AZAD QARADƏRƏLİ MÜBARİZLƏR hekayə

                                      AZAD  QARADƏRƏLİ


                                  MÜBARİZLƏR

 

                                              hekayə

 

 

                                                                      Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə

 

 

 


 

                                             

            MÜBARİZ  İBRAHİMOVUN  YAZISI

 

            1.

 

            Mübariz İbrahimovu çox düşünmüşəm. O şəhid olanda radioda işləyirdim. Haqqında dönə-dönə radio verilişləri hazırladım...

            Fəqət gör neçə il keçib, onun haqqında bədii yazı yazmağa cəsarət etməmişəm.

            Niyə? O vaxtdan bəri mən axı neçə-neçə kitab yazmışam? Neçə-neçə hekayə, uzun hekayə,  roman...

            Bəs niyə Mübariz haqqında yazmağa cəsarət etməmişəm?

            Mübariz gözgörəti şəhidliyə addımlamışdı. Və onun haqqında yazmaq da təxminən eyni şey olmalı idi. Yəni ölümün ən azı qoxusunu duymalı idim. Ölümü hiss etməli idim...

            Özü də söhbət adi ölümdən getmir axı. Söhbət şəhidlikdən gedir. Ölüm  enməkdirsə (qəbirə enmək kimi), şəhidlik qalxmaqdır – ora, yuxarılara, Tanrıya doğru...

            Mən şəhidliyin fəlsəfəsinə aşina ola bilmədiyim üçün hələ ki, istədiyim o yazını yaza bilməmişəm.

            Ulu Yaradannan bir arzum var: neçə ki, həyatdayam, O YAZINI yaza bilməyimə mənə imkan tanısın. Bu dünyadan köçməyimə bir ay qalsa belə, o yazını yazmadan canımı almasın... Mübarizin yazısını yaza bilim. O yazı mənim yazım olsun.

            O YAZI məni neçə vaxtdır tərpədir, laxladır, incidir, əzir, sıxıb suyumu çıxardır. Və anlayıram ki, o yazıya doğru yol getmədəyəm. Tanrı yolumu qısa eləsin...

            Əzizim Mübarizə isə ulu Tanrıdan rəhmət diləyirəm. Yerin pərqu olsun, şəhidim!

 

                                                                                                                                  18.06.2020.

 

 

             TƏLATÜM

 

             2.

 

             Ağzının dadı yox idi. Nə yediyini bilmirdi. Uşaqlıqdan çox sevdiyi alçanın belə ağzında nə olduğu bilinmirdi. Elə bil hansısa xəstəliyə tutulmuşdu son vaxtlar.

            Dostları deyib-gülür, çalıb-çağırır, o isə susur, susurdu. Son vaxtlarda kitab da oxuya bilmirdi. Hərflər gözünün qabağında qaçışır, ora-bura səpələnir, fikri dağılırdı.

            Hərdən kollektiv filmə baxardılar. Müharibə qəhrəmanlarınnan bəhs edən filməlrə xüsusi rəğbəti olsa da, yarıya qədər baxa bilirdi... Elə ki, qəhrəman silahını götürüb işğalçılarla haqq-hesab çəkməyə gedirdi, o da hikkə ilə qalxar, burun pərələrindən od çıxar kimi görkəm alar, oturduğu stulu hirslə itələyib hara isə çıxıb gedərdi...

            Hara isə...

            Onun sirli “hara isə”ləri vardı. Getdisə, ən yaxın dostu da onu tapa bilməzdi. Bu, gecə hamı şirin yuxuda ikən də ola bilərdi, lap günün günortasında da qeyb ola bilərdi, sübh çağı nahar etmədən də çıxıb gedə bilərdi...

            Artıq yoldaşları onun halbahal olduğuna alışmışdılar. Ən yaxın dostuna işarə vurmuşdu: dözə bilmirəm. Bu susqunluğa, işğalla barışmağa, yalançı hay-küylərə, boğazdanyuxarı təriflərə, bizi xırdalığa çəkən boşboğazlığa dayana bilmirəm!.. Nəsə etməliyəm, amma nə?! Bax, bunu hələ bilmirəm. Bununçün mənə yol görünməlidir. Vaxtımı gözləyirəm. Hərdən yox olmağım da bununla əlaqədardır. Əgər bir gün tamam gəlməsəm, bil ki, o yol görünüb... Mən o yolun adamıyam. Mən yola bağlı adamam. Aldığım tərbiyə yolsuzluğu qəbul etmir. Ona görə yol görünməlidir... Hələ ki, bağlıdır. Açılacağı günü səbirsizliklə gözləyirəm... Sənə isə əlavə deməyə lüzum görmürəm. Mənim dostum azdır. İgidin dostu, bel bağladığı adam ya bir olar, ya iki. Mən də sənə dedim... Səndə qalsın... Sənnən çıxmaz, bilirəm. Biz daş kimi soyuğuq, dəmir kimi möhkəmik, torpaq kimi istiyik, su kimi safıq... Səninlə əhdimiz bunlardan keçib... Əbədi olacaq. Daha bəsdir. Mən çox çürükçülüyü sevmirəm, bilirsən...

 

 

 

            YOL

 

            3.

 

            “Bir gün onun üzündə qəribə ifadə gördüm. Elə bil qaşqabaqlı, daim gərgin olan Mübariz deyildi. Namazdan sonra rəngi-ruhu tamam dəyişmiş, qəlbinnən keçən hansısa mübhəm duyğular vurub üzünə çıxmışdı. Oxuya bilənə üzü bir kitab idi. Məni görən kimi üstümə yeridi. Qolunu açıb iri qolları ilə bərk-bərk sıxıb qucaqladı.

            -Yadındadı, sənə qəhrəmanlardan danışardım? Təkbaşına döyüşən, tək vuruşan, tək ölən qəhrəmanlar... Mənə belə bir igiddən danışmışdılar bir dəfə. O, bizim meşələrində ağaclarda yatar, ağacdan-ağaca tullanar, düşməni də elə uça-uça məhv edərmiş. Təkbaşına... 1939-cu ilə qədər Sovet höküməti onu tuta bilməyib. Axırda uçqanaddan* atılan raketlə şəhid eləmişdilər... Adı? Adı yoxdu ki... Adını qəsdən unutdurublar... Camaat isə ona Xalıq deyirmiş... Ada fikir verirsən? Xalıq... Yəni xalq, xalqın adamı, xalqın oğlu... Hətta danışırmışlar ki,  uçqanaddan atılan raket də onu öldürə bilməyib. Ağacdan-ağaca atlanaraq keçib o taya... Təbrizə gedib... Nəysə çox danışdım... Bu gün əla gündür... Gəl səninlə bir az gəzək buralarda...”

            O gün Mübarizin son günü olub. Elə həmin gecə hamı yatandan sonra böyük bir silah arsenalı ilə hərbi hissəni tərk edib...

 

 

            ORDU ADAM

 

            4.

 

            Səhər atasına zəng ediblər: oğlun evə gəlməyib?

            Kişi cavab verib ki, mənim oğlumdursa, buralara gəlməz, siz onu sərhəddə axtarın.

            Sonra məktubunu tapıblar.

            “Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik...”

            Və yayılan xəbər: Mübariz gecə ilə Tərtər istiqamətində sərhəddi adlayıb, təmas xəttindən xeyli irəli ketmiş, düşmənin arxasına keçərək özünə rahat yer seçmiş, müşahidə aparmışdır. Əvvəllər də bir neçə dəfə bu yolla gəlmiş, düşmənin dislokasiya yerini öyrənmiş, silah-sursat anbarı olan yeri, hansı kazarmada gecələdiklərini və sairəni müəyyən etmişdi.

           İndi yenə müşahidəsini tam dəqiqləşdirib silahlarını sazladı. Amma onun cəmi üç yüz metrliyində bir düşmən postu vardı. Səssiz-küysüz oranı götürə bilsə, həm həmin postdan atəş açmaq rahat olacaqdı, həm də sursatı tükənəndə düşmənin öz silahınnan özünə atəş aça biləcəkdi. Postda isə ən azı altı nəfər olmalı idi.

          “Baba” çağırdıqları təlimçinin sözləri yadına düşdü:”Əlbəyaxa hücum bir anda olmalıdır. Elə etməlisən ki, silaha əl atmaq düşmənin heç ağlına da gəlməsin. Birini ayağınla, birini qolunla, bir az aralıdakını isə sərrast bıçaq atışı ilə zərərsizləşdirməlisən. Belə qəfil anda o birilər özlərini itirib təslim də ola bilərlər... Olmasa, səssiz tapançan hazır olmalıdır...”

            On dəqiqə ərzində postu “təmizlədi”. Tapançaya ehtiyac qalmadı. Bir leytenant, üç əsgər şil-küt olmuş halda yerə uzanmışdılar. Qəribədir ki, sonuncu iki nəfər bu vur-çatlasında vaqonun içərisində xorna çəkib yatırdı. Onları da yerindəcə rahatlayıb silah-sursatlarını yanına yığdı.

            Sevindi. Gətirdiyi qədər də burada silah-sursat vardı. İndi demək olar ki, onun ixtiyarında tam bir arsenal vardı.

           İlk olaraq düşmənin bir az aralıdakı silah anbarını hədəfə aldı. İki dəfə qumbaraatanla ora zərbə endirdi və anbarın göyə sovrulması anında kazarmaya dalbadal qumbaratanla atəş açdı. Az sonra partlayan kazarmadakı sağ qalan əsgərlər ora-bura qaçaraq hara gəldi atəş açmağa başladılar. Mübariz bunu görəndə pulemyotu işə saldı. Sağ qalmış əsgərləri qırıb tökdü. Sonra düşmənin öz slahlarınnan atmağa başladı. Bu ona xüsusi həzz verirdi. Bəs nə, alçaqların öz postlarınnan öz silahları ilə atəş açmaq balaca iş deyil axı. Bu postdan iki kilometr aşağıda düşmənin daha bir post vardı və anidən ağlına gəldi ki, o posta da atəş açsın. Düzdür, ora atılan güllələr hədəfə dəyməmiş olardı, amma onlarda çaşqınlıq yarada bilərdi. Belə də oldu. Həmin posta atəş açannan az sonra kazarma tərəfdən o postu ermənilər atəşə tutmağa başladılar. Onlara elə gəlirdi ki, həmin postdan da atəşə tutulurlar. Beləcə, təxminən yarım saatacan düşmənlər bir-birilərinə atmağa başladılar. Və sonda tələyə düşdüklərini anlayıb, bu sərsəm atışmanı dayandıraraq Mübarizin olduğu posta tərəf atəş açdılar.

            Onunsa artıq silah-sursatı tükənməkdə idi. Pulemyotundakı güllələr bitənnən sonra avtomatını götürdü. Artıq sağ qalan düşmən qüvvələri onlara haradan atəş açıldığını müəyyən edib onun dayandığı yeri mühasirəyə almağa başladılar.

            Mübariz son qumbaralarını da atannan sonra avtomatdan artıq tək-tək atəş açır, patrona qənaət edirdi. Bunu görən düşmən onu diri tutmaq üçün mühasirənin çəmbərini daraltmağa başladı. Bu da Mübarizə imkan verdi ki, ona yaxınlaşan düşmən əsgərlərini daha rahat hədəfə alsın. Və beləcə, onun hesabına görə düşmənin təlafatı 200-ə qədər olmalı idi.

            Baxdı ki, avtomatda iki patron qalıb. Və son əl qumbarası...

            Gözləməyi qərara aldı. Qumbara açılmaya bilərdi, onda son iki patronla özünü vuracaqdı. Atəş açmadığına görə, Mübarizin slahının bitdiyini güman edən düşmən təxminən on metrəcən ona yaxınlaşanda qumbaranı sinəsinə sıxaraq onlara sarı qaçdı və... özü ilə bərabər daha bir neçə düşməni də məhv etdi...

 

            ƏFSANƏ

 

            5.

           

              Tezliklə Mübariz haqqında əfsanələr dolaşmağa başladı. Bəziləri şayiə kimi danışır, bəziləri isə həqiqətən onun qəhrəmanlığınnan bəhs edirdilər. Bir qədr sonra bizimkilər rəsmi məlumat yaydılar və onun qəhrəmanlığını təsdiqlədilər. Amma xəbərdə o da deyilirdi ki, Mübariz İbrahimov son patronunacan vuruşaraq şəhid olmuş, nə yazıq ki, nəşi düşmən tərəfində qalmışdı.

            2010-cu il iyunun 18-də həlak olan Mübarizin nəşini düşmənlər 141 gün saxlayannan sonra Azərbaycan dövlətinin Qızıl Xaç təşkilatıyla birgə səyləri nəticəsində geri qaytardılar.

            Prezidentin sərəncamı ilə Milli Qəhrəman adı verilən Mübariz İbrahimov İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.

            Az sonra düşmən qəhrəmanın şəkillərini paylaşaraq olayı təsdiq etdi. Ən maraqlısı isə Rusiya prezidenti Putinin yanaşması idi. Mən bilmirəm, o belə bir söz deyib, ya deməyib, hər halda bunu da sosial şəbəkələr yaymışdı: “Maraqli bir məlumat almişam. Deyir, Azerbaycanda Rembo peyda olub. Belə ki, silahlanaraq 200 nəfərlik erməni postuna hucum edib və 135 nefer erməni əsgər ve zabitini qanına qəltan edərək yerə sərib. Rəsmi məlumat olmasaydı mən buna inanmazdım. Çünki biz belə şeyləri ancaq kinolarda görürük. Rembo kinoda 200 nefəri öldürəndə deyirik fantastikadir. Bu da fantastikaya oxşayır.135 nefəri öldürənə kimi, Mübarizə açılan atəşlərdən biri də dəymir. Deməli, Rembo tək kinolarda deyil, həyatda da var...“

            Mən onda radioda uşaq redaksiyasında işləyirdim. Məktəblilərin çıxışlarını yazanda onlar göz yaşları içərisində Mübarizdən danışırdılar. Bu hadisə on il əvvəl olmuşdu. Onda o uşaqların 10-11 yaşları var idi. Düz on il sonra, 2020-ci ilin sentyabr ayının sonlarında həmin uşaqlar silaha sarılaraq Mübarizin qısasını düşməndən aldılar. 44 gün çəkən Vətən müharibsində ordumuz işğalda olan torpaqlarımızı azad etdi. Mübarizin ruhu əbədi rahatlıq tapdı.

 

 

            MÜBARİZLƏR

 

            6.

 

            Qanlı 20 Yanvar günləridir. Korona virus səbəbilə şəhərə az çıxsam da, bu günlər qara Yanvar şəhidlərinin məzarlarına baş çəkməyi özümə borc bildim. Artıq ayın 21-dir, amma hələ də gələn vardı Şəhidlər Xiyabanına. Qabaqda on-on beş uşaq, arxada bir müəllimə və valideynlər gedirdilər. Birdən qarşıdan şıq geyinmiş əsgərlər göründülər və müəlimə həyəcanla qışqırdı:

            -Mübariz, ehtiyatlı ol!

            Uşaqların tən yarısı oğlan idi və o tən yarının yarısı  dönüb müəllimə baxdılar. Əsgərlərin içindəki gənc leytenant uşaqların yanında ayaq saxladı.

            -Mübariz hansınızsınız?

            Oğlanların yarısı əlini qulağının dibinə qoyub qışqırdı:

            -Mən!

            Gənc zabit də eynən əlini  qulağına tərəf apardı və qışqırdı:

            -Mən də Mübarizəm!

            Müəllimə və analar bu mənzərəni göz yaşları içərisində seyr edirdilər.

 

                                                                                                                          24.01.2021


-----------------------------------------------------------------------------

*Uçqanad - vertolyot, yaxud helikopter.(Müəllifin qeydi )

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QARABAĞIN AĞCA BULUDU (İşğaldan azad olunmuş torpaqlardan qeydlər)