AZAD QARADƏRƏLİ FƏRİZƏNİN SON GECƏSİ hekayə
AZAD QARADƏRƏLİ
FƏRİZƏNİN SON GECƏSİ
hekayə
Fərizənin bətnində şəhid olan iki aylıq körpənin xatirəsinə
Səsi
batmışdı. Ha istəsə də, çıxmırdı
ağzından. Nə qədər “İlham, ilham!” demək istədi, ağzından ancaq boş bir sızıltıya
bənzər nəsə çıxdı. Acı-acı güldü:”İlhamım, səsim də sənmişsən? Ünüm də sənmişsən? Sənnən
sonra səsim yox ki. Mən bəs sənsiz, həm də səssiz necə yaşayacam bu həyatda? Bətnimdəki
körpəyə necə başa salacam sənin kim olduğunu? Yox, İlham, yox. Sənsiz bu həyat
darmış. Qəbir kimi dar. Bir iynənin sap yeri kimi dar. Bir quşun yarğanda
oyduğu dəlik kimi dar... dardı bu dünya sənsiz... Bax, sən bu dünyada olanda
necə şən idim?! Səni necə oyadardım yuxudan?
Oğlanların oğlanısan,
Sən bir gözəl ovlamısan...
Oyan, oyan İlhamım!
Nura boyan İlhamım!...
Bu mənim özümün ordan-burdan
yığıb-yığışdırdığım, düzüb qoşduğum, sənə bəstələdiyim mahnım idi. Sən də onu
çox sevərdin. Yadındamı, mən oxuyanda gözlərin yaşarardı. Deyirdim, niyə
ağlayırsan?
-Qorxuram, bir gün gələ, sənin səsini
eşitməyəm... Sənin səsini duymayam... Onda, anam demişkən, ölüm mənə fərz
olar... Sənsiz bu dünya nəyimə gərəkdir?.. Yadındadı, bir axşam trolleybusdan
düşəndə ayaqqabının bir tayı trolleybusun qapısının arasında qalıb əzildi,
yararsız hala düşdü?.. Xarab tayı zibil qutusuna atdıq. O birisi ayağında tək
qaldı və sən taykeş ayaqqabı ilə yeriyə bilmədin. Çıxardıb əlinə aldın. Sonra mənə
baxıb, qəmli-qəmli dedin:”İlham, daha bunu neynirəm ki? Elə o da o xarab
ayaqqabının gününə düşdü. İndi bu kimə lazımdır?”
Mən onu qarşımızdakı başqa bir zibil
qutusuna vızıldadanda əlimdən aldın. Məni də geri çəkdin. Biz arxaya qayıdıb həmin
təptəzə tayı da o xarab tayın yanına – həmin zibil qabına atdıq. Sən daha qəmgin səslə dedin: “Qoy
ayrılmasınlar...”
İndi, ay Fərizə, çox qorxuram ki, sənə
bir şey olsa, mən bu dünyada o taykeş ayaqqabı kimi tək qalam... Onda mən neynəyərəm?
İnanmıram ki, sənsiz yaşaya biləm...”
Mən səni bağrıma basdım: “Əzizim,
niyə belə pis fikirləri ağlına gətirirsən? Mənə nə olub ki? Bude ha,
yanındayam...”
Sən əlini qarnıma çəkib dedin:”Bilirəm
e, yanımdasan. Amma bax, bu qarnındakınnan qorxuram... Nəsə ürəyimə pis şeylər
damır... Elə qorxuram ki... Bizim dədə-babamız tarixən qan-qadalardan keçiblər.
Döyüşlərdə bərkiyiblər. Qan töküb, baş kəsib, torpağımızı yadellilərdən qoruyub
bizə miras buraxıblar... Bilirsən də, biz dünyanın ən qədim, ən böyük
xalqlarındanıq... Amma hanı? Bir müqavilə ilə iki imperiya bizi o tay, bu taya
bölüb, bir parçamız olan Dərbəndi Rusiya əlimizdən qalıb, Borçalını
Gürcüstan... Hələ indi də bu Sovet İttifaqının tərkibində olmağımız özü də elə
müstəmləkə olmaqdı...”
Mən əlimi aparıb sənin ağzını
tutdum:”Danışma, İlham, danışma. Sən belə şeylər danışmazdın axı... Nə oldu sənə?!
Tutub apararlar, başına bir iş gələr, bəs onda mən neyniyərəm?! Mən sənsiz yaşaya
bilmərəm axı?! Bəs heç bu bətnimdəkini düşünmürsən?!”
“Düşünürəm, niyə düşümürəm. Amma bu
dediklərim acı da olsa, reallıqdır, Fərizəm. İndi xalqlar oyanıb. Bizim xalq da
ayağa qalxıb, öz haqqını tələb etmək istəyir... Tarix sübut edib ki, öz haqqını
tələb edə bilməyənlərin haqqını başqaları yeyərlər. Biz də bir xalq kimi var
olmaq istəyiriksə, ayağa qalxmalı, öz haqqımızı tələb etməliyik. Düzdür, bu
yolda qan-qada var, sürgün, həbs, ölüm var, amma bunlarsız da azadlıq yoxdur.
Azadlığın yolu əzabdan, əziyyətdən keçir. Biz var olmaq istəyiriksə, o varlığı
sübut etməliyik. Zavodumuzda tətil komitəsi yaradılıb. Mən də üzv olmuşam.
Torpağımızı ermənilərə peşkəş etmək istəyən rus imperiyasına qarşı sonacan
vuruşacağıq!”
“Ay İlham, ay İlham, yavaş! Səsini
atma başına! Qonşular eşitdi axı...”
...O qədər bağırmışdı ki, səsi
batmış, lal kimi olmuşdu. Birdən ona elə gəldi ki, əslində İlhamdan sonra onun
səsi heç kimə lazım deyil. Hə. Doğrudan. Bu səs kimə lazımdı axı? Bu səsə kimsə
uçunmayacaqsa, bu səs kimisə ovsunlanmayacaqsa, bu səsə kimsə səsini
qatmayacaqsa, elə batsa yaxşıdı...
Amma yo-ox. Bu batma müvəqqətidir. Bir həftə, on gün sonra açılacaq.
Uzaq başı bir qədər dəyişik səs olacaq. Məsələn, bir az cığıldayan səs, bir az
xırıltılı səs də ola bilər. Hər halda get-gedə bu da düzələcək və İlhamsız yenə
danışacaq, oxuyacaq... Nə?! Oxumaq?! Əsal! İlhamsız nə oxumaq?
Uşaq
vaxtı, elə ilk gəncliyində oxuyanda anası demirdimi, “Ay qız, yavaş, eşidərlər.
Qız uşağı səsini o qədər qaldırmaz...” Ya da belə:”Sən yenə səsini başına
atmısan?! Qonum-qonşu var axı, ay bala. Ayıbdı. Bir az aşağıdan zümzümə elə...”
Axı o
neyləyirdi ki? Sevdiyi mahnını oxuyurdu də.
Dəryada
gəmim qaldı, sona bülbüllər...
Biçmədim
zəmim qaldı, saçı sünbüllər...
“Ay
bala, ay qız, gəl bu qazanı apar yaxşı-yaxşı sürt, genə yandırmısan dibini...
Eşitmirsən?! Demədim səsinı başına atma?”
“Ay
ana, bax, qonşumuzun qızı pianoda çalır... Həm çalır, həm də oxuyur... Ona heç
deyən yoxdu ki... Niyə sən məni qoymursan oxumağa?..”
“Qızım,
mənim balam... Bax, sən mənim balamsan. Anan sənin pisliyini istəyər? İstəməz.
Məktəbi bitirmisən, yaraşıqlısan,
oğlanların da ki, gözü üstündədi... Nə bilirsən, bəlkə səhər o oğlanlardan biri
sənə elçi göndərdi?..”
“Ay
ana! Nə elçi! Mən oxumaq istəyirəm...”
Amma
başqa söz demək istəyirdi:
“Ay
ana, mən başqa oğlanın elçisini-filanını istəmirəm. Bir oğlan var ki, hər gün
gözü üstümdədir... Mən də onu gözdən qoymuram... Mən öz oğlanımı istəyirəm,
ana!”
Ana
da az bilmirdi. Xəbəri vardı pəncərədən boylanmaqlardan, dabanını qaldırıb o tərəfə
baxmaqlardan, saçını burub gözünün üstünə salmaqlardan, elə bu son günlərdə
havalı-havalı oxumaqlardan...”
...İlhamı
20 Yanvar gecəsi Şamaxinkada dostları ilə əliyalın rus tankının üstünə yeriyəndə
güllələmişdilər. İşğalçı ordunun əsgərlərindən gizlin aparıb Xırdalanda dəfn
etmişdilər. Bu ən çox Fərizəyə təsir etmişdi. “Səni Xırdalandamı dəfn etdilər?
Etsinlər. Sevgilin qoyarmı səni orada tək təkana qalasan?”
...Gecə
hamı yatandan sonra sirkə dolu butulkanı əlinə aldı. O biri əlini qarnının
üstünə qoyub inildədi.”Məni bağışla, balaca. Səni də özümlə aparacam. Atamızın
yanına...”
...Yanvarın
22-də Fərizəni yeni salınan Şəhidlər Xiyabanında dəfn etdilər. (Yeni salınan
da deyirəm… Əslində bura, köhnə Çəmbərəkənd qəbiristanlığı idi. 72 il əvvəl mart
ayının 31-də erməni daşnakları rusların köməyi ilə Bakıda qırğın törədəndə 20
min insanımızı qətlə yetirmişdilər*. Həmin qırğının qurbanlarını məhz burada dəfn
etmişdilər. Sonralar Sovet höküməti həmin faciənin izini itirmək üçün qəbiristanı
dağıtmış, yerində park salmışdı. 20 Yanvar şəhidlərini orada dəfn edənlər danışırmışlar
ki, qəbir qazarkən çoxlu sayda insan sümüklərinə rast gəliblər.)
Və
elə bu andaca İlham yada düşdü. Daha rus ordusu da gücsüzdü xalqın qabağında.
20 Yanvar gecəsi güllələnən xalq yenə sinəsini qabağa vermişdi. Elə həmin
gün İlhamın da nəşini Xırdalan məzarlığından
çıxardıb Fərizənin yanında 146 nəfər şəhidlə birgə torpağa tapşırdılar...
14 il sonra ölkə
gənclərinin bir qismi 30 iyinu – İlhamla Fərizənin toy gününü - Sevgililər günü kimi qeyd etdilər. Amma... Bu
məsələ hələ də kütləvi hal ala bilməyib. Əvəzində
hansısa 14 fevralı qeyd edirlər... Nədən, əcaba?.. Bu sualın yəqin ki, çoxlu
cavabları var. Amma bir cavab daha önəmlidir: Fərizənin atdığı addım o qədər sərt
idi ki, bunu qəbul etməyə ürək eləmədilər. Yüngül əyləncə, dəbdəbə, şou, saxta düşüncə tərəfdarları həqiqi sevgidən qorxdular... Segvi ölüm
kimi bir məqamdır. Sevgi həm də təhlükədir. Yəni tarixdən tanıdığımız sevənlər
daş-qalaq edilmədimi? Üstündən zaman keçəndən sonra o daş-qalaq edənlər
övladlarına o sevənlərin adını vermədimi?..
Bəli, bu gün Fərizə ilə İlhamın sevgisi
hələ ki qəbul edilmir... O qandan, qadadan yoğrulan sevgini açıqca "qəbul
etmirəm" deməsələr də, görməməzliyə vururlar ki, bu daha ağırdır...
30 il nədir ki?! Gərək bir 100 il
keçsin ki, insanımız öz qəhrəmanını tanısın. Onda 30 iyun Sevgililər günü kimi
qeyd ediləndə mənim Fərizənin son gecəsinə həsr etdiyim bu kiçik yazımı da
tapıb dönə-dönə oxuyarlar yəqin... Təkcə Fərizəninmi son gecəsi? Əslində burda
bir üçbucaq vardı: üç adamın son gecəsi idi o gecə...
10.09.2020
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------
* S.Şaumyan 1918-ci il aprelin 13-də
RSFSR Хalq Komissarları Sovetinə göndərdiyi məktubunda yazırdı: “Martın 30-31-də
və aprelin 1-də Bakı şəhərində baş vermiş vuruşmada bizim tərəfdən Sovet
qırmızı qvardiyası, təşkil etdiyimiz beynəlmiləl qırmızı ordu, qırmızı donanma
və erməni milli hissələri vuruşurdular. Həm yerli Sovetin, həm də buraya gəlmiş
Qafqaz ordusunun qüvvələrini hərbi-inqilab komitənin səylərini birləşdirərək 6000
nəfər yaхşı silahlı qüvvə təşkil edə bildik. “Daşnaksütyun”un da 3-4 min nəfərlik
milli hissələri var idi, onlar da bizim iхtiyarımızda idi. Milli hissələrin
iştirakı vətəndaş müharibəsinə qismən milli qırğın хarakteri vermişdi, lakin
buna yol verməmək mümkün deyildi. Biz bilərəkdən buna yol verirdik. Müsəlman
yoхsulları böyük zərər görmüşlər.

Yorumlar
Yorum Gönder