan öz gözəl yurdum...
Ay
allah, biz belə torpaqları, belə gözəl dağları, çayları bu 30 ildə necə qoyub
gedə bilmişdik?! Xudayar oxuduqca başımdan tüstü çıxırdı...
Dumanlar
içində duman görünür...
Xudayar
özü bir gün dumana döndü, çıxdı əlimizdən...”
Qəfildən
dönüb mənə baxır və dolmuş gözlərini (mən bu illər ərzində ilk dəfə onun gözlərində
yaş görürəm) heç gizlətmədən az qala qışqırır:
“Şəhidlərin
tərçümeyi-hallarinı oxumusan?!. Çoxunu nənələri saxlayıb, böyüdüb. Nənələrin
danışdığı divin üstünə gedən igidlər haqqında nağıllar apardı onları erməni divlətinin
üstünə. Bu amansız döyüşdə bir çoxü şəhid, bir çoxu da qazi oldu. Vətən torpağı
onların qanı ilə suvarıldi. Nənələrin, babaların ruhu şad olsun!..”
Bu
dəfə gerçəkdən heyrət etdim. Qoca qazi ağlayırdı. Əlini ürəyinin üstünə aparıb
bir qabırğasını deşib keçmiş güllə yarasını sığallayır və deyir:
“Birinci
Qarabağ müharibəsi dilimizə şəhid sözünü gətirdi... Düzdü, var idi, amma təyinatı
üzrə işlənmirdi... İkinci Qarabağ savaşı – Vətən Müharibəmiz isə qazi sözünü gətirdi...
Xudayar şəhid, mən qazi oldum... Nə olardı, tərsinə olsaydı?..”
O
getdi. Arxasına baxmadan. Sallaq bəğları bir az da saralmış, bir az da
sallanmışdı. Qalib ordunun qazi əsgəri qocalmışdı. Elə bil təkcə bu 44 günlük
müharibə deyil, ürəyində hər gün savaşda olduğu 30 il qocaltmışdı onu.
Dünən
telefonda deyəndə ki, sənin haqqında yazmaq istəyirəm, gəl görüşək, hirslənmiş,
söyüş də söymüşdü.
“...Mənim
nəyimdən yazacaqsan?! Mən şəhid olmadım ki? Gələrəm, bir şərtlə ki, taborumuzun
igid əsgəri Xudayar haqqında yazacaqsan” demişdi və razılaşmışdıq. Vaxtilə bir
məktəbdə işlədiyimiz üçün, dəfələrlə birlikdə yeyib-içdiyimiz üçün bizi dost da
saymaq olar. Bir fərqimiz vardı: o müharibə başlayanda silah götürdü, mən qələm...
Mən
də durub getmək istəyirdim ki, gördüm dostum böyrünü əyə-əyə qayıdır. İşarət barmağını
qaldırıb dedi:
“Ürəyimdə
bir söz qalıb, ona görə qayıtdım. Yaralanmışdı. Dedim ki, gəl sənə icazə alım,
getginən nənəni gör, bir az Bərdədə dincəl, sonra gələrsən... Dedi, yox ki,
yox. Mən Zəngilanı almadan heç yana gedən deyiləm... Bilirsən də, Xudayar adını
Mirzə Cəlil elə qaralamışdı ki, çətin ki, o adı bir də kimsə sevəydi... Amma
bizim Xudayar sübut elədi ki, hətta Mirzə Cəlili də dəyişmək olar!.. Dəyişdi də...
Bizim oğullarımız bizi dəyişdi!.. Azərbaycanı dəyişdi... Qafqazı dəyiş...”
Son
kəlmə ağzından yarımçıq çıxdı. Ahıl döyüşçünün boğazını qəhər kəsmişdi deyəsən.
Bayaqdan çayçının süzdüyü çay da buza dönmüşdü. Çayçıya çayı dəyişməyi rica edəndə o
gülümsündü:
“Biz
orda şaxtalı havada buz kimi su içməyə öyrəşmişdik...” – deyib soyuq çaydan bir
qurtum alıb getdi.
02.12.2020.
Yorumlar
Yorum Gönder