AZAD QARADƏRƏLİ QƏRİB DÖYÜŞÇÜ hekayə

 

                        AZAD QARADƏRƏLİ

 

                     QƏRİB DÖYÜŞÇÜ

 

                                       hekayə

 

 

                                               Vətən Müharibəsi şəhidi Xaqani Məmmədovun xatirəsinə

 

 


           Kəndin başının üstündə təpəsi göyə dirənən Qaraquzey dağı. Solunda su dərəsi, sağında Arxaşan dərə. Ondan bir qədər irəlidə kəndin qəbiristanı. Yuxarıda – dağın sinəsində kəndimizin yeni tikilmiş məktəb binası, aşağıda damları şiferli evlərimiz. Kəndin qabağında əzəmətli Qaladaşı, onunla üzbəüz Yarımyaylaq təpəsi... Və mənbəyini qarlı dağlardan alan, böyük Çinar meşəsindən keçib gələrək kəndin qarşısından şırhaşırla axan Bəsid çayı...

            “Rəssamın” əlindən buraxılıb kətanda topa-topa izlər – qaratikan kolları – qoyan fırça Su dərəsinin başında iri armud ağacına çevrilib...

 

            ...Göl. Hər gün bir damcı quruyan və ölü kimi can verən... Hər dəfə burdan ötəndə maşını saxlatdırıb can üstə olan bu suya fatihə verməkdən özümü güclə saxlayıram. İndi heç durdura bilmərəm. Şəhid təziyəsinə gedirəm. Tez gedib qayıtmalıyam. Bir yandan pandemiya, bir yandan müharibə, bir yandan da ölməkdə olan bu göl...

            ...Adamlar məni görüb başıma yığılır. Elə bil mən kəndimizəm. Bu qərib adamlar Bakıdan gələn yazıçı həmyerlilərinə elə baxırlar ki, guya mən böyük adam-zadam...

             Ağlamamaq üçün qoruyucu ağızlığı üzümə bərk-bərk sıxıram...

            Gözümü gəzdirirəm ki, şəhidin atasına, yaxud nənəsinə başsağlığı verim... Heç birini görə bilmirəm. Nənə yoxdur, bu heç, yəqin qadın məclisindədir... Amma ata... Dayan bir... Mən atanı tanıyırammı? Ha fikirləşsəm də, atanın şəklini gözüm önündə canlandıra bilmirəm...

 

            ...Ana əlində vedrə səhər sübhdən dağın ətəyinə qısılan məktəbin qapısını açır. Ardınca oğlu da gəlir. Olar 10-12 yaşlarında. Baltasıyla odun yarır, anasına kömək edib siniflərin sobalarını yandırır... Sonra odunluğa qoyduğu çantasını qoltuğuna vurub dərsə gedir...

            ...10-12 yaşlı uşağın üzünü göz önündə canlandırandan sonra bir də başıma yığışanlara baxıram və üzdən uşaqlıq yoldaşım Süleymana oxşayan şəhidin atasını çətinliklə də olsa tanıyıb əlimi uzadıram...

            (Süleyman qohumumuz Sənəm xalanın oğlu idi. Sənəm xala dəmiryolda işləyəndə ernəzirli Heydər kişi ilə ailə qurmuş və Mığrı şəhərində yaşamağa başlamışdılar. Mığrıya, onun yaxınlığındakı Buğukər ziyarətgahına dilək tutub yol alanların  hamısı ilk olaraq Sənəm xalagilə düşər, bir stəkan çay içib, yollarına davam edərdilər. Nənəm demişkən, o səmtə gedənlərin təpiyi Sənəmin ailəsinə dəyərdi... Buranın adamları da torpaqları kimi barlı-bəhərli, varlı-hallı idilər. Bu yerlərin hülüsü, əriyi, üzümü adnandı... Hələ yer adları bir ayrı aləmdi: Astasur, Aldərə, Nüvədi, Ernəzir, Tuğut, Buğukər, Mığrı, Əyərək, Maralzəmi... Pəh, ada bax: Maralzəmi! Min illərin ölüb-dirilən sözcükləri... İnsan oğlu dünyaya  gözünü açanda höccələyə-höccələyə yaradıb sanki bu ilk sözləri... Bax hələ, zəmidə otlayan maral görüb və təzə dil açan uşaq kimi sözləri yan-yana düzüb: Ma-ral zə-mi... Bu dağlarla yaşıd olan heca  sözlər, qoca sözlər...)

            -Başınız sağ olsun... Gör neçə vaxtdır sizi görmürəm... Güclə tanıdım... Rəhmətlik atana bənzətməsəydim... bir də... (məktəbin həyətində odun yarmağını deyəcəkdim, amma demədim...) Oğlunuzun döyüşdə fərqlənməsini, şəhidlik zirvəsinə ucalmasını eşitdim, həm fəxr elədim, həm üzüldüm... Kaş ki sağ qayıdaydı... Ruhu şad olsun... Onlar hamımızın övladı oldular, Vətənin övladları...

            -Mən də böyüyəndə Xaqani kimi şəhid olacam... erməniləri qıracam... Xaqani kimi... – 7-8 yaşlarında bir uşaqdır. Düz üzümə baxıb az qala qışqıra-qışqıra deyir. Kimsə onu itələyib ortalıqdan çıxartmaq istəyir. Uşaq dartınıb getmir. Elə bil sözü ağzında qalıb. Yenə nə isə demək istəyir...

            -Sağ olun, müəllim... Nə deyə billəm? Torpaqlarımız azad olsa, elə bilərəm ki, Xaqaninin qanı yerdə qalmadı...Vətən sağ olsun... – Gənc ata dillənir.

            Bu boz çöllükdə, bu şoran torpaqda illərdir sürünən adamların rəngi elə bu çöllüklər kimi bombozdur. Uzun illər buralarda çadırlarda, idarə binalarında yaşasalar da, indi çoxmərtəbəli mənzillərə köçürülüblər. Şəraitləri pis deyil. Amma hamısının üzündə bir qorxaqlıq, məyusluq, bir az da nisgil var...

            -Məllim, müharibədən ağlın nə kəsir? Yarımçıq qalmaz ki? Rayonları alarlar?

            Bu qərib adamın inamsız baxışlarla verdiyi sualı cavablandırmalıyam.  Yuxarı yaşı 50-60 arası olan tay-tuşları kimi o da vaxtsız qocalıb. Yaşı uzağı 50 olar, amma tanımayan 65 verər.

            -Hesab edirəm ki, bu dəfə Rusiya imkan versə, rayonlarımızı alacağıq... Əsgərlərimiz də şir kimi vuruşurlar... Axı Türkiyə də bu işdə maraqlıdır... Hələ onların verdikləri PUA-lar... – Üzümü ataya tuturam. – Uşaq könüllümü getmişdi?

            -Yox, məllim, növbəti əsgərliyi idi... 18 yaşı təzə tamam... – Qəhərlənir.

 

            ...Təxminən on il qabaq idi. Eşitdim ki, Süleyman vəfat edib. Şirvana (O vaxt Əlibayramlı adlanırdı) getmək üçün iş yerindən ezamiyyə alıb yola çıxdım. (Gəlmişkən, şəhərin məktəblərinə də baş çəkib işlədiyim radio üçün bir-iki süjet hazırlayacaqdım.) Şirvanın girəcəyindəki gölün yarıdan çox hissəsinin quruduğunu görüb pis oldum. Dünyada insan artdıqca su, xüsusilə içməli su problemi yaranmağa başlayır. O tayda Urmiyə gölü quruyur, Bakıda Yasamal gölü, burda da bu... Gölün cadar-cadar olmuş çatlarına ayaq girər. Bu gedişlə, göl 3-5 ilə tamam quruyar...

            Və gözüm 8-9 yaşlarında iki uşağın tən yarısı qurumuş göldə nəsə etdiklərini alır. Sürücü maşını saxlayıb həmişə burada yolun kənarında bişmiş sütül, meyvə satanlardan nəsə aldığı üçün mən də maşından düşüb uşaqlara baxıram. Qızcığaz gölün hələ qurumamış tərəfində suya girib. Əlindəki kiçik qabla bir az böyük qabı su ilə doldurur. Oğlansa dolmuş qabı aparıb gölün quru hissəsinə tökür, bir də qayıdır. Sudan çıxmayan qız qabı yenə doldurur...

            Bu körpələrin ürəklə gördükləri bu bitməz iş qəlbimi göynədir. Sürücü isə işarə edir ki, getməliyik. Gölü can üstə qoyub şəhərə giririk.

            Yas yerində çoxdan görmədiyim qohum-qardaşla görüşdüm. Qadınlar məni görüb ağladılar. Süleymanın yoldaşı İstifa bacıya başsağlığı verəndə  qəhərləndi, mənim də gözlərim doldu. Məktəb direktoru işlədiyim vaxtlarda Süleymanın xahişi ilə həyat yoldaşını məktəbdə xadimə işinə qəbul etmişdim. Bu ailənin necə zəhmətkeş olduğunu onda daha yaxından bildim...

 

            ...Doqquzda oxuyurdum.  Bir neçə həmkəndlimizlə birgə Mığrıdakı Buğukər ziyarətgahına getmişdik. Elə oldu ki, bir gün anamla Sənəm xalagildə qalası olduq. Axşam tərəfi Süleyman və bacısı Səlbi ilə şəhərə çıxdıq. Süleyman dedi ki, gedək futbol oynayaq. Yerli azərbaycanlı uşaqlarla ermənilərin komandası oynayacaqdı. Bir az mübahisə edəndən sonra mənim də oynamağıma icazə verdilər. Bəxtim gətirdi və dalbadal iki qol vurdum. Erməni dığaları əvvəl məni təpiklə vurub yıxmaq istədilər, bu alınmayanda üstümə tökülüb döyməyə çalışdılar. Təbii, mən də özümü qorudum. Süleymanın ermənilərlə danışığından sonra (bu yalançı sülh danışığı o vaxtdan varmış), məni oyundan çıxardılar və ermənilər bizimkilərə dalbadal dörd qol vurdular. Şübhələndim ki, deyəsən, bizim uşaqlar özləri uduzdular. Evə dönəndə bu barədə Süleymana eyham vurdum, gülümsündü və dedi:

            -Biz onları udsaq, dava salarlar... Ona görə ya onlar udur, ya da heç-heçə olur...

 

            ...İstifa bacıya baş sağlığı verəndə şüvərək bir oğlan vardı yanında. Gülə-gülə dedi  dayı, mən səni tanıyıram. Nənəsi ona təpindi ki, kiri. Uşaq isə həvəslə danışırdı:

            -Məllimimiz sənin kitabını vermişdi sinifimizə... Şəkilin də vardı... Orda qəşəy nağıllar vardı... Birinin adı beləydi, “Dəvə balası”... İstiyirsən danışım...

            Heyf ki, nənəsi onu daha danışmağa qoymadı. Tələsik Bakıya dönməli olduğumdan mən də buna elə çox həvəs göstərmədim...

            Keşkə...

            Keşkə o şüvərək uşağı bir az da danışdırsaydım. Keşkə dilinin ucundakı sözləri sonacan dinləsəydim...

            Heyhat... Bu indi o qədər uzaq ki... O qədər əlçatmaz ki...

            O uşaq bu günkü qəhrəmanım şəhid Xaqani idi...

 

            Sürücünün yanında əyləşmişəm. Taksidə məndən başqa üç nəfər də var. Müharibə barədə qızğın mübahisə edirlər. Az sonra quruyan gölün yanına çatırıq. Xahiş edirəm ki, maşının sürətini yavaşıtsın. Sürücü anlayışlı adamdır, sağ olsun. Bir qəbiristanın yanından ötürmüş kimi aramla sürür. Sazaqlı oktyabr günü bir çəngə duman gölün üstünə sərilib. Elə bil can üstə olan gölə kəfən biçiblər...

           “Bu müharibəni, Birinci Qarabağ müharibəsini uduzan kişilərin övladları udacaqlar... Bax o qərib şəhid kimi gənclər bizim intiqamımızı alacaxlar ermənilərdən...” – arxadan gələn səsdə bir az inamsızlıq duyulur. Sürücü isə onun sözünün üstün gəlir:

            -Az qalıb... Bu xına o xınadan döyül...

            Mən isə hələ boyunlarının yetim tükü tökülməmiş, sümüyü bərkiməmiş sütül oğlanları düşünürəm. On səkkiz yaşlı bu körpə igidlər sinələrini qabağa verdilər ki, düşmən gülləsi Vətənin sinəsinə deyil, onlara dəysin, heç olmasa bir namərd gülləsi azalsın. Onlar çəkmələrini Qarabağda yerə bərk basdılar ki, azı bir cüt yağı çəkməsinə yer olmasın.

            “Hamı haray çəkirdi ki, oğlan uşaqlarının sayı süni surətdə artır... Bu gün üçün imiş... Millət özü də bilmədən dar gün üçün oğlanların sayını çoxaldırmış... Amma mənim qorxum  altı-yeddi il sonradır... Onda biz məktəblərin birinci siniflərinə yazmağa uşaq tapmayacağıq... Oğlanlar şəhid olur, qızlar qarıyır...”

            Arxadan gələn qəmli səs sahibi yəqin ki, müəllimdir. Belə dərdi ancaq müəllim çəkə bilər.

            “Bu Quru gölün yanında bir qarğıdalısatan vardı, Bir həftədir ocağı söndürüb, gedib... Soruşuram, dedilər oğlu şəhid olub... Bu təpik hamıya dəyən təpikdir... Amma dəyməsə də olmur... Torpaxdı axı... Səninki getməsin, mənimki getməsin, bəs kim qorusun... Torpaq kasıbındı... Varlıya nə var, ona hər yer Vətəndir...”

            Bu da “müəllim”dir. Onun sözləri yadıma illər əvvəl bu gölün sahilindəki iki uşağı salır.

            “Bəlkə də həmin oğlan o bişmiş sütül satanın indi şəhid olan oğluymuş?.. Yaşları düz gəlir, azı 18-19 yaşları var indi... Bəlkə qıza da nişanlı imiş... Sütül satanların sütül uşaqları... Oğlan sinəsini güllə qabağına verdi, qız da evdə qız qarıyacaq... Altı-yeddi il sonra onların uşaqları birinci sinfə gedəcəkdi...”

            Sütülsatanın sönmüş ocağına, boş qalmış dəzgahına baxıb ah çəkirəm və ürəyimdə ona “başın sağ olsun” deyirəm. Arxadan bayaqkı “müəllim”in səsi gəlir:”Neynək, Vətən sağ olsun...”

           

 

                                                           ***

 

            44 gün çəkən Vətən Müharibəsi qəhrəman döyüşçülərimizin qələbəsi ilə başa çatdı. İşğalda olan rayonlarımız, şəhərlərimiz, kəndlərimiz, o cümlədən Xaqaninin Qaradərəsi də azad edildi. Atası demiş, şəhidlərimizin qanı yerdə qalmadı.

            Ölkə prezidentinin sərəncamı ilə igid şəhid Məmmədov Xaqani Füzuli oğlu ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edildi.

                                                                                                                      15.10 – 24.12. 2020.

           

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə