AZAD QARADƏRƏLİ İTKİN hekayə
AZAD QARADƏRƏLİ
İTKİN
hekayə
Vətən Müharibəsi itkinlərinə
Bir
səs çağırır məni neçə gündür. Yuxuda da olur, aşkarada da. Səs özü var, amma
sahibi yoxdur. Var bəlkə, amma görünmür. Görünür bəlkə, mən görmürəm, ya da mənə
görünmür. Səsi görürəm amma. Hə, hə, səsi görürəm. Eşitməkdən çox görürəm o səsi.
Elə bil bir daşın altından, ya quyudan gəlir. Yaxud uca bir yerdən əks-səda
kimi gəlir...
Yox,
adımı çağırmır. Eləcə çağırır. Anadil quşları kimi, yaxud qeybdən gələn ilahi səs
kimi. Çağırır, çağırır. İnsan səsindən çox, quş səsi, ya da elə bizim dağlarda
olan keykidar səsi kimi... (Bu keykidar da bir əcaib quşdur. Dağlarda,
yaylaqlarda olardı. Çox az adamın gözünə görünərdi. Təxminən hindüşka boyda
olur. Hər ovçuya nəsib olmayıb onu ovlamaq... Amma bir dəfə qonşumuz Əmir dayı
yaylaqda o quşdan birini vurmuşdu. Anası Səlminaz xala saçını yolub dedi ki,
evimizə bəla gələcək. Axı niyə onu vurdun sən?! Keykidarı o qədər ovladılar ki,
axırı qeybə çəkilib, səsə döndülər.
“Affffff... uffffff... afffff... uffffff...”
Lap insan kimi ah çəkər, “uf” eləyib adamın qəlbini şişləyərdi...
Əmir dayının yeganə oğlu Birinci Qarabağ savaşında itkin düşəndə nənəsi
Səlbinaz xala yenə saçını yolub oğluna baxır və ermənidən daha çox oğlunu
qınayırdı...
O
günlərdən 28 il keçib, Səlbinaz xala dünyasın dəyişib, Əmir dayının arvadı oğul
deyə-deyə o qədər ağlayıb, keykidar kimi ah-uf elədi, gözləri tutulub. Elə indi
də müstərdi... Oğluna şəhidlik statusu veriləndə “özümü öldürərəm!”, mənim
oğlum sağdır, erməni əlində əsirdi deyib... Bir gün bir oğul tapılıb o
torpaqları alsa, onda oğlum da azad olacaq... Bax, oğlum gəlib əlini sürtsə,
gözüm onda açılacaq...)
***
O,
həyat yoldaşımın şagirdi olmuşdu. Ağıllı və diribaş uşaq idi. Əlifba
bayramlarında, sinfin digər şənliklərində hərdən iştirak edər, radio üçün
verilişlər hazırlayardım. İgid (adını yazmayacağam, anasının qaysaqsız yarasını
qanatmayım), mənim də yaddaşımda yaxşı oğlan kimi iz buraxmışdı...
Vətən
Müharibəsi başlayandan az sonra xəbər gəldi ki, İgid itkin düşüb. Yoldaşım onu
yadına salıb qəhərlənir, ağlamsınır, ozalanırdı. Davanın şıdırğı gedən vaxtları
idi. Dalbadal kəndlərimiz, şəhərlərimiz azad olunduqca şəhid cənazələri də gəlməkdə
idi. Korona virusun şüdd elədiyi vaxtlar idi, amma ağızlığımı ikiqat vurub şəhid
təziyələrinə qatılırdım. Heç olmasa, bununla təskinlik tapırdım.
Bir
gün yoldaşım dedi ki, gedək İgidgilə.
“Nə
adla gedək? Gedək nə deyək? Atasının gözlərinə baxa bilmərəm mən...”
Biz
bu ailəni yaxşı tanıyırdıq. Sözü özündə, gözü özündə ailələrdəndi. Kiçik ticarətlə
məşqul olar, qəpiyi qəpiyin üstünə qoyar, ev tikər, məcburu köçkün kimi
Qarabağda itirdiklərini Bakıda az da olsa bərpa etməyə çalışardılar. İnsafən,
buna nail olurdular da. Artıq ikimərtəbəli evləri, maşınları vardı. Oğlanları
ali məktəb bitirib hərəsi bir babat yerdə işləyir, ailəyə əl tuturdular. İgid hansısa
xarici firmada işləyir, yaxşı maaş alırmış. Belə bir vaxtda müharibə başladı və
İgid də çoxsaylı könüllülərdən biri kimi bir gün orduya yazılıb getdi
Qarabağa...
“Sən
heç bir şey də yazmadın? Bəlkə yazasan kiçik bir yazı?.. Nə olar?..”
“Bilirsən
ki, mən elə-belə yaza bilmirəm... Gərək nəsə tərpətsin, toxunsun mənə... Bir də
başa düş, o hələ itkindir... Bilmək olmaz... Nə bilim axı?”
“Mən
sənə yüz faiz söz verirəm ki, İgid başqa cür ola bilməz... O ölər, özünü öldürər,
əsir düşməz... Yəni... İxtiyarı özündə olsa... Yaralanıb huşunu itirməsə...”
Sonuncu
sözləri deyəndə görürəm ki, arvad da yasalayır. Yəni, itkinlik kopəyoğlu şeydir.
Bunun altından nə çıxacağı bəlli olmaz...
Əlacsız
qalıb səhər internetdə kiçik, beş cümləlik status yazıram və İgidin şəklini də
qoyuram:” Tanıyanlardan, döyüş yoldaşlarından rica olunur ki, bu oğlan haqqında
məlumatları varsa, bura yazsınlar, yaxud, bu nömrələrə zəng vursunlar...” Və
sair, bu kimi sözlər.
(Nənəm
deyərdi ki, itik pis şeydir... Hə, o itkin yerinə itik deyərdi. Deyərdi ki,
itiyi itənin gecəsi-gündüzünə qarışar. Sağı-solu bilinməz. Ağzının dadı qaçar.
Gözü dalda qalar... Sonra da “Yaşıldır başın ördək...” misralı bayatını
çağırardı... “Qələmdir qaşın ördək” – ikinci misranı çağıranda əl atıb
qoyun-qoltuğunu didərdi... Nənəm də bala itirmişdi... Cavan qızı, mənim sevgili
xalam çayda qərq olmuşdu...)
Şərh
yazanlar çox olur. Hamısı təskinlik və arzu: “Sağ qayıtsın”, “İnşallah gəlib
çıxar” və sair tipli ümumi sözlər.
...Müharibə
bizim qalibiyyətimizlə bitir. Düzdür, Xankəndi, Xocalı, Xocavənd, Əskəran
ermınilərdədir, amma 30 ildir inləyib imdad diləyən torpaqlarımız azad edilib, əsas
da Şuşa azad edilib... İtkinlər bir-bir DNT analizi ilə tapılır. (Tapılan əsgər
nəşlərinin çoxu tanınmaz haldadır.) İgiddən isə hələ də xəbər yoxdur. Nəhayət,
qərara gəldik ki, onun İgidin ailəsinə baş çəkməyə.
Yol
boyu ikimiz də susuruq. İlk dəfədir ki, belə bir situasiyayla qarşılaşırıq. Nə
deyəcəyik. “Allah rəhmət eləsin”, “Başınız sağ olsun”, “Şəhadəti mübarək” kimi
sözlər burda keçmi. Ağlamaq da qorxuludur – ana o saat fikirləşər ki, nəsə
bilirik. (Danışırdılar ki, ana ağlamır. Ağlayanlara da deyir ki, mənim
oğlumu ağlamayın, ürəyimə damıb ki, o ölməyib, sağdır. Ürəyim deyir ki, bu
qapıya cənaza gəlməyəcək...”)
***
Həyətdə
bir xeyli adam var: orta yaşlı kişilər, yeniyetmə oğlan və bir ağsaqqal astadan
nə barədəsə danışır, hərdən də qısıq səslə gülüşürlər.
“İti qovan kimi... yaman dedi haaaa!”...
“Tülkü
dərəsində, deyirlər neytral zonada nə qədər meyid qalıb, götürə bilmirmişlər...
Əlbəyaxa vuruş olub, onların səngərində... Bizimkilər onları qırıb, bu vaxt top
mərmisi düşüb, bizimkilər də ölüblər... İndi müharibə bitənnən sonra bizimkilər
gediblər götürməyə, görüblər bizimkilərnən onlarınkilərin meyidləri qarışıb
bir-birinə... Deyir, gərək analiz versinnər ki, tanınsın...”
“Meyid
demək olmaz dayı, şəhidə heylə demə, naş de...” – peləqulaq bir oğlan gəncin
üzünə durur. O da oğlanın başına sığal çəkib susur... Və bizi görüb səslərini kəsirlər.
İgidin qardaşı bizi içəri dəvət edir...
***
Ata
yan otaqdan geyin-geyinə gəlir. Gözləri qızarıb şişib. Üzü tüklüdür. Beli əyilib,
sinəsi batıb.
Ana
yoldaşımı görüb çaşır. Bir müddət baxışıb qalırlar. Və qəfildən ikisi də ün çəkib
ağlaşırlar. Evdəki digər qadınlar özlərini itiriblər. İçlərindəki ən yaşlısı əlini
üzünə aparıb salavat çevirir və astadan dodaqaltı deyir:”Əlhəmdüllah... Şükür
allaha... Oğlu getmişdi getməyinə, anasına bi şey olmasın... Şükür allaha. Əğladı,
ağlaya bildi... Dedim əxi, dedim ki, buni əğlədə bilən birin tapın, gətirin, bəlkə
əğliyə, yanan ürəyinə gözünnən su səpilə... Yoxsa qəciyib qalıb... Ölərdi
balam... Şükür, şükür... Gələn əyəxlərinizə mən qurban... Keçin əyləşin, keçin,
sizi allah yetirib bizə... Əğliyin, hamuuz əğliyin, qoy ürəyiiz boşalsın...
Quşum,
nəməmi gəti,
Oğlum,
həməni gəti.
Bağrımı
teyliyəcəm,
Qulum,
qəməni gəti...
Heyyyyyyyyyyyyyyy....
Qadınlar
qarının çəkdiyi ağıya “heyyyyyyyyy” deyib dəm tuturlar. Yoldaşımla ana hələ də
bir-birinə sarılı ağlayırlar. Bu vaxt ata da hönkürüb ağlayır. Və mən də özümü
saxlaya bilməyib hönkürürəm...
Az
sonra məni, atanı və daha bir neçə qonağı yan otağa aparırlar. Və qəribədir ki,
bu hay-hayda kimsə çay da gətirir. Ürəyim yanır. Amma karona virusun
qorxusundan içmirəm. Bayaqkı qarı isə təzə ağı deyir:
Ağdamın
yolu fərman,
Torpağı
gözə dərmən.
Yardan
bir nəmə gəlib,
Yarı
dərd, yarı dərmən...
Heyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy..........
“Hə,
indi aydın oldu: “Quşum nəməni gətir” deyəndə qarı namə demək istəyib... Bu
birisində də naməyə nəmə dedi... Eh, bu kəlmələrin min il yaşı var... Bu
bayatılarla, ağılarla milyonlarla şəhid ağırlayıblar...” – Ürəyimdən keçənləri
oxuyurmuş kimi ata dillənir:
-Uşaq
şəhid olmağına şəhiddi, bilirəm... Amma bircə bir əzası ələ gəlseydi, dincələrdik...
Bir aydan çoxdur biz yuxu yatmırıx... Mən heç, genə mən olannan ağzıma atıram,
anası heş dözmür... Allah sizdən razı olsun, genə sizi görüb ağladı, içini
boşaltdı... Yoxsa qəhər öldürəcəkdi yazığı...”
Yolboyu
fikirləşirəm:”Qarının əcəb ləhcəsi vardı. Ayaq - əyax, dərman – dərmən, namə -
nəmə, ağlıya - əğliyə... Min ilin sözcükləridir... Bunlar da yaralanıblar,
itkin düşüblər, şəhid olublar, sonra qəfil diriliblər... Belə bir qarının
dilində həyata qayıdıblar... İtkinlər, itiklər də belədir... Bir də gördün...”
“Nə
fikirləşirsən? Gəlməyimiz yaxşı oldu hə?!”
“Hə.”
“Anası
deyir ki, mən yüz faiz əminəm ki, oğlum sağdır... Səncə...”
“Hə.
O qarının bayatıları kimi sağdır... İtir... İtkin düşür... Şəhid olur... Yenidən
dirilir...”
Xanım
dinmir. Anlayır ki, mən ayrı yerdəyəm. Ona yad bir mühitdə...
Sağ
olsun, belə olanda çalışır ki, mənə toxunmasın... Mən də belə yazığam... Mən də
itkinəm.
***
Evdən
çıxıb gedirəm. Məni çağıran o səsə doğru. İçim param-parçadır.
“Affffff...
uffffff... afffff... uffffff...”
Qulağıma daha anlaşılmaz səslər gəlir.
Bir saqqallı müdrik əbasının ətəyini əlinə dəstəkləyib tülyan keçir gözümün
önündən. Ondan bir az aralıda əlində cürə sazı olan bir aşıq enir dağdan və eynən
o quş kimi affffff-ufffff eləyib nalə təpir, ağzından od çıxıb dağları, dərələri
yandırır... Baxıram ki, bu bizim dağlardı, bizim dərələrdi... İstəyirəm deyəm
ki, səni tanıyıram, Sarı Aşıqsan, o saqqallı da sənin sözünü quş zəmidən dən əvdirən
kimi ağızlardan əvdirib çap eliyən Bəhlul Behcət əfəndidir... Məni eşidərlərmi?
Eynən o quş kimi dağlara ün salıb yox olurlar...
“Affffff...
uffffff... afffff... uffffff...”
...Yadıma Bəhlul əfəndinin toplayıb nəşr
etdirdiyi kitabdan oxuduğum bayatı düşür...
Qarşımızda
bir dağlar,
Bir
dügünlər, bir dağlar.
Keygidar
evli aşiq,
Bir
sən qaldın, bir dağlar...
Dağlar...
Əmir dayının itkin oğlu... Yoldaşımın itkin şagirdi... Evi başına uçan Sarı
Aşıq... Qəbiri belə məlum olmayan Bəhlul əfəndi... Və o itkin quş...
keygidar...
“Affffff...
uffffff... afffff... uffffff...”
11.12.2020.
Yorumlar
Yorum Gönder