AZAD QARADƏRƏLİ KOLLEKSİYA hekayə

                             AZAD  QARADƏRƏLİ

 

                                   KOLLEKSİYA

                                     hekayə

                             

 

                                                                       Məcnun dərd əlindən dağa çıxdı,

                                                                       Dedilər, bəxtəvər yaylağa çıxdı.

                                                                                                        (El məsəli)

 


 

 

            Bilmirəm, dərdin nə olduğundan xəbərsiz olan ailələr necə qarşıladı bu müsibəti?

            Amma bizim ailə dərdlə elə bağrı badaş idi ki, dərdi, azarı olmayanda elə bil nəyisə çatmırdı. Vallah, billah zalım oğlunun dərdi elə bil adamını tanıyır. O il olmazdı ki, bizim ailəyə bir bədbəxtlik üz verməsin. Gah inəyimiz ölü doğardı. (Başqalarını bilmirəm, bu, bizim ailə üçün ağır dərd idi: doqquz ay gözünü yola dikirdin ki, inəyimiz doğacaq, uşaqlar süd, qatıq yeyəcək, buzov dana olacaq, dana düyə, yaxud cöngə olacaq, satıb bir dərdinə-oduna verəcəksən... bu da belə olanda...) Gah sel bostanımızı aparırdı, gah əkinimizi dolu vururdu... Nə bilim vallah, bunların hamısı, əslində bizim ailə üçün dərd-sər idi...

            Amma daha böyük dərdimiz də vardı. Sevgili xalamın ildə, bəzən də iki ildə bir uşağı ölərdi. Yox, ölü olmurdu, ölü olsaydı nə vardı ki, adamı elə çox yandırmazdı. Belə böyüyüb yeriyən-yüyürən vaxt, dil açıb şirin-şirin söz söyləyən vaxt qəfildəncə ölürdülər. Yazıq nənəm, oturub-durub deyərdi: “Vırğıntıdır, vırğın vırır balalarımı. Qardaşım İbadullanı da, Yadullanı da beləcə vırğın vırdı.” Yazıq arvad, yetmiş il qabaq ölmüş qardaşlarından danışanda necə eşilirdi, ilahi!..

            Sonra babam rəhmətə getdi.

            Sonra xalamı çay apardı və qəribəsi bu idi ki, onu çay aparandan sonra allahın yazığı gəldi, yerdə qalan dörd balası azar-bezardan xilas oldu.

            Sonra xalamın əri çarəsiz dərddən öldü...

            Nə deyim, vallah, dərd o qədər idi ki, saymaqla qurtaran deyildi.

            Amma qardaş, bu sevgili dərdlər, bu gözəl dərdlər, bu əziz dərdlər  çəkəcəyimiz daha ağır dərdin yanında muştuluq imiş.

            Sonradan anladıq ki, o dərdlər gəldikcə bizim ailəmiz bərkiyirmiş, güclənirmiş, dərddən özünə sipər düzəldə-düzəldə köklü ailəyə dönürmüş. Vallah, o dərdlərin başına fırlanmalı imiş.

            Altı il bizə sarı boylanıban gələn dərdi görə bilməmişik. Yox, görmüşük, amma bu dərd bizə doğma deyil, yağı dərd olduğundan (məni qınamayın, dərdin yaxşısı, pisi, gözəli, çirkini, doğması, ögeyi varmış), onu görməmişdik, ya da görməməzliyə vurmuşduq. Fikirləşmişdik ki, bəlkə saymayaq bu azmanı, bu kəmfürsəti, bu allahsızı, qoy bizdən gen getsin...

            Eh, biz dağbasarlılar elə belə saymaz, elə belə almaz-salmaz, elə belə haldır-huldur olduğumuza görə, həmişə dərdə düçar olmuşuq. Di gəl ki, dərd deyilən şeyi də qan daman yanağımızın, qırğı baxışımızın, ötkəm sözümüzün içində elə bələmişik ki, qıraqdan baxanlar bəxtəvər hesab ediblər bizi.

            Bu dərd isə əydi bizi, qardaş. Bu azman, bu allahsız, bu kəmfürsət dərd yerlə yeksan elədi bizi, sonra da amansız bir dağ nəhri kimi silib-süpürüb kürüdü bizi elimizdən, obamızdan...

            Var-yoxumuz tökülü qaldı, qəbirlərimiz qazılı qaldı, ruhlarımız dağılı qaldı.

            Əkinimiz biçilmədi, buğdamız üyüdülmədi, toyumuz çalınmadı, ölümüz ağlanmadı, dirimiz... dirimizmi qalmışdı, ay allah? Biz hamımız gəzərgi qəbirlər, yeriyən baş daşlarıydıq...

            Araza toxuduq qış günü. İranın yollarına səpələndik, ölə-ölə, itə-itə gəlib Vətənin bu üzünə çıxdıq. (Bu nə səfər idi, xudaya?! Yetmiş il həsrətində olduğun  yolu beləmi keçərdilər?! Biz ayrı, tamam ayrı cür keçəsiydik Arazı... amma elə tökdülər ki bu çaya, elə tökdülər ki, min il də keçə, dadı damağımızdan getməyəcək. Sanki “çox Araz-Araz deyirdiniz, alın, bu da Araz” deyib atdılar bizi Arazın lal sularına – susuz adamı suda boğarmuş kimi...)

            Düşmənə altı il sinə gərmişdik. Daha qorxumuz yoxuydu ondan. Döyüşə-döyüşə, vuruşa-vuruşa bərkimişdik, sirimsəmişdik. Güllədən ölmək, topdan, qraddan ölmək bədbəxtlik sayılmırdı daha.

            (Qardaş, qardaş, bu sözləri sənə yazanda nə halda olduğumu bir allah bilir. Sən mənim bu sızıltılı cümlələrimi ayrı cür başa düşmə. İskəndəri-Zülqərneynin dəlləyi kimi dərd ürəyimi partladır.Ona görə, qardaşdan irəli bildiyim dostuma, sənə yazıram bu cümlələri.Yaman gündə gəl qardaş, deyiblər axı.)

            Əvvəl-əvvəl daş-kəsəklə, dəhrə-yabayla, sonra quş tüfəngi ilə qoruduq Vətən dediyimiz dağı-daşı, kənd-kəsəyi, el-obanı. Sonra avtomat davası oldu, yenə qoruduq. Sonra pulemyot, qranat, top, qrad, tank davası oldu, yenə qoruduq. Şəhid verməyən ailə şəhid verən ailəyə, şəhid verməyən kənd şəhid verən kəndə həsəd apardı. Şəhid ailəsi hamımızın əzizi, şəhid qəbri hamımızın and yerimiz oldu.

            Nə gözəl günlər idi, allah?!

            Birdən-birə nə oldu bizə? O tərəfdən, o kol-kosdan üzü bəri gələn qarı düşmən unuduldu. İçimizdə düşmən axtardıq, yan-yörəmizdə düşmən axtardıq. Ata oğlundan, qardaş qardaşdan şübhəyə düşdü. Bir idik, iki olduq, iki idik dördə parçalandıq, doqquz, otuz doqquz, doxsan doqquz olduq, parçalandıq, haçalandıq... qarşıdan gələn düşməni tamam unutduq...

            Kol-kos getdi, dağ-daş getdi, bağ-bostan getdi, kənd getdi, kəndlər getdi, oyanmadıq, usanmadıq iç davamızdan.Öz düşmənimizi unudub özgə düşmən aradıq içimizdə. “Düşmən ocaq başındaymış” deyən babamızın yolun tutduq... Ocaq başı hara, düşmən hara, ay qardaş?!

            Oh-oh! Kənd-kənd, şəhər-şəhər kiçildik, rayon-rayon daraldıq... Və növbə bizə gəldi. Gəldi, nə gəldi!

            Beləcə, qaçqın olduq, beləcə köçkün olduq. Üstümüzə ad qoyuldu.

            Bu necə ad idi, ay allah!? Sən boyda kişinin verdiyi adı da qıymadılar bizə. “Səksən səkkizdə gələnlər qaçqındır – Ermənistan qaçqını, Qarabağdan gələnlər köçkündür... Siz isə məcburi köçkünsünüz...”

            O günü çöllü biyabanda gecələdik. Sonra Muğanda, Mildə dadsız-duzsuz sulardan içdik, uzun, əndişəli bir yol keçib Bakıya gəldik. O Bakıya ki, dərdimizi ovuda bilərdi, o Bakıya ki, vətənsizə Vətən ola bilərdi. Buna öyrəncəliydi Bakı.

            Bakıda da üzümüz üzlər gördü, başımız daşdan-daşa dəydi. Dəydi və bir gün bir allah bəndəsi bizə əl tutdu, ev verdi. Düzdür, bura bağ eviydi və Bakıdan xeyli aralıdaydı, amma daha nə etmək olardı? Qış günü bağa çıxmaq, bizdə yaylağa çıxmaq kimi bir şey olsa da dözməliydik.

            Bağını-bağçasını, dörd otaqlı evini bizə verib getdi və gedə-gedə dedi ki, allah eləsin, rayonunuz tez alınsın, yurd-yuvanıza qayıdasınız. İndi bu məsələ gec həll olunsa, narahat olmayın, yayı da, lap sonranı da burda qala bilərsiniz. Biz də uzaq başı yayda bura, sizə qonaq gələrik. Belə dedi və getdi.

            İlk günlər bağa uyuşa bilmədik. Nənəm elə hey ozalandı ki, görən qəbirlər nə oldu, axşamlar kəndi dolaşan ölülərin urufları hara dağılışdılar?

            Ən dəhşətlisi, ən müsibətlisi, qardaş, o idi ki, bir az sonra nənəm o ruhlar haqqında ruh kimi deyil, dipdiri adamlar kimi danışırdı. Bu da məni qorxudur, vahimələndirirdi. Qorxurdum ki, birdən allah eləməsin, arvadın ağlı-başı xarablaşar; amma sonra gördüm yox, arvad heç əvvəldən o ruhları ölü hesab etmirmiş, illah da ki, ərini.

            Anam isə əllərini qoltuğundan çəkə bilmirdi. Dilli-dilavər, məclislər yaraşığı anam qaradinməz olmuşdu. Qan daman yanağı solğunlaşmış, hənası getmiş saçları sığaldan düşmüşdü.

            Arvadım isə göz yaşlarını saxlaya bilmir, qurulu qoyub çıxdığımız evimizdəki dəm-dəzgahı yadına salıb eşim-eşim eşilir, qıvrılır, göynəyir, yanır, tüstülənirdi.

            Oğlum elə hey itimizdən danışırdı. “Bozdar erməniləri evə qoymaz” deyirdi. Dörddə oxuyan qızım qardaşının qəlbinə toxunmaq istəməsə də, sözün düzün deməyi üstün tutdu: “Vurdular indi avtomatla Bozdarı, güllələdilər, öldürdülər...”

            Sonbeşik qızım elə hey ailəmizin İranda keçirdiyi o üç günü xatırlayıb şaqqa çəkib gülürdü. Çadralı arvadlara, çadralı qızcığazlara gülürdü. Bir fars sərbazının ona xurma verməsini, xurmanı götürməyərək ağlayıb anasının qucağına qısılmasını şirin bir dillə nağıl edirdi: “Xob doxtəy, xob doxtəy... Bəs deyiy ki, mən doxtuyam... maa xuyma veyiy... Xob doxtəy... Yox biy müəyyim...”

            Hərdən elə qəribə suallar verirdi ki, içimi yandırırdı.

            “Ata, indi toyuxlayımız əvimizdə nə təhəy tək yatıyyay? Bəs eşşəyimizi niyə gətiymədik, axı onu canavay yeyəy?.. Nənəmin basdıydığı çil toyuq indi balalarını nə təhəy yediydiy?”

            Bu sualları hərə bir cür qarşılayırdı. Anam xısın-xısın ağlayırdı. Nənəm ozalana-ozalana son vaxtlar dilindən düşməyən bayatısını çağırırdı:

           

                                               Aşıq diyarbadiyar,

                                               Halım diyarbadiyar,

                                               Qoyub kamana məni,

                                               Atdı diyarbadiyar...

 

            Ən qorxulusu o idi ki, böyük qızım da qaradinməz olmuşdu. Yaşına görə çox bilikli olan, dilavərlikdə və yaraşıqda anama çəkmiş gül balam solurdu gözümün qabağında.

            Az da olsa, hələ ki, pulum vardı. (İnəklərimizi Arazdan keçirib keçi qiymətinə iranlılara satmışdıq və tüməni manata çevirib az-az xərcləyirdik ki, uşaqlar ac qalmasınlar.) Həftədə bir dəfə yer-yemək, ət-yağ, mer-meyvə  alıb gətirirdim ki, həm dərd-sərləri bir az yüngülləşsin, həm də qarınları doysun – yemişağız uşaqlardılar axı... O birilərinə baxanda böyük qızın iştahı da yoxuydu.

            Paltosu evimizdə asılı qalmışdı, ona görə gedib təzə palto aldım. Könülsüz-könülsüz geyinsə də, yenə kefi açılmadı. Dərsdən də soyumuşdu.Öz məktəbimizdə əlaçı olan qızım indi bu qumlar və küləklər diyarının məktəbinə yarıkönül gedirdi.

            Ona baxanda içimi yeyirdim. Arvadımla bir gün oturub dərdləşdik ki, necə edək bu qızın könlünü açaq, dərdini ovudaq? Qorxurduq ki, onun bu halı o biri uşaqlara da keçər.

            Arvadın sözünə gah bax, gah baxma deyiblər.

            - Bilirsən ki, - dedi, - qız altıncıda oxusa da, bədii kitab həvəskarıdır. Sənin evimizdəki kitabxananı ələk-vələk eləyərdi. Ötən ilə qədər “Səfillər”i, “Dəli Kür”ü, “Mənim nəğməkar bibim”i zorla əlindən alıb qoyurdum rəfə ki, hələ tezdir sənin bunları oxumağın. Kimə deyirsən? Bacara bilmirdim. Kitabxanandakl kitabların hamısını oxumuşdu. Rayondan çıxmağımıza beş-on gün qalmış “Gülüstan”ı oxuyurdu... Deməyim odu ki, sən bəlkə ona təzə kitablar alasan? Belə bir az gülməli, əyləncəli kitablar olsun. Bəlkə başını qata...

            Beynimə batdı. Kitaba veriləsi pulum olmasa da, o günün sabahı kitab bazarına qaçdım. İlk qarşıma çıxanları – “Molla Nəsrəddin”, “Ölüsü ilə ərəbcə, dirisi ilə rusca”, “Çeşmə”dən seçmələr” kimi lətifə kitablarını və bir neçə nəsr və şeir toplularını alıb gətirdim evə.

            Oğlumla balaca qızım çantanı əlimdən qapdılar. İçindən yeməli bir şey tapmayıb məyus-məyus geri çəkildilər. (Sonbeşik qızımdan başqa uşaqların heç biri məndən nəsə almağı tələb etmirdi.) Qız bizi güldürdü də:

            - Mən də bəs dedim xiyniy alıb. Neyniyəm kipatı? Nəhlim yeyəcəm kipatı?..

            Kitab sözü eşidən böyük qızım canlandı. Könülsüz-könülsüz çantanı açdı, kitabları çıxardıb bir-bir baxdı. Məmməd Arazın kitabını görəndə qanrılıb mənə sarı boylandı və hönkürməyə başladı. Dünyam viran oldu. İçimdə özümü söydüm. “İlahi, mən nə qələt elədim bu kitabları aldım, uşağın yarasının gözünü niyə qopartdım?”

            Nə qədər çalışsam da, özümü saxlaya bilmədim. Mən də qoşuldum qızıma. Və bir də baxdım ki, bütün külfət ağlaşır.

            Qız handan-hana sakitləşib hıçqıra-hıçqıra dedi:

            -Ata, indi o murdarlar evimizə girəndə sənin kitablarını, əlyazmalarını nə edəcəklər? Albomlarımızı, babamın divardakı şəklini?..

            Nənəmin qəfil müdaxiləsi üzümüzə su çilədi:

            - La hövlə və la qüvvətən əliyyül əzim. Allah şeytana lənət eləsin. Səbrinən halva bişər, ey qora sənnən, bəsləsən atlas olar tut yarpağınnan...

            Arvadım isə bizi yemək stoluna dəvət etdi:

            - Əla borş bişirmişəm, yuyunun, gəlin.

            Doğrudan, kitablar böyük qızımın başını qata bildi. Üstəlik, hər gün “Molla”dan, “Çeşmə”dən oxuduğu məzəli lətifələrə qulaq asa-asa ucadan gülüşürdük də. Bəzən də Sonbeşik qızım Böyük qızın oxuduğu lətifələri elə məzəli şəkildə təkrarlayırdı ki, gülməkdən gözlərimiz yaşarırdı. Arvadım da, mən də müəllim olduğumuzdan kiçik qıza ən çox ləzzət edən müəllim haqqında lətifələr idi.

            - Biy məllimin dəysində uşaxlay səs salıylay, məllim deyiy, ənnən biy it gəliy, bənnən biy it gəliy, üstü dolu bit gəliy, dinənin ağzəna xıyınc-mıyınc... Hamı dinmiy, məllim danışıy. Sohya zəng vuyuluy. Məllim deyiy, di danışın köpəy uşağı!..

            Beləcə, hər axşam lətifə lətifə dalıncan oxunurdu, söylənirdi. Qızlar hərəsi bir yandan kefimizi açırdılar. Ən əsası o idi ki, böyük qız dəyişmişdi, daha dərslərini də hazırlayırdı, qaş-qabağı da yer süpürmürdü. Oğlum da hardansa bir it tapıb gətirmişdi. Eynən Bozdar idi ki, durmuşdu. Düzdür, Bozdardan bir xeyli kiçik idi, amma hər halda oğlum üçün Bozdarı əvəz edə bilir, kefini açırdı.

            Paltar yumaq, yemək bişirmək arvadımın başını qatırdı. Anam da iş tapmışdı özünə - gah bağda dümələnir, gah da bağ sahibinin təndirini qalayıb kəndimizdəki kimi lavaş bişirirdi. Mən də gündüzlər məktəbdə, redaksiyalarda, qaçqınkomda olur, evə axşamlar qayıdırdım. Dərd-sər başımı elə qatmışdı ki, düzü, iki ayın hardan gəlib-keçdiyini hiss etmədim.

            Hərdən anamın, nənəmin  ara-sıra ozalanmalarını, bəzən də arvadımla mənim dərdli-dərdli baxışmağımızı nəzərə almasaq, günlər beləcə qayğısız ötüb keçirdi.

            Bir bazar günü – qış olsa da o gün hava xoş idi – uşaqların həyətdə səs-küylə oynamalarına, anamın təndirxanada vurnuxmasına, arvadımın mətbəxdə nəsə bişirməsinə, oğlumun təzə itini dal ayaqları üstdə yeritməsinə tamaşa edə-edə dəhşətli bir fikir hakim kəsildi mənə:”Ey dadi-bidad, biz deyəsən axı dərdimizlə barışırıq yavaş-yavaş!? Axı hər dərdlə barışmazlar. Bəs bu azmanlıqda, bu allahsızlıqda, bu kəmfürsətsizlikdə dərdlə barışmaqmı olar? Bu nadürüstlükdə dərdlə barışmaqla bu yoluq it Bozdarmı olasıdır? Bu əldəqayırma, bazardanalma saxsı təndir, anamın ətri adamı bihuş edən çörəklərini qızardan təndirimi olacaq, arvadımın qazda pörtlətdiyi dadsız-duzsuz xörəklər palıd sobasında bişirdiyi ölünü dirildən bişmişlərinə taymı olacaq, bu qumlu, küləkli bağ evi Qaradərədəki daşları mamırlamış, divarlarından mehr-ülfət yağan, darvazası gen, qapısı qonaq-qaralı ev-eşiyimizin yerinimi verəcək!?

            Özümdən asılı olmayaraq birdən “yox!” deyib necə qışqırıramsa, uşaqlar oyunlarını saxlayıb heyrətlə mənə baxdılar. Anam əlindəki kərpic parçasını qeyri-ixtiyari yerə salıb gözünü gözümə zillədi. Arvadım yağ bankasını yerə salıb sındırmamaqçün döşlüyü ilə bərk-bərk sinəsinə sıxdı. Bozdara oxşamaq istəyən itciyəz isə üzünü mənə tutub bir-iki ağız hürdü və sanki  günah işlətdiyimi mənə xatırlatdı...

            Peşman-peşman ayağımı sürüyərək qayıdıb içəri girdim və tirtap çarpayıya sərildim.

            Axşam böyük qızım elə bir iş gördü ki, mənim günorta  “yox” sözümdən törəyən fitnə-fəsad onun yanında toya getməli oldu. Qız yaşarmış gözlərini dolandırıb qəhərli-qəhərli dedi:

            - Ata, biologiya müəllimimiz uşaqlara dedi ki, sabah payızda düzəltdiyiniz yarpaq kolleksiyalarını gətirin... Mənim kolleksiyalarım... qalıb... kənd... də... –Dedi və bir yerdən yumub, min yerdən tökdü.

            İkinci qızım yerindən durub bacısının yaxasından tutdu, qəhərli-qəhərli “bacı, ay bacı”,-  dedi və sonra onu qucaqladı:

            - Mənə bax, mənim sumkamda şəkil albomumun arasında bir dəftər var... Səhifələrinə yarpaqlar yapışdırılıb... O gün rəsm dərsində albomumu açanda görmüşəm...Bəlkə elə sənin...

            Sözünü yarımçıq qoyub qaçdı o biri otağa və əlində sellofan üzlü dəftər geri qayıtdı. Böyük qız ley kimi bacısının üstünü aldı, dəftəri əlindən qapdı, vərəqləyə-vərəqləyə qışqırdı:

            - Sağ ol e, sağ ol səni! Sən bunu nə yaxşı gətirmisən!.. Nə yaxşı o vaxt şəkil dəftərinin arasına qoymusan!.. Ata! Ata, bir bax! Kolleksiya dəftərim... bacımın sumkasında gəlib...

            Aldım dəftəri. Əllərim əsə-əsə birinci səhifəni açdım. Üzüm, alma, armud ətri başımı gicəlləndirdi.  Elə bil allahın dərgahından axıb gələn min cür naz-nemət  qoxusu burnuma dolurdu. Yox! Min dəfə yox ki, bu cür rahiyyə bazardakı meyvələrin heç birində yoxuydu. Heç bir məmləkətdəki ən gözəl bağların heç birində belə ətir-qoxu tapa bilməzsən... Bu bizim dağların havasını udmuş, suyunu içmiş, torpağını əmmiş ağaclarımızın doğma, dopdoğma ətir-qoxusu idi ki, bunu yalnız bizim burnumuz tanıya bilərdi... Bu ətir yalnız bizim ruhumuzu oxşaya bilərdi...

            Basdım dodaqlarıma yarpaqqarışıq dəftəri. Vallah, billah, qardaşım,  dəftər elə bil canlı idi, ya dəftərdəki yarpaqlar canlı idi, xülasə ki, dodaqlarımı pörşələdilər elə bil – bir isti, bir odlu nəfəs qarsdı məni. Yarpaqlar isti dodaqları ilə öpdülər məni... Bu bəlkə də yarpaq deyildi, nənəm dediyi dərbədər ruhlar idi, yarpağa dönmüşdülər...

            - Bu bizim ağ qoramızın, bu isə keçiəmcəyi üzümümüzün, bu qızıl almamızın, bu qızbilək armudumuzun, bu ləbləbi zoğalımızın yarpaqlarıdı... Bu, Əmirin cəvizinin, bu, doşablıq heyvamızın, bu, xirniyimizin, bu qara yapon gavalımızın, bu, şaftalımızın, bu əriyimizin, bu, gülöyşə narın... bəs bu nədi belə? Limon? Həəə, bax. Bu da barınnan doyunca dadmadığımız limonumuzun yarpağıdı...

            Sayıb axıra çatdıra bilmədim. Dəftəri üzümə sıxıb hönkürdüm. Elə hönkürdüm ki, nağıllarda deyilən kimi, damdan torpaq töküldü. (Nə damımız  vardı, nə torpağımız. Başımızın üstü də, ayağımızın altı da göy beton idi.)

            Bir də baxıb gördüm ki, hamı qoşulub mənə - ağla ki, ağlayacaqsan...

            Nənəm də əllərini oynada-oynada ağı deyirdi:

           

            Yarpağı yarpağıma oxşamaz, heyyyyy...

            Torpağı torpağıma oxşamaz, hyyyyy...

            Suyu suyuma çatammaz, heyyy....

            Vayı vayıma çatammaz, heyyyyy...

            Ölləm, vətənsiz ölləm, heyyyy...

            Ağca kəfənsiz ölləm, heyyyy...

 

           

             

            Bilmədim, nənəm yandığından bədahətən söylədi bu ağını, ya illərin qaya yaddaşından çəkib çıxartmışdı?

            Nənəm nə qədər ağı dedi, biz nə qədər ağlaşdıq, bilmirəm. Bir onu bilirəm ki, bu kolleksiya məsələsi məni yaman açdı. Bir şeyə tam əmin oldum ki, biz özümüz nadir adam kolleksiyasıyıq. Elə nadir adam kolleksiyası ki, bu adamlar yalnız o suda, o havada, o torpaqda övc eliyə bilərlər. O susuz, o havasız, o torpaqsız biz heç vaxt BİZ ola bilmərik. O saxsı təndir bizim təndir ola bilmədiyi kimi, bu bağ evi bizim gen darvazalı, qonaqlı-qaralı, mamırlı divarlarından mehr-ülfət yağan evimiz olmadığı kimi, yalotu it Bozdar ola bilmədiyi kimi...

            Anladım ki... biz bu azman dərdlə, bu kəmfürsət dərdlə, bu allahsız dərdlə heç vaxt barışan deyilik...

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ SARI SİMİ QIRILAN TAR...