AZAD QARADƏRƏLİ LAL ÇAYIN SAHİLİNDƏ (hekayə)
AZAD QARADƏRƏLİ
LAL ÇAYIN SAHİLİNDƏ
(hekayə)
Biz
tərəkəməyik. O qədər aran-yaylaq gəzmişik, o qədər yer-yurd ayaqlamışıq, heç haralı olduğumuz da
bəlli deyil. Harda qoyun sürülərimizçün yaxşı ot, harada at ilxılarımızçün
geniş məkan, harada dədələrimizçün
bolluca ov olubsa, oranı yurdumuz
bilmişik. Adımıza tərəkəmə deyilsə də,
içimizdə padarlar, baharlılar, babalılar, qarasannılar, abasalılar, gülsümlülər, qaradağlılar,
qaraqoyunnular... nə bilim axı kimlər desən var. Çox böyük elatıq. Səhər çağı baxsan iki yüz əlli, bəlkə
üç yüz bacadan burum-burum qalxan tüstü görərsən. Sovet hökuməti gələndən sonra
köçəriliyi qadağan eləyib, biz də Arazın
yaxasındakı bu iri kəndi salmışıq. Bizi yaxşı tanıyanlar elə əvvəlki tərəkəməliyimizi
bildirmək üçün köçəri adımızı veriblər
bura.
Hə,
bura Tərəkəmə kəndidir. Bizim kənd. Mən və bacım burda doğulmuşuq. Günəşli günlərdə Araz ərimiş gümüş kimi burula-burula kəndimizin
qabağından ötür. Elə günümüz Arazın qırağında keçib. O lilli sudan o qədər
içmişəm ki. Lilli olmağına baxma, şirin suyu var. Bir az selinti tamı verir,
amma şirin sudu. Biz onu daşda süzərdik.
Daşda suyun süzülməsi adamın canından tər süzülməsi kimiydi: damcı-damcı, zinə-zinə.
Mən
bu suyun qırağında o qədər oxumuşam, oynamışam. Araz elə bil bizim
mahnılarımızı eşitsin deyə səsin içinə çəkmişdi. Bizə baxa-baxa eləcənə
lal-dinməz axıb gedirdi...
Qırxıncı ilin əvvəliydi. Müharibə hələ başlamamışdı. Bir gün çayın o
üzündən bizə qonaqlar gəldi. Anam onları görəndə özünü atdı üstlərinə.
Ağlaşa-ağlaşa qucaqlaşdılar, hönkürüşdülər. Sonra da içəri otağa keçib nəsə
xosunlaşmağa başladılar.
Hə də,
onda bu tikanlı məftillər yoxdu axı. Eləcə çiyni tüfəngli rus əsgərləri o
baş-bu başa gəzinir, bizi görəndə “kizi, xaroş kizi” deyib gülərdilər.
Yanımızda oğlan, kişi qismi olanda onu da deməzdilər. Hələ bizə arxaların çevirərdilər.
Hə,
bizə Ozandan gələnlər tələsə-tələsə danışırdılar. Bacım qara, hisli çayniyimizi
sürtüb par-par parıldatdı, sacayağında
altını qalayıb qonaqlara çay qaynadanda sevincək dedi:
-Şeyda, gün o gün olsun ki, saa da elçilər gəlsin...
Mən
mat-mat onun üzünə baxdım, yəni nə deyirsən?
Üzümdən
öpüb arvad-arvad dedi:
-Bu il
mənim on dörd yaşım olacax. Sənin də on iki yaşın var. Bu adamlar Ozandakı
qohumlarımızdı, bax, Arazın o tayındakı kəndi görürsən, ordan maa elçi gəliblər...
Gözüm
doldu:
-Səni
aparsalar mən kimnən oynuyacam?
Bacım
da doluxsundu, evimizin yuxarısındakı Qannı qayanı göstərib dedi:
-Məni
görmək istəyəndə hər şənbə çıxarsan Qannı qayıya, mən də bax, o taydakı yastanı
görürsən, ora çıxacam...
Bacım
elə bil bu bir-iki saatın içində böyümüşdü, gözəlləşmişdi.
Gecəynən Aynanı geyindirib-keçindirib ata mindirdilər,
rus soldatlarının gözündən yayınıb
Arazı keçib Ozana gəlin
apardılar. Bibim də yengə kimi getdi və
üç gün sonra gəlib anama dedi ki, şükür allaha, Ayna gəlin oldu. Gətirdiyi
şirniyyatı, quru meyvə çərəzlərini mənim qabağıma töküb “Şeydiya da borc olsun” dedi.
Elə
bil ruslar bacımın gəlin getməyini gözləyirmişlər. Az keçmədi qatarla şam ağacı dirəkləri və tikanlı məftil gətirib dəmir
çəpər çəkdilər çay boyuncan. Biz əvvəlcə bir şey başa düşmədik. Atam
axşam həmişəki kimi sol əli cibində,
(sol qolu biləyindən yox idi, ona görə atam elatda Qoluyox Qorxmaz
kimi tanınırdı) rəngi qapqara olmuş gəldi və dedi ki, deyəsən bizi o taydan
tikanlı məftillərlə ayıracaxlar, day gediş-gəliş çətin ki, olsun. Kişisinin əlindəki
heybəni almağa müntəzir dayanmış anamın
içindən bir ah çıxdı, elə bil ah deyildi, alovdu, qarsdı bizi. Atamın kürəyini yalayıb mənə tərəf gəldi, boynumu
yaxıb keçdi. Əlimlə boynumun yanıq yerini sıxcalayıb anamın yanıb suluxlamış dodaqlarına baxdım.
Arvad səssiz yumub-tökdü, pıçıldadı:
-Qorxmaz, evim yıxıldı, Ayna bir daş bir gölə
düşdü.
Elə bil
anam o gecə qəfil bəlaya gəldi. Ağzından çıxan alov içini pöştələyib çıxmışdı nəydi,
arvad üç-dörd aya əridi-çürüdü, yumağa döndü. Elə “Ayna,
Ayna” deyə-deyə də öldü.
(Bir
şeyi sizə danışmamışam axı. Atam Üçdibindən bazardan qayıdırmış. Pala ilə -
altına üfürülmüş dərilər düzülmüş qayıq
kimi bir şey – çayı keçməyə hazırlaşanda Arazın sahilində paltar durulayan bir
qız görür. Qız oğlanı nə təhər çarpırsa, pala-filan yadından çıxır. Şələ-şüləsini
palaçıya vertib özü atı yedəyində gəlir qızın yanına. Anam bizə danışırdı ki,
boylu-buxunlu gənc olan Qorxmaz bir uşağa
dönmüşdü, atın cilovundan tutsa da, elə bil o atı deyil, at onu
aparırdı... Həəəə... Nə olur, nə olmur, atam qızın saqqızını oğurlayır, atılıb
minir tərkinə, atı toxuyurlar qanlı Araza. Səhəri gün Ozandan iki silahlı gəlir,
bizim indi adına Qannı qaya dediyimiz
qayanın yanında atışma olur... Bu vaxt həm Zəngəzurda, həm Qaradağda məşhur
olan Qaçaq Fərzalı başının dəstəsiynən
ordan keçirmiş. Göyə bir-iki güllə sıxıb girir atışanların arasına. Hər iki tərəf
Fərzalını görüb, silahını aşağı salır. Fərzalı
məsələni bilən kimi məsləhət görür ki,
olan olub, barışın getsin. Anamın atası barışmağa razı olsa da, qardaşı razı
olmur, deyir, səhər Qaradağ mahalında camaat bizə götüynən güləcək. Ya məni
vurun öldürün, ya da sizdən birin güllələyəcəyəm, qan çıxartmamış gedən deyiləm.
Onda Fərzalı anamın qardaşını bir təpənin
dalına qoyur, atamın qardaşı da haman bu
Qanlı qayayanın dalına girir. Deyir, eyni vaxtda ikiniz də bir əlinizi
qaldırın, o biri qardaşlar hərəsi bu əllərə bir güllə atır. Anamın atasının bəxti
gətirir: güllə əlinin baş barmağını qırıb keçir, atamın isə biləyindən dəyir
güllə. Ana babamız yaralını da atın üstünə qoyub toxuyur Araza.
Sonra atamgil gedib qan bağlatdırır, yaralının qan borcunu mal-pulla ödəyirlər,
həm də gəlmişkən barışıq da olur. Ara yerdə atamın sol əli biləyindən kəsiləsi
olur. Elə o, bu: atamın adı qalır Qoluyox Qorxmaz, bu qayanınkı da Qannı qaya.)
Anamı
basdıran günün səhəri qara geyinib Qannı qayanın üstünə çıxdım. Orda durub
gözümü Ozan səmtə zillədim. Bir saatmı, iki saatmı keçdi bilmirəm, bir də
gördüm bir gəlin gəlib o tayda, kəndin
ayağındakı yastana çıxdı. Yanlarını basa-basa gəlməyindən, bir də bir əlini
belinə qoymasından bildim ki, bacımdı. O da gəlib adını Yastan qoyduğumuz yerdə durdu, bizə tərəf boylana-boylana qaldı. Bir xeyli beləcə
dayandıq, sonra bacım əlini göyə tutub o biri əliylə bir xətt çəkdi, yəni:
“Allah anamızı aldı, eləmi?”
Mən də
eyzən onun kimi elədim, sonra ikiqat oldum, yumaq kimi yumruldum, yəni: “Yumağa
döndü, sənin dərdini çəkəmmədi.”
Beləcə,
səssizcə o tay-bu tay dərdləşib ağlaşa-ağlaşa getdik evimizə.
***
Məni
qonşu Baharlıdan istəyən vardı. İki ayağımı bir başmağa dirədim ki, yox, getmiyəcəm Baharlıya, verirsiniz öz kəndimizin
oğlanına verin, gedim. Atam yumruğunu köhnə stolumuza çırpıb bağırdı:
-Bacın
gör hara getdi çıxdı, o taya, Ozana! Sən bırdan-bıra Baharlıya niyə getmirsən?!
Gözümdən
yaş sel olub axdı, yalvardım atama:
-Dədə,
ölüm ayağıın altda, məni uzağa vermə... Mən həftədə bir kərə bacımla o tay-bu
tay dərdləşirəm, səssiz də olsa danışıram... Baharlıya getsəm, əlim Aynadan
üzüləcək...
Yazıq
atam bir hönkürdü, bir ağladı, damımızdan torpaq töküldü. Mən onu ilk dəfə
ağlayan görürdüm. Heç arvadı öləndə də ağlamamışdı. Elə deyəsən anamın ölümünün
səbəbini yadına salıb ağlaya bilmədiyi dərdlərinə indi yas tuturdu.
Mən məcbur
olub kişini sakitləşdirdim. Baharlıdan gələn elçilərə yox dedik, elçilər səbəbini
biləndə, oğlanın atası deyib ki, balam, bizim gədə Mincivanda dəmir yolunda işləyir, qoy elə burda ev
tiksin, evlənib xoşbəxt yaşasınlar.
Qaynatamla atam Muxtara (ərimin adıdır) əl yetirdilər, bizim evdən bir
az aralıda, haman o Qannı qaya səmtdə bir gözlü ev tikdilər. Toyumuza üç gün
qalanda, şənbə günü gəlib çıxdım Qannı qayaya. Bir az keçmişdi, bir də gördüm bacım da çıxdı Yasdana. Mən bacımı
görən kimi qol götürüb oynadım. Onun key-key mənə baxdığını görüb şalımı açıb çadra kimi başıma saldım, yenə oynadım,
yəni: “Bəs, mənim toyumdur.”
Bir
görəydiniz kaş! Ayna qol götürüb bir
oynadı, bir oynadı, dedim bu saat quşa dönüb Yasdandan uçacaq, bu taya keçəcək...
Ama onun yerinə bir
sağsağan qarıldaya-qarıldaya bizim taya uçdu.
İkimiz də həsədlə onun ardınca baxa-baxa qaldıq.
***
Atam
anamdan sonra yaşaya bilmədi. Elə bil
afatı uçmuşdu kişinin. Tək əliynən dünyanın işin görən adam,
anamın yoxluğuna dözəmmədi. Kəndimizin arvadları demişkən, vərəmlədi
yazıq. Bir gecə sapsarı zərdab qusub
öldü. Aparıb anamın yanında basdırdıq.
Dava
başlayan kimi əvvəl əmimi apardılar, elə o gedən oldu. Kişinin
öldüsü-qaldısı da bilinmədi. Muxtar isə davadan iki qəsdillə qayıtdı. Elə o qəsdillərlə
gücənə-gücənə həyət-baca düzəltdi, iki qız, iki oğlan atası oldu.
İllər ötdükcə iki bacı o tay-bu tay sözsüz danışmamızı hər
şənbə davam etdirirdik. Hərdən bu görüşə balalarımızı da gətirərdik. İstəyirdik
ki, balalarımız da bu işdən hali olsunlar.
Belə-belə
iyirmi ildən çox vaxt ötdü. Və...
Bir şənbə Qannı qayada oturub
gözümü nə qədər o taydakı Yasdana zilləsəm də, Ayna gəlmədi.
Gələn şənbəni
gözləyə bilmədim. Səhəri gün, o biri gün, altdakı gün də gəldim, bacım gəlmədi.
Mən burdan ora səs oldum, ün oldum, özümü yerə çırpdım, ağı deyib ağladım...
Düz iki şənbə keçdi, üç deyəndə yenə gedib qayada tək-təkana oturdum. Daha əlimi
üzmüşdüm deyin, bir az oturub ozalana-ozalana qalxdım ki, qayıdam evə. Bir də
gördüm, bir dəstə adam arabada nəsə yastana gətirir. Elə xayina-xayin dönüb o dəstəyə
tərəf baxdım. Araba dayandı, adamlar
arabanın içindəkini dikəltdilər və baxıb gördüm ki, bir qadındır. Əlini mənə tərəf
uzadıb əllərinin diliylə ağlayır, sıtqayır, məni çağırırdı. Qoluna girib ayağa
qaldırdılar və gördüm, bacımdır. Qollarını qaldırdı, sözünə baxmadı, qalxmadı. Başını bulayıb
dilsiz səs oldu, ün oldu. Mən o səsi eşitdim! Vallah, billah eşitdim:
-Bacın
ölsün, ay bacı! – deyirdi...
Bir az
lal-dinməz baxışdıq. Sonra onu arabaya qoyub apardılar. Mən uzun zaman gedə
bilmədim. Qannı qayada daşa-qayaya
dönmüşdüm.
***
Gələn
şənbə yenə getdim. Bu taydan o taya ağı deyib ağladım, sızladım, səsimə səs verən
olmadı. Handan-hana 17-18 yaşlarında bir oğlan gəldi yasdana. Oradakı dağdağan
ağacının budağına qara bir yaylıq
bağlayıb getdi. İndi mən bu qara yaylıqla dilləşirdim, dərdləşirdim. Ölmüş
bacımın qoxusunu, havasını, boyunu-hoyunu ondan alırdım...
***
Bilirsən,
ay oğul, deyillər ki, indi ara açılıb, o tərəfə gedib-gəlmək su içimi kimidir.
Sən mənə bir yol göstər, pensiyəmi də yığmışam, gedim bacım yatan torpağı
qucaqlayım, bəlkə elə ölüb onun yanında qaldım. Vallah axşamnan sən də mənim
qardaşım, çimib-dəyişmişəm, qüsl də qoymuşam - hə də, biz pirə, övliyaları-zadı
ziyarətə gedəndə çimər, qüsl qoyardıq axı – indi sən maa kömək eylə, gedim o
taya...
***
Səhərdən
bəri sərhəd-keçid məntəqəsinin işçisinə kağız-kuğuzunu yoxlatdıran qarı nəhayət
ki, sənədinə möhür vurdurub rahat oldu.
Elə öz-özünə ozalana-ozalana danışdığı əhvalata
heç qulaq asan da yox idi. Elə özü deyib, özü də eşidirdi.
mart
1993-mart 2013
Yorumlar
Yorum Gönder