AZAD QARADƏRƏLİ ÜRƏYİNNƏN VURULAN hekayə
AZAD QARADƏRƏLİ
ÜRƏYİNNƏN VURULAN
hekayə
“Maştağa”
ləqəbli Vətən Müharibəsi qazisi Vidadi Ağagülova
Ürək
ki var zərif şeydir, eləcə toxundun, süzülüb gedər. Cuna kimi, ağ tül kimi dəlmə-deşik
olar, əlində qalar. Daha onnan ötəsi yoxdu ki. Nə də olmasa olar, amma ürəksiz
çətindi yaşamaq.
Mən
bunu təcrübə eləmişəm. Birinci Qarabağ savaşında ürəyimnən vurdular. Düzdür, dəlib
keçmədi, eləcənə qəlpə ilişib ürəyimin həndəvərində qaldı. Həkimlər dedilər ki,
tərpətmək olmaz. Partlayar, dağılar damarların, qanı durdura bilmərik... Eləcənə
qoyduq qaldı orda. Hə. Gör neçə illərdir o mənimlədir... Vallah, bir tərəfdən
taleyimə minnətdaram ki, o qəlpə dəydi ürəyimə. Səmimi deyirəm, qoymadı Qarabağı
yadımnan çıxarmağa. Hər inildədikcən, Qarabağ yadıma düşdü... Ürək
yumulub-açılanda elə bil “Qarabağ, Qarabağ” deyirdi ahəstəcə...
Eeeeee...
Ay uşaxlar, Vətən başqa şeydir e...
Sizə
bir şey deyimmi? Mən heç evlənmədim, bilirsinizmi? Hə. Ailəm, uşağım olmadı.
Bir anam, bir Vətənim, bir də bu yaralı ürəyim... Mənim balam da, ailəm də Vətəndir...
Ya da tərsinə: mən Vətənin balasıyam... Nə fərqi var ki. Əsas odu ki, mən yenə
burdayam. Düzdür, yaşım ötüb, oğlum yaşda cavanlarla döyüşə gəlmişəm, amma
onlar mənə hörmət edirlər, yolumu gətirirlər, sözümnən çıxmırlar.
Bir
də, buralara mən bələdəm axı. Bir dəfə bu yerlərdən keçmişəm. Düzdür, məğlub
kimi keçmişəm, amma şükür xudayaya ki, ölmədim, bu günü də gördüm. Hindi düşməni
qovuruq. Çıxdığı yerəcən... (Qəhrəmanımız şirin Bakı ləhcəsiylə danışır,
zira mən ədəbi dilimizin normalarına uyğun olaraq onun danışığını yazılı dilə
uyğunlaşdırmışam. İnanın, nə qədər elədim, onun tələffüz etdiyi “hindi”ni “indi”yə
çevirməyə əlim gəlmədi... Zalım o hindini o qədər ürəkdən demişdi ki...– Müəllifin
zəruri qeydi.)
***
Yanımda
cavan uşaqlar şəhid oldular. Öz balam kimi ağladım onları. Şəhid bu torpağın ən
əziz adamıdır. Prezidentin mənə bağışladığı evi ailə qurub kirayədə yaşayan şəhidin
oğluna verdim. Əslində mən də şəhid ailəsiyəm. O evdə doğulan uşaqlar mənim də
balalarım olacaq... Bütün Azərbaycan şəhid ailəsidir. Niyə? Onnan ki, şəhidlər
hamının balasıdır...
Əgər
Qarabağı yaşatmaq istəyiriksə, şəhid ailələrinə, qazilərə orada ev tikək,
torpaq verək, gedib qanlarını tökdükləri torpaqda dinclik tapsınlar. Mən
bakılıyam. Amma məmnuniyyətlə Qarabağda yaşamaq istərdim...
Sizi inandırıram, 90-larda ilk dəfə əsgər
kimi ora gedəndə ağladım. İlahi, bura elə-belə torpaq deyil ki!.. Sehrlidir,
sirlidir, ahənrübadır... Çəkdi məni özünə. Necə çəkdisə, bu qoca yaşımda İkinci
Qarabağ savaşına da yollandım... O torpaqda namaz qılanda torpaq mənlə danışdı,
otlar danışdı, ağaclar danışdı, su səsi ruhumu oxşadı; məst oldum. Başa düşdüm
ki, qanım halaldır bu torpaq üçün. Üzümü göyə tutub dedim ki, ilahi, sənin kərəminə
qurban olum, məni bir dəfə burdan məğlub yola salmısan, bir də məni el-oba
yanında başıaşağı eləmə. Əgər məni geriyə qalib kimi göndərməyəcəksənsə,
burdaca canımı al, o günü görməyim...
Allah
çağrışımı eşitdi. İgidlərimizin qanı yerdə qalmadı... Şükür kərəminə...
***
Mən
elə-belə əsgər olmamışam ki. Mən Xüsusi Təyinatlıların tərkibində vuruşmuşam.
Xüsusi təyinatlı demək, ölümə qalib gələn demək. Biz ölüm haqqında deyil,
öldürmək haqqında düşünürdük. Müharibə belədir: getmisənsə, öldürməlisən. Bax,
bizim dəstədə əsir götürmək-filan yada düşməz. Niyə? Çünki bizimki qıra-qıra
qabağa getməkdir. Əsir götürmək, tutduğumuz yeri möhkəmləndirmək, minadan təmizləmək
arxamızdan gələn digər qüvvələrin işidir. Biz minaları taptalayıb keçirdik. Biz
düşməni təkcə qırmırdıq ki – bizim gəldiyimizi eşidəndə erməni əsgərinin canı lərzəyə
gəlirdi. Tüpürüb dabana qaçırdılar. Prezidentin bir sözü vardı e, sonradan
aforizmə çevrildi: “İti qovan kimi qovurduq onları!”
***
Bizim
qələbəmizin bir səbəbi prezidentin qətiyyəti, bir səbəbi əsgərimizin əzmi, bir
səbəbi müasir silahlara sahib olmağımız idisə, bir səbəbi də xalqımızın
arxamızda durması idi. Biz maşınlara minib döyüşə gedəndə adamlar küçələrə
axışıb bizi təkcə yola salmırdılar - çörək bişirib gətirənlər, qazanda plov dəmləyib
maşınımıza qoyanlar, yol boyu manqal yandırıb əsgərlərə kabab bişirib çörək
arasında maşınlara ötürənlər... satdığı su dolu kasetləri maşınımıza daşıyan
xırdavatçılar, bayrağa bürünüb yol boyu şüar qışqıran uşaqlar... Bu dava xalqın
davası idi. Bir ailədən dörd oğlan döyüşürdü! Qızlar da cəbhəyə gəlirdi. İlk şəhid
qadınımız Arəstə kimi... Onun şəhid olması da bizi üzdü... Allah cəmi şəhidlərə
rəhmət eləsin...
***
Mənim
ad günümu döyüş bölgəsində keçirdi uşaqlar. 55 yaşım tamam olurdu. Dedim, ay
canım, nə ad günü? Dedilər yox e, sən Xüsusi Təyinatlıların veteranısan, olmaz
ki, olmaz. Bir görəydiniz nələr etmişdi uşaqlar... Rəhmətlik Məhəmməd Əsədov
“OMON”u yaradannan mən onun üzvü olmuşam. Bu gün də o dəstənin üzvü olduğumu fəxrlə
deyirəm. Biz seçilmişlərik. Millətin, nəslin, tayfanın seçilmişləri. Elə allah
da bizi seçib. Biz allaha da yaxınıq. Ölümün haqq olduğunu qəbul edən, tabutunu
özü daşıyan xüsusi əsgərlər... Biz çox vaxt güllə atmarıq. Əlimizlə,
ayağımızla, xəncər-bıçağımızla döyüşərik. Şuşada bir patron belə atmadıq ki!
Qarabağın incisini yalın əllə aldıq. Düşməni avtomatın arxası ilə, təpik-yumruqla
məhv etdik ki, Qarabağda yatan ata-babalarımızın ruhu inciməsin. Bir də cənab
prezident də tapşırmışdı ki, çalışın Şuşamızın daşına-divarına zədə dəyməsin...
Dəymədi də...
Qarabağı
azad etmişik. Torpağımızı qaytarmışıq. Qalır onu abad etmək. Qanla suvarılan
yeri tərlə suvarsan, cana gələr. Bir arzum da var: azad Qarabağın abad olduğu
günü görüm...
Mən
27 ildir ürəyində qəlpə yaşayan adamam. İnanmazsınız, ayağımı Qarabağa basan
günnən ürək ağrılarım dayandı. Torpaq həm də məlhəmmiş...
Hə,
mən Qarabağa vurulmuşam. Qarabağda vurulmuşam... Ürəyimnən vurulmuşam...
08.02.2021.
Yorumlar
Yorum Gönder