AZAD QARADƏRƏLİ AVANQARD NƏSR USTASI

 

 

 

                           AZAD QARADƏRƏLİ

 

                        AVANQARD NƏSR USTASI

 

 

                                                           Yazıçı Tofiq Qəhrəmanovun 75 illiyinə

 

 


            Tofiq Qəhrəmanovdan danışanda ilk öncə onun nasirliyindən söz açmalıyıq. Belə ki, 60-cılardan sonra gələn nəsilin nümayəndəsi kimi onun yazıçılıq səriştəsi daha dərinə işləmişdi. İnsan xarakterlərinin mühitlə təması, “yuxarı”nın “aşağı”ya üstdən aşağı baxmasına qarşı ilk cümlələrdə belə obrazlı təpkisi oxucunu sehrləyirdi.:”Süleyman kişi Bakının Yuxarı Dalıq küçəsində yaşayır. Hündür-hündür binalara “mən də varam!” – söyləyən qədim birmərtəbəli evdə...” (“Qonşular” povestindən)

            Tofiqin obrazlarını oxucuya tanıtması da maraqlı idi. Bax belə :”Kişinin üzündən qonşuluq nuru yağırdı.” (Yenə həmin əsərdən.)

            “Səs yayıldı ki, sahib məzuniyyətə çıxır. Hamı sevindi...” (“Şubertlə görüş” hekayəsindən.) Bu cümləni oxuyandan sonra oxucu artıq qarşılaşacağı obrazın kimliyini anlayır. Hələ məzuniyyətə çıxmağına sevinirlərsə, gör dahası nə olar?!

            O avanqard nəsrin yaradıcılarından idi. Təəssüf ki, geriçi, zehniyyətsiz köhnə təfəkkürlü ədəbiyyat goreşənləri yazıçının əsərlərinin çapına uzun müddət mane olmuşdular. Yalnız Əkrəm Əylislinin “Azərbaycan” dərgisinə baş redaktor təyin olunmasından sonra Tofiqin əsərləri geniş tərzdə oxucuya çatdırılmağa başladı. Başqa bir xeyirxahı isə mərhum naşir İsmayıl Öməroğlu idi ki, onun kitablarının çapına daim yardım etmişdi.

            Tofiq Qəhrəmanovun xalqı qarşısında ən böyük xidmətlərindən biri də “Cəlladımız zalım idi” ağı-salnamə əsəridir. 20 Yanvarın qanlı hadisələrini saat-saat, gün-gün qələmə alan yazıçı bu qanlı faciəni “Hərbi təcavüzakarlıq aktı” kimi şərh edir və xalqın kədərini oxucusuna çatdırmağı özünə borc bilir.

            Tofiqin sağlığında bildiyim qədəri ilə beş kitabı çap olunub. Amma onun hələ çap olunmamış xeyli əsəri qalıb arxivində.

            O həm də bir tədqiqatçı kimi çalışaraq dissertasiya müdafiə edib, filologiya elmləri namizədi adı almışdı. Bədii kitabları ilə yanaşı, “Ömrün ziyalı cavabdehliyi” monoqrafiyası da işıq üzü görüb.

            Tofiq Qəhrəmanov Azərbaycanın o aydınlarından idi ki, Vətən, millət adı gələndə digər məsələlər, o cümlədən yazıçılıq da arxa plana keçirdi. Azərbaycan dilində makinanın az-az adamda olduğu bir vaxtlarda onun makinası xalq hərəkatı öncüllərinin bəyanatlarını, manifestlərini və məramnamələrini çap edərdi. Bir vaxtlar Yuxarı Dağlıqda yaşayan Cəfər Cabbarlının evi qırmızı inqilabdan sonra müsavatçıların sığınacaq yeri olduğu kimi, Tofiqin də Yuxarı Dağlıqdakı darısqal otağı hərəkat adamlarının toplaşdığı məkanlardandı.

            Bura – Yuxarı Dağlıq – 87, indi yoxdur, amma Tofiqin əsərləri yaşadır o küçəni də, o küçənin adamlarını da. Belə bir deyim var ki, bir xalqın hansısa dövrünün  epoxasını yaxşı öyrənmək istəyirsənsə, həmin xalqın ən öndəgedən yazıçısının əsərlərinə bax. Məncə, 20-ci yüzilin son 50 ilini öyrənmək üçün də Tofiqin əsərləri gözəl mənbədir.

            Tofiqin əsərləri Bakı əhlinin bir sıra xüsusiyyətlərini, mənəviyyatını, danışıq tərzini, dialektini də öyrənmək üçün əla material verə bilər. Tofiq bəlkə də yeganə yazıçıdır ki, qəhrəmanlarını  Baki şivəsi ilə gözəl danışdıra bilirdi. Buradaca qeyd edim ki, mən onun yaradıcılığına xas bu xarakterik xüsusiyyəti  sonralar öz qəhrəmanlarıma da tətbiq etdim. Çünki bunu yalnız Tofiqdən incəliklərinə qədər öyrənə bilərdin.

            Tofiqin əsərləri öz sağlığında çox güclü müqavimətlə qarşılanırdı. O bu barədə yana-yana danışardı. “Bahara lap az qalıb” povestinin çapına görə başına açılan oyunlar, kitablarının dəfələrlə plana salındıqdan sonra çıxarılması, yeganə gəlir mənbəyi olan əsərlərindən alacağı qonarardan məhrum olması...

            Tofiq çox vüqarlı adam idi. Kimsənin qarşısında əyilməz, əsərlərinin çapı üçün gözdən əlilliyindən nəinki istifadə etməz, hətta bunu kimlərəsə bildirməyi dost-tanışına da qadağan edərdi.

            Tofiqin Yuxarı Dağlıqdakı evi bir ədəbi məclis kimiydi. İndi üzdə olan bir çox ədəbiyyat adamları ilk addımlarını Tofiqin müxtəlif yerlərdə apardığı dərnəklərdə, sonra isə onun evində atardılar.

            Bu yaxınlarda  professor Zakir Məmmədəlinin  Tofiq haqqında yazdığı məqalədə də deyildiyi kimi, Tofiq ensiklopedik biliyə malik idi. Və o həm də bu bildiklərini ətrafında olan gənc yaradıcılara ötürməyi də bacarardı.

 

                                               ***

 

            1981-ci ildə kəndimizdə toyum olacaqdı. Bakıdakı qələm dostlarımı, tələbə yoldaşlarımı, eləcə də yaxın dostum Tofiqi də dəvət etmişdim. Gözlərinin işığı tamam itsə də, toya gəlmişdi. Onun toydakı çıxışı bu gün də qulaqlarımdadır. Rayon toylarında şeir deyib bağıranlardan fərqli olaraq Tofiq həlim, inamlı səsi ilə 300 nəfərlik dinləyicini məftun etmişdi. Sonradan mənə dedilər ki, əl-ayaqda çalışanlar da gəlib Tofiqə qulaq asırmışlar. Anam isə onu ağlaya-ağlaya dinləyirmiş...

            “Bu kəndin adı vaxt gələcək çox yerlərdə çəkiləcək...” – Tofiqin çıxışında yadımda qalan bu cümlə mənə həmişə güc verib...

            Gecəni bəzi dostlarımla bərabər, rəhmətlik Kamran əmimgildə qalmışdılar. Səhər yeməyindən sonra əmim onları maşına mindirib məşələrimizi, yaylaqlarımızı gəzdirir. Axşam toya qayıdanda (toy üç gün çəkmişdi) qulağıma dedi: “Kəndün, rayonun bir ayrı aləmdür, amma əmün əntiqə cayıldur. Sənün burada yaxçı yazıçı olmamağa sadəcə ixtiyarın yoxdur.”

            Sonra Tofiq qəribə bir söz də demişdi o vaxt mənə:”Azad, sənə bir sirr açım... Alə, bura gələnnən gözümə bir az işıq gəlib, qədeş canı!”

            Dedim, ay Tofiq, gəlsənə, uşaqlar getsin, sən bir az da qal, bəlkə səhhətinə köməyi dəyidi bizim yerin havasının, suyunun... O zaman sənə burada bir ev də tikərik... Lap...

            Əli ilə “dayan” işarəsi verdi. “Mən, Yuxarı Dağlıqsız yaşaya bilmərəm e, bilmərəm. Artıq  oranın ağrısını çəkirəm... Amma sənə söz verirəm: hər yay qonaq gələcəyəm...

            Gəlmədi. Gələ bilmədi. Çünki olub-qalan işıq tamam yox olmuşdu... Ümidləri də yavaş-yavaş sönürdü... Axırda son ümid – Zəngilan, Qaradərə də işğal olundu...

            Tofiq Qarabağın işğalını da həzm edə bilmədi...

            Vəzifə və hakimiyyət hərisləri bir zaman başına and içdikləri Tofiqi tamam unutmuşdular...

            Tofiqin gəlir yeri əlil kimi aldığı az miqdarda təqaüd idi...

            Və axırda da o məşum hadisə...

            Tofiq Azərbaycanda nadir hadisələrdən olan yazıçı intiharının da avanqardlarından idi...

            Tofiqi unutmamağın, unudulmağa qoymamağın tək bir yolu var: onun əsərlərini yenidən nəşr edib, oxucusuna çatdırmaq! Bu işdə qələm adamlarından çox, imkan sahiblərinin rolu böyük olmalıdır. Mən əslən Bakıdan olan, yaxud olmayan bütün ədəbiyyatsevər imkan sahiblərinə üz tutaraq deyirəm: bu il Nizami ilidir. Nizami ilə bərabər, onun əsərlərini himayə etmiş vəzifə sahiblərinin də adı onun kitabları sayəsində yaşamaqdadır. Siz necə, belə bir şərəfə nail olmaq istərdinizmi? Onda Tofiq Qəhrəmanovun əsərlərinin yeni nəşrinə yardım əli uzadın.

            Yaşadın ki, yaşayasınız...

 

                                                                                                                                 15.02.2021.

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QARABAĞIN AĞCA BULUDU (İşğaldan azad olunmuş torpaqlardan qeydlər)