AZAD QARADƏRƏLİ NƏ HİKMƏTDİRSƏ... Hekayə
AZAD QARADƏRƏLİ
NƏ
HİKMƏTDİRSƏ...
Hekayə
Vətən Müharibəsinin şıdırğı
vaxtlarında təqaüdünü alıb əsgərlərimizə
yardım fonduna köçürən Hikmət babaya – sayqı və ehtiramla!
Dünyanın
yükünün əyilən vaxtıydı. Həyət-bacalardan cavanların qaqqıltısı kəsilmiş, qız-gəlin
qulağı səksəkədə, analar gözüyaşlı, atalar qəddi bükükdü...
Təkcə
uşaqlar keflərindən qalmırdılar. Hərəsi bir bayraq tapıb başının üstünə
qaldırır, “Qarabağ Azərbaycandır!” deyib bağıra-bağıra belədən-belə yürüyürdülər.
Bağlamadakı
heyvanın suyunu dəyişdi, yemini təzələdi, tövlənin girəcəyindəki beli götürüb
içəridə bir az dümələnsə də, həvəsi olmadı, divara söykəyib çölə çıxdı.
“Görəsən,
pensiyəni verərlər? Vaxtıdı ye... Verməlidilər... Amma... Hə də, indi ölkədə
müharibə gedir, gecikə bilər... Lap qoy bir ay gecikdirsinlər... Lap elə verməsinlər...
Ölmüyəciyik ha acınnan. Bude, heyvanımız var, toyuq-cücə, yumurta... Vallah hə...”
Bayıra
çıxdı. Qonşusu Nemət kişini görüb bir hal-əhval tutmaq istədi.
-Nə
var, nə yox? Cəbhədən nə deyillər? İrəliləyiş var?
-Nə
bilim?.. – Qonşu ağzını sürüdü. İndi yadına düşdü ki, onun nəvəsi də ordadır
axı. “Kişinin yəqin ki, fikri-zikri uşağın yanındadı... Mən də soruşmağa vaxt
tapdım. Gəl nəvəsini soruş...”
-Nəvənnən
nə xəbər var? Danışır? Allah arxalarında dursun...
Qonşunun
kefi duruldu. Həvəslə danışmağa başladı:
-Hə,
dünən danışmışıx... Deyir, kefimiz yaxşıdı, hər şeyimiz var... Düşməni qatıb
qabağımıza qovuruq... İnşallah bu gedişnən beş-altı günə Şuşadadılar... – Birdən
qonşunun səsi qırıldı. Əlinin dalı ilə sulanmış gözünü sildi. – Yannarında bir
uşağa qəlpə dəyib, nə dədəsi var, nə nənəsi...
Hikmət
də qəhərləndi:
-Yetimmiş?
Can-can...
-Yox
e, savsem yoxuymuş... Şuşada internatda böyüyübmüş... Ona görə deyib ki, mənim
Şuşadan başqa heş nəyim yoxdu... Gedəcəm Şuşanı azad edəcəm... Ona da
çatammıyıf... Qubadlıda vuruflar...
Qocalar
göz yaşlarını əlləri ilə silib çöm üstdə oturdular. Siqaretlərini bir-birinin
oduna yandırıb susdular. Hannan-hana Nemət kişi acı tüstüdən boğula-boğula
dedi:
-Deyir,
font yaradıblar... Əsgərlərimizə yardım fondu... Yadındamı, biz uşax olanda
41-45-in müharibəsinə də camahat yardım eliyirdi... Kimi pul verirdi, kimi
xalça-palaz, kimi yun köynək, əlcək toxutdurub göndərirdi, mənim anam
barmağınnan nişan üzüyünü çıxarıb vermişdi...
Hikmət
kişini tüstü boğdu, iki kərə bərkdən öskürüb gumuldandı:
-Görən
pensiyəni verəllər?
-Nəblim,
əşşi... Camahat nə hayda, sən nə hayda...
Nemət
kişi çubuğunu yanıncan sürüyə-sürüyə çıxıb getdi. Hikmət kişi isə qalxa
bilmirdi. “Camahat nə hayda... sən nə hayda...” – söz kişinin içalatını qəlpə
kimi yaralayıb keçmişdi. Çox çətinliklə özünü toplayıb qalxa bildi. Qayıdıb həyətə
girdi.
-Ay
uşax, mənim o abır paltarımı şotkaleyin, gedəsi yerim var...
Nimdaş
kostyumunu geydi, dimdiyi ağarmış kepkasını başına basdı, köhnəlmiş
ayaqqabısını qara mazla mazladı, ayağına geyib yola çıxdı. Rayon mərkəzinə
aparası avtobusu gözləmək üçün kəndin aralığına çıxdı.
***
Kişi
bankomata yaxınlaşanda xeyli adam növbəyə dayanmışdı. Elə “axırıncı kimdir” deməyə
hazırlaşırdı ki, nisbətən cavan adamlar geri çəkildilər, kişini qabağa
buraxdılar. Bir orta yaşlı kişi isə az qala nitq söylədi:
-Əhsən,
balalar! Belə ağır günlərdə bir-birimizə dayaq olmalıyıq! Bir yannan müharibə,
bir yannan pabdemiya... Xalqımız gərək dədə-babadan gələn...
Hikmət
kişi “natiq”in dediklərini daha eşitmədi. Heyrət içində ora-bura boylandı.
“Nə
hikmətdisə, ağır günlərdə xalqın ən yaxşı cəhətləri üzə çıxır. İki ay qabaq da
gəlmişdim bura, maa heç baxan da olmamışdı. Hələ bir cavanla bir orta yaşlı
kişi uçer üstündə az qala süpürləşəcəkdilər. Mən hayxırdım,
qayıtdılar...İndi... Yadımdadı, 20 Yanvarda da beləydi. Avtobusda cavanlar
qocalara, qadınlara, uşaqlara yer virir, imkansıza əl tuturdular... Sonra 90-cı
illərin Qarabağ müharibəsində cavanlar davaya gedəndə hamı yığışıb xeyir-dua
verirdi... Şükür allaha! Adamlarımızın murdarlıqlarını müharibə yuyub apardı...
Hikmətinə şükür, xudaya...”
İstədi
etiraz edə ki, mən növbəyə duracağam, olmadı. Kişinin kartını tanımadığı bir nəfər
əlindən alıb bankomatın yuvasına saldı və dedi:
-Əmi,
nömrəni özün yığırsan, ya mən yığacam?
Kişi
gülümsündü:
-Ay
bala, mənim gözüm görürmü ki, özüm yığam? Bax, burda yazılıb, ala, özün yığ,
pulu da çıxart...
Pulu
alıb saydı (adətiydi, hökmən sayardı), sonra birbaş banka yollandı...
***
-Ay
qızım, mən pul...
Üzündən
yorğunluq yağan qız gözünü kompüterdən ayırmadan:
-Əmi,
pulu burda vermirlər, bayırda bankomat var, ora gedin, - deyib telefonda kiminləsə
danışmağa başladı. Kişi bir xeyli gözlədi. Bu vaxt başqa bir pəncərədən bir
qadın dilləndi:
-Əmican,
siz niyə dayanmısınız?
Kişi
utandı, əlində tutduğu pulu (“pensiyəmin yarısını ayırdım, yəqin azdır, ona görə
baxan yoxdur, ayıb oldu”) qadına göstərdi:
-Bala,
mən əsgərlərimizə pul göndərmək istəyirəm... O yardım nəyiydi... hə, hə, fondu,
yardım fondu... Ora pul köçürəcəm... Müharibəyə görə... Pensiyamı bu gün
almışam... Ona görə gec gəlmişəm...
Bu
vaxt bayaqdan ayaq üstdə dayanaraq telefonla danışan yorğun qız kişinin nə
dediyini, deyəsən başa düşdü, telefonunu yerə qoyub başını pəncərədən çıxardıb
kişini təpədən-dırnağa süzdü, sonra kişinin mazlanmış ayaqqabısının böyrünün
aralandığını görüb doluxsundu, ağlamamaq üçün barmağını ağzına təpdi, göz
yaşları axıb qoftasına, ordan da təzə yerə qoyduğu telefonun üstünə damladı.
-Baba...
Əmi... Bağışlayın siz allah... Mən... Mənim yoldaşım da cəbhədədir... Zəng eliyən
də o idi... Siz cəbhəyə yardım fonduna pul köçürməyə gəlmisiniz... Mən isə sizi
başa düşmədim... Nə olar, bağışlayın məni...
Kişi
pulları qızın önünə qoydu. Şəxsiyyət vəsiqəsini də çıxardıb ona verdi və gedib
aralıdakı stullardan birinə çökdü. Bu vaxt avtobusda harasa ilişib böyrü
paralanan ayaqqabısına gözü sataşdı və gülümsündü:
-Səni
biyabır olasan... Heç vaxtıydı...
Bayaqkı
qız yerindən durdu, çıxıb kişinin yanına gəldi və şəxsiyyət vəsiqəsinin üstünə
qoyduğu qəbzi ona uzatdı:
-Hikmət
baba, sizə bankımız adınnan çox təşəkkür edirik! Əliniz düşərli olsun!
Kimsə
arxadan dilləndi:
-Qarabağ
Azərbaycandır!
Kişi
sulanmış gözlərini dəsmalı ilə sildi. Əlini əsim-əsim əsən ürəyinin üstünə
basıb “uxay” dedi və bankdan çıxdı.
***
Axşamdan
xeyli keçmiş kəndə döndü. Həyətə girəndə hamı onun ayağına baxırdı. Kişi
ayaqqabısının tamam qopduğunu indi gördü. Nəvəsi əlindəki kiçik bayrağı göyə
qaldırıb qışqırdı:
-Baba,
indicə səni televizorda göstərdilər! Dedilər ki, Hikmət baba öz pensiyasını cəbhəyə
köçürüb! Baba, biz səninlə qürur duyuruq! Qarabağ Azərbaycandır!
Sonra
qulağına pıçıldadı:
-Amma
bircə pis iş oldu ki, cırıq ayaqqabını da göstərdilər...
Kişini
böhd apardı. Ürəyi yansa da çay istəmək əvəzinə siqaret yandırıb yaxındakı kətilə
çökdü.
“Nə
hikmətdisə... “ Gözü ac mal kimi ağzını açmış ayaqqabısına sataşdı. “Eeeee...
Bu zibil də yırtılmağa vaxt tapdı də...” Sonra siqaretindən dərin bir qullab
alıb gülümsündü. “Yırtılan ayaqqabı olsun... Təki o cavanların telinə bir zərər
dəyməsin...”
10.01.2021.
Yorumlar
Yorum Gönder