AZAD
QARADƏRƏLİ
YETMİŞƏ ÇATMAĞIN CƏFASI VƏ SƏFASI
(Dostum Vaqif Osmanlının 70 yaşına
sığallı bir yazı)
Sosial
şəbəkəni söyənlərdən fərqli olaraq deyim ki, mən o platformadan xeyli razıyam.
Kimin ad günüdür, kimin yubileyidir, iraq-iraq kim dünyasın dəyişib, həmin
saatdaca xəbər tuta bilirsən... İllah da olasan ədəbiyyat adamı və qocalıq
boynunun ardından basmaq istəsə də, təslim olmadan elə o sosial şəbəkənin
verdiyi həzdən xumarlanırsan: “Gürcüstanda hekayən çıxıb”, “Bir gənc xanım sənin
yaradıcılığından magistr işi müdafiə edib”, “Əsərlərinin 14-cü cildi çapdan
çıxıb”, “Vaqif Osmanlıya həsr olunmuş 70 yaşın işığında” kitabı çapdan çıxıb...
Pəh!
Bu sonuncu xəbərdən keflənməzmiyəm!?
Uzun
illərin dostlarından daha səbatlı, daha vəfalı və daha etibarlı Vaqif
Osmanlının 70 yaşı biz dostları üçün bir bayramdır, bir seyrandır və bir də
evin sahibəsinin gözündən yayınıb məclis qurmaq kimi bir bəhanədir, qardaşım!
Vaqif
bəyin 70 illiyinə həsr olunmuş kitabı vərəqləyirəm, elə bil dostumun özü ilə
söhbətləşirəm. Burada nələr yoxdu?! Hekayələr, xatirələr, anımlar, deyimlər...
Hekayələrdən
biri “Xoşbəxt...” adlanır. Bütün ömrü bədbəxtliklər içində keçən bu qadının
adının Xoşbəxt, oğlunun adının Bayram olması da bir əlavə dərddir: ərini, yeganə
oğlunu itirən ana axırda havalanır...
Bütün
mənalı ömrünü Xəzərdə keçirən müəllifin Müşfiq haqqında yazısını həyəcansız
oxumaq mümkün deyil. Xəzərin sularına baxdıqca nakam şairin məzarını da sanki
bu dalğaların qoynunda axtarır...
Azərbaycan
Milli Azadlıq Hərəkatının öncüllərindən olmuş Oqtay Eldəgiz haqqında yazı məndə
dərin təəssürat yaratdı. Axı bədii yazılarımdan birində mən də bu azadlıq
aşiqinin ömür yoluna qısa da olsa, nəzər yetirmişdim.
Və
dostum, gözəl yazıçı, nakam taleli Tofiq Qəhrəmanovun kitabından bəhs edən mükəmməl
yazı! Əslində, o kitabı Vaqifə mən vermiş və xahiş etmişdim ki, oxusun, onu tərpətsə,
bir şey yazsın. O isə gözəl bir tədqiqat iş ortaya qoydu...
...Fikir
verdinizsə, dostum Vaqif talesiz insanlardan yazmağa daha çox üstünlük verir.
Görünür, uzun illər talesizlər ölkəsinə çevrilən Vətənimizin insanlarının alın
yazısı olmuş talesisliyi bu kitabı ilə silib atmaq istəyib...
...Vaqif
bəy haqqında kiçik bir yazım var. Osmanlıdan qalan Vaqif Osmanlı” adlanan o
yazıdan bəzi parçaları burada xatırlamaq istədim:
“...Səmimi
dost, istedadlı insan Vaqif Osmanlıdan danışmaq istəyirəm.
Zarafatla ona “Sən Osmanlıdan qalan
doğmamızsan” deyirəm. Elə Osmanlı kişilərinə də oxşarı var. Yazı-pozusunda da o
köhnə kişilərdən qalma “nırx” boy verir...
...Vaqif bəylə tanışlığımızın tarixi çox qısadır. Cəmi bir neçə ildir
ki, tanış olmuşuq. Amma tezliklə bu tanışlıq əməkdaşlığa, sonra isə dostluğa
çevrildi. Hətta çox qısa müddətdə yaradıcılığım haqqında yazdığı bir neçə məqalənin
özəyi əsasında sanballı bir kitab ortaya qoydu...
Vaqif
bəy son dərəcə işgüzar bir qələm adamıdır. Həm də prinsipaldır. Yalnız qəlbinin
səsi ilə yazır. Onun maraqlı elmi-tənqidi məqalə və kitabları bir yana, həm də
son dərəcə diqqətçəkən şeirləri var. Düşünürəm ki, əgər bu poetik yazılarına
bir qədər ciddi yanaşsa idi, indi bəlkə də tanınmış şair idi. Bu yaxınlarda vəfat
etmiş ustad Məmməd İsmayıla həsr etdiyi gözəl şeiri də bunu diktə edir.
O
həm də yaxşı ailə başçısıdır. Ailəsinə, övladlarına çox bağlıdır.
Dostluqda
da tayı yoxdur. Hərəkət imkanında azaçıq məhdudiyyət olmasına baxmayaraq gecənin
hansı vədəsi çağırsan, hayına yetəndir...
Bu
gün onun doğum günüdür. Səhhətindəki yüngülvari rahatsızlıq imkan vermədi məlum
yerdə dostların əhatəsində görüşək.
Neynək?
Təki
tez sağalsın! Tezliklə görüşərik, dost!
Doğum
günün qutlu olsun! 26.08.2025 ”
...Yazının
altındakı tarixi elə-belə göstərmədim. İş burasındadır ki, dostumuzun məhz bu
tarixdə təkcə doğum günü deyil, həm də 70 illik yubileyidir!
Cəfa
çəkib 70-cən gəlib, onun səfasını da görsün!
Gözəl
insanı, usta qələm sahibini bu müdriklik yaşı münasibəti ilə cani-könüldən təbrik
edirəm!
06.08.2026.

Yorumlar
Yorum Gönder