AZAD QARADƏRƏLİ QURD SİMGƏSİ Hekayə

 

                       

 

 

                        AZAD  QARADƏRƏLİ

                            QURD SİMGƏSİ

                                    hekayə

 

 

                                                                        Vətən Müharibəsi şəhidi Samir Sarıyevin xatirəsinə

 

 

 


 

 

           

            Qarşıda uzun bir yol vardı. O qədər uzun ki, sicim kimi dəstələyib əlinə alsan əlin yorular, yerə qoysan, yer bezər. İnsan oğlu doğulandan bu yollara tökmədimi ömrünü? Elə hey getdi, getdi; nə yol bitdi, nə ömür. Uzun sandığımız ömürlərin bəzən qısa yolları varmış, qısa ömürlərinki isə uzundan uzun olurmuş... Ha get ki, bitəcək... Ömür bitər, yol isə uzandıqca uzanar. Səni min-min insanın könlünnən keçirər, neçə-neçə qəlbin mehmanı olarsan... Könüllərin adamı olarsan...

 

                                                           ***

 

            Atasız böyüyən uşaqlar kinli, anasız böyüyənlərsə  amansız olurlar.

             Onun qolunda qurd döyməsi olub. Tay-tuşları deyirmiş ki, uşaqlıqdan bozqurd aşiqi idi. Evdəkilər soruşanda ki, bu nədir əlinə döydürmüsən, özünəməxsus cavab verib: itsəm, asanlıqla taparsınız bu tatudan...

            Tanıyanlar deyir ki, o, mehriban idi. Hər işə özünü atar, əlsizə əl, ayaqsıza ayaq olarmış. Amma yeri gələndə amansız olub – özündən zəiflərə qarşı deyil, ədalətsizlərə, cırtqozlara qarşı. Əsgərlikdə isə müdrikləşib, gənc yaşında ağsaqqal olub. Vətən borcunu verib geri dönəndə hamı təəccüblənib onun belə ağır oğlana çevrilməsinə. Cavabı tanıyanları heyrətə salıb. “Mən elə bir komandirin əsgəri olmuşam ki, sözlə ifadə etməyim çətindir. Qəlbi geniş idi – bir diviziya əsgər sığacaq qədər. Mehriban və səmimi idi – hamını oxşayacaq qədər. Sərt idi – bir baxışı ilə səni cəzalandıracaq qədər... Mən general Polad Həşimovun əsgəri olmuşam. Onun əsgəri olub da ağsaqqal, mərd, qorxmaz, ədəb-ərkanlı olmamaq mümkünsüzdür... Mən elə bir zabitdən təlim almışam...”

 

                                                          ***

 

            Polad Həşimov şəhid olandan sonra gecələr yuxu yatmayıb. Tanıdığı dostları, əsgər yoldaşları ilə dərdləşib, götür-qoy edib, nəsə etmək istəyib. Lakin sonda ümumi rəy belə olub ki, Ali Baş Komandanın əmrini gözləmək lazımdır. Səfərbərlik çağırışlarına ilk könüllü yazılanlardan olub və elə döyüşə də ilk qatılanlardan biri kimi təlimdən sonra döyüş bölgəsinə göndərilib.

            Komandir:”Samir hazır əsgər idi. Nə təlimə, nə göstərişə ehtiyacı vardı. Həm də fiziki cəhətdən cüssəli idi. Yola çıxdımı, əliboş dönməzdi. Öldürdüyü  düşmən əsgərlərini sayırdı. Sonra zarafatla dedi ki, sayı itirdim, daha saymaq istəmirəm. Bircə onu bilirəm ki, döyüş zamanı amansız olmalıyıq. Müharibənin qanunu budur ki, birinci sən vurmasan, səni vuracaqlar... Ona görə sevdiyim heyvan da bozqurd olub. Çünki  bozqurd ovunun üstünə tullananda ilk həmlədə onu məhv edir.”

           

                                                               ***

 

            Anasını erkən itirmişdi. Ona görə bir yanı həmişə boş kimiydi. Bəlkə bununçün  atasına daha çox bağlıydı. Anasının da iyini onnan alırdı. Amma bir dəfə uşaqkən məktəbdə bir söz eşitmişdi: “Ana vətən...” Uzun zaman bu kəlməni anlamağa çalışdı. Müəlliminin dediyi bu sözlər yaddaşına əbədi həkk olundu:”Hərkəsin bir anası var. Amma hamımızın anası Vətəndir...”

            O, atasınnan da bunları öyrəndi: Vətənimiz Azərbaycan hamımızındır. Amma rayonumuz Zəngilan, kəndimiz Malatkeşin, ordakı ev özümüzündür. Onu da ermənilər işğal ediblər. Yurdumuz, yuvamız dağıdılıb. Ona görə də bizə qaçqın-köçkün deyirlər...

            Samirin içində illərlə bir intiqam, kin-küdurət, amansızlıq böyüyürdü. O, içindəki bu hiddətə bəzən qəzəblənsə də, başa düşürdü ki, bir gün ona lazım olacaq. Ona görə özü böyüdükcə içindəki hiddəti, qəzəbi, kini, küdurəti də böyüdürdü...

 

                                                              ***

 

            Atasından tez-tez kəndləri haqqında danışmağı xahiş edərmiş. Malatkeşin necə bir yer imiş? Evləri kəndin harasındaymış? İşdir, kəndə gedəsi olsa, evlərinin xarabalıqlarını necə tapa bilər?

            Sanki bu suallarla özünü hazırlayırdı o yerlər üçün. O qədər soruşmuşdu ki, getsə, düz gedib evlər olan yerə çıxa bilərdi...

            ...Elə ilk döyüşdəcə öldürdüyü erməni əsgərinin avtomatını qənimət kimi götürüb və komandirdən xahiş edib ki, ona iki avtomatla döüşməyə icazə versin.

            Bəlkə də yeganə əsgər olub ki, şəhid olan günəcən iki avtomatla döyüşüb. Dostları danışırmışlar ki, o erməni əsgərinin silahı ilə atışmağı daha çox sevərmiş. “Onların öz silahları ilə özlərinin başına od yağdırırıq! Bundan böyük həzz olarmı?!”

             

                                                                ***

 

            Füzuli uğrunda döyüşlərdə özünü ələ ala bilmir, daha çox qabağa gedir, daha çox düşmən öldürmək, daha çox ərazimizi azad etmək istəyirdi. Dostları zarafatla soruşurlar ki, Samir, xeyir ola belə irəli qaçırsan? Deyib, ay uşaqlar, bax, o dağların arxasında mənim ana yurdum yerləşir. Tələsirəm, çox tələsirəm ki, bir gün oralara ayaq basım. Onda anamın da ruhu şad olacaq. Atam da özünü xoşbəxt hiss edəcək. Atama söz vermişəm, Zəngilanı almayınca, geri döndü yoxdur!

 

            ...Dərin, dibsiz bir uçurum idi. Ayağının birini qoymuşdu uçurumdakı qayanın üstünə, biri göydə idi. Hesab edirdi ki, o birisini də qoysa, qaya uçuruma yuvarlanacaq, onu da özü ilə aparacaqdı. Ayağını çəksə... Qaya dil olub dillənir, onu buraxmamağı xahiş edirdi.

            “Mən otuz ildir bu uçurumdayam. Nə burdan xilas ola bilirəm, nə uçuruma yuvarlanıram. Nə olar, məni xilas et.”

            “Səni necə xilas edim, özüm də uçuruma düşərəm axı?”

            “Sən igidsən, bozqurd nəslinnənsən. Bozqurdlar təslim olmurlar...”

            Bir ayağını uçrumun başına qoyub çiynini dirədi qayanın altına. Necə güc verdisə, qaya tərpənib uçrumdan bəri düşdü. Və qaya bir bozqurda döndü, sıçrayıb qabağında dayandı. “Gəl, - dedi, - gəl səninlə bu uzun yolu sonadək gedək. Uçurumlar, yolumuzdakı qayalar bizi qorxutmaz... Yol bəlli olanda igid qorxu bilməz.”

 

            Növbəti döyüşdə çox itki vermişdilər. Ona görə şəhid olan qardaşlarının əvəzinnən iki silahdan eyni vaxtda atəş açırdı. “Qoy düşmən sıralarımızın seyrəldiyini bilməsin. Ona görə şəhid qardaşlarımın əvəzinnən də atəş açıram... Qoy Vətən torpağı...”

            Heyhat... Aldığı güllə yarasından səntirlədi. Amma yıxılmaı. Yenə atəş açdı. Yenə vurdular. Bu dəfə yıxılsa da, qalxa bildi və yeriyərək atəş açmağa davam etdi. Düşmən sanki hədəfi bəlli etmişdi. Eyni vaxtda bir adamın iki avtomatdan atəş açması kimi bir möcüzəni dayandırmaq üçün yağı bütün arsenalını işə saldı... və o uğrunda qanını tökdüyü torpağa sərildi... Qollarını geniş açıb qucaqladı...

 

            Köhnə döyüşçü olan əmi əlində şəkil gəzir, neçə vaxtdır itkin kimi bilinən qardaşı oğlunu axtarırdı:”Bu döyüşçünü görməmisiniz? Qolunda qurd simgəsi də var... Tatu... Qurd, bozqurd şəkli...”

            Axır ki, biləyindəki o simgə ilə tapa bildilər qəhrəmanın nəşini... Həftələr sonra uğrunda qanını tökdüyü ana torpağa qovuşdu... Generalının, şəhid qardaşlarının yanına uyumağa getdi... Qısa ömrün uzun anları hələ bunnan belə başlayır... Fəqət onsuz...

 

            Erməni saytları bir erməni zabitinin etirafını yazmışdı. O deyirdi ki, gözümün şahidiyəm, iki dəfə yaxınnan atəş açıb vurdular bizimkilər, yıxılmadı. Yenə vurdular, bu dəfə yıxıldı, yenə durdu. Başladı gələ-gələ atmağa. Özü də iki avtomatdan atırdı. Yenə vurduq, axırı ki, yıxıldı, amma yenə atırdı. Elə bildik nayomnikdi, sənədlərinə baxanda gördük ki, Azərbaycan torkudur. Bizim əsgərlər bunnan sonra başladılar qaçmağa... Ölümsüzdülər bunlar...

 

            Dağların arxasınnan bir gurultumu, nərəmi, ulartımı eşidildi. Kimsə dedi top atıldı, kimsə dedi hansısa qəhrəman nərə çəkdi, amma ən dürüstünü o eşitdi: bozqurd ulayırdı...

 

                                                                                                          01.02.2021.

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QARABAĞIN AĞCA BULUDU (İşğaldan azad olunmuş torpaqlardan qeydlər)

İSMAYIL KAZIMOV – 70 TÜRKOLOGİYAMIZIN LƏNGƏRLİ YOLLARINDA (Görkəmli alim, keçmiş tələbə yoldaşım professor İsmayıl Kazımovun yubiley yaşına dost sözü)