AZAD QARADƏRƏLİ "ƏLLİDƏN BİR KƏM" (romandan parça)

            

AZAD QARADƏRƏLİ 

"ƏLLİDƏN BİR KƏM" 

(romandan parça)





 İMİRİN ROMANI

            Qeyd Dəftərindəki yazının davamı:

            “Artıq institutda işləyirəm. Ən çox oturub-durduğum adam Raildir. Sağ olsun, Məsud Əlioğluya məni o tuşlatdı. İkinci görüşümüz zamanı bu böyük zəka sahibi gözlərimi tamam açdı. Həm şeirlərimi, həm məqaləmi oxuyub maraqlı mülahizələr söylədi. Əsl tənqidi fikri mən onda gördüm. İsmayıl Şıxlını indi başa düşdüm: o mənə qıymamış, fikirlərini ehtiyatla demişdi ki, ürkməyim. Amma Məsud müəllim mənə daha kəskin fikirlər söylədi. Əsl poeziyanın bəşəri dəyərlərə söykəndiyini, həm də bədii söz vasitəsilə yarandığını dedi. Sonra o gedib qapını qıfılla bağladı. Pəncərə tərəfə boylanıb dedi:

            -Məni sevindirdin. Düzü, belə gözləmirdim. Çox irəli getmisən. Amma gərək biləsən: ədəbi yaradıcılıq da, elmi ədəbiyyatşünaslıq da yalnız həqiqət suyu ilə yoğrulanda pak, təmiz və müqəddəs olur. Bizdə “çimmək” kimi bir bəsit söz var, amma o sözün bu qarşılıqlarına  bir bax hələ: “suya salmaq”, “suya tutmaq”, “pak eləmək”, “qüsl vermək”... Əvvəlki iki söz birləşməsi öz dilimizin sözüdür, sonrakı iki söz birləşməsi isə ərəbdən gəlmədir. Dördünün də mənası birdir: TƏMİZLƏNMƏK! Yəni Aristoteldəki katarzis... Ədəbiyyat katarzisdən doğur.

            Sonra mənə diqqətlə baxıb bir qədər qayğılı, bir az da yorğun halda dedi:

            -Amma bunu da gərək nəzərə alasan: təmiz, pak şeylərə bizdə bir biganəlik var... Ehhhhh... Təkcə biganəlik olsaydı, nə vardı ki?..

            O, əzab çəkirmiş kimi qırcıxdı, sanki məni bir anlığa unutdu, üzünü pəncərə tərəfə tutub harasa zillədi baxışlarını və qayibanə bir səslə dedi:

 

Rəqsi təlim ediyor axsaqlar,

Əzəmət düşkünüdür alçaqlar.

 

Zövqə biganə səfillər bol-bol

Şerü sənətdə arar bir yeni yol.

 

Sadədil, hissə uyan apdallar,

Həp siyasi kəsilib at nallar.

 

Bir yığın kor qılavuzluq yaparaq

Göstərir zülməti aydın, parlaq.

 

Hər gülər üzdə ölüm, qan görürəm,

Pək yaxın dostları düşman görürəm.

 

Yurdu sarmış qabalıq, yaltaqlıq,

Yüksəliş varsa, səbəb alçaqlıq...

 

            Sonra qəfil mən tərəfə döndü, elə bil məni indi görürmüş kimi qeyri ixtiyari təkrarladı:

           -Yüksəliş varsa, səbəb alçaqlıq… - deyib ayağa qalxdı. Mən indi onun necə şahqamətli, qollu-budaqlı  bir adam olduğunu gördüm və düzü bu nəhəng adamdan qorxan kimi oldum. O isə başımı tumarlayıb çox zərif bir səslə:

            -Şeirlərini “Ulduz”a verəcəyəm. Çalışacağam hamısı getsin. Elmi yaradıcılığını da davam etdir. Sənin elmi rəhbərin özüm olacam… -deyib, sənayıcı nəzərlə üzümə baxdı. - Yaxş, bəs “Nargin adası”nın vəziyyəti nə yerdədir? Mən o əsəri böyük həyəcanla gözləyirəm ha!

            Diksindim. Bu kişidə telepatiyamı var? Axı o yarımçıq roman haqqında çox az adamın məlumatı var. Dostum Tofiq Qəhrəmanov… Hə, bir də Rail… Həəə, Rail deyib Məsud müəllimə…

            -Bilirsiniz, bir az…

            Nəvazişlə gülümsündü, sonra qalın qaşlarını çatdı və  şəhadət barmağını mənə tuşlayıb sanki hədələdi:

            -Bu yol qorxuludur, bilirəm. Oxuduğun məlumat və faktların zəhmi səni basır, içini gəmirir, onlar kimi gedər-gəlməzə göndərilmək qorxusu səni rahat buraxmır… Tanış mənzərədir… Amma bir Cavidin dönməzliyi bu millətin simasını qoruyub! O topraklar altda yatan günahsız insanların naləsinnən bir zaman olacaq ki, həqiqət simfoniyası yaradılacaq! Bəlkə mən o günü görmədim. Fəqət sən görəcəksən, eşidəcəksən onu! Hökmən görəcəksən…    Sənin gözlərinin dərinliyində bir qorxu haləsi görürəm, onnan xilas olsan, elm və haqq yoluna vara biləcəksən… Unutma, axırı elə axırda düşünərlər… Axırı fikirləşən, həqiqət yoluna qail ola bilməz…

            Qapıdan çıxhaçıxda dedi:

            -Hə, bir şey qaldı: o adanın adı Nargin deyil, Böyük Zirədir. Bizim “Böyük” sözümüzlə ərəblərin “cəzirə”, yəni ada, sözlərindən yaranıb. Nargini isə ruslar vermişdi adaya. Fin körfəzindəki Nargin adasına bənzədiyi üçün - estonca nargin daracıq boğaz  deməkdir - buna da 1-ci Pyotrun göstərişi ilə 1719-cu ildə o adı veriblər… Romanda tarixi məlumatı gərək dolğun verəsən…

 

            Sabirin heykəlinin yanından ötəndə başım gicəllənirdi. Məsud müəllimdən aldığım təsirin ağırlığı və onun ötürdüyü  enerji mənə güc eləyirdi. Hiss elədim ki, təzyiqim aşağı düşür. Gözlərim də pər-pər çalır. Yenə hər yanı ağappaq işığa tutdular. İlahi, adam işığın bolluğundan da kor ola bilərmiş!..

            Gözüm artıq görmürdü deyən, korlar kimi əlimlə qabağı yoxlaya-yoxlaya elə bu bağdakı çayxanada  boş stul tapıb  çökdüm və bir müddət bükülü vəziyyətdə qaldım.

            -Haindi canu yiyim, çaymı içəssən? – Şəkililərin çayxanasıydı bura və çayçının gənc köməkçisi başımın üstünü kəsdirmişdi.

            -Bir stəkan şirin çay ver, - dedim. - Yanında da iki pirojna olsun.

            -Bu cözdərim üstə! – deyib getdi.

            Qorxa-qorxa gözlərimi açdım. Şükür Allaha! Görürdüm. Bu dəfə tez keçdi…

            Cibimdəki “Qeyd Dəftəri”mi çıxardıb “Nargin adası” romanımdan sonuncu fəsli təkrar oxumağa başladım. (Bu “Qeyd Dəftəri”mi  həmişə döş cibimdə  saxlayıram.  Adətimdir,  son yazdığım yazıların qaralaması ilk dəfə burda olur. Romanın da ən son fəslini bura yazıb, sonra ağlamaya köçürdürəm. Yəni, burdakı qeydlərimi  bəzən dərsdə, bəzən küçədə gedərkən, bəzən də evdə uzanıb düşünəndə aparıram)

            “…Qu desən qulaq tutular. Elə sakitlikdir ki, adamın sümükləri sızıldayır qorxudan. Hələ Stepan Razin dövründən bu ada ölüm adası sayılıb. Qəddar  kazak Stenka çarın acığını Bakı sakinlərindən çıxmışdı. İndiki Razin qəsəbəsində (taleyin ironiyasına bax!) ələ keçirdiyi qənimətləri və əsirləri bu adaya gətirmiş, iri bədənli, güclü əsirləri işlətmək üçün, qəşəng qadınları  dəstəsindəki kazakların cinsi ehtiyacını söndürmək üçün diri saxlamış, qalanlarını adanın ilan mələyən səhrasında  qılıncdan keçirmişdi…

            Bunları  düşünən Aslan, dostu Vadimlə hər dəfə bura gələndə qeyri-ixtiyari adanın qaramatı  basırdı onu. Dənizin uğultusu, müxtəlif quşların, qağayıların ahəngdar səsini pozan qa-qu  çığırtıları, su itlərinin arabir eşidilən xosunlaşması adamı bezdirir, qulağına dolmuş küydən hövülləndirirdi.

            İndi tərsinə olmuşdu. Dənizə sanki ölüm havası çökmüşdü. Anası demişkən, qulağı batmışdı dənizin. Arabir  astaca sahilə çırpılan dalğa səsi olmasa, deyərdin burda həyat yoxdur.

            Vadim tilovu dənizə atıb sakitcə gözləyirdi. Bayaqdan xeyli balıq tutsalar da,  bu rus balasının gözü doymur,  balıq tutmaq üçün əldən-ayaqdan gedirdi. Atası köhnə “kekebeşnik”  olduğundan , burda olub-bitənlərdən xəbərdar idi. Bizim dildə əla danışırdı. Di gəl ki, yerli camaat, elə içi Aslan qarışıq ona bu imkanı vermirdi. Bude, yenə rusca soruşur:

            -Çyo Vadim, şto dumuyuş?

            -Aslan, ponimayeş, buralar ölüm düşərgəsi olub, elə bil dəniz bu gün o ölülərə matəm saxlayır… Znayeş, stolko lyudey ubili zdes?”

            -Znayu…

            -Papa deyirdi ki, 1915-də on min Osmanlı saldatını bura əsir gətiriblər. Ora bax, mayakdan aşağı, bax o binalar turma imiş…

            -Bakıdan bura neçə kilometrdir, Vadim?

            -Pomoyemu, desit… Ponimayeş, zdes vada net e… O plenlərin çoxu burda susuzdan ölüblər… Həm də təkcə soldatlar deyilmişlər e, Aslan, içlərində qrajdanskilər də vardı, daje çeliy semya… Qadınlar, uşaxlar… Trabzonnan, Erzrumdan, Karsdan, Ardaxandan qatıb plen soldatlara gətiriblər bura…

            Bu vaxt bir ilan daşların arası ilə keçib gedir. Vadim onu görüb gülümsünür:

            -İlanlar da çalıb plenləri… Burda znayeş skolko zmey bıl?

            Aslanı  fikir aparıb. Dənizə baxa-baxa nə barədəsə düşünür. “Yadıma arxivdə rast gəldiyim bir qəribə məlumat düşür. “Kaspi” qəzetinin 1915-ci il saylarından birində idi. Sona Hacıyeva adlı bir bakılı zadəgan xanım öz şəxsi paraxodu  ilə Nargin adasına üzmüşdü. Yüklədiyi ərzağı və pal-paltarı, çəlləklərlə dolu suyu nökərləri vasitəsi ilə buradakı həbsxanaya aparmış, türk əsirlərinin bir çoxunun buradan qaçmasında yardımçı olmuşdu. Orda yazılırdı ki, əsgərlər boş su çəlləklərində gizləniblərmiş.. Akop adlı bir erməni bunu bilib, danos yazmış, Sona xanıma cinayət işi açılmışdı. Məhkəmədə Sona xanım demişdi ki, mən allahın mənə verdiyi imkanımdan istifadə edərək əsirlərə yardım etmişəm…

            Sonra əlini Qurana basıb demişdi:

            -Bu Quran haqqı gedəndə ərzaq və paltarla bərabər, 100 çəllək aparmışam, qayıdanda da 100 çəlləklə qayıtmışam ordan!

            Qadının bu andına məhkəmə inanmış, onu buraxmışdılar.

            Sona xanım həmin gün çəlləklərdə gizlədiyi 100 türk əsgərini xilas etmiş, sonra  gəmi ilə Ənzəli limanından İrana ötürmüşdü…”

 

            …Gəmi adaya yaxınlaşdıqca gənc oğlan həyəcanlanırdı. Gəminin  yük yerinə doldurulmuş  dostlarını  məyusluqla süzdü. Döyülməkdən şişib qançır bağlamış üzlərdə, qan sızmış gözlərdə insan əzabının acı mənzərəsi dil olub dillənirdi.

            Onlar doqquz nəfər idilər və doqquzuna da  KQB-nin zirzəmisində günlərlə işgəncə vermiş, ac-susuz saxlayaraq  boyunlarına qoymaq istəmişlər ki, onlar əksinqilabi, anti-sovet dəstənin üzvləridirlər. Guya Hüseyn Cavidin başçılığı  ilə ölkədə  anti-rus və anti-sovet əhvali-ruhiyyəsi yaratmaq üçün Türkiyəni, Turanı təbliğ edən məqalələr yazır, şeirlər çap etdirir, çıxışlar edirmişlər. (Ağır işgəncələrə dözməyən gənclər sövq-təbii onların istədikləri ilə razılaşmış, böhtan dolu kağızlara imza atmışdılar. Və həmin imzalardan sonra onları bu gəmiyə doldurub Narginə gətirirdilər.) Buna misal olaraq Müşfiqin məşhur “Tozanaq” şeirini misal gətirir, şeirdə təsvir olunan tozlu yolların, keçilməz küçələrin təsvirinin məhz buna xidmət etdiyini deyirdilər.

            Bu ada məhz onun yazdığı “Tozanaq” şeirindəki məkanın eyniydi – bir cəhənnəm misalı. Onu sanki yazdığı cəhənnəmə gətirmişdilər dostları ilə.

            Gəminin pəncərəsindən adadakı böyük mayakı görən dustaqlardan biri içlərində daha məlumatlı olan şairə üz tutdu:

            -Mikayıl, bizi hara gətiriblər?

            Sinəsindəki bez parçada 1109 yazılan şair hüznlə adanı seyr edib qəmli-qəmli dedi:

            -Cavid Əfəndi danışırdı ki, 1915-ci ildə ruslar əsir götürdükləri on min türkü  bu adada  saxlayıblar. Onların çoxu burda susuzdan ölmüşdülər… İndi  alçaqlar yəqin bizə susuzluq işgəncəsi vermək istəyirlər…

             Onlar doqquz nəfər idilər – yanlarında da doqquz ağ mişar daşı…”

             Romanın həmin fəsli burda qırılırdı. Əvvəli iki dəftərdə olan romanın yalnız bu hissəsini öz “Qeyd Dəftəri”nə yazmış, sonra o biri dəftərə köçürmək istəmişdi. Fəqət, nə ardını yaza bilmiş, nə də köçürə bilmişdi… O iki dəftər isə İmirin ölümündən sonra yoxa çıxmışdı. Söz gəzirdi ki, Zakir müəllimlə Hafizə İmirin başqa əlyazmaları ilə birgə, o iki dəftəri də yandırmışdılar.

            İmirin Qeyd Dəftərindən başqa səhifə:                                           

            “Artıq Məsud Əlioğlu yoxdur. Nəinki şeirlərimi çap etdirə bilməmişdi, hətta onun özünü o məşum intihar hadisəsindən bir az qabaq “Azərbaycan” jurnalının redaksiya heyətindən azad etmişdilər. Amma şeirlərim, hələ yazıb bitirmədiyim roman haqqında yazıçılar, tənqidçilər, hətta tələbələrim belə məndən soruşurlar. Bu, əvvəllər xoşuma gəlsə də, sonra qorxmağa başladım. Xüsusən, Əli Vəliyev kimi bir adamın oğlunun intiharı…  qorxmağım haqq idi. Elə bir az keçdi, qorxduğum başıma gəldi.

            Məni KQB-nin  sahil metrosu tərəfdəki əsas binasına çağırmışdılar. Qorxudan sarımı udmuşdum. Railin yanına getdim ki, dərdimi deyəm. Yəni məni ora niyə çağırdıqlarını, sual versələr nə  cavab verəcəyimi soruşum. Elə təzəcə söhbətə başlayıb dərdimi demək istəyirdim ki, Railin rəngi sapsarı saraldı, kipriklərini tez-tez çaldı və ayağa qalxıb tamam ayrı bir adam səsi ilə dedi:

            -Bilirsən, İmir, mən yetim oğlanam, yiyəsizəm, arxasız-köməksizəm, qatma məni bu oyunnara… Məsud Əlioğlunu-zadı da mən heç tanımıram düzün axtarsan… Elə sənin özünü də… Mənim adımı ağzına alma…

            Əlim üzümdə qaldı.

            Getdim instituta  ki, dərdimi İsmayıl müəllimə deyəm, dedilər  yaradıcılıq məzuniyyəti götürüb Yaltayamı, ya harasa gedib,  işə gəlmir.

            Yenə sağ olsun Abasquliyevi. Diqqətlə məni dinlədi. Başını buladı, yumruğunu stula çırpdı: “Ax, vot tak!” Sonra əlini telefona atdı və “buna gücü çatsa, ancaq Mirzə İbrahimovun gücü çatacaq” deyib nömrəni yığdı, dəstəyi qaldırdı:

            -Tavariş general! Zdrastvuyte! Sizi Abasquliyev narahat edir… Yox əşşi, mən hələ polkovnikəm… Ha-ha-ha! Allah sizi üstümüzdən əskik eləməsin… Bir İmir var bizdə, yaxşı qələmi var… Hə, hə o həmin dediyim oğlan… Bizimkilər ilişiblər ona… Hə, çox xahiş eliyirəm, Mirzə müəllim!.. Sağ olun. Hökmən sizə baş çəkəcəyəm. Var olun.

            Sonra əlini kürəyimə çaldı:

            -Vso,  şef tapşıracaq… qorxub-eləmə! Sən onsuz da bizim adamsan… Nə desələr, razı ol… Nu,  sən daha bu kölgəli işlərdən əl çək!

            Orda mənə nə etdilər, nə etmədilər, nə tapşırdılar, nə tapşırmadılar, bura yazmayacağam. Yəni yaza bilmərəm sadəcə. Amma biləsiniz ki, məni dindirən adamın stolunun üstündə boş bir şampan butulkası vardı… Yanında da “Ulduz” jurnalının çapa getməyən bir üzlü “ottisk” variant… Gözucu baxanda o bir üzü ağ səhifələrdə mənim bədbəxt misralarımın sahibi kimi büzüşdüyünü gördüm… Bir  daha qəzet-jurnal üzü görməyəcək o misraları ağlamaq üçün bir ağıçıya, bir mərsiyəxana  əşddü ehtiyacım vardı…”

 

                                                

 

 

            

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə