AZAD QARADƏRƏLİ QARADƏRƏNİN İGİDİ (“Dörd kişi haqqında üç hekayət” hekayəsindən parça)

 

 

 

 

                 AZAD QARADƏRƏLİ

 

                 QARADƏRƏNİN İGİDİ

 

    (“Dörd kişi haqqında üç hekayət” hekayəsindən parça)

 

 

 

                                   Birinci Qarabağ  Müharibəsinin şəhidi Filman Vəliyevin xatirəsinə

 

 

 




 

 

             Əmin gəlmişdi, dedi bir məni görsün.

            -Hansı əmim?

            -Kamran. Elə bil kefi yoxdu. Dedim gəl otur, gəlmədi.

            Anamla bu söhbətdən sonra qoltuğumdakı qovluğu pəncərəyə qoyub gedirəm əmimgil tərəfə. Əmirin tutunun dibində  ikinci əmim İmranla  tay-tuşları  domino  oynayırlar. Məni görüb başlarıyla salam verirlər. Salamı alıb əmimə deyirəm:

            -Kamran əmimi görməmisən? Məni neynirmiş?

            Başını bulayır, sonra nə düşünürsə, gülüb, yəqin vurmaq istəyir deyib  domino daşını şappıldadır. (Kənddə tək qapısını açdığım, tikəsini daddığım Kamran əmimdi. Hərdən əmi-bala yüz-yüz vurmağımız da olur. İndi ona işarə eləyir.) Onlardan aralanıb əmimgilə gəlirəm və elə dəmir qapıdan girən kimi təzə biçilmiş ot, gül-çiçək ətri vurur məni. Əmim dəmir şanayla təzə gətirdiyi otu çevirir, məni görüb şananı yerə atır və əlini əlüzyuyanda  yuyub gəl bəri deyir. Narahatlıqla soruşuram ki, nə məsələdi, neynirdin məni? Əlini yelləyib, gəl gedək bir istəkan çay içək,  deyir.

            İki stəkan çaydan sonra soyutma kartof, cücə qızartması və bir şüşə üzüm arağı gəlir stola. Yeyə-yeyə əmimə baxıram. Yəni ki, de  görüm nə olub? Dinib danışmır. Onsuz da cüssəsiz, arıq, balacaboy adam olan əmim elə bil bir az da balacalaşıb. “Çəki-tərəzisinə görə  kəndin ən yüngül adamıdı, di gəl o boyda  KAMAZ maşınını əlində fırfıra kimi fırladır. Nə məsələdisə, vəzncə KAMAZdan ağırdı ki, bu iki gündə kişini belə əyib. Katiblərin, prokurorların, rəislərin başına and içdikləri Kamran niyə indi bu gündədi? Bəlkə ermənilərlə döyüşdən ağlı bir şey kəsmir? Ağdam gedəndən sonra hamımız narahatıq. Amma əmim hələm-hələm özünü o yerə qoyan deyil. Heç havayı söz danışdığını görmədim.  Tam inanmadığı sözü ağzına almaz... Məni çox istəyir, amma hərdən tünd tənqidi yazılarım çıxanda bir az, nənəmin sözü olmasın, kəmşəfayət olur mənimlə. Sonradan bildim ki, mənim gileyimi idarə müdirləri ona deyirmişlər. Meşə idarəsində sürücü olsa da, rayonda başına and içirlər... Belə bir kişi indi şam kimi əriyir. Burda nəsə var? Amma nə?”

            “Sənin sağlığıa” deyib arağı birnəfəsə başına çəkir. Çaşır şorabasından qırıb ağzına aparır.

            -Getmişdim Şükrataza...

            Səsi titrəyir, qəhər güc gəlir.

            -Erməni səngəriylə araları heç beş yüz metr də dəyil... Avtomat mənzilidi...                                   

          -Hər yerdə elədi... Narahat olma, inşallah hər şey yaxşı olacax.

           Əmim mənim son sözlərimi heç eşitmir. Gözü uzaqlara zillənib, yol çəkir elə bil.

            -Kamandirdən icaza almışdım ki, onu yendirsinlər aşağı... O səngərdə qalmasın. Ora qorxuludu axı... Qabaxca heş nə demədi. Apardığım yeməkləri dostlarıynan bir süfrədə yedi,  dədə, bu gün mən səngərdəyəm,  qoy növbəmi çəkim, sonra sənin təklifinə baxarıq, deyib avtomatını çiyninə saldı, çıxıb getdi.  Heç mən tərəfə baxmadı da...

            Mən bir söz deyə bilmirdim. İlk dəfəydi ki, boğazım biçilmişdi elə bil. Nə aciz adammışam mən. Yəni, heç bir kəlmə də deyə bilmərəm? Məsələn bax belə: əmi, vallah hər şey yaxşı olacaq. Biz qalib gələcəyik... Yox əşşi, əmimin belə saxta söhbətlərdən zəhləsi gedir. Adamı barmağına dolayar, lağa qoyar... Yaxşı, bəs mən bu uzun sükutu nə ilə pozum? Yaxşı ki, əmim dillənir, məni bu əndişədən qurtarır.

            -Səni göndərmək istiyirəm ora.

            -Hara, əmi?

            -Şükrataza. Bu uşaq eşitsə, ansaq səni eşidər. Həmi əmisisən, həmi də dərs demisən... (Əmioğlu olsaq da, əmimin uşaqları yaşda böyük olduğumdan mənə əmi deyirlər – nağılçı) Mütləq eşidər. Lap eşitməsə, dola şapalağa, qat qabağıa gəti...

              Dilllənmək istəyirəm, səsim çıxmır. Əlimi qaldırmaq istəyirəm, qalxmır. Mənə nə oldu bu beş dəqiqədə?.. Bəlkə min illərdən də uzun bir vaxt ötür. Və nəhayət tamam ayrı adamın səsiylə deyirəm:

            -Məni də eşitməz.

            Əmim cin atını minir, bağırır:

            -Bu belə uşaq dəyildi axı... Noldu bına?

            Bu dəfə öz səsimlə lap astadan deyirəm:

            -Əmi, onda günah yoxdu, günah məndədi. Onları mən yoldan çıxartmışam. Sənin Filmanına da, o biri şagirdlərimə də dərslərimdə deyirdim ki, Vətəndən əziz şey yoxdu. Anadan da, atadan da əzizdi o... İndi o mənim tərsinə dediyimi eşidər?

            Araq qurtarıb. Gedib birini də gətirir. Mənim isə içim yanır. Yansa da içmək istəyirəm. Sağlıqsız-zadsız içirik. Əmimin son sözləri lap cızdağımı çıxardır:

            -Axı onun heç oxumağnan-zadnan arası yoxuydu...

            `

                                                                                                                                  2011

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ SARI SİMİ QIRILAN TAR...