AZAD QARADƏRƏLİ NOÇUYEV TAKTİKASI hekayə
AZAD QARADƏRƏLİ
NOÇUYEV TAKTİKASI
hekayə
Atanın
əlləri danışır. Titrəyən barmaqları sızıldasa da, onlara zillənmiş gözləri o
sızıltını udur. Mən onun səsini səs kimi deyil, tökülən nahaqq qanın istiliyindən
qalxan buğ kimi canıma çəkirəm...
“Uşaq
vaxtı o, köynəyinin bütün düymələrini düymələyər, ayaqqabısının bağını tam
bağlayar, yatağını özü yığışdırar, yeriyəndə şax yeriyərdi. Hətta oxuduğu məktəbdə
də ona “əsgər” deyirmiş yoldaşları. Qaraqabaq, az danışan, sərt baxışları
vardı. Oğlum olsa da, sonralar həqiqətən zabit olanda mən özüm də ondan çəkinirdim...
Mən elə bilirdim ki...”
(Kövrəlir... )
...”elə
bilirdim ki, əsgərlərinə qarşı da sərtdir... hərdən görəndə istəyirdim deyəm
ki, ay oğul, eşidirəm ki, bəzi zabitlər əsgərlərə qarşı çox sərt olurlar... nə
olar əsgər olanda, onun da anası var, çox zilə çıxma... amma... belə
deyilmiş... əsgəri çox istəy... bircə buna qulaq asın...”
Telefonunu
çıxardıb nəsə axtarır. Boğuq səslə kimsə danışır.
“...əmi,
sənin qadanı alım... o, başqa oğlan idi... burda, bilirsən də set yox idi, neçə
gün evlə əlaqə saxlaya bilmirdik... bizimlə elə rəftar edirdi ki... nə deyim
vallah... cavan yaşında hamımıza ata, böyük qardaş kimi idi... mənə baş
leytenant rütbəsi verilmişdi... taborun önündə məni necə təbrik elədi, necə təbrik
elədi!.. sonra gözləmədiyim halda qucaqlayıb öpdü məni...”
Səs
qırılır. Elə bilirəm, bitdi danışıq... Amma bitməyibmiş... Səs xırıltılı olsa
da, özünə gəlib davam edir.
“...həmişə
acıqlı olardı... hirsli... bir neçə günə Şuşaya yola düşəcəkdik... Taborun
önündə necə çıxış elədi, necə çıxış elədi... barmağını bizə tuşlayıb qəzəblə
dedi: ”İllərdir biz dünya xalqlarının yanında başı aşağıyıq. 30 ildir
torpağımız erməni quldurlarının tapdağındadır! Bir milyondan çox insanımız
qaçqın-köçkündür. Mən, qarabağlı olduğuma görə demirəm, bu gün onsuz da hamımız
– on milyonluq Azərbaycan türkü də, əlli milyonluq dünya azərbaycanlıları da
qarabağlıdır!.. Sizi bilmirəm, hər il 26 fefralda mən bəlkə neçə dəfə
ölüb-dirilirəm! Qisas gününü gözləyirəm!.. Biz axı əsgərik, Vətəni dardan
qurtara bilərik!.. İndiyə qədər belə bir imkanımız yox idi, amma indi cənab ali
baş komandan bu imkanı bizə yaratdı! Bax, önümüzdə üç yol var: ya şəhid
olacaqsan, ya qazi olacaqsan... ya da qalib!.. mən çox istəyirəm ki, hamımız
qazi və qalib olaq... amma bilirsiniz ki, bunların ikisindən də uca şəhidlik
zirvəsi var! Kimə qismət olacaq, bilmək olmaz... amma sizdən xahiş edirəm, son
dərəcə diqqətli olun! Bu həm də əmrdir! Ölmək olmaz! Şuşanı götürmədən heç kimə
ölməyə icazə vermirəm!...”
Telefonda
səs bir daha kəsilir. Mən yenə elə bilirəm ki, danışıq bitdi. Kişi işarə edir
ki, bitməyib. Və bayaqkı səs yenidən özünü toplayıb bu dəfə bir qədər şövqlə
davam edir.
“...sonra
elə açıq havada, dağın dibində alaqaranlıqda dizimizin üstündə yemək yeməyə
başladıq... “möhkəm yeyin” dedi komandir... “bəlkə bu bizim rahat yeyəcəyimiz
son yeməyimizdir... bir də Şuşada yeyəcəyik, inşallah... bax, uşaqlar, mən
sizin komandirinizəm, amma burada həm də biz sizinlə bir ailə kimiyik... baxın,
set də yoxdur ki, evnən danışaq... bu da bəlkə taleyin qismətidir, bizi daha da
yaxınlaşdırdı... bir-birimizə həyan etdi... bir: çalışın vurulmayın; iki: vuruldunuz,
ən yaxınlığınızdakı yoldaşınıza xəbər verin ki, sizi qoyub getməsin; üç: vurulan
yoldaşınızı, yaxud şəhid olan qardaşımızı qəti qoyub getmək olmaz...”
Səs
yenə qəfil qırılır. Fikirləşirəm ki, daha bu dəfə qurtardı. Kişi işarə edir ki,
yox, hələ var. Tez dillənir: ”Doqquz dəqiqədir. Hələ var.”
“...əmi,
bilmirəm, xəbərin var, ya yox, indi bizim hərb elmində “Noçuyev taktikası”
deyilən bir taktika var... biz Füzulidən Zəngilana, ordan Qubadlıya, ordan da
Şuşaya qədər döyüş yolu keçəndə yarandı o taktika... taktikanın iki istiqaməti
vardı: birincisi, atışın sərrast olmalıdır; çalışıb ilk güllədə düşməni
vurmalısan ki, o qayıdıb səni vurmağa macal tapmasın... ikincisi, özünü və ətrafını
qorumalısan... yəni şəxsi heyətin bir-birini mühafizə etməsi...”
Kişi
telefonun düyməsini basır. Atanın nə hala düşdüyünü görmək üçün üzünə baxmağa cəsarət
etmirəm. Danışan “barmaqlar” isə deyir ki, onun hələ deyiləsi çox sözü var.
“Oğlum
bu taktikanın ikisinə də son nəfəsində belə əməl edib... Daşaltını alıb
sıldırım qayalıqla Şuşaya qalxanda bir yaralını, şəhidi qoyub getməyiblər - əsgərləri,
zabit yoldaşları danışırdılar... düşmənin səngərinə girəndə də döyüşçüləri ilə əldə
süngü düşmənlə əlbəyaxa öndə döyüşüb. Şuşanın girəcəyində isə bir işıq dirəyinin
arxasında daldalanaraq düşmənə aramsız atəş açıb, hücuma keçən əsgərlərini
qoruyub... və... elə ... orda da vurulub... Son nəfəsdə də oğlum öz taktikasına
əməl edib...”
Kişi
bir də düyməni basır. Bayaqkı səs bu dəfə hüznlə davam edir...
“...kanatlarla
qalxırdıq dağdan... inanmazsınız, komandir yenə öndə idi... qanımız donmuşdu,
ya nə idi, əlimizi, ayağımızı hiss etmirdik... bir onu bilirdik ki, biz Şuşanı
almağa gedirik... getdik də, aldıq da... düşmən səngərində əlbəyaxa döyüşdük, bıçaqla,
süngü ilə qırdıq onları, 30 ilin qisasını aldıq düşməndən... amma komandirimiz
yarıyolda vuruldu, Şuşanın tam azad olunmasını görmədi... müharibənin bitməsinə
bir gün, yox, yarım gün qalmış... əmi, sən bir şeyə əmin ol: Surxay komutan şəhidliyi
ilə də bizə nümunə oldu... biz hamımız sizin oğlunuzuq, biləsiniz... əmi, biləsən
ki, hamımız şəhid olmağa hazır idik... Polad paşanın yanında dəfn olunmağı kim
istəməz ...”
Səs
qırıldı və hiss olundu ki, daha danışa bilməyəcək...
Heç
mənim də dinləməyə gücüm qalmamışdı. Eşitdiyimi hiss etmirdim. Anlamırdım...
Yaxşı ki, ata mövzunu dəyişdi...
“Surxay
Naxçivanski adına hərbi məktəbə oxumağa gedəndə mən soruşdum ki, ay oğul, sən
özünü hərbçi olmağa hazır bilirsən?”
Uşaq
olsa da çox ağıllı cavab vermişdi onda:
“Ata,
döyüşçünün gərək qardaşı olsun ki, arxada gözü qalmasın... Allaha şükür,
qardaşım var, mən şəhid olsam, o nəslimizi davam etdirəcək... ailəmizə
baxacaq...”
...Ata
özünü tox tutmağa çalışsa da olmur, səsi qırılır. Elə o qırıq səslə də deyir:
“Bir
oğlu, bir qızı qaldı... Təskinliyim o uşaqlardı... Amma... Qızı doğulandan
sonra heç üzünü görmədi...”
Qırıq
qəlbin qırıq fəryadı duyulur son cümlələrdən. Amma zabit oğlunun bundan
xoşlanmayacağını fikirləşirmi, ya qalib şəhidin oğlu oğlduğumu gəlir ağlın... qəddini
düzəldir. Səsi də yerinə qayıdır.
“...Vallah
çox fəxr eliyirəm oğlumla... Birincisi Zəngilanımızı, Məmmədbəylimizi almışdı
taboruynan, ikincisi Qarabağa qanını tökmüşdü... Bu, asan iş deyil e!..
Qarabağın qara sinəsinə qırmızı şəhid qanı çilənməliydi ki, oralara həyat gəlsin...
Mən indi ailəmlə ora rahat qayıda biləcəm... Surxayın getdiyi yolla... Vətən
sağ olsun...”
***
Özümdə deyiləm. Şəhid zabitin atasıyla söhbət
içimi yaralayıb. Sonda “Vətən sağ olsun” sözü məlhəm kimi gəldi, amma yara
yaradır. Hələ qanı qurumayan yara...
-Əsgər
paltarında bir qaragöz oğlan qapını döydü. Müəllimə heyva gətirmişəm dedi. Tək
bircə bu heyvanı verib getmək istəyəirdi, dedim, “a bala, nə heyasıdı belə, sən
kimsən, hardan gəlmisən?” Gülümsünüb dedi ki, deyərsiniz bir əsgər gəlmişdi...
Zəngilannan... Elə heyva da oranındı... Tağım yoldaşlarım dedilər ki, müəllimə
verərsən... – Xanımım bir az heyrət, bir az da fəxrlə mənə baxıb masaya qoyduğu
meyvə qabındakı tək heyvanı göstərir...
Bütün
günü bu cənnət ətrli heyvanın başına fırlanıram. Əlimlə tumarlayıram.
Qoxlayıram. Gözlərimə sürtürəm. Ovqatım xeyli yaxşılaşıb. Gümraham...
Sonra
xəbər qonum-qonşuya da çatır və mənimçün yurd ərmağanı olan meyvəni kəsəsi oluruq.
On dilim... Ən kiçiyi və sonuncu dilimi mənə düşür
Hamı
yeyib “bəh-bəh” desə də, mən yeməmişəm...
Hər
gün bir az yan-yörəsi qaralan, böyür-başına burnu qırmızısov nünülər yığılan, amma
hələ də ətrini itirməyən o dilimə baxır, baxıram...
O əsgəri
isə tanıyan-bilən olmadı. Nə bilim, bəlkə Noçuyevin əsgərlərindən idi?
SON
Bu
yazı bitdi. Amma bitməyən bir soru qaldı dilimin ucunda.
“Əcaba, bu nəslin adı niyə Noçuyevmiş?..”
Bir
neçə gün bu sualı ürəyimdə gəzdirdim. Axırı özümü toplayıb şəhid zabitimizin
atası Əbdül kişidən telefonla soruşası oldum. Sağ olsun, anlayışla qarşıladı.
“Sovet
hökümətinin zədəsidir. Əslində soyadımız Ocaqov imiş. Sovet höküməti gələndə,
bilmirəm bizimkilər qorxublar, ya hökümət adamları tələb ediblər, dəyişib eləyiblər
Ocuyev... Bu da dəyişikliyə uğrayıb zaman-zaman olub indiki kimi Noçuyev...”
Belə...Heç
bir məna kəsb etməyən Noçuyev soyadına Surxay komutan yeni məna, yeni çalar gətirdi.
İndi bu soyad bir nəslin, bir elin qürur mənbəyi, fəxarət yeridir.
06.12.2020.
Yorumlar
Yorum Gönder