AZAD QARADƏRƏLİ KİTABÇI hekayə

 

                                     

                                          AZAD QARADƏRƏLİ

 

                                                    KİTABÇI

 

                                                     hekayə

 

 

                                                          Vətən müharibəsi şəhidi Sənan Abdullayevin xatirəsinə

 

 


 

 

            “Bir hekayə eşitdim, məni məhv etdi. Ata yurdum haqqındaydı. Heç vaxt görmədiyim, üstündə gəzmədiyim, suyunu içmədiyim yurd. Onu kimnən eşitdim, nə vaxt eşitdim, indi bunu dəqiq xatırlamıram. Bir bildiyim varsa, o da həmin hekayənin mənə verdiyi əzablar idi...

            Mən də başqaları kimi məhlədə meyxana deyər, saqqız çeynəyər, gəlib-gedənə söz atar, yayda plyajda, qışda parda, payızda bağ-bağatda vaxt öldürərdim... Amma o hekayə məni məhv etdi. Əhvalatdan daman ölüm, qan, qaçqınlıq qoxusu məni özüylə alıb əsir yurdlarımıza apardı. Bir də ayıldım ki, nənəmin təsvir etdiyi bənövşəlikdəyəm... Bihuş olmamaqçün nəfəsimi saxladım, amma içimə dolan ətrdən elə sərməst oldum ki... Gözümü açanda kitab mağazasında buldum özümü...

            - Sizdə...

            -İş axtarırsan? Hə, kitabçı yerimiz boşdur... sabahdan... istəsən, elə bu günnən gəlib işləyə bilərsən... Bax, o bölməyə yaxınlaşın...

            Mən o hekayənin ola biləcəyi kitabı axtarırdım, amma kitabçı oldum... Həyatımı məhv edən hekayə, özü də düzəltdi. Elə bir aləmə düşdüm ki... Sehrli, sirli, bilməcəli bir dünya...”

 

                                                           ***

 

            Müharibənin qızğın vaxtlarında şəklini internetdə görəndə qanım qaynadı ona. Hardan tanıyırdım? Radiodamı görmüşdüm? Kitablarımın təqdimatına gələn oxucularımdanmıydı? Ya...

            Dumanlı şəkildə yadıma düşürdü. Sanki əlini sıxıram, nələrsə deyirəm... Bu gülən gözlərdəki enerji mənə nələrisə xatırlatmağa çalışır... Heyhat. Buracan. Daha heç nə...

            İlk xəbərdə itkin düşdüyü deyilirdi. Əlimi dizimə çırpdım. Yaxşı-yaxşı düşünə də bilmədim... Əcəba, kimiydi bu uşaq?..

            Hə. Uşaq idi onlar. Bığ yerləri təzəcə tərləyən, boyunlarının yetim tükü hələ tam tökülməyən, hələ tam kişiləşməyən, sümükləri bərkiməyən... uşaqlar...

            Amma mənim “uşaq” zənn etdiyim bu igidlər 44 gün ərzində qəvi düşmənin arxasını yerə vurdular, sinəsinə çöküb öcümüzü, qanını töküb qanımızı aldılar!.. Canları, qanları bahasına Vətən torpağını azad etdilər...

            Onlardan biri idi Sənan. Bakıda doğulsa da, ata yurdu Zəngilanın işğalda olmasını heç cür özünə bağışlaya bilmirdi. Güləşlə, boksla və qaydasız döyüşlə məşqul olmuşdu. Əsgərlikdə olanda savaşın bütün növlərini mənimsəmişdi. Kəşfiyyatçı olmuş, xüsusi təyinatlı kimi təlimlərdə iştirak etmişdi. Xülasə, düşməni göstər, dur qırağa. Ya da heç göstərmə, sadəcə əmr ver, gedib özü tapacaq, məhv edəcək – eynən PUA-lar kimi.

            Amma bu hələ ki, baş vermirdi və o da öz tay-tuşları kimi o anı gözləməyə qərar verib müxtəlif sahələrdə çalışdı, ailəsinə yardım etdi. Və bir gün bir yazının sehrinə düşüb, kitabçı oldu...

            ...44 günlük Vətən Müharibəsi başlayanda ilk könüllülərdən oldu Sənan. Doğma yurdu Zəngilanın Ağbis kəndini azad etmək, Birinci Qarabağ savaşında şəhid olmuş əmisinin qisasını almaq üçün alışıb yandı...

            ...Kitabçı? Hə, hə! Qısa tərcümeyi-halından (guya onların hansının geniş tərcümeyi-halı vardı ki?!) verdiyim bu sətirlərə rast gələndə barmağımı dişlədim: kitabçı! Hə, hə! Kitabçı! Onu məhz hansısa kitabımın təqdimatında görmüşdüm. Gülən gözlərinə baxaraq nəsə isti sözlər söyləmişdim, bəlkə təqdim etdiyi kitabıma avtoqraf da yazmışdım...

            Ehhhhh... Nə biləsən?! Nə biləsən axı bu adi kitabçı gün gələcək Vətən müharibəsinin qəhrəmanı olacaq, ən uca məqamına – şəhid ucalığına yüksələcək?!

            Şəhid Xəqani haqqında yazanda da bu hissləri keçirmişdim...

 

            ...Sonra belə bir xəbər də oxudum: oktyabrın 5-də şəhid olan Sənanın  nəşini yalnız noyabrın 1-də, öz ad günündə neytral ərazidən götürərək Bakıya gətirmiş və 2-ci Şəhidlər Xiyabanında dəfn etmişlər...

 

                                                           ***

 

            Dəstələri üç postu alandan sonra Sənan bir az toxtayıb. İnanıb ki, torpaqlarımızı azad edə biləcəklər.

            Döyüş yoldaşı Nihat:”Sənan başqa oğlan idi. Yaxşı dost, yaxşı igid. Həm də qorxmaz. Maraqlı söhbətləri vardı. Oxuduğu kitablardan bizə də danışar, kefimizi açardı. Füzulinin Seyidəhmədli kəndində lap yanımızda snayper gülləsinnən şəhid oldu... Həmin anı təsvir etməkdə acizəm... Həm də çətindir mənə... Ağır olan bilirsiniz nə idi? Biz onun nəşini götürə bilmirdik...”

            Nənəsi:”Dedim, ədə, a bala, gedirsən, məni də apar. Həlbət, sizə yemək bişirrəm, çay qoyaram... Aparmadı. Gülə-gülə çıxıb getdi, gözüm arxasında qaldı...”

            Polad Həşimov şəhid olanda evə sığmırmış. İşə də getməyib. Nəsə etmək istəyirmiş, amma nə?! Az qalıb ki, onda Mübariz kimi təmas xəttinə baş alıb getsin. Bir təhər özünü ələ alıb, anasına deyib ki, ürəyim partlayır axı, nə edim, sakitləşim? Ana onu mağazaya göndərib. Lazimi şeylər aldırıb və generalçün halva çalıb. Bundan sonra bir az ürəyi yerinə gəlib... Ta ki, Vətən Müharibəsi başlayanacan...

 

                                                           ***

 

            Anasını qucaqlayıb. Qulağına deyib: gedirəm, hansı şəkildə olur-olsun, gələcəm. Bil ki, indikinnən yüksək məqamda dönəcəm...

            “Dedim, a bala, ayrı məqam-zad istəmirəm, sağ gəl, bəsimdi... Amm o dediyi məqamda qayıtdı. Şəhid kimi. Balam mənə şəhidliyin sirrini öyrətdi... Axı o kitabçı idi. Çox şey bilirdi...”

            “Dünya kitab kimidir. Vərəqləri ölkələrdir. Səhifələri şəhərlər. Nağılları həqiqi əhvalat, hekayələri olmuşlar, olacaqlar... Hə. Mən bir hekayə eşitmişdim... Sonra kitabını da tapıb oxudum... Birinci Qarabağ savaşında ata döyüşə yollanır. Komandir olur. Neçə il onun könüllüllərdən ibarət dəstəsi vuruşur. Amma sonda rusların da köməyi ilə erməni quldurları atanın dəstəsini məğlub edir. Rayonları işğal olunur. Əhali rayonu tərk edir. Yeniyetmə oğul döyüş zonasına qaçır və atasının ağır yaralı olduğunu görür. Bütün dəstə şəhid olub. Ata yaralı halda tək vuruşur. Sonda yeniyetmə uşaq atanın qoluna girib rayonu tərk edən əhalinin ardınca günlərlə, həftələrlə yaralı ata ilə birgə sürünür... Axırda ata yolda şəhid olur və oğul onun nəşini aparmalı olur...

           Aylar, illər ötür. Oğlanın böyrəkləri sözə baxmır... Yooox! Bəsdir! Daha danışa bilmirəmmmmmm!!! Bir onu bilirəm ki, komandir atanın, yaralı atanı dağlardan, dərələrdən sürüyən oğulun... hekayəsi məni məhv etdi... Məhv etdi deyəndə ki... Təzədən yaratdı... Mühərriki dağılan maşın kimi dağıldım, təzədən yığıldım... Bax, buna görə də burdayam... Gəlmişəm ki, o yeniyetmə kimi 30 il əvvəl şəhid olan əmimin, döyüşən, amma qalib ola bilməyən atamın, əsir  bənövşəliyimizin intiqamını alam!.. Başa düşürsünüz, uşaqlar, bizi məhv edənləri məhv etməyin zamanı gəldi! İndi biz öz hekayəmizi özümüz yazacağıq...”

            “Bunları bizə danışan günün səhəri Sənan şəhid oldu... O öz hekayəsini özü yazdı...” – dostu dolmuş gözlərini məndən gizlətmək üçün hara isə baxır. Onun baxdığı yerə mən də boylanıram: bəlkə o hekayənin cərəyan etdiyi yeri gördüm deyə...

 

            ...O idi! Kitabımın təqdimatında iştirak etmiş, gələn qonaqlara kitablarım haqda söz açmış, sonda da bir kitab alıb mənə yanaşmışdı: “Müəllim, mənimçün də imzalayarsınızmı?”

            Heyf. Nə şəklimiz qalıb, nə söhbətimiz olub. Hekayə oğlan, kitab adam, kitabçı adam... Ruhun şad, yerin pərqu olsun. Mənə isə bu hekayəni yazmaq qaldı. Sən sonda hekayəyə dönəcəkdin...

 

                                                                                                                      21.01.2021.

 

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QARABAĞIN AĞCA BULUDU (İşğaldan azad olunmuş torpaqlardan qeydlər)