AZAD QARADƏRƏLİ ƏJDƏR OL HAQQINDA YAZMADIQLARIM

 

                                   AZAD QARADƏRƏLİ

 

                            ƏJDƏR OL HAQQINDA YAZMADIQLARIM

 

 


 

            Şair Əjdər Olla həbs olunan günədək isti münasibətimiz olub. Heç olmasa iki aydan bir ya o, ya mən zəng edərdim. Hal-əhval tutardıq. Bu, pandemiyaya qədər beləydi. Pandemiyadan əvvəl isə həm zəngləşər, həm də oturub söhbət edər, çay içər, çörək kəsərdik. Baxmayaraq ki, dünyabaxışımızda fərqliliklər vardı, onunla müsahib olmaq xoşdu.

            Əjdərlə ilk tanışlığımız mənim “Azadlıq” radiosunun hekayə müsabiqəsində mükafat almağımdan sonra dostlarla yüngülvari bir məclis qurduğumuz zaman baş tutdu. Məclisin lap sonuna gəlib çıxdı, yalnız çayla kifayətləndik.

            Sonra mənim kitabım AYB-ın hansı təşkilatlasa birgə keçirdiyi müsabiqədə onluğa düşdüyü vaxt Əjdər Ol gözləmədiyim halda televiziya verilişlərinin birində kitabımı elə təriflədi ki (səhv etmirəmsə, o, münsiflərdən idi), buna özüm də inanmadım. Amma mən kitabımı məlum səbəblərdən müsabiqədən geri çəkəndə də çox təəssüflənmişdi. Hətta kitabımdan bir dəst alıb gənc oxuculara da paylamış, bir növ məni təbliğ etmişdi.

            Və bir gün Əjdər bəy zəng edib, baş redaktoru olduğum “Yazı” dərgisi haqqında xoş münasibətini  bildirdi. Sonralarsa hər iki nömrədən bir jurnalın nəşrinə dəstək  oldu. Təkidimə baxmayaraq yazılarını dərgiyə vermirdi. Yalnız bircə dəfə şeirlərini, lap sonralarsa bir pyesini çap etmişdik.

            Əjdər əsl ədəbiyyat adamıdır. Dediyim kimi, baxışlarımızdakı fərqliliklərə baxmayaraq o mənimlə söhbətdən, əsərlərim haqqında fikir söyləməkdən çəkinməzdi. Hətta 60 illiyim olanda çapa hazırlanan xüsusi buraxılış üçün ürəkdən gələn bir yazı da yazmışdı. Hansısa kitabımın təqdimatına Sabir Rüstəmxanlı ilə birgə gəlmiş, çıxış da etmişdi.

            Bir neçə xəstə yazıçının pensiya təminatı, yaxud müalicəsi ilə bağlı ona ağız açmışam. Adamın üstündə allah var, təmənnasız  köməklik göstərib. (Başa düşürəm ki, bu belə olmamalıdır. Normal ölkələrdə belə şeylər olmur. Amma neyləyək ki, bizim həyat tərzimiz hələlik bunlarsız mümkünsüzdür.)

            AYB-a münasibət və bu kimi bəzi qəliz məsələlərdə mübahisəmiz də olub. Amma bu mübahisə şəxsi müstəviyə çıxmayıb.

            Mən Əjdər Olun şeirləri ilə tanışam. İstedadlı bir adamdır. Xatirə janrında yazılmış romanını da oxumuşam. Elə bilirəm ki, bu sahədə də onun gördüyü iş maraq kəsb edir. Yazıçılar haqqında portret oçerkləri də bu qəbildəndir.

            İlk dəfədir ki, Əjdər Ol haqqında yazı yazıram. Açığını deyim, bu yazım onun azad olunmasına çağırış-filan deyil. Ondan ki, adam bu dövlətin müdafiəsi üçün əlindən gələni edib. Əgər günahı yoxdursa, tezliklə azad olunacağına inanıram.

            Allah qapısını açsın!

 

                                                                                                                      09.02.2021

           

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ SARI SİMİ QIRILAN TAR...