AZAD QARADƏRƏLİ

                                           BİR CAVAN...

                                                            Hekayə

 

 

                       

                                                                   Vətən Müharibəsi şəhidi Həsən Rzazadənin xatirəsinə

 

 

 


 

            2019-cu ilin yayı. Əfqanıstan dağları. Azərbaycan sülhməramlıları tapşırıqdan qayıdırlar. İsti qumu qovurğa kimi qovurur. Göydən yerə millənən odlu lava dəstəni tələsik maşına doluşmağa vadar edir. Yorğun görünsələr də, kefləri yaxşıdır. Tapşırığa layiqincə əməl olunub. Bu odlu səhrada təkcə üzü gülməyən baş leytenantdır. Əsgərlər komandirin qaşqabağının  elə-belə tutulmadığını bilirlər və ona görə də onlar da susurlar. Nəhayət, bir əsgər dillənir:

            -Komandir, niyə tutuldunuz? Maşallah, tapşırığa layiqincə əməl etmişik... Niyə eyniniz açılmır?

            Komandir maşının pəncərəsindən Əfqanıstan dağlarına işarəylə deyir:

            -Uşaqlar, bu dağları gördüm, könlüm bulandı. Yadıma mənim anamın, atamın doğma yurdu Zəngilan, Qarabağ düşdü... Mən anamın bətnində olanda rayonumuz ermənilər tərəfindən işğal edilib... Sumqayıtda dünyaya göz açmışam... Sənin doğma rayonun işğalda ola, özün də hərbçi olasan, atan hərbçi ola, dayıların general, polkovnik ola, amma torpağın işğalda qala... Üstəlik, öz torpağını deyil, hansısa Əfqanıstanı qorumağa göndəriəsən... Sizcə, adamın kefi açılarmı?..

            Son dərəcə ciddi görkəmli, zəhmli və ağırtəbiətli, boy-buxunlu  olsa da, arada xalq mahnılarını zümzümə etməyi sevən, bu zaman uşaq kimi olan baş leytenant Həsən Rzazadə qəfil doluxsundu, hətta gözləri də doldu. Onu heç belə görməyən döyüşçü dostları çaşıb qaldılar. O, maşını saxlatdırdı, yerə düşüb üzünü qibləyə tərəf tutub dedi:

            -Uşaqlar, gəlin sizinlə bir əhd bağlayaq... Hamınız üzümüzü o məchul qibləyə tutaq və böyük allahdan dilək diləyək: qoy gələn il bu vaxt ölkə başçımız bizə əmr versin, əlimizə silah alıb doğma Qarabağımızı, o cümlədən mənim də ata yurdum Zəngilanı düşməndən azad edək...

            Sonra leytenant bir kitabdan oxuduğu əhvalatı döyüş dostlarına danışdı:

            “Biz tərəfdə Mincivan adlı qəsəbə var. Atamın yurdudur ora. Babamnan soruşmuşdum ki, niyə ora Mincivan deyirmişlər? Dedi rəvayətə görə, Babək zamanında Təbriz əhalisi darda imiş. Düşmənə qəhrəmanlıqla sinə gərən şəhərin  mühasirəsi daraldıqca vəziyyət çətinləşir. Xəbər salırlar ki, hər vilayətdən Təbrizə kömək gəlsin.  Araz qırağındakı kənddən də min cavan silah qurşayaraq döyüşə yollanır. Uzun zaman keçsə də, o döyüşçülərdən xəbər çıxmır. Aylar sonra Arazdan pala* ilə keçən palaçı zəif səs eşidir. Kimsə zarıyırmış. Diqqətlə qulaq asır. Arazın gur suları səsi eşitməyə imkan vermir. Palaçı hirslə çayı qarğayır: “Lal olasan, Araz! Qoy görüm zarıyan kimdir?!”

            Arazın səsi xırp batır. O gün, bu gün lal qalır...

            O səs indi aydın eşidilir. Zarıyan deyirdi:

            -Min cavan... min cavan... min cavan...

            Yaxına gələndə yaralı döyüşçünü görüb tanıyır. Dili güclə söz tutan döyüşçü anladır ki, min cavan şəhid oldu, amma Təbriz qurtuldu... Min cavan... min cavan... min cavan...

            O gündən o qədim kəndin də adı Mincivan qaldı...

            İndi ay dostlar, arzu edirəm ki, biz də o min cavan kimi bir gün Vətən uğrunda döyüşək, dustaq torpağımızı yağıdan azad edək, o min cavan kimi şəhid olaq...”

            Bu say-seçmə oğlanlar komandirləri kimi üzlərini günəşin batan səmtinə tutub “amin” dedilər...

            Sonra maşına əyləşib qərərgaha yol aldılar. Bir azdan Həsənin zümzüməsinə səs verdi taqım yoldaşları: “Gəlmişəm otağına, Qaragilə, oyadam səni...”

 

                                                           ***

 

             -Komandir, siz  bir az arxaya çəkilin, snayper  yerimizi təyin edib!..

            -Əsgər, sən özün diqqətli ol və o snayperi susdur ki, bizə mane olmasın!

            Snayperi susdurmaq mümkün olmadı. Əvəzində baş leytenant Həsənin döyüşçüləri  onu çaşdırdı: bir göz qırpımında sel kimi axaraq irəlilədilər. Döyüşün şirin yerində (ilahi, döyüşün də şirini olarmış!) komandir irəli atıldı və bir göz qırpımında bütün taqım şığıyıb düşmən səngərinə girdi. Yağılar bunu gözləmirdilər və qəfil zərbədən özlərini itirib qaçmağa belə macal tapmadılar. On dəqiqə içərisində bir itki vermədən düşmən əlbəyaxa döyüşdə məhv edildi, yüksəklik ələ keçirildi.

            O, döyüş zamanı həmişə dəstənin önündə olardı. Əslində, bu müharibənin ildırım sürəti ilə və qələbə ilə başa çatmasının bir səbəbi də zabitlərin arxada deyil, öndə olması idi. Təsadüfi deyil ki, 2783 nəfər şəhidimizin az qala yarısı zabit heyətinin payına düşür...

 

                                                    ***

 

            -Komandir, siz niyə belə çox tələsirsiniz? Elə bil qabaqda sizi nəsə gözləyir? – Gənc əsgərin çəkinə-çəkinə verdiyi suala o bir müddət cavab vermədi. Sonra durbini gözünə yaxınlaşdırıb uzaqlara baxdı, baxdı və ah çəkdi:

            -Bax, o uzaqlardakı dağları görürsünüz? Ora mənim anamın, atamın yurdu Zəngilan, kəndimiz Cahangirbəylidir... Heç zaman görmədiyim torpağım... Babam Sərdar kişi el ağsaqqalıydı... Torpaq həsrətiynən köçdü dünyadan... Əgər Zəngilanın azadlığı uğrunda mənim qanım tökülməsə, o torpaqlar cana gəlməz... Torpaq şəhid verməsə, nə azad olar, nə də abad. Hə, tələsirəm, çox tələsirəm! İstəyirəm ki, ora, o müqəddəs yerə ilk mənim ayağım dəysin... Babalarımın əvəzindən də o torpaqları qucaqlayım, qışqırım:

          “Eheyyyyyy! Mən hərbçi Vüqarın oğluyam! Mən Cahangirbəylidən Sərdar Cəbrayılovun, Mincivannan Bəhmən Rzayevin nəvəsiyəm! Mən Həsən Rzazadəyəm!.. Elə bilirəm ki, onda rayonumuz diksinib ayılacaq, dağlarımız səsimi əks-səda kimi bir-birinə ötürəcəklər... Əskülüm, Şükrataz dağları, Araz, Xan Çinar meşəsi, Ağoyuq, Qaraoyuq düzləri, Həkəri, Oxçu çayları tanıyacaq məni... Ehhhhh, uşaxlar, çətindi... Heç baş leytenant da qaçqın olar? Mən bu adı üstümüzdən bacardıqca tez götürməyə çalışıram... “

            Zəhmli, zəhmli olduğu qədər də yaraşıqlı olan zabiti onlar heç belə görməmişdilər. İçlərində zarafatcıl  bir əsgər gülümsündü:

            -Komandir! İnşallah az qalıb, sənin Zəngilanını da, Şuşanı da, bütün qarabağı da alacağıq! Onda ölkənin ən gözəl qızları gənc baş leytenanta vurulacaqlar...

            Qısa fasilədən istifadə edib dincələn dəstə üzvləri gülüşdülər. Zarafatcıl əsgər isə davam etdi:

            -Komandir, bilirsən, Həsən sözü hüsn sözündəndir... Yəni gözəl, ləyaqətli, yaraşıqlı...

            Yenə gülüşmə. Bu dəfə komandir qaşqabağını sallayıb dedi:

            -Bəsdirin, az naqqallıq edin! Yox bir gözəlləmə! Qarabağı azad etməyincən, bizim gözümüz heç kimə, heç yerə baxmamalıdır!

 

                                                           ***

 

            Danışırlar ki, Zəngilanın azad edilməsi uğrunda döyüşlərdə yaralansa da, bir an belə əlini tətikdən çəkməyib Həsən. Həmişəki kimi öndə olub. “Bu axşam ali baş komandan ən azı on kəndimizin işğaldan azad olunduğunu elan etməlidir! Ona görə nəfəs dərmək yoxdur!..”

            Sonra üzünü əsgərlərinə tutub deyir:

            “Bilirsinizmi, mən Əfqanıstanda sülhməramlı taqımın tərkibində olmuşam altı ay? Ora yola düşməzdən öncə bir az araşdırdım ki, görüm bu ölkə haqqında nə öyrənə bilərəm?.. Əlimə bir yazı keşdi. “Qadağan zonası” adlı həmin povestdə Əfqanıstanda Sovet ordusunun tərkibində döyüşmüş bir azərbaycanlıdan söz  açılırdı. Həmin gənc bir az sonra keçir əfqanların tərəfinə və adlı-sanlı bir sərkərdə olur... Ruslar isə onun sapoqlarını sink tabuta qoyub Zəngilana göndərir və kekebenin əli ilə gecə vaxtı “dəfn edirlər.” Bu hadisəni niyə xatırladım? Biz döyüşkən xalqıq, amma bu ruslar ki, var, onlar həmişə ermənini müdafiə ediblər. Əgər Birinci Qarabağ savaşında onlar olmasaydılar, atalarımız erməniyə məğlub olardlarmı? Əsla!.. Bu gün inşallah Zəngilanı alıb Qubadlıya yola düşürük. Oradan isə Laçına! Hədəfimiz Laçın dəhlizidir! Bu faşistlərin Ermənistanla bağlantısını kəsməliyik!..

 

                                                           ***

 

            Tapşırıq qəti idi: dəhliz bağlanmalıdır!

            Baş leytenantın dəstəsi arxada qoyduğu  doğma Zəngilan və Qubadlıdan sonra Laçına doğru irəliləyirdi. Bu qəhrəman igid su kimi axır, civə kimi şütüyürdü. Qabaqlarına qatıb qovduqları düşmənsə məkrli idi. Çıxdığı yerləri od vurub yandırır, torpağı minalayırdı.

            “Mədəni xalqlar torpağa taxıl əkər, tum salar... Hardasa oxumuşdum ki, kultura sözünün kökü gedib torpağa çıxır... Əkməyən,  biçməyən, qurmayan, yaratmayan  xalq mədəni ola bilməz axı... Bunlar da torpaqlarımızı işğal edəndən sonra şəhərlərimizi xarabazara çeviriblər, kəndlərimizi yandırıblar... Prezident yaxş dedi, elə bil buralardan bir vəhşi tayfa keçib... vəhşiyə isə gərək yeruni göstərəsən... İnşallah, bir neçə günə onları ölkəmizdən süpürüb atacağıq...”

 

                                                           ***

            Baş leytenantın dəstəsi gərgin döyüşdə Laçın dəhlizini tutdu. Amma...

            Böyük döyüş yolu keçən, Şuşaya getmək istəyən, hərb elminin bütün incəliklərinə yiyələnib general olmaq istəyən gənc zabit ağır yaralanaraq şəhid oldu...

 

            Uzaqlarda buludlar dağlara salama gəlmişdi. Əyilib qəmli dağların qanlı sinəsindən öpən bulud az sonra göz yaşları ilə dağın sinəsinin qanını yudu. Torpaq üstündən buludun göz yaşı qarışmış qanlı su axdı. Az sonra o qanlı su selə dönüb Oxçu çayına qarışdı. Zəngilanın, Cahangirbəylinin, Mincivanın sahillərini yalayan sular dağ cüssəli igidin şəhadət xəbərini aləmə yaydı:

            “Bir cavan... bir cavan... bir cavan...”

 

 

 

 

                                                                                                          21.12.2020.

 

 

-----------------------------------------------------------------------------------------------------------------------------------------------------

*Pala – içi üfürülmüş keçi dərilərini salların altına bağlanılaraq çaya buraxılırdı. Buna pala deyirdilər.

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ SARI SİMİ QIRILAN TAR...