AZAD QARADƏRƏLİ

 

                             DOQQUZUNCU CƏHD

 

                                             hekayə

 

 

                                                    Cəbrayıldan Şuşayacan döyüş yolu keçən qazi Kamran Həmzəyevə

 

 


 

             -Nə oldu?

            -Heç nə!.. Get, çağıracağıq... Belə şey olar?.. Birdəfəlik ya aparsınlar, ya da...

            -Ya da nə, ay oğul? Belə olmaz axı. Lazım olsan, özləri çağıracaqlar... Demirəm ki, getmə... Gedib adamların zəhləsini... Belə...

            -Ata! Mən heç kimin zəhləsini tökmürəm!.. Sadəcə deyirəm ki, könüllü döyüşə getmək istəyirəm. Niyə axı mənimlə birgə gedən uşaqları çağırdılar, məni yox?! Mən axı tankçıyam, orda daha çox mənə ehtiyac var... Bəlkə müharibəyə də rüşvətlə aparırlar?

            -Ay oğul! Bəsdir, səbrini bas. Lazım olsan...

            -Lazım olsn, lazım olsan... Eyni sözü orda da deyirlər, sən də deyirsən...

 

                                                           ***

 

            Doqquzuncu dəfə səfərbərlik idarəsinə gedəndən sonra, nəhayət ki, oni döyüşə apardılar. Heç evə gəlib sağollaşmağa da imkanı olmadı.

            Bir də gözünü açanda özünü tankın içində gördü.

            Bu dəmir maşına onun xüsusi məhəbbəti vardı. Xidməti əsgərlik vaxtı tankçı olmuşdu. Ən böyük arzusu tankına minib düşmən üstünə sürmək idi. Həzi Aslanov kimi tankçı olmaq çoxdanki arzusuydu. Onun haqqında çəkilən filmə dəfələrlə baxmışdı. Nəhayət, o arzu reallaşmaqdadydı.

            Səhər hücum gözlənilirdi. Hamı kazarmada yatsa da, o yata bilmirdi. Elə hey sabahkı hücumu düşünür, necə vuruşacağını götür-qoy edirdi.

            ...Zülmət qaranlıq idi. Heç nə görə bilmirdi. Ayaq səslərindən hiss elədi ki, otaqda təxminən onacan düşmən əsgəri var. Bir göz qırpımında tankın lüləsini o zülmətə tuşladı. İlk zərbədən zülmət içindəki bina dağıldı və hər yan işıqlandı... İşıqda dostunun şəhid olduğunu gördü. Axı o neçə gün əvvəl vurulmuşdu və onun bu davaya israrla gəlməsinin bir səbəbi də ermənilərin dostunu işgəncə ilə öldürməsi idi... Qışqırmaq istədi, səsi çıxmadı. Elə bil kimsə əlini onun boğazına tıxamışdı...

             Səs-küydən gözünü açanda gördü ki, hamı ayaq üstədir. Cəld qalxıb sıraya yaxınlaşdı. Döyüş əmri bi azdan veriləcəkdi...

 

                                                           ***

 

            Elə ilk hücumda təzə tanış olduğu gizir şəhid oldu. Onu qucaqlayıb geri sürümək istəyəndə güclə deyə bildi:”Qoy yerə, deyəsən ölürəm...”

                     Tankın içinə necə tullandığını özü də bilmədi.  O, tuşlayıcı operator kimi düşmən mövqelərini nişan aldı. Az sonra tank irəli şığıdı. Baxmayaraq ki, getdikləri yerlərdə mina ola bilərdi, amma onların  maşını atəş aça-aça irəli şığıyırdı.

            Bu vaxt yadına yenə kumiri olan Həzi Aslanov düşdü. O Həzi Aslanov ki, alman faşistlərinin kabusuna çevrilmişdi. 34 yaşlı gənc generalın azad etdiyi saysız-hesabsız kəndlər, qəsəbələr və şəhərlər ona ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilməsinə səbəb olacaqdı ki, həmişə arxamızdan bıçaq saplayan erməni xisləti buna mane oldu. Aslanovun tank briqadası Pribaltika cəbhəsinin rəhbəri, erməni marşal İ.X.Baqramyanın tabeliyinə veriləndən sonra təltif sənədləri it-bata düşür. Bu da azmış kimi 24 yanvar 1945-ci ildə Aslanovun olduğu yer miaatanla atəşə tutulur və o, ağır yaralanır. Qəribəsi o idi ki, düşmən o qədər uzaqda idi ki, onların açdığı atəş bura çata bilməzdi. Demək, sui-qəsd izi vardı. Üstəlik, gürcü həkim mayor Beqiaşvili ona öz qanını köçürmüş, generalın əhvalı xeyli yaxşılaşmışdı. Yaralını Moskvaya aparmaq əmri veriləndə qəflətən onu müşayət edəcək Beqiaşvili bu işdən uzaqlaşdırılr və nəticədə üç saat sonra Aslanov keçinir.

            Uzun jurnalis araşdırmaları nəticəsində general Həzi Aslanova 1991-ci ildə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilir...

            Bax, o düşmənin – Baqramyanın övladları həmin xəyanətlərini davam etdirirlər – torpaqlarımızı işğal etdikləri bəs deyil, evlərimizi, məçsidlərimizi, min illərin yadigarı olan tarixi abidələrimizi dağıdır, yer üzündən silirlər...

            -Al gəldi, köpək uşağı! Alın, alın, alın!

            Onun tankı qabaqda sürətlə şığıyır, düşmənin başına od ələyirdi. Həmin gün və səhəri Cəbrayılın xeyli kəndi düşməndən azad edildi. İki gün sonra isə Cəbrayıl şəhəri də erməni vandallarından təmizləndi.

 

                                                           ***

 

            Növbəti hücum Qubadlıya olacaqdı. Onların tank heyətinə xüsusi  tapşırıq verilmişdi. Qarşıda bir düşmən tankı və bir neçə PDM tez-tez irəli çıxıb bizim mövqeləri atəşə tutur, əsgərlərimizin irəliləməsinə mane olurdu. Məsafə çox olduğundan onları zərərsizləşdirmək mümkün olmamışdı. Tapşırıq bu düşmən maşınlarına mane olmaq idi.

            Tankı elə yerdə saxlamışdılar ki, düşmən texnikası irəli çıxan kimi onlara atəş açmaq asan olsun. İlk gün bunu edə bildilər. Hətta düşmənin bir zirehli texnikasını yandırdılar. Lakin onların tankının düşmən tərəfindən izlənildiyini bilsələr də, mövqeni tərk etmədilər. Bizim qüvvələr lazimi nöqtələrə çıxandan sonra onlar tankı gizlətdikləri yerdən çıxardılar və elə irəli çıxmışdşlar ki, iki güclü zərbə ilə tankları alışdı. Gücü ona çatdı ki, yanmaqda olan maşını tərk etdi və alışan paltarını söndürmək üçün otların üzərinə yıxıldı.  Kürəyini yerə sürtə-sürtə bağırırdı:

            -Baqramyanlar tankımızı vurdular!!!

            Özünə gələndə artıq tank sıradan çıxmışdı... Ona təəccüblə baxan əsəgər dedi:

            -Baqramyan kimdi?

            Çiynini çəkib gülümsündü.

                                                            ***

          Sonradan xatırladıqlarından:”Yanan paltarımı söndürəndə gecə saat üç olardı. Baxdım ki, yoldaşlarımı itirmişəm. Hardansa bir avtomat da tapmışdım. Onu əlimdə hazır tutub hara gəldi gedirdim. Bir də gördüm qaranlıqda biri üstümə gəlir. Bizim dildə çağırdım, cavab vermədi. Anladım ki, ermənidir. Qorxudanmı, ya bəlkə həyəcandanmı, bilmirəm, avtomatı tək atılan rejimdən çıxardıb, ona tuşladım və daraqdakı güllələrin hamısını düşmənə tərəf boşaltdım. O ermənicə nəsə qışqırıb yerə uzandı. Cibini eşələdim. Erməni pulu və sənədləri vardı. Pulu atıb, sənədləri götürdüm. (Sonradan işıqda baxanda kəşfiyyatçı leytenant olduğunu bildim. İndi də o sənədlər məndədir.) Bir az irəli getdim və anladım ki, yuxusuzluqdan başım üstümdə durmur – iki gün idi yatmırdıq. Yaxında bizim bir əsgərimizin daşın dibində yatdığını görüb onu səslədim, cavab vermədi. Dedim, yəqin yazıq bərk yatıb. Kürəyimi ona söykədim ki, soyuq olmasın. Elə o yatan yatmışam...

            ...Baxdım məni kimsə dartışdırır. Bizim sanitarlarmış. Yanımdakını qaldırıb xərəyə qoyanda başa düşdüm ki, gecəni səhərəcən şəhidlə kürək-kürəyə yatmışam. Bədənimdən bir gizilti keçdi. Qalxıb onların ardınca irəlilədim."

                                                           ***

 

            Tankçının piyadalara qoşulması qəribə görünə bilər. Hə. Müharibədə hər şey olur.

             Onun döyüş yolu Şuşayacan çəkdi. Və Şuşaya çatanda bir məsələdən xəbərdar oldu: bu boyda döyüş yolu keçsə də, adını siyahıya salmağı umutmuşdular. Əslində buna nə o özü cəhd etmişdi, nə də döyüş dostlarının yadına düşmüşdü... “Heç kimi qınaya bilmərəm. Əvvala, mən çox gec orduya çağrılmışdım. İkincisi də, təlim-məşq toplantılarına qoşulmq əvəzinə, komandirlərə yalvarmış, məni də öz dəstələrinə almağı xahiş etmişdim... İçimdə bir qorxu vardı: müharibə tez qurtara bilər və mən döyüşə qatıla bilmərəm!.. Onda düşmənin şəhid etdiyi, nəşini təhqir etdiyi dostumun, Qafandakı  isti od-ocağından vəhşicəsinə qovulan nənə-babamın, Xocalı qurbanlarının və Polad Həşimovun qisasını almamış geri necə dönə bilərdim? Hansı üzlə?!”

 

                                                           ***

 

            Müharibə bitdikdən bir neçə gün sonra mənim adımı döyüşçülərin siyahısına əlavə etmişdilər. Əslində burda qorxulu bir şey yoxdur. Əsas döyüşə qatılmaq idi, ona da nail olmuşdum – doqquzuncu müraciətdən sonra olsa da...

                                                                                  16.01.2021.               

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QARABAĞIN AĞCA BULUDU (İşğaldan azad olunmuş torpaqlardan qeydlər)