AZAD QARADƏRƏLİ VƏTƏNİN YETİMİ hekayə
AZAD QARADƏRƏLİ
VƏTƏNİN YETİMİ
hekayə
(Vətən müharibəsi şəhidi Əmrah Rəcəbovun xatirəsinə)
Dur, Şama gedir Zeynəbi-nalan,
bacın ölsün...
Hacı Şıxəli Tuti
MÜƏLLİF
Mənə
çox çətindi bu hekayəni yazmaq. Elə bil əlim bağlıdır. Dartınıb açmaq istəyirəm,
iplər kəsir, əlimi-qolumu yaralayır. Ağrıdan qışqırmaq istəyirəm, amma
utanıram. Savaşda yaralanan, ürəyindən vurulan şəhidlərimizdən utanıram.
Sonra
əllərimə baxıram və görürəm ki, açıqdır, amma kompüterin qapağını aça bilmirəm.
Niyə axı? Buracan neçə şəhid, qazi haqqında hekayə yazmışam. Belə şey heç
olmamışdı. Bəs bu yazını niyə yaza bilmirəm?.. Nədi mənə mane olan?..
Yoxsa
onun yazısı yoxdur? Allah ona yazı yazmamışmı? Nə iş idi mən düşdüm, xudaya?
.................................................................................................................................................
MƏN
Mən
heç ailə nədir bilməzdim. İnternat? Ora ailə deyil ki... Ora da bir dərddir.
Ailəsizliyin başqa üzü. İnteranatdasansa, adam deyilsən. Hə. Sənə kənardakılar əşya
kimi, əski kimi baxacaq. İstisnalar vardı e... Vardı hə... (Bir müəllimimiz
vardı, bizə riyaziyyatdan dərs deyirdi... Yaxşı müəllim idi. Həm də yaxşı
insan. O bizə riyaziyyatı necə keçirdisə, o saat yaddaşıma yazılırdı. Hətta həftədə
bir dəfə gecələr nəzarətçi kimi internatda qalanda məni yanına çağırıb fərdi məşqul
olardı. Bir dəfə dedim ki, müəllim, siz də repititorluq edirsiniz? Dedi hə,
maaş azdır, ona görə evdə uşaq hazırlayıram. Dedim hər uşaqdan nə qədər
alırsan? Gülüb dedi, neynirsən, indi mənə pul verəcəksən? Dedim yox, indi
deyil, amma sağlıq olsun, böyüyüb riyaziyyat müəllimi olanda sizin borcunuzu
qaytaracam...) Amma yox, sən internat uşağısan... Hətta lap təhqiramizi də
var: detdom uşağı!.. Bu sözdən zəhləm gedirdi. İnternat yenə hə də, bizim
evimiz kimiydi. Amma nədənsə bu detdom sözü məni internatımızın daim soyuq olan
divarları kimi üşüdürdü... O sözü işlədəndə elə bil anama söyürdülər...
RİYAZİYYAT MÜƏLLİMİ
Mən
onu bilirsiniz necə kəşf etdim? Bir dəfə axşam növbəsinə qalmışdım (biz
internatda həm müəllim, həm də tərbiyəçi idik, ona görə həftədə bir dəfə gecə
növbəsinə qalır, uşaqlara nəzarət edərdik), gördüm bir uşaq divara qısılıb
ağlayır. Yanıma çağırdım. Gördüm həmin bu Oğlan. Altıncı sinifdə oxuyurdu.
Dedim niyə ağlayırsan? İstədi deməsin, əl çəkmədim. Axırı dedi ki, səkkizdə
oxuyan Z. adlı oğlan mənə ana söyüşü söyüd. Düzü, gözləmirdim bu sözü. Əksər
internat uşaqları kimi onun da anası yoxdur, yaxud varsa da, onu bura gətirib
atıb, o gedən də gedib... Düzü, çox pis oldum. Onu çağırıb otağıma apardım.
Danışdıranda məlum oldu ki, riyaziyyatı yaxşı bilirmiş... Hətta keçdiyimiz dərsləri,
düsturları, qaydaları əzbərdən söylədi. Və qərara gəldim ki, vaxt olan kimi
onunla fərdi məşqul olum.
MƏN
Elə
deməyimə baxmayın, internat, nə də olmasa, başımızın üstündə “krış”mızdı,
üstümüzə yağmırdı, doymasaq da, ac da qalnırdıq. Mən burada həm də həyatı öyrəndim.
Və bir şeyə də əmin oldum: mənim anam, atam olmasa da, onları əvəz edən Vətənim
vardı... Yox, bu, gəlişigözəl söz deyildi. Həqiqətdi. Axı mən küçədə gecələmirdim,
cibgirlik etmirdim, hətta burada məktəbdə oxuyurdum... Pis-yaxşı geyməyə
paltarımız, yeməyə yağlı-yavan da olsa çörəyimiz vardı... Bir də müəllimlərimizin
içində yaxşı insanlar da olurdu...
Məndən
yaşda böyük olan bir oğlan mənə ana söyüşü verəndə ağlamışdım. Sonradan başa
düşdüm ki, mənə o söz niyə dəyib...
O
O,
yaxşı oğlan idi. Qızlar qalan korpusa bircə dəfə də pis gözlə baxmazdı. Hətta
bir dəfə söhbətləşəndə mən ona söz atdım: “Heç biz tərəfə baxmırsan? Xeyir ola?
Yəqin sən də böyüyəndə o biri oğlanlar kimi internat qızı ilə evlənməzsən, hə?”
Pərt
halda başını buladı.
“Elə
demə. Mən neçə dəfə bizim oğlanlarla sizə görə dalaşmışam. Hamınız mənim
bacılarımsınız. Hərdən axşamlar atalı-analı oğlanlar internatın həyətinə gəlir,
sizə sataşmaq istəyirlər. Hətta neçə dəfə bunun üstündə onlarla da dalaşmışam.
Yığışıb döyüblər məni... Sadəcə, sizə oğlanların pis gözlə baxmasını götürə
bilmirəm...”
MƏN
Düşünürdüm
ki, bəlkə mənim də bacım olub?.. Anam məni onunla birgə bura verib? Məndən üç
yaş balaca Nəzrin var e, mənə necə də oxşayır?! Bəlkə onu da mənim anam doğub?
Hə də, neynəsin yazıq, saxlaya bilməyib, gətirib verib bura. Deyib sonra gəlib
apararam öz yanıma... Amma gedib ərə, uşaqları olub, qorxub ərinə deməyə... Hə
də, neynəsin yazıq arvad.......... eeee, yox e yox, bəlkə heç Nəzrinlə məni
bura qoyub gedəndə yolu keçmək istəyən zaman maşın vurub, ölüb?.. Yox, əşşi,
allah eləməsin, ölməyib. Sağdır anam. Gəlib ikimizi də aparacaq inşallah...
Hətta
bir dəfə Nəzrinə demişdim ki, sən mənim bacımsan. O da ümidlə mənə baxmış və “Sənin
də ananın adı Mətanətdir?” deyib cavab gözləmişdi. Mən yenicə tapdığım bacımı
itirəcəyimdən qorxaraq “Nə Mətanət?” deyib mat-mat qıza baxmışdım.
Nəzrin
cibindən bir balaca qadın şəkli çıxartmış, mənə göstərmişdi:”Bax, bu, mənim
anamdır. Adı da Mətanətdir... Özü də rayonda yaşayır... Məni bura gətirəndə
dörd yaşım vardı. Şəkili də o vaxt özü balaca çantama qoymuşdu... Gəlib məni
aparacaq...”
Sonra
hıçqırıb ağlamışdı. “Amma gəlmədi. Gəlmir. Niyə gəlmir bəs? Axı heç mənə səndən
bəhs etməyib?.. Doğrudan, sən mənim qardaşımsan?..”
Mən
də boğula-boğula ağladım. Başa düşdüm ki, bu qız mənim bacım deyil. Amma o, hələ
də maraqla mənnən cavab gözləyirdi. Daha buracan uydurmuşdum, niyə davam etməyim
ki?
“Hə,
- dedim. – Mənim də anamın adı Mətanət idi. Məni sənnən qabaq vermişdi
internata. Demişdi gəlib ikinizi də aparacam, amma gələ bilmədi...”
“Niyə
axı? Gəlsin də, nə olar, gedib ona su daşıyarıq, həyəti təmizləyərik... Heç nə
istəmirəm, başımı sabunla yusun ki, bit düşməsin...” – almasla dibindən
qırxılmış başını qaşıyıb ağladı.
“Mən
də istəyirəm, saçım olsun... Amma qoymurlar, dibindən qırxırlar ki, bit düşməsin...
Bu dəfə istədim qoymayam, tərbiyəçi vurdu məni. Sonra da əllərimi tutdu, dəllək
də ülgüclə qırxdı...”
Hönkürüb
ağladı. Mən də ağladım...
NƏZRİN
Qardaşım
internatdan gedəndən sonra demişdi ki,
ev alım, gəlib səni də özümlə aparacam... Gəlməyinə gəldi... Gəlib dedi ki,
müharibə başlayıb, könüllü yazılmışam orduya... Qucaqladım onu...
Buraxmırdım... Tərbiyəçi üstümə qışqırdı ki, o sənin qardaşın deyil... Siz
ayrı-ayrı rayonlardan gəlmisiniz... Mən qışqırdım ki, düz deyil, o mənim
qardaşımdır!..
Getdi...
Bir aydır müharibə gedir, onnan hələ xəbər-ətər yoxdur...
MƏN
Mən
heç indiyə qədər adam döyməmişəm. Məndən güclülər həmişə məni döyüblər. Özümdən
zəifləri isə qəti vurmamışam... Amma müharibə başqadır. Burda sənin-mənim
yoxdur, ümumi Vətən var. O ağır vəziyyətdədir və biz oğlanlar Vətən üçün
vuruşmalıyıq... Mən burada ilk dəfə əlimə silah aldım, düşmən öldürdüm, özümü
kişi kimi hiss etdim. Başa düşdüm ki, daha burada kasıb-varlı, atalı-atasız
yoxdur... Buradakı döyüşçülər hamısı qardaşdır... Mən burada qardaşlarımı tapdım!..
...Yaralansam
da, yanımda ağır yaralı olan iki əsgəri güllə altından çıxartdım. Yolda Arəstə
bacı onlara ilk yardım göstərdi. Sonra mənə baxıb dedi ki, hara, sən də
yaralısan?! Dedim, bacı, hələ iki yaralı da var, qoy gedim onları da çıxardım,
sonra sarıyarsan. Qoymadı. Yaramı sarıyıb dedi, tez qayıt. Yaran ciddidir...
Yol
boyu gördüm ki, sarığın üstündən qan sızır... Amma dayana bilməzdim. Hələ iki nəfər
qalmışdı orda. Biri yaralansa da, hələ atışırdı. O birinin isə huşu özündə
deyildi... Geciksəm, düşmən oranı alar, yaralılarımızı əsir götürər... Getməliyəm...
BACI
Güclə
saxladım. İki yaralını bir-bir arxasına alıb gətirib verdi mənə, döndü ki, gedə.
Baxdım çiynindən qan axır. Qışqırdım, hara, yaralanmısan?!. Dedi, bacı, boş
şeydir, getməliyəm. Hələ səngərdə neçə yaralımız var. Götürməsəm, əsir düşərlər.
Güclə
yarasını sarıdım. Sonra dəftərimə qeyd etmək üçün hansı rayondan olduğunu,
soyadını, atasının adını soruşdum. Boynunu büküb “Bacı, heç biri yoxdur” dedi.
“Necə yəni?” Gözləri doldu: “Mən internatda böyümüşəm. Heş kimim yoxdur...
İnternatda bir qız var, Nəzrin adında. O məni qardaşı bilir... Amma o da heç
kimimdir. Sadəcə, qoy elə bilsin ki, qardaşıyam...”
Yarasının
üstündən qan izi görünəndə “dayan, yarana qoy bir də baxım” desəm də, qaçıb
getdi...
MƏN
Yolda çiynimin keyidiyini hiss etdim. Güllənin yeri zoqquldayırdı.
Avtomatımı çıxardıb sağa-sola baxdım ki, düşmən olsa, heç olmasa atəş açım. Elə
səngərə təzəcə girmişdim, top mərmmiləri dalbadal səngərə töküldü. Bədənim
para-pırtıq oldu... Ətimiz, sümüyümüz yaralı qardaşlarımla bir-birinə qarışdı. Kimin
qolu, kimin qıçı olduğu bəlli deyildi...Yaxınım da yoxdu ki, DNT ilə bilələr
kiməm...
Sonrakı
yaralarım o yana dursun, amma nə bəladısa, çiynimdən dəyən, bax Arəstə bacı
sarıyan yaram bir zoqquldayır, bir zoqquldayır... Bax. o sarıqdanca tanıyacaq məni...
Bir
də... Day sirr-zad qalmadı ki... Saki bunu saxlayırdım, haçansa bəlkə lazımım
olar... Yekələndə, əlimiz ağac tutanda qaçırdıq Dayənin yanına. Dayə də ki,
deyilənə görə, elə doğulannan burdadı. O da internat uşağıdı... Hamının dərdini-çorunu
o bilirdi. 18 yaşım tamam oldu, əsgərə gedənə macal qaçdım yanına ki, bəs mənnən nə bilirsən? Kimim, kimsənəm
varmı, yoxmu?
Üstünün
qızıl suyu tökülmüş bir boyunbağı çıxardıb uzatdı mənə ki, səni internatın
qapısına qoyub getmişdilər, boynunda təkcə bu həmayil vardı... Əvvəl elə bildim
ki, qızıldı, sonra baxdım ki, adicə qızıl suyuna tutulmuş dəmirmiş...
İlahi,
o qızıl suyuna salınan zəncirdən asılan kirilcə Л hərfinnən ibarət medalyon mənə
dünyanı bağışladı. Neçə vaxtdır onu anam kimi öpürəm, sinəmə sıxıb yatıram...
Elə bilirdim ki, bu, bir əlamətdir. Medalyonun arxasınca anam özü gələcək...
İndi
hiss edə bilmirəm ki, medalyon boynumdadı, ya yox. Bilmirəm ki, boynum özü
yerindədi?..
Müharibə başlayannan bir həftə sonra internetdə bir
şəkil görmüşdük: ana şəhid oğlunun tabutunu çiynində aparırdı!.. Mən də istərdim...
İstərdim ki, anam, adı Lətifəmi, Laləmi, Leylamı, Luizamı... - yox, Luizanı ermənilər
də qoyur, o adı istəmirəm – olan anam çıxsın gəlsin, o medalyonnan tanısın nəşimi,
tabutumu çiynində aparsın... Bir də mənə layla çala bilmədi, heç olmasa ağı
desin...
NƏZRİN
Yalvardım
ki, mən onun bacısıyam, məni aparın, mənim qanımnan test götürün...
Apardılar... Kaş aparmayaydılar. Dedilər ki, sənin qardaşın deyilmiş o nəş...
İndi qardaşımın nəşi qalıb morqda... Yaxını da yoxdur ki, gedib analiz
versin... Anamızın şəklini kimə göstərirəm, tanıyan yoxdur...
RİYAZİYYAT
MÜƏLLİMİ
Eşidib
çox pərişan olmuşam. Getdim morqa, dedim ki, onun heç kimi yoxdur, burda
saxlamağın mənası nədir?.. Sağ olsunlar... Anlayış göstərdilər... Hətta
komandiri kövrəldi...
Söz
verdilər ki, gətirib rayonun şəhidlər xiyabanında dəfn edəcəklər...
Müəllimlər
və şagirdlərlə danışmışıq ki, dəfndə hamımız iştirak edək...
Axı
o bu internatın oğlu idi... Bir də Nəzrinin qardaşı... (Hönkürür)
BACI
Heç
bircə gün keçmədi, xəbər gəldi ki, vurulub. Dözmədim, qoşulub əsgərlərə getdim
o səngərə... Kaş getməyəydim... Təkcə təzə qoyduğum sarıqdan bildim ki, odur...
Doğru-dürüst sarıq qoymağa da imkan vermədi... Ölümünə yüyürdü... Yaxşı ki,
getmişəm, yoxsa necə tanıyardılar? Çiyninə qoyduğum sarıq olmasaydı... (Ağlayır.)
O
Mənə
demişdi ki, müharibə bitsin, gəlib sənə nişan taxacam. Dedim, nə olar, getməmiş
nişan ver, bilim ki, kiminsə nişanlısıyam... Dedi yox, düşər-düşməzi olar... Ürəyinə
damıbmış... Bir də dedi ki, Nəzrinnən muğayat ola... Nəzrini də qarabaxt
olmasın... Yazığı diri-diri ağlayırdı pisniyət qızı... Axırı da... Nə ona
qardaş ola bildi, nə də mənə yar... Bəxtimin içinə... Bəxtim olsaydı niyə
internat qızı olardım ki?!. Hərdən fikirləşirəm ki, bəlkə heç ürəyini mənə
açmasaydı, şəhid olmazdı... Mən qarabaxtam axı... (Hönkürüb ağlayır.) Sonra
da fikirləşirəm ki, yəqin qismət beləymiş...
DAYƏ
Nəzrini
bacısı kimi üstünə yazdırmaq üçün şox əziyyət çəkdik. Amma eləyə bildik. Heç
olmasa şəhidin adına olacaq təqaüdü-zadı bu qıza verərlər. Özünə bir gün ağlaya
bilmədi, barı bir yetimə xeyri dəysin... Can ay bala... Yetim bala... Yox anan,
yox xalan ölsün... yox bacın saçın yolsun... yetim bala, nakam bala... heş demədin
gözü yolda qalan o qız nolsun?.. Yetim bala, heyyyyyyyyyyyyyyyyyyy...
MƏN
Vallah
çox sevinirəm. Dəhşət sevinirəm. Nəzrini üstümə yazıblar bacım kimi... o qızın
isə adını ağzınıza almayın, siz allah... Qoy gedib xoşbəxt olsun... Mən burda
rahatam... General Polad Həşimov da burdadı, dostlarım da... hələ Arəstə
bacımız da... Mən sağlığımda heç kimin oğlu ola bilmədim... Amma öləndə Vətənin
balası oldum... Hə də, deyirlər şəhdlər Vətənin övladlarıdır axı... Axır ki,
yiyəm tapıldı...
MÜƏLLİF
Demişdim
axı... Bu yazını yazmaq zülümdü. Buracan gəlmişəm, burdan beləsi də bir dərddir...
Mən
şəhidlər haqqında yazdığım hekayələrin saytlarda yayımlanan linkini
yaxınlarının xahişi ilə onların votçapına göndərirdim... Bəs bu yazının linkini
kimə, hara göndərim?
12.12.2020

Yorumlar
Yorum Gönder