AZAD QARADƏRƏLİ QUŞ DİLİNDƏ YAZILANLAR (Mahir Rəsuloğlunun hekayələri üzərinə)
AZAD QARADƏRƏLİ
QUŞ
DİLİNDƏ YAZILANLAR
Yazıçı
dünyada yeganə şəxsdir ki, onun ana dilindən başqa öz “şəxsi dili” də var. Əlbəttə,
bunu hər yazıçıya demək olmaz. Hətta Fəxri Xiyabanda məzarı olsa belə, hətta
xalq-malq yazıçısı olsa belə, şəxsi dili olmaya bilər. Bəs kimin şəxsi dili
olur?
Məsələn,
“Çəmənzəminlinin dili”, “Sabir Əhmədlinin dili”, “Əli Kərimin dili”, “Məmməd
Arazın dili” və sair... Daha Füzulini, Nəsimini, Vaqifi, M.F.Axundovu, Sabiri,
Mirzə Cəlili demirəm. Onlar elə bizim ana dilimizin də inkişafına çiyin verənlərdir...
Lap
bu günlərdə, bu istilərin zorla özünü havamıza pərçim eləməyə çalışdığı yay
günlərində (Şükür bu yaya!) bir yazıçının kitabının PDF-ni göndərdilər və oxumağımı
tövsiyə etdilər. Birinci hekayənin lap əvvəlinci cümlələrindən birini oxuyanda
anladım ki, bu mətndən qan işi gəlir! “Açar yuvasında hörümçək toru var.”
Adam
əlində açar haçansa tikdiyi, içində havayü həvəslə yaşadığı, indi isə üç ildir
qapısını açmadığı evin qıfılını açmaq istəyərkən bax o qan iyi verən o cümləni
işlədir...
Nə
olar hörümçək olanda. Axı onun da öz yuvası, öz dili var!
Təəccüblənməyin.
Haqqında bəhs etdiyim Mahir Rəsuloğlu deyilən kəs köhnə əyyamdakı quş dili bilən
dərvişlər kimi quşların da, balıqların da (hə, o, səssiz balıqlara da danışmaq
öyrədir hekayələrində!), itin də, hörümçəyində, nə bilim axı, bütün təbiətin də
dilini biləndir...
...Hər
şey üst-üstə gəlir.
Yenə
lap bu günlərdə bir xəbər oxuyub keflənmişəm. (Bu, “keflənmişəm” sözünü elə-belə
yazmadım ha! Bizimki gözəl sözdən, gözəl üzdən keflənməkdir.) Siz də oxuyun,
keflənin ki, o xəbərin bu yazıya necə dəxli olduğunu görün...
...
Yeni Zellandiyada yerli MOARİ dilinə aid KAİTİAKİTANQA sözünün başqa dillərdə
qarşılığı yoxdur. Mənası TƏBİƏTİ QORUMAQ anlamına gəlir. Digər dillərlə müqaisədə
bu söz ən gözəl söz nominasiyasında birinci yer tutmuşdur. İnsanla təbiətin bir
vəhdət halında olduğunu ifadə edən bu xalqın inamına görə, insan özünə ən yaxın
olan canlını – təbiəti qorumalı və sevməlidir...
(Bilənlər
bilir ki, mən illərdir natural dəyərlərə köklənən YENİ NATURALİZM ədəbi cərəyanı
üstə yazıram hekayə və romanlarımı. Hətta bu cərəyana aid esselərim də vardır.
Dünyamızın naturallığa, təbiətimizin əsilliyə möhtac olduğu bir zamanda
tanımadığın nisbətən gənc bir yazıçının səninlə həmfikir olması necə də gözəldir!
...Qəhrəmanımız
açarı salıb qıfılı açır və təbii ki, hörümçəyin yuvasını dağıtmaq hesabına edir
bunu. Az sonra biləcəyik ki (əslində, bilməyəcəyik, fəhm edəcəyik), qəhrəmanımızın
da, deyəsən yuvası bu hörümçəyinki kimi dağılıb... Ona görə də, ev evlikdən
çıxıb (dili olsaydı, o ev nələr danışmazdı – danışır əslində, sadəcə bunu eşidə
bilən qulaqlar gərək), adam kimi qəşş eləyib gülən it Lion da yoxa çıxıb, evin
bağında bir zamanlar səliqə ilə salınan ağaclar da ağaclıqdan çıxıb, necə ki,
bayaqdan dil olub dillənən bu evin, bu həyətin, bu bağın sahibi olan adam da
adamlıqdan çıxıb...
Bu
sirli ev sirrini o yerəcən qoruyur ki, daha dözə bilmir, hekayədə yazılmasa da,
hamının eşidəcəyi bir hönkürtü ilə ağlayıb sirrini açır bizə... Ev ağlayaraq
demək istəyir ki, ay adam, axı sən niyə tək gəlmisən?!
Bax,
bu hekayə o “təklik” modelinin üzərində qurulub. Biz hekayədə daha bir görünməyən
obraz “görürük” – bu tək qalmış adamın yarısıdır ki, onun ucubatından (ya bu
birinin, nə fərqi axı) köhnə ev də, onun paslı qıfılı da, hasarları da, bağdakı
ağacları da dil açıb danışır, dillənirlər – dərdli söyləyən olar deyyimindəki
kimi...
Düzünü
deyim ki, bu yazını elə bu hekayənin üstündə qurmaq istəyirdim...
Amma
baxdım ki, ikinci hekayənin adı “Ehtiras”dır və özü də epiqrafdan bəllənirdi
ki, bir balıq ovçusunun ovu üzərində qurulub. Yüz faiz bildim ki, yazıçı burada
balıqları da danışdıracaq. (Artıq bunun işarəsini yuxarıda vurmuşam.)
Hekayədə
balıq ovçusu ilə Bir Balığın savaşından bəhs olunur.
Göldə
balıq çoxdur, amma biri var ki, balıqçını illərdir bura gətirən o Bir Balığın
eşqidir. Neçə zamandır o bu balığı tutur, amma bu gölün şahı öz cazibəsi və
hökmran ədasıyla ovçunun qarmağını da, sapını da, qarğısını da qırır, xilas
olur. Bu zaman bilirsinizmi nə baş verir?!
Bu
səhnəni görən qurbağalar qəşş edincə gülürlər, çalıb-oxuyurlar. (İndi də yazıçı
balıqları, qurbağaları danışdırır. Hətta qarmağına düşən tısbağalarla belə məhtab
olur bizim ovçu...)
Balıqlar
haqqında mən də yazmışam. Ömrü boyu danışmayan bu məxluqların haçansa dil açıb
danışacağını yazıya gətirməyə çalışmışam. Mahi Rəsuloğlu isə balıqların da
dilini bilirmiş...
...Yadıma
böyük Heminqueynin məşhur əsəri düşdü. Təbii, orada motiv başqadır. Amma nə xoş
ki, Mahir Rəsuloğlunun bu hekayəsi ustadın yazısını yada saldı və bu iki əsəri
yan-yana qoyub danışmaq keçdi könlümdən...
(Mötərizə
arasında olsa da, deyim ki, bu hissin nə qədər dadlı bir hiss olduğunu yaxşı
bilirəm. Lap bu yaxınlarda mənim yaradıcılığımdan magistr dissertasiyası yazan
bir xanım “Əllidən bir kəm”lə Çingiz Aytmatovun “Çingiz xanın ağ buludu”nda
repressiya izlərini birgə araşdırmışdı.)
...Mahir
Rəsluloğlunu, demək olar ki, tanımıram. Amma bu iki hekayə və orada danışan təbiət
dedi ki, adamı gec tanımısan. Oxuculara isə bu imzanı yadlarında saxlamağı
tövsiyə edərdim...
Çünki
onun öz dili var ki, bu hər kəsə müyəssər olan iş deyil. Ulu Nəsimi demişkən,
“Bu quş dilidir, anı Süleyman bilir ancaq...”
21.07.2026
Yorumlar
Yorum Gönder